Düşünülmüş, sürətli və davamlı inkişaf

 

Son 19 ildə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı məşğul olan əsas beynəlxalq təşkilat isə Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatı (ATƏT) olmuşdur. Azərbaycanın Avropanın mühüm təşkilatlarından olan ATƏM-ə (1 yanvar 1995-ci ildən ATƏT adlanır) üzvlüyü 1992-ci ilin 30 yanvarında reallaşmışdır. 1992-ci il fevralın 27-28-də ATƏM-in Yüksək Vəzifəli Şəxslər Komitəsinin iclasında ilk dəfə olaraq Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı müzakirələr aparılmış, nəticədə sənəd qəbul olunmuşdur. Dağlıq Qarabağın Azərbaycan Respublikasına mənsubluğunu təsdiq edən sənəddə, sərhədlərin dəyişdirilməməsi şərti ilə, münaqişənin sülh yolu ilə həllinə çağırış da əksini tapmışdır.

1992-ci ilin mart ayının 24-də ATƏM-in Xarici İşlər Nazirləri Şurasının (XİNŞ) birinci əlavə görüşündə Dağlıq Qarabağda vəziyyət müzakirə olunmuş və görüşdə ATƏM-in Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həll edilməsinə dair Minsk Konfransının çağırılması haqqında qərar qəbul edilmişdir.

1992-ci ilin 1 iyununda Romada Minsk qrupunun vasitəçiliyi ilə danışıqlar prosesinin ilkin mərhələsinə start verilmişdir. Lakin bundan sonrakı dövrdə də ATƏT çərçivəsində görülən tədbirlər heç bir müsbət nəticə vermədi. Bununla belə, Azərbaycan tərəfinin apardığı məqsədyönlü işlər sayəsində sözügedən təşkilat səviyyəsində Ermənistan işğalçı dövlət kimi qəbul olunmağa başlanmışdı. Bunun nəticəsi idi ki, 1993-cü ilin noyabrında ATƏM-ə üzv dövlətlərin Vyanada keçirilən görüşündə Dağlıq Qarabağ münaqişəsi ilə əlaqədar qəbul edilən bəyanatda Ermənistanın Azərbaycan ərazilərini işğal etməsi faktının beynəlxalq hüququn prinsiplərinə zidd addım olduğu vurğulanır, işğalçı qüvvələrin Horadizdən və Zəngilan rayonundan çıxarılmasının zəruriliyi qeyd olunurdu. Bəyanatda ATƏM-in Minsk Konfransının çağırılması və buna qədər işğal edilmiş ərazilərdən hərbi qüvvələrin çıxarılması, atəşin dayandırılması məsələləri də öz əksini tapmışdı.

1994-cü ildə ATƏM-in Budapeşt Zirvə Toplantısının nəticəsinə əsasən, ATƏM 1 yanvar 1995-ci ildən yeni Avropanın sivilizasiyalı birgəyaşayış qaydalarını müəyyən edən, sülhün, demokratiyanın və insan hüquqlarının qorunmasını təmin edən, üzv ölkələrinin təhlükəsizliyini və qarşılıqlı faydalı əməkdaşlıq prinsiplərini həyata keçirən, özünüidarə mexanizmləri olan Ümumavropa təşkilatına - ATƏT-ə çevrilmişdir. Budapeşt sammitində ilk dəfə olaraq ATƏT çərçivəsində Avropa təhlükəsizlik tədbirlərində iştirak edə biləcək sülhməramlı qüvvələrin yaradılması və münaqişəli ərazilərə göndərilməsi qərara alınmışdır. İştirakçı dövlətlər ATƏT rəhbərliyi altında olan ilk sülhməramlı çoxmillətli hərbi hissənin Dağlıq Qarabağ bölgəsinə göndərilməsi haqqında razılıq əldə etmişlər. Bundan başqa, Budapeştdə Minsk prosesi çərçivəsində həmsədrlik institutu təsis olunmuş, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə dair Budapeşt sammitinin işinin konkret yekunu olaraq "Dağlıq Qarabağ münaqişəsi ilə əlaqədar ATƏT-in fəaliyyətinin intensivləşdirilməsi" adlı qətnamə qəbul edilmişdir.

