Regional telekanallarda regionlar necə görünür

 

Müstəqillik dövründə Azərbaycanda teleradio yayımı böyük inkişaf yolu keçib. Hazırda televiziya kanallarının texniki imkanları və auditoriyası hədsiz dərəcədə genişlənib. Bir çox ümumrespublika kanalları peyk, region kanalları isə internet vasitəsilə dünyaya yayımlanır. Azərbaycan teleməkanında fəaliyyət göstərən 8 ümumrespublika, 14 regional televiziya, 13 kabel televiziyası mövcuddur ki, bunların da bir çoxu müasir texniki avadanlıqla təmin olunub.

Müstəqil ölkəmizdə söz azadlığına, fikir müxtəlifliyinə geniş meydan açıldığı bir dövrdə kütləvi informasiya vasitələrinin, eləcə də telekanalların şəbəkəsi getdikcə genişlənir. Hazırda Bakıdakı ümumrespublika kanalları ilə yanaşı Mingəçevirdə, Xaçmazda, Zaqatalada, Sumqayıtda, Qubada, Lənkəranda, Tovuzda, Şəkidə və Yevlaxda regional televiziyalar fəaliyyət göstərir. "Yerli" televiziyaların ikisi də - Kəpəz TV və "Alternativ" Gəncədə yayımlanır. Məqsəd təmsil etdiyi bölgədə əhaliyə operativ informasiya verməkdən, regionun tarixini, taleyini və müasir durumunu tamaşaçıya tanıtmaqdan, cəmiyyətin sosial-iqtisadi və mədəni həyatında gedən prosesləri dolğun işıqlandırmaqdan, əyləncəli proqramları, reklamları və digər verilişləri nümayiş etdirməkdən ibarətdir. Buna görə də həmin televiziyalarda proqramların bir hissəsini yerli materiallar, şəxsi istehsal təşkil etməlidir.

Televiziya güclü ideoloji vasitədir, təsir dairəsi çox genişdir. Akademik Ramiz Mehdiyevin "Azərbaycanın efir məkanı: problemlər və vəzifələr" adlı məqaləsində deyildiyi kimi, "Heç şübhə yoxdur ki, ictimai fikrə təsir imkanları baxımından televiziya və radio bütün digər kütləvi informasiya vasitələrindən yüksəkdə dayanır. Televiziya və radio hər evə, ailəyə daxil olmuş, insanların gündəlik həyatının ayrılmaz hissəsinə çevrilmişdir".

Ona görə də bu güclü ideoloji vasitədən səriştəli istifadə etmək hər bir telekanalın, hər bir jurnalistin borcudur.

Kəpəz TV ölkəmizdə ilk özəl regional televiziyadır. 1993-cü ildə fəaliyyətə başlayıb. Əvvəllər verilişlər yüksək keyfiyyətli olmadığına görə tamaşaçıları öz ətrafına toplaya bilmirdi. Son üç-dörd ildə Kəpəz TV yeni inkişaf mərhələsinə qədəm qoyub. Hazırda burada otuza qədər veriliş yayımlanır ki, bunların da böyük əksəriyyəti şirkətin öz istehsalıdır. Ötən illərlə müqayisədə kollektiv həm verilişlərin sayına, həm də keyfiyyətinə görə xeyli formalaşıb. Xüsusən "Gəncə adlı salnamə", "Həmsöhbət", "Bağban", "Söz incisi", "Olaylar" və s. proqramlar tamaşaçıların marağına səbəb olur.

Azərbaycanda ilk dəfə səsli dublyaj studiyası 2008-ci ildə məhz burada - Kəpəz TV-də yaradılıb. Daha çox sinxron dublyaja vərdiş etmiş tamaşaçılar yeni üsulla səsləndirilmiş "Alovlu həyat" teleserialını maraqla qarşıladılar.

Yeri gəlmişkən deyək ki, respublika teleməkanında əsas problemlərdən biri - xarici dildə istehsal olunan film və verilişlərin dublyajı ilə bağlıdır. Bir də görürsən ki, 20 nəfərin danışığını cəmi 2-3 nəfər səsləndirir. Bir çox hallarda isə mətnin tərcüməsi zamanı ədəbi dilin normaları unudulur. Niyə belədir? Mütəxəssislər deyirlər ki, bəzən dublyaj üçün münasib səs tembrinə malik, ləhcəsiz, təmiz Azərbaycan dilində danışan kadrların tapılmasında çətinlik çəkirik. Bu, məsələnin bir tərəfidir. Yerli filmlərin və serialların azlığı da ümumi işə əngəl törədir. Qonşu Türkiyə və ya Rusiya televiziyalarında yayımlanan filmlərin və serialların təqribən 80-90 faizi öz məhsullarıdır. Bu da onlarda dublyaja olan tələbatı azaldır. Bizdə də yerli filmlər və seriallar çəkilsə, təbii ki, xarici film və serialların dublyajına olan tələbat aradan qalxacaq, bu da ümumi işin keyfiyyətinə müsbət təsir edəcəkdir.

