Kiçik şəhərin böyük şöhrəti

 

Yaranışından üzü bəri Qəbələ dağları, yaşıl ormanları belə büsat görməmişdir. Artıq üçüncü ildir ki, Heydər Əliyev Fondunun dəstəyi, Mədəniyyət və Turizm Nazirliyinin və Azərbaycan Musiqi Xadimləri İttifaqının təşkilatçılığı ilə bu bölgədə keçirilən beynəlxalq musiqi festivalının yaratdığı xoş təəssürat təkcə insanların ürəyində deyil, dağların, qayaların ucalığında da əks-səda tapdı. Dünyanın diqqəti yayın isti günlərində bu yaşıl donlu qədim yaşayış məskəninə yönəldi. Əslində, bu təntənələr yalnız Azərbaycan deyil, bütün dünya üçün maraq kəsb edirdi. Birinci festival zamanı tatarıstanlı diplomat Zemfira Həsənova müsahibəsində haqlı olaraq belə söyləmişdir: "Qəbələdə keçirilən bu festival bütün dünya musiqi mədəniyyəti üçün böyük hadisədir". Əlbəttə, bu, sadəcə festival yox, böyük bir musiqi bayramı idi. Bu bayramın da yaddaqalan günləri çox oldu.

 

Əvvəlcə müsabiqə keçirildi

 

Heydər Əliyev Fondunun dəstəyi, Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə Qəbələ şəhərində iyulun 15-dən-22-dək III Beynəlxalq Musiqi Festivalı çərçivəsində pianoçuların II Beynəlxalq müsabiqəsi keçirildi. Üç turdan ibarət olan müsabiqədə 9 ölkədən 15 pianoçu iştirak edirdi. Müsabiqə üç turdan ibarət oldu. Onu da xatırladaq ki, pianoçuların I beynəlxalq müsabiqəsi də 2009-cu ildə Qəbələdə keçirilmişdi.

Pianoçuların beynəlxalq müsabiqəsi yeni istedadların aşkarlanmasına, gənclərin peşəkarlarla görüşünə və onların bu sahənin incəliklərini öyrənməyə imkan verir. Musiqi yarışmasında Azərbaycanı gənc pianoçu Nərgiz Kəngərli təmsil edirdi. Müsabiqənin qalibi rusiyalı pianoçu oldu. YaponiyaGürcüstandan gələn gənclər ikinci, üçüncü yeri isə yenə də gürcüstanlı pianoçu tutdu. Bundan əlavə, müsabiqənin finalında iştirak etmiş istedadlı ifaçılara da həvəsləndirici mükafatlar verildi. Onların arasında azərbaycanlı nümayəndə də var idi. Müsabiqə zamanı münsiflər heyətinin üzvləri Şəki şəhərində də oldular. İtaliya, İspaniya, Gürcüstan, ABŞ, Norveç, Meksika, Koreya, İsrail, Çinbaşqa ölkələrdən gəlmiş musiqişünaslar Şəki şəhərinin tarixi mədəniyyət abidələri, mənzərəli yerləri ilə tanış olmuş, bir daha xalqımızın qonaqpərvərliyi önündə öz minnətdarlıqlarını bildirmişlər.

Müsabiqənin qalibi rusiyalı musiqiçi Andrey Yaroşinski Azərbaycan jurnalistlərinə verdiyi müsahibəsində öz heyrətini belə dilə gətirmişdi: "Sevinirəm ki, belə bir yüksək səviyyəli müsabiqədə iştirak etdim. Bu müsabiqəni təşkil edən insanlara çox minnətdaram. İşlərin belə yüksək səviyyədə qurulması təsdiq edir ki, müsabiqənin uğurlu keçməsi üçün xeyli zəhmət çəkilib. Xüsusilə də dünyada tanınmış pianoçuların təmsil olunduğu münsiflər heyəti son dərəcədə ədalətli və xeyirxah idi".