Budapeşt sammitinin nəticələrinə əsasən, 20 dekabr 1994-cü ildə Vyanada Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi üzrə ATƏT-in üzv ölkələrinin təyin etdiyi hərbi nümayəndələrdən ibarət olan Yüksək Səviyyəli Planlaşdırma Qrupu (YSPQ) təsis olunmuşdur. Sonrakı dövrlərdə də Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq ictimaiyyətin daim diqqət mərkəzində qalmasında da ATƏT mühüm rol oynamışdır. Azərbaycanın ATƏT çərçivəsində Dağlıq Qarabağ münaqişəsi ilə bağlı qazandığı növbəti uğur isə özünü 1996-cı ildə keçirilən Lissabon sammitində, ümummili lider Heydər Əliyevin qətiyyətli mövqeyi sayəsində göstərdi. Həmin vaxt ATƏT-in fəaliyyətdə olan sədri adından verilən bəyanatda Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasının tərkib hissəsi kimi formalaşdırılan üç prinsipin tövsiyə edildiyi bir daha vurğulanırdı. Bəyanatda qeyd olunurdu ki, bu prinsipləri Minsk qrupunun bütün üzv dövlətləri dəstəkləyir:

- Ermənistan Respublikasının və Azərbaycan Respublikasının ərazi bütövlüyü;

- Azərbaycanın tərkibində Dağlıq Qarabağa ən yüksək səviyyəli özünüidarə verən, öz müqəddəratını təyin etməyə əsaslanmış sazişdə müəyyən edilmiş Dağlıq Qarabağın hüquqi statusu;

- bütün tərəflərin nizamlama müddəalarına riayət olunmasının təmin edilməsinə dair qarşılıqlı öhdəliklər də daxil olmaqla, Dağlıq Qarabağ və onun bütün əhalisinin təhlükəsizliyinin təmini.

Ulu öndər Heydər Əliyev sammitdəki çıxışı zamanı Azərbaycanın mövqeyini qəti şəkildə ortaya qoymuşdur: "Münaqişənin nizama salınmasına dair təklif etdiyimiz kompromis üsul aşağıdakı tərkib hissələrdən ibarətdir: Azərbaycan Respublikasının ərazi bütövlüyü, Azərbaycan Respublikasının tərkibində Dağlıq Qarabağın yüksək muxtariyyat statusu, Dağlıq Qarabağın bütün əhalisi üçün təhlükəsizlik təminatı. Bu üsul beynəlxalq vasitəçilər tərəfindən dəstəklənir, ATƏT-in indiki sədrinin 1996-cı ilin fevral ayında münaqişə regionunda olarkən təklif etdiyi prinsiplərə bir çox cəhətdən uyğun gəlir. Lakin çox təəssüf ki, Ermənistan Respublikası BMT Nizamnaməsinə, ATƏT-in prinsiplərinə, beynəlxalq hüquqa əsaslanan hər hansı bir qərarın qəbul edilməsindən boyun qaçırmaqda davam edir".

1997-ci ilin iyununda həmsədrlər münaqişənin həllinə dair ilk konsepsiyalarını - "Dağlıq Qarabağ münaqişəsinin həllinə dair hərtərəfli saziş" adlanan sənəd layihəsini hazırladılar və onu tərəflərə təqdim etdilər. Həmin vaxt ATƏT-in Minsk qrupunun irəli sürdüyü bu təkliflər daha çox "Paket həll variantı" kimi məşhurlaşmışdı. Təklif bir paketdə ehtiva olunan iki anlaşmadan ibarət idi. Birinci anlaşma silahlı münaqişənin dayandırılmasını, ikinci isə Dağlıq Qarabağın statusunun müəyyən edilməsini nəzərdə tuturdu.

Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllini nəzərdə tutan "Paket həll variantı"nın şərtlərinə görə, silahlı qüvvələri iki mərhələdə çıxarmaq tövsiyə olunurdu. Birinci mərhələdə Dağlıq Qarabağdan şərqə və cənuba doğru indiki təmas xətti boyunca olan qüvvələr razılaşdırılmış xətlərə tərəf bir neçə kilometr geri çəkilir. Bu zaman ATƏT-in çoxmilli qüvvələrinin ön dəstəsinin hərbi nöqteyi-nəzərdən əsaslandırılmış bufer zonasında ilkin qaydada yerləşdirilməsi təmin olunmalı, həmçinin tərəfləri bu xətt boyunca ayırmağa və qüvvələrin çıxarılmasının ikinci mərhələsində təhlükəsizliyin təmin edilməsinə imkan yaratmaq məqsədilə yüksək səviyyədə planlaşdırma qrupunun tövsiyələri lazımınca nəzərə alınmalı idi.