2009-cu il iyunun 4-də Kəpəz TV-nin www.kepeztv.az saytı fəaliyyətə başlayıb. Məqsəd Azərbaycanda və xarici ölkələrdə yaşayan soydaşlarımızın Gəncəbasarda baş verən hadisələrdən və televiziyanın bütün fəaliyyətindən xəbərdar olmasına şərait yaratmaqdır.

Hazırda Kəpəz TV üçün müasir üslublu yeni bina tikilir. Təzə bina ən müasir avadanlıqlarla təchiz ediləcək, hamı üçün normal iş şəraiti yaradılacaq, yəqin ki, bununla da verilişlərin, xəbər bülletenlərinin sayı və formatı dəyişəcəkdir. Burada daha bir yeniliyin olacağı, yəni xəbər studiyasının təşkili gözlənilir.

"Alternativ" televiziyası isə 2001-ci ildə təsis edilib. Özünə görə müəyyən uğurları yox deyildir. Xüsusən "Görüş yeri", "Həyat xətti", "Olimpiya dünyası" verilişlərində yaradıcı münasibət zəif olsa da, niyyət, məqsəd diqqəti cəlb edir. Şirkətin şəraiti, imkanı az olduğuna görə verilişləri məna-məzmun cəhətdən çox zaman solğun, sönük görünür. ATV səhərdən-axşama kimi mənşəyi, mənası bəlli olmayan kliplərlə və yerli-yersiz reklamlarla baş girləyir. Bir xeyli baxandan sonra öz-özündən xəbər alırsan: yadda nə qaldı, nəyi öyrəndin? Bir sıra açıq-saçıq kliplərin qanqaraldan ovqatından başqa heç nə! Adam məəttəl qalır. Bu sayı-hesabı bilinməyən kliplər, görəsən necə əldə edilir, onların çoxu pirat materiallar deyil ki?

Bu qeydləri hazırlayarkən Gəncədəki həmkarlarımla, ziyalılarla fikir mübadiləsi etmək istədim. Kimdən xəbər alırdımsa, "mən o kanala baxmıram" - dedi.

ATV-də çalışan işçilərin zəhmətinə və mənim şəxsən tanıdığım jurnalistlərin əməyinə qiymət qoymaqla bərabər deməliyəm ki, televiziyanın geniş imkanlarından səmərəli istifadə olunmur. "Alternativ" TV-də yerli istehsal çox azdır. Bir neçə veriliş var ki, bunlar da elə bil yalnız efiri doldurmaq xatirinə yaradılıb. "Muzik xitt"in adından görünür ki, məşhur kliplər nümayiş etdirilməli, yeni musiqilərə, kamil sənətçilərə yer verilməlidir. İndiki halda isə həmin proqram xoş əhval yaratmaq əvəzinə tamaşaçı auditoriyasına açıq-saçıqlığı, bir növ mənəviyyatsızlığı ötürür.

"Toy evi" verilişinin adı çəkiləndə gözləyirsən ki, konkret məkanın misalında xalqımızın zəngin adət-ənənələri ilə tanış olacaqsan. Elə ki, veriliş başlanır, ekranda bir xaos, hərc-mərclik yaranır, gəl görəsən (Toy bir ailənin, bir nəslin arzusu, sevincidir. Mübarək olsun). Bu sistemsiz vurnuxmaların, şəxsi aspektdə olan mənasız, məzmunsuz sağlıqların, əllərində araq gözünü kameraya zilləyən cavanların şit sözlərinin, bayağı təriflərinin geniş tamaşaçı auditoriyasına nə dəxli var?! Ara qızışıb xarici musiqilər meydan suladıqca, əhvalları durulmuş toy adamları sinələrini şəstlə kameranın qabağına verib atılıb-düşəndə məəttəl qalırsan, müqəddəs Azərbaycan toyları haqqında geniş tamaşaçı kütləsinə beləmi məlumat verərlər? Adı çox xoş olan "Mücrü" layihəsi də tamaşaçıya təəssüfdən başqa heç nə bəxş edə bilmir! Peşəkar hazırlığı çox da kamil olmayan bir nəfər efirə üz tutaraq ağlına gələn sualları verir. Tamaşaçılardan cavab gəlməyəndə isə vaxtı doldurmaq üçün mənalı-mənasız danışmalı olur. Belə verilişlərdən birində sözü tükənən aparıcıya operatorun dediyi lətifəyəbənzər söz-söhbət geniş yayılıb: "Əşi nə bilirsən danış. Onsuz da bu verilişə bizdən savayı baxan yoxdur".