BMT yanında Beynəlxalq İncəsənət Akademiyasının fəxri akademiki, ABŞ-dakı Culiard Musiqi Akademiyasının professoru Oksana Yablonskaya üçün Qəbələ doğma ünvana çevrilib. O, hər dəfə burada keçirilən musiqi bayramında məmnuniyyətlə iştirak edir. Həmişə də ürəkdolusu sevinc və fərəhlə bildirir ki, Azərbaycanda, xüsusilə də Qəbələdə olmağından çox məmnundur. Çünki bu məşhur musiqiçinin fikrincə, Qəbələnin təbiətinin özü musiqidir, əhalisi də və ətraf bölgələrdən buraya gələn insanlar da əsl musiqisevərdilər.

 

Festival başladı

 

İyunun 23-də festivalın konsert proqramlarına start verildi. Avqustun 5-nə qədər davam edən beynəlxalq musiqi festivalında Rusiya, Böyük Britaniya, İsrail, ABŞ, Norveç, Niderland, İsrail, İtaliya, Fransa, Almaniyadan dünya şöhrətli musiqiçilər, kollektivlər rəngarəng konsert proqramları ilə çıxış etdilər. İyulun 30-da festivalın rəsmi açılışı oldu. Bu festivalın əvvəlkilərdən bir qədər fərqi var idi. Gündə iki dəfə konsert olurdu. Açıq havada "Qafqaz Resorte" hotelinin salonunda baş tutan bu musiqili təntənədə boş yer tapılmırdı. Bütün konsertlər anşlaqla keçirdi.

Qəbələ III Beynəlxalq Musiqi Festivalı çərçivəsində keçirilən konsertlərdə pianoçular Yeganə Axundova, Ülviyyə Hacıbəyova, Səidə Tağızadə rusiyalı Nina Koqan, ABŞ-da yaşayan məşhur azərbaycanlı pianoçu Validə Rəsulova çıxış etdilər. Dünya xalqlarının Azərbaycanın musiqi aləminə edilən səyahət tamaşaçılar tərəfindən rəğbətlə qarşılanırdı. Festival çərçivəsində təşkil olunan kamera musiqisi axşamları da çox maraqlı hazırlanmışdı. Ü.Hacıbəylinin, Q.Qarayevin, T.Quliyevin, F.Şopenin, F.Listin, V.Bramsın, V.Motsartın başqalarının əsərləri səsləndirildi.

Festivalın yaddaqalan məqamlarından biri açıq havada Ü.Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestrinin konserti oldu. Yalçın Adıgözəlov Əyyub Quliyevin dirijorluq etdiyi bu konsertdə müxtəlif bəstəkarların əsərləri səsləndirildi. Maraqlı idi ki, bu konsertdə bütün musiqi alətlərinin ifaçısı məhz azərbaycanlı sənətçilər oldu.

Festival günlərinin biri dahi rus bəstəkarı Sergey Raxmaninovun yaradıcılığına həsr olundu. Festivalın bədii rəhbəri Dmitri Yablonski (violonçel), rusiyalı Sergey Leyferkus (bariton), Bakı Musiqi Akademiyasının rektoru Fərhad Bədəlbəyli (piano) çıxış etdilər.

Dünya şöhrətli Dmitri Yablonski üçüncü dəfədir ki, festivala qatılır. O, Qəbələyə gəldiyi ilk gündən bildirmişdi ki, Azərbaycanı çox sevir. O, Qəbələnin təbiətinə vurğunluğunu hər dəfə dilə gətirməkdən doymur: "Dünyanın çox yerində olmuşam. Qəbələ qədər füsunkar yer görməmişəm. Məni buraya iki qüvvə gətirir: bir Azərbaycan musiqisi, bir Qəbələ. Mən Azərbaycanın həm musiqisinə, həm təbiətinə heyran qalmışam".

Festivalın maraqlı səhifələrindən biri muğam müsabiqəsinin qalibi olan gənc istedadlıların bu bayrama qoşulması oldu. Onların ifasında səslənən xalq mahnıları, muğamlar beynəlxalq tədbirin ovqatına yeni rəng qatdı. Maraqlı cəhətlərdən biri bu idi ki, festivala qatılmış xarici ölkələrdən gələn musiqiçilər Azərbaycanın iki rayonunda - Şəkidə Ağdaşda oldular.