İkinci mərhələdə erməni qüvvələri Ermənistan Respublikasının sərhədləri daxilinə aparılır, "Dağlıq Qarabağ qüvvələri" Dağlıq Qarabağ Muxtar Vilayətinin 1988-ci ildəki hüdudları daxilinə qaytarılır, Azərbaycan qüvvələri yüksək səviyyədə planlaşdırma qrupunun tövsiyələri əsasında razılaşdırılmış xətlərə çəkilir.

Status adlanan ikinci sazişdə isə Azərbaycanın və Ermənistanın ərazi bütövlüyünün, sərhədlərinin toxunulmazlığının tanınması əsas prinsip kimi göstərilirdi. Bu sənədə görə, Dağlıq Qarabağ Azərbaycanın tərkibində dövlət və ərazi qurumudur və onun öz müqəddəratını təyin etməsi Azərbaycan Respublikası ilə Dağlıq Qarabağın hakimiyyət orqanları arasında sazişdə rəsmiləşdiriləndən, Minsk Konfransı tərəfindən bəyəniləndən, Azərbaycanın və Dağlıq Qarabağın konstitusiyalarında inkorporasiya olunandan sonra mümkündür. Belə bir razılaşmanın olduğu halda isə, Dağlıq Qarabağ və Naxçıvan Ermənistan və Azərbaycanla sərbəst, maneəsiz nəqliyyat və rabitə əlaqəsi saxlamaq hüququna malik ola bilərdilər. Bundan başqa, Dağlıq Qarabağın inzibati sərhədləri keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin sərhədləri üzrə müəyyən edilməli idi.

Bir sıra çatışmazlıqlarına baxmayaraq, Azərbaycan tərəfi təklifi qəbul etdiyini bildirdi. Lakin Ermənistan tərəfi "Paket həll variantı"nda göstərilən müddəaları qəbul etmədiyini bildirərək problemin sülh yolu ilə çözümündə maraqlı olmadığını göstərdi. Məhz bunu əsas götürən Azərbaycan Ermənistanın işğalçı siyasətindən əl çəkmək niyyətində olmadığını beynəlxalq ictimaiyyətə çatdırmaq istiqamətində fəal təbliğata başladı.

Azərbaycanın haqlı mövqeyi və diplomatik fəaliyyətini gücləndirməsi nəticəsində 1997-ci ildə ATƏT-in Minsk qrupu "Dağlıq Qarabağ silahlı münaqişəsinin dayandırılması haqqında" adlı yeni saziş layihəsini tərəflərə təqdim etdi. Yeni təkliflər münaqişənin mərhələli şəkildə həllini nəzərdə tutduğundan daha çox "Mərhələli həll variantı" kimi tanınırdı.

"Paket həll variantı" ilə müqayisədə "Mərhələli həll variantı" Azərbaycan üçün daha əlverişli idi. Elə bu səbəbdən rəsmi Bakı "Mərhələli həll variantı"nı danışıqlara başlamaq üçün əsas kimi qəbul etdiyini və bu kontekstdə danışıqlara başlamağın mümkün olduğunu bildirdi. Sözügedən təkliflərdə də münaqişənin iki mərhələdə həlli nəzərdə tutulurdu. Birinci mərhələdə münaqişənin dayandırılması və onun nəticələrinin aradan qaldırılması haqqında müddəalar öz əksini tapmışdısa, ikinci mərhələdə ATƏT-in Minsk Konfransına qədər Azərbaycanın tərkibində Dağlıq Qarabağın statusunun müəyyənləşdirilməsi nəzərdə tutulurdu.

"Mərhələli həll variantı"nın digər üstünlüyü ondan ibarət idi ki, burada Azərbaycanın Dağlıq Qarabağdan başqa, işğal olunmuş digər 7 rayonundan 6-sının azad edilməsi göstərilmişdi. Bu rayonlar Kəlbəcər, Ağdam, Füzuli, Cəbrayıl, Qubadlı və Zəngilan idi. Laçın rayonunun taleyi sonrakı mərhələdə həll edilməli idi. Digər tərəfdən, saziş layihəsinin bir üstünlüyü də müvafiq müddəalara əməl etməyən tərəfə qarşı sanksiya tətbiqinin mümkünlüyünün göstərilməsində idi.

Həmin dövrdə Ermənistan prezidenti olan Levon Ter-Petrosyan "Mərhələli həll variantı" ilə münaqişənin həllinə razılıq versə də, Robert Koçaryanın, Serj Sarkisyanın rəhbərlik etdiyi separatçı qüvvələr, xaricdəki erməni diasporu və bir sıra xarici qüvvələr buna imkan vermədilər. Az sonra isə Levon Ter-Petrosyan hakimiyyətdən istefa verməyə məcbur edildi. Lakin həmin dövrdə onun işlətdiyi "Belə getsə, bir neçə ildən sonra Dağlıq Qarabağla birlikdə Ermənistanı da itirə bilərik", - ifadəsi artıq reallığa çevrilməkdədir.

