Azərbaycan Prezidenti İlham Əliyevin
və Rusiya Prezidenti Dmitri Medvedevin görüşü
Avqustun
9-da Soçidə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin
və Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedevin görüşü
olmuşdur.
Azərbaycan
dövlətinin başçısını salamlayan Rusiya
Prezidenti Dmitri MEDVEDEV dedi:
- Hörmətli İlham Heydər oğlu! Sizi Soçidə ürəkdən salamlayıram.
Bura ikitərəfli münasibətlərdə cari vəziyyəti, regional gündəliyi müzakirə etmək, bizi darıxmağa qoymayan beynəlxalq işlərə nəzər salmaq üçün yaxşı yerdir. Qlobal maliyyə sistemlərində müəyyən iqtisadi problemlər yaranmışdır ki, bu da asan mövzu deyildir.
Əlbəttə, ilk növbədə diqqətimi ölkələrimiz arasında ikitərəfli dialoqun inkişafı üzərində cəmləmək istərdim. Zənnimcə, bu dialoq son dərəcə yaxşı gedir. Bu baxımdan son vaxtlar çox iş görülmüşdür. Həm yaxın illər üçün əməkdaşlığın mahiyyətini müəyyənləşdirən fundamental sazişlərin imzalanmasını, həm ikitərəfli əmtəə dövriyyəsinin artmasını, eləcə də bir sıra iri layihələri nəzərdə tuturam. Amma əlbəttə, elə məsələlər vardır ki, məsləhətləşmək və ya tərəfdaşın mövqeyini aydınlaşdırmaq lazımdır.
Əlbəttə, ən əsas mövzulardan biri Dağlıq Qarabağ münaqişəsinin nizama salınmasıdır. Mən, həmçinin bundan sonra nə etmək, Kazanda üçlükdə keçirilmiş son görüşümüzü və bu formatda əvvəlki görüşləri nəzərə almaqla hadisələrin necə inkişaf edə biləcəyi barədə Sizinlə son dərəcə açıq söhbət aparmaq istəyirəm.
Regional problemlərin həlli bizim üçün həqiqətən çox əhəmiyyətlidir, çünki biz yaxın ölkələrik, qonşuyuq, çox yaxın dostlar və tərəfdaşlarıq. Əslində, bütün regionun, ölkələrimizin, xalqlarımızın əhvalı regionumuzda hadisələrin necə inkişaf etməyindən asılıdır. Odur ki, bu məsələlərlə bağlı da məsləhətləşmək istəyirəm.
Sizi bir
daha salamlamaqdan məmnunam.
Hava da ürəkaçandır.
Əgər diqqət yetirmisinizsə, Soçidə həmişə
hava rütubətlidir. Bu
gün isə rütubətli deyil, sadəcə istidir.
Minnətdarlığını
bildirən Azərbaycan Prezidenti
İlham ƏLİYEV dedi:
- Çox sağ
olun, Dmitri Anatolyeviç.
Dəvətə görə sağ olun. Soçidə, bu dəfə
yayda Sizinlə yenidən görüşməyimə
çox şadam.
Buradakı görüşlərimiz bir qayda olaraq
qış vaxtında
keçirilir. Odur ki, birinci dəfə yay vaxtı burada olmaq, ən
başlıcası isə
Sizinlə görüşüb,
dediyiniz məsələləri
müzakirə etmək
imkanına malik olmaq mənim üçün də çox maraqlıdır.
Həqiqətən, gündəliyimiz çox
genişdir. İkitərəfli formatda bütün
məsələlər, demək
olar, həll edilmişdir. Haqqında
danışdığınız müqavilələr son illər
görülmüş işlərin
zirvəsidir və
dost, mehriban qonşuluq
və tərəfdaşlıq
münasibətlərimizin həm
formasını, həm
ruhunu, həm də xarakterini əks etdirir.
Əgər ikitərəfli əlaqələrin
gündəliyinə nəzər
salsaq, bütün istiqamətlər üzrə
müsbət və yaxşı dinamika görürük. Siyasi məsləhətləşmələr,
o cümlədən yüksək
səviyyədə məsləhətləşmələr
müntəzəm aparılır.
Qarşılıqlı siyasi fəaliyyət
də regional əməkdaşlığın
inkişafına kömək
edir.
Sizin qeyd etdiyiniz kimi, iqtisadi sahədə əmtəə dövriyyəsinin
artması, strukturun yaxşılaşması, əmtəə
dövriyyəsinin bundan
sonra da genişlənməsi perspektivləri
vardır.
Humanitar əməkdaşlıqda, enerji
təhlükəsizliyi məsələlərində,
eləcə də bir çox digər sahələrdə
də müsbət prosesləri qeyd edə bilərəm. Bu gün biz məmnuniyyətlə
qeyd edirik ki, münasibətlər çox müsbət, dinamik inkişaf edir.
Biz qonşuyuq, iki
Xəzər ölkəsi,
iki Qafqaz ölkəsiyik və əlbəttə, regiondakı
proseslər də çox cəhətdən
qarşılıqlı fəaliyyətimizdən
asılıdır.
Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli
üzrə səylərinizə
görə Sizə bir daha minnətdarlığımı
bildirmək istəyirəm. Biz Azərbaycanda
Sizin şəxsən
bu prosesə qoşulmağınızı çox
yüksək qiymətləndiririk.
Üçtərəfli formatda keçirilən
danışıqların mərhələləri,
heç şübhəsiz,
tərəflərin mövqelərini
xeyli yaxınlaşdırmışdır.
Bu, regional təhlükəsizliyin əsas problemidir və bütün köçkünlərin öz
yaşayış yerlərinə
qayıtması, regionda
sülhün, əmin-amanlığın,
əməkdaşlığın bərqərar olması üçün münaqişənin
tezliklə həllində
Azərbaycan, əlbəttə,
başqasından bəlkə
də daha çox maraqlıdır.
Əlbəttə, nizamlamanın nəzərdə
tutulan prinsipləri beynəlxalq hüquq normalarını, sağlam
düşüncəni əks
etdirir. Odur ki, münaqişənin
tezliklə həll olunması bütün ölkələrin mənafeyinə
uyğundur.
Göstərdiyiniz səylərə,
habelə son illər ölkələrimizi
yaxınlaşdıran gördüyümüz
bütün müsbət işlərə,
havaların yaxşı keçdiyi
gözəl Soçi şəhərinə
dəvət etdiyinizə görə bir daha şəxsən Sizə minnətdarlığımı
bildirmək istəyirəm.
* * *
Prezidentlər
İlham Əliyev və Dmitri Medvedev elektromobildə şəhəri
gəzmişlər.
AzərTAc
Azərbaycan.- 2011.- 10 avqust.- S. 1.