Paytaxtdan uzaq əyalətdə yaşayan insanların klassik musiqiyə yüksək səviyyədə maraq göstərməsi qonaqları çox heyrətləndirdi. "Yeni Rusiya" Dövlət Simfonik Orkestrinin bədii rəhbəri baş dirijoru Yuri Başmet mətbuata verdiyi müsahibəsində azərbaycanlılara valeh olduğunu bildirdi: "Bu torpaqda dünya şöhrətli musiqiçilər doğulub. Bunu hamımız bilirik. Azərbaycanlıların muğam oxuması təbiidir. Amma paytaxtdan uzaqlarda yaşayanların klassik musiqiyə bu dərəcədə həvəs göstərməsi mənə çox təəccüblü gəldi. Həqiqətən bu festival mühüm bir hadisə oldu. Biz azərbaycanlıları daha yaxından tanıdıq".

...Musiqi ilə başlanan festival musiqi ilə sona çatdı. Musiqi bayramı münasibətilə keçirilən atəşfəşanlıq Qəbələ dağlarının meşələrinin yaşıl işığına qarışaraq qeyri-adi bir mənzərə yaratdı. Yəqin ki, dünyanın müxtəlif ölkələrindən Qəbələyə gəlmiş insanlar yenə bu yerlərdən ayrıldıqdan sonra uzun müddət Azərbaycanda gördükləri xoş münasibəti, insanların səmimiyyətini, milli musiqimizin təsirini unutmayacaqlar. Festival həqiqətən yüksək səviyyədə təşkil olunmuşdu. Qonaqlara adi məişət xidmətindən tutmuş səyahətlərinə qədər hər bir şey dəqiq ölçülüb-biçilmişdi. Qəbələyə gələn xarici ölkə musiqiçiləri, sənətkarlar, digər qonaqlar həm Azərbaycan mətbəxinin çeşid-çeşid nemətlərindən daddılar, həm qəlbləri fəth edən musiqiləri dinlədilər, həm görməli yerləri gəzdilər.

 

Minnətdarlıq

 

Qəbələ III Beynəlxalq Musiqi Festivalının həm iştirakçıları, həm tamaşaçılar yüksək səviyyədə keçirilən bu təntənəli günlərin mükəmməl təşkil olunması üçün Heydər Əliyev Fondunun prezidenti, Milli Məclisin deputatı, YUNESKO və İSESKO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevaya xüsusi minnətdarlıqlarını bildirirdilər. Milli musiqimizi sevən, xüsusilə də muğamlarımıza həyat verən, bu inciləri millətə qaytaran, dünyaya tanıdan Mehriban xanım Əliyevanın təkcə elə bu sahədəki xidmətləri zamanın fövqündə dayanır və bir ömrə bəs edəcək fədakarlıqdır. Bakıda yanan mədəniyyət işığının şöləsi artıq üçüncü ildir ki, bölgələrimizə yayılır. Adı dünyanın xəritəsinə belə düşməyən Qəbələ bu gün xarici ölkə musiqiçilərinin dilinin əzbəridir. Müxtəlif qitələrdən gələn insanlar bir daha xalqımızın istedadına və dövlətin mədəniyyətə göstərdiyi diqqətə valeh oldular. Həqiqətən də beynəlxalq musiqi festivalının Qəbələdə keçirilməsi çox əhəmiyyətlidir.

Vaxtilə adı çoxuna bəlli olmayan Qəbələ bu gün məşhur şəhərlərdən birinə çevrilib. Mehriban xanım Əliyevanın məhəbbətlə söylədiyi bir fikir ürəyimizdən xəbər verir: "Qəbələnin füsunkar təbiətinin özü elə bil təkrarsız bir musiqi əsəri yaradır və bizləri bu əsəri dinləməyə dəvət edir". Bu dürüst fikrin işığında üçüncü ildir ki, dünya musiqiçiləri böyük məmnunluqla Qəbələyə toplaşırlar. Buradan ayrılanda isə məhəbbət və rəğbətlə söyləyirlər: "Yenidən Qəbələdə görüşənədək".

 

 

Flora XƏLİLZADƏ

 

Azərbaycan.- 2011.- 9 avqust.- S.  3.