1997-ci il dekabrın 2-də isə həmsədrlər "Mərhələli həll variantı" layihəsinin Dağlıq Qarabağdakı separatçı rejimin tərəf kimi danışıqlarda iştirakını nəzərdə tutan yeni variantını təqdim etsələr də, bu, Azərbaycan tərəfindən qəbuledilməz olduğundan ümummilli lider Heydər Əliyevin kəskin etirazı ilə qarşılandı.

Bunun ardınca 1998-ci ilin noyabrında həmsədrlərin irəli sürdüyü "Ümumi dövlət" həll modeli də Azərbaycan üçün qətiyyən qəbuledilməz oldu. İşğal olunmuş ərazilərdə yaradılan separatçı rejimə müstəqil dövlət səlahiyyətlərinin verilməsini nəzərdə tutan belə bir təklif Azərbaycan tərəfindən qəbul edilə bilməzdi. Elə buna görə də Prezident Heydər Əliyev buna qəti etirazını bildirdi və layihə qəbul olunmadı.

1999-cu ilin aprelindən etibarən ABŞ-ın təşəbbüsü ilə prezidentlərin birbaşa dialoqu keçirilməyə başlandı, ATƏT-in Minsk qrupu bu formatı bəyəndiyini və dövlət başçılarının dialoqunun davam etdirilməsinin zəruriliyini dəfələrlə bəyan etdi. 2001-ci ilin fevralında Prezident Heydər Əliyevin təşəbbüsü ilə ATƏT-in Minsk qrupunun münaqişənin həlli ilə bağlı təklif etdiyi üç saziş layihəsi Azərbaycanın rəsmi mətbuatında çap olundu.

Sonrakı danışıqlar prosesində isə Azərbaycanın mövqeləri bir qədər də gücləndi. Bunun nəticəsi kimi 2004-cü ilin aprelində keçirilən Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin görüşü sonradan çoxraundlu danışıqlar mərhələsinə çevrilməklə "Praqa prosesi" adlanmağa başladı. Sonradan bu prosesə digər elementlər də əlavə olundu.

"Praqa prosesi"nin ilk mərhələsi 2006-cı ilin fevralında Paris yaxınlığındakı Rambuye qəsrində keçirilən və geniş beynəlxalq rezonansa rəğmən, yenə də Ermənistanın qeyri-konstruktiv mövqeyi üzündən nəticəsiz qalan danışıqlarla yekunlaşdı. 2007-ci ilin noyabrında həmsədrlər "Praqa prosesi"nin ilkin nəticəsi kimi Madriddə Azərbaycan və Ermənistan XİN başçıları ilə görüşdə tərəflərə nizamlamanın baza prinsiplərinə dair layihə təqdim etdilər. Ümumiyyətlə isə, 2004-cü ildən bəri danışıqlar məhz "Praqa prosesi" əsasında gedir və bu proses Azərbaycanın ərazi bütövlüyünün bərpasını nəzərdə tutur.

ATƏT-lə yanaşı, digər nüfuzlu beynəlxalq təşkilatlar da münaqişənin həlli istiqamətində fəaliyyət göstərmiş, bu məsələyə diqqət yetirmişlər. Belə təşkilatlardan biri olan Avropa İttifaqı hələ 1993-cü ilin aprelində Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı bəyanatla çıxış etmişdir. Həmin ilin sentyabr ayında Ermənistanın işğalçı qüvvələrinin cəbhə bölgəsində yeni əməliyyatlar keçirməsi qurumun daha bir bəyanatla çıxış etməsinə səbəb oldu. Bu sənəddə ermənilərin Azərbaycana qarşı hərbi hücumları pislənilir, qaçqınların sayının həddən artıq çoxalmasından narahatlıq ifadə olunurdu. Təşkilat BMT qətnamələrinə hörmət göstərilməsini hər iki tərəfdən tələb edir, Kəlbəcər, Ağdam, Füzuli, Cəbrayıl rayonlarından qoşunların çıxarılmasının zəruriliyini qeyd edirdi. Bundan başqa, bəyanatda Ermənistandan Azərbaycan ərazilərinə hücum edən yerli erməni qüvvələrinə yardım göstərməmək də tələb olunurdu.

1993-cü ilin noyabrında Avropa İttifaqı Dağlıq Qarabağ münaqişəsinə dair növbəti bəyanatını qəbul etdi. ATƏM-in prinsiplərinə uyğun olaraq Azərbaycan Respublikasının ərazi bütövlüyünə və suverenliyinə xüsusi diqqət yetirilirdi. 2004-cü ildə Azərbaycan Prezidenti İlham Əliyevin Belçikaya işgüzar səfəri zamanı Avropa Komissiyasının sədri Roman Prodı ilə görüşündə təşkilatın Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllinə təkan verməsinin mümkünlüyü ilə bağlı müzakirələr aparması Avropa İttifaqının münaqişəyə diqqətinin daha da artmasına səbəb oldu. Təşkilat bəyan etdi ki, Ermənistanla Azərbaycan arasında beynəlxalq hüququn bütün prinsiplərini nəzərə alan sülh əldə edilməsində maraqlıdır və bunun üçün konkret addımlar atmağa hazırdır.

Sonrakı dövrdə Azərbaycanla daha sıx işbirliyinə gedən Avropa İttifaqı Dağlıq Qarabağ münaqişəsi və regionda olan digər münaqişələrin onun da təhlükəsizliyinə hədə yaratdığını, belə problemlərin dövlətlərin ərazi bütövlüyü çərçivəsində həllinin vacibliyini dəfələrlə bəyan etdi.

Beynəlxalq birliyə sürətli inteqrasiya edən Azərbaycanın təmsil olunduğu təşkilatlar sırasında Avropa Şurasının adı xüsusi qeyd olunmalıdır. 1992-ci il yanvarın 24-də Azərbaycan Respublikasının parlamenti "xüsusi dəvət edilmiş qonaq" statusu almaq üçün Avropa Şurasına müraciət etmişdir. Avropa Şurası hələ Azərbaycanın bu quruma üzv olmasından əvvəl Dağlıq Qarabağ münaqişəsini diqqət mərkəzində saxlamışdır. Belə ki, 1992-ci ilin fevralında Avropa Şurası Parlament Assambleyasının (AŞ PA) quruma üzv olmayan Avropa ölkələri ilə Əlaqələr Komitəsi Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə dair ilk bəyanatı qəbul etmişdir. Sənəddə Dağlıq Qarabağda vəziyyətin pisləşməsindən narahatlıq ifadə edilir və tərəflərə atəşi dayandırmaq, münaqişəni sülh yolu ilə aradan qaldırmaq tövsiyə olunurdu. Ancaq həmin sənəd münaqişə ilə bağlı vəziyyətə tam obyektiv qiymət vermirdi.

Bundan sonra Avropa Şurası Nazirlər Komitəsində münaqişə ilə bağlı qəbul edilən bir sıra bəyanatlarda da Azərbaycanın mənafeləri baxımından müəyyən çatışmazlıqlar özünü göstərmişdir. Bir qədər sonra, 1994-cü ilin noyabrında AŞ PA Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə dair ilk qətnaməsini qəbul etdi. Burada münaqişə nəticəsində 20 mindən çox insanın həlak olması və bir milyon insanın qaçqın düşməsi faktı öz əksini tapmışdır.

11 sentyabr 1996-cı ildə Avropa Şurası Nazirlər Komitəsinin 573-cü iclasında Azərbaycanın Avropa Şurasına daxil olması, Azərbaycanda demokratiyaya keçid prosesinin sürətləndirilməsi məqsədilə Azərbaycan hakimiyyət dairələri ilə danışıqların intensivləşdirilməsini, əməkdaşlıq proqramları formasında yardım edilməsini nəzərdə tutan 32 saylı qətnamə qəbul edilmişdir.

1997-ci ilin aprelində Dağlıq Qarabağ münaqişəsinə dair daha bir qətnamə qəbul edilmişdir. "Zaqafqaziyada münaqişələrə dair" adlanan qətnamə Abxaziya və Dağlıq Qarabağdakı münaqişələrin həllinə təşkilatın kömək göstərməsinin zəruriliyini vurğulayırdı. Sənəddə münaqişələrin həllinin sərhədlərin toxunulmazlığı, region xalqları üçün çoxmillətli sülhməramlı qüvvələr tərəfindən dəstəklənən təminatlı təhlükəsizlik, Abxaziyaya və Dağlıq Qarabağa muxtariyyət statusunun verilməsi, qaçqın və məcburi köçkünlərin geri qaytarılması prinsipləri əsasında mümkünlüyü nəzərdə tutulurdu. Sənədin Dağlıq Qarabağ münaqişəsinə dair bölməsində işğal olunmuş ərazilərin azad edilməsi, münaqişənin sülh yolu ilə nizamlanması Avropa Şurasının tövsiyəsi kimi öz əksini tapmışdı.

2001-ci il yanvarın 17-də Avropa Şurası Nazirlər Komitəsinin nümayəndələr səviyyəsində keçirilmiş iclasında Azərbaycan Respublikasının Avropa Şurasına tamhüquqlu üzv qəbul edilməsi təşkilatın münaqişənin həlli ilə bağlı fəallığını daha da artırmışdır. 25 yanvar 2001-ci ildə Strasburqda Azərbaycan Respublikasının Avropa Şurasına tamhüquqlu üzv qəbul edilməsinə həsr olunmuş rəsmi mərasim keçirilmiş, Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev mərasimdə geniş nitq söyləmişdir.

Azərbaycanın Avropa Şurasında Dağlıq Qarabağ həqiqətləri ilə bağlı daha genişmiqyaslı diplomatik uğuru da məhz bu mərhələdən sonra başlanmışdır. 2001-ci ilin yanvarında Azərbaycan və Ermənistanın quruma tamhüquqlu üzv kimi qəbul olunduğu sessiyada İngiltərədən olan deputat Corc Teylor Azərbaycanda - Dağlıq Qarabağda ermənilərin törətdiyi vəhşiliklərdən danışdı. O, burada insan hüquqlarının kobud şəkildə tapdalandığını, ermənilərin Azərbaycana qarşı təcavüzkar siyasət apardıqlarını bəyan etdi. C.Teylor qaçqınların və məcburi köçkünlərin ağır vəziyyətdə yaşadığına diqqəti çəkərək Avropa Şurasının bu sahədə ciddi addımlar atmasının zəruriliyini bildirdi. O, ermənilərin işğal olunmuş ərazilərdə dağıdıcılıqla məşğul olduqlarını, buradakı mədəniyyət abidələrini, xidməti binaları, məktəbləri, xəstəxanaları məhv etdiklərini söylədi: "Dağlıq Qarabağda ermənilər tərəfindən azərbaycanlılara qarşı törədilmiş genosidə siyasi qiymət verilməlidir".

Beləliklə, ölkəmizin quruma üzvlüyündən sonra AŞ PA-da Azərbaycanı təmsil edən nümayəndə heyətinin rəhbəri cənab İlham Əliyevin təşəbbüskarlığı və diplomatik fəallığı nəticəsində elə ilk sessiyadan etibarən Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə dair həqiqətləri özündə əks etdirən sənədlər yayılmağa başladı. Məhz cənab İlham Əliyevin rəhbərliyi altında qurumda ölkəmizi təmsil edən deputatlar AŞ PA-nın müxtəlif dövlətlərdən olan üzvləri ilə yaxın münasibətlər qurur, ölkəmizin qarşılaşdığı problemlər, torpaqlarımızın 20 faizinin Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunması, bir milyondan çox insanın qaçqın və məcburi köçkün kimi yaşaması barəsində ətraflı məlumatlar verirdilər. Bunun nəticəsi olaraq Avropa Şurası Nazirlər Komitəsinin 108-ci sessiyasının rəsmi məlumatında Ermənistanın təcavüzkar siyasəti pislənilirdi. Həmin sənəddə aydın şəkildə qeyd olunurdu ki, Avropa Şurası ölkələrin ərazi bütövlüyünü, suverenliyini, sərhədlərinin toxunulmazlığını dəstəkləyir.

2001-ci ilin aprelində AŞ PA-nın yaz sessiyasında isə Azərbaycanın işğal olunmuş ərazilərində narkoticarətin genişlənməsinə, terrorizmin inkişafına dair avropalı deputatlara lazımi məlumatlar çatdırıldı. Bu sessiyada daha çox diqqəti cəlb edən məqam Azərbaycan nümayəndə heyətinin rəhbəri cənab İlham Əliyevin çıxışı oldu. Avropada mütəşəkkil cinayətkarlığın mərkəzlərindən birinin Azərbaycanın işğal edilmiş ərazilərində olduğunu diqqətə çatdıran cənab İlham Əliyev bildirirdi: "Azərbaycan ərazisinin 20 faizinin Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunması ilə nəinki bir milyon azərbaycanlı qaçqın evsiz-eşiksiz qalıb, çoxsaylı şəhərlərimiz, kəndlərimiz, mədəniyyət abidələrimiz, əcdadlarımızın qəbirləri büsbütün dağıdılıb, bir sözlə, erməni işğalçılarının zəbt etdikləri ərazidə bütün infrastruktur məhv edilib, həm də ermənilərin işğal etdikləri ərazidə mütəşəkkil cinayətkarlığın inkişafı üçün çox əlverişli şərait yaranmışdır. "Dağlıq Qarabağ respublikası" deyilən ərazidən narkotik bitkilərin yetişdirilməsi və daşınması üçün istifadə edilir. Narkotiklərlə məşğul olan işbazlar və tiryək alverçiləri orada özlərini təhlükəsiz və çox rahat hiss edirlər".

Cənab İlham Əliyev ona da diqqət çəkirdi ki, Dağlıq Qarabağda mövcud olan qanunsuz iqtisadi fəaliyyət buradakı qondarma respublikanı "çirkli pulların yuyulması" əməliyyatları sahəsində məşhurlaşdırıb. Cənab İlham Əliyev Dağlıq Qarabağ münaqişəsinə ədalətli münasibət bildirilməsinin zəruriliyinə də xüsusi diqqət çəkirdi: "Nə vaxta kimi Avropa belə bir fakta göz yumacaq ki, Avropa Şurasının bir üzvü olan Ermənistan başqa bir üzvün - Azərbaycanın ərazilərinin 20 faizini işğal altında saxlayır?"

Məhz belə qətiyyətli mövqedən sonra AŞ PA-da Dağlıq Qarabağ münaqişəsinə münasibətdə daha ciddi dönüş yarandı. Sessiyada britaniyalı deputat Terri Devis AŞ PA-nın Dağlıq Qarabağ üzrə məruzəçisi təyin edildi. Ermənistan AŞ PA-nın Dağlıq Qarabağ münaqişəsi üzrə məruzəçinin təyin olunmasına qarşı çıxsa da, Azərbaycan nümayəndə heyətinin prinsipial mövqeyi ermənilərin etirazına hər hansı əhəmiyyət verilməməsi ilə nəticələndi.

Azərbaycanın Dağlıq Qarabağ münaqişəsi ilə bağlı qurumda növbəti uğuru isə 2002-ci ilin payız sessiyasına təsadüf etdi. Sessiyada ermənilərin ciddi müqavimətinə baxmayaraq, Azərbaycanın təkidi ilə Ermənistan barədə qətnaməyə Azərbaycan torpaqlarının işğal olunması, qaçqınlar və məcburi köçkünlərin bu işğal nəticəsində öz torpaqlarından didərgin düşməsi və Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin əsl səbəbləri barədə düzəlişlər edildi. Bu məsələlər Azərbaycana aid qətnamədə də öz əksini tapdı.

2003-cü ilin yanvarında Azərbaycan nümayəndə heyətinin rəhbəri cənab İlham Əliyevin AŞ PA-nın sədr müavini və büro üzvü vəzifələrinə seçilməsi ilə ölkəmizin bu qurumla əlaqələri bir qədər də yüksək səviyyəyə çatdı. Bundan sonra Azərbaycanın qurumda yeni bir uğuru 2003-cü ilin yay sessiyasında qeydə alındı. Həmin sessiyada "Avropada muxtar vilayətlərin müsbət təcrübəsi" məsələsi ətrafında müzakirələr aparılırdı. Burada məhz cənab İlham Əliyevin təklifi ilə muxtar vilayətlərin ərazi bütövlüyünü pozmaq səlahiyyətlərinə malik olmadığı barədə müddəa sənədə əlavə edildi. Yenə də ermənilərin ciddi müqavimətinə baxmayaraq, cənab İlham Əliyevin qətiyyətli mövqeyi onların geri çəkilməsinə səbəb oldu. Beləliklə, sözügedən sənədə "Muxtariyyət verilməsi dövlətin özünün suverenliyinə və ərazi bütövlüyünə əsaslanmalıdır" cümləsi əlavə edildi. Bu, faktiki olaraq, Dağlıq Qarabağdakı separatçı rejimin müstəqillik tələblərinin qarşısına sədd çəkən çox mühüm bir addım idi. Sənədin Azərbaycanın istədiyi şəkildə qəbul edilməsi həm də muxtariyyətin ərazi bütövlüyü prinsipindən sonra gəldiyini göstərirdi. Ermənilərin buna qarşı çıxması isə heç bir nəticə vermədi və Azərbaycan qurumda növbəti uğurunu qazanmış oldu.

Ümumiyyətlə, cənab İlham Əliyevin qurumda ölkəmizi təmsil edən nümayəndə heyətinə rəhbərlik etdiyi dövrdə AŞ PA-da Azərbaycan həqiqətlərini özündə əks etdirən 30-a yaxın sənəd hazırlanmış və təşkilatın rəsmi sənədləri kimi yayılmışdır. Sonrakı dövrdə də Azərbaycan Avropa Şurasında ermənilərin mövqelərinə bir-birinin ardınca diplomatik zərbələr endirməkdə davam etdi və təşkilatda Ermənistanın işğalçılıq siyasətinə qarşı yeni-yeni sənədlərin qəbul edilməsinə nail oldu. Belə mühüm sənədlərdən biri də AŞ PA-nın 2005-ci ilin yanvarında qəbul etdiyi 1416 saylı yeni qətnamədir. Bu qətnamə AŞ PA tərəfindən Ermənistanın işğalçılıq siyasətinə daha bir ciddi zərbə idi. Belə ki, burada yer alan müddəalar bir daha Ermənistanın işğalçı dövlət olduğunu təsdiq edir, Dağlıq Qarabağ regionunun separatçı qüvvələrin nəzarəti altında olduğu xatırlanırdı. Bununla bağlı qətnamənin xülasə hissəsində qeyd olunurdu: "Azərbaycan ərazisinin böyük bir hissəsi hələ də Ermənistan qoşunlarının işğalı altındadır. Hərbi əməliyyatlar və bu əməliyyatlardan qabaq geniş surətdə yayılmış etnik düşmənçilik etnik mənsubiyyətinə görə insanların geniş miqyasda yerlərindən qovulmasına və dəhşətli etnik təmizləmə konsepsiyasını xatırladan monoetnik ərazilərin yaradılmasına gətirib çıxarmışdır. Dağlıq Qarabağ regionu hələ də separatçı qüvvələrin nəzarəti altındadır.

Assambleya üzv dövlət tərəfindən xarici ərazinin işğal edilməsini bu dövlətin Avropa Şurasının üzvü kimi öhdəliyinin ciddi pozulması olduğunu bir daha təkrar edir və münaqişə ərazisindən olan məcburi köçkünlərin təhlükəsizlik şəraitində və ləyaqətlə öz evlərinə qayıtmaq hüquqlarının olduğunu bir daha təsdiqləyir".

Bu qətnamənin ən mühüm cəhəti Ermənistanın Azərbaycan torpaqlarını işğal etməsinin Avropada fəaliyyət göstərən beynəlxalq təşkilat səviyyəsində ilk dəfə belə açıq etiraf edilməsi və bunun presedent yaratması oldu. Ermənilərin etnik təmizləmə siyasətinin də tənqid olunduğu qətnamə Ermənistanın beynəlxalq aləmdə mövqeyini daha da sarsıtdı. Kifayət qədər obyektiv xarakter daşıyan bu qətnamənin ardınca AŞ PA-nın qəbul etdiyi 1690 saylı tövsiyə Ermənistana daha bir zərbə oldu. Çünki Avropa Şurasının Nazirlər Komitəsinə ünvanlanan tövsiyələrində bilavasitə 1416 saylı qətnamənin şərtlərinə istinad edilirdi. Qətnaməyə istinadən Nazirlər Komitəsinə ünvanlanan tövsiyələrin birinci bəndində qeyd olunurdu: "Müvafiq tərəfləri təkidlə BMT Təhlükəsizlik Şurasının 822, 853, 874 və 884 saylı qətnamələrinə əməl etməyə, xüsusilə istənilən hərbi əməliyyatlardan çəkinməyə və silahlı qüvvələri Azərbaycanın işğal edilmiş bütün ərazilərindən çıxarmağa çağırmaq".

Həmçinin tövsiyələrdə 1416 saylı qətnamənin milli, ikitərəfli və beynəlxalq səviyyələrdə dəstəklənməsi üçün üzv dövlətlərin hökumətlərinə göndərilməsinə də diqqət yetirilirdi. Beləliklə, Azərbaycanın yürütdüyü siyasət nəticəsində AŞ PA-dan kifayət qədər ciddi zərbə alan Ermənistan sonrakı dövrdə də bu qurumda uğursuzluğa düçar oldu. Azərbaycanın işğal edilmiş ərazilərində vəziyyət, tarixi-mədəni abidələrin məhv edilməsi və bu qəbildən olan digər məsələlərə görə də Ermənistan təşkilatda daim əsas tənqid hədəfləri sırasında yer alır.

 

 

(ardı var)

 

Azərbaycan.- 2011.- 10 avqust.- S.  3.