"Piyada" verilişi də sənətkarlıq baxımından piyada təsirini bağışlayır. Bir də görürsən aparıcı küçənin ortasında hər yoldan ötənin qarşısını kəsir: "Suallara düzgün cavab versən bizdən iki manat pul qazanacaqsan".

Bütün bu dadsız-duzsuz verilişlər vaxtlı-vaxtsız reklamlarla müşahidə olunur. Hər dəfə təkrar-təkrar eyni reklamları görəndə düşünürsən, görəsən onların yerləşdirilməsi, yeri və həcmi barədə tələblərə necə əməl olunur? Normadan artıq reklamlar necə uçota alınır? İkili mühasibat, sosial ödəmələrdən yayınma halları yoxdur ki?

Televiziya çox böyük tribuna, təbliğat, məlumat mənbəyidir. Layihələrin, verilişlərin janrı, istiqaməti çox müxtəlif ola bilər (olmalıdır da!). Lakin onun bütün çoxcəhətli fəaliyyəti - əyləncəli proqramlara, folklor nümunələrinə, lətifələrə, ən sadə dialoqlara kimi efirdə verilən hər bir söz-söhbətin sətiraltı mənası olmalı, bu və ya digər şəkildə ölkənin, xalqın ümumi mənafeyinə xidmət etməli, bu isə televiziya işçilərinin peşəkarlığından, işə münasibətindən, dünyagörüşündən çox asılıdır. Mövzuların seçilməsi, aparıcıların efirə cəlb edilməsi fərdi zövqlərə görə yox, ictimai münasibətə görə olmalıdır. Nitqi, səviyyəsi etik və əxlaqi dəyərlər mütləq nəzərə alınmalıdır.

Tamaşaçılar tərəfindən verilişlər necə qarşılanır? Qısa sorğunun cavabları çox şeydən xəbər verir.

Gəncəli sürücü Sahib Abbasov deyir ki, yerli televiziyalarda yerli materiallara daha çox yer verilməsi vacibdir. Bəzi aparıcılar verilən materiala uyğun əhval yarada bilmirlər. Aparıcı hansısa qəza və ya ölüm xəbərini təbəssümlə çatdırır. Belə çıxır ki, həmin bədbəxt hadisə aparıcıda ya gülüş doğurur, ya da o, nə haqda danışdığını sadəcə bilmir.

Mədəniyyət işçisi Bəxtiyar Muradov daha çox ölkənin mədəni həyatı, xüsusən Gəncənin tarixi, taleyi ilə bağlı materiallara baxmaq istədiyini söyləyir.

Digər bir tamaşaçı - Firudin Əliyev bəzi müxbirlərin danışığında hiss olunan qüsurlardan söz açır. Bir aparıcı beş-altı verilişdə görünəndə maraqsız olur. Həm də verilişlərdə dilin rəvanlığına xüsusi fikir verilməlidir.

Zenfira Bayramovanın fikrincə, dublyaj filmlərində dil o qədər də təmiz, səlis olmur. Bu səbəbdən adamın filmlərə marağı azalır. İstəyirik ki, bizdə də ya yaxşı seriallar çəkilsin, ya da mövcud əsərlər yaxşı dublyaj olunsun.

Kəlbəcərli məcburi köçkün Samirə Hacıyevanın haqlı iradlarını isə təkcə Gəncə televiziyalarına yox, respublikanın bütün telekanallarına aid etmək olar. S.Hacıyeva vətənpərvərlik mövzusuna xüsusi diqqət yetirilməsini, milli qəhrəmanlar, şəhidlər, işğal altında olan torpaqlar haqqında müntəzəm surətdə daha geniş məlumatlar verilməsini arzulayır.

Tamaşaçı deyir ki, bu gün hansı kanalda Dağlıq Qarabağla bağlı duyğuları tərpədən veriliş hazırlanır? Hansı verilişlərdə Şuşa, Xocalı, Füzuli, Kəlbəcər, Laçın və digər işğal altında olan rayonlarımızdan çıxan istedadlı insanlar barədə məlumatlar verilir, o yerlərin taleyi, adət-ənənələri təbliğ olunur? Bir qayda olaraq yalnız işğal günlərində həmin torpaqlar yada düşür. O da köhnə görüntülərlə. Nəyə baxaq, kimə baxaq? Hansısa müğənninin digər müğənniyə olan iradlarına, mətbəx söhbətlərinəmi?

Doğru sözə nə deyəsən! Zənnimcə, bu haqlı iradlar bütün jurnalistləri düşündürməlidir.

Peşəkar jurnalist məsələsi günün ən vacib problemlərindən biridir. Özü də bu təkcə regional kanalların qayğısı deyildir. Respublikada kabel televiziyalarından başqa 23 TV fəaliyyət göstərir. Burada təxminən 4500 nəfər işçi çalışır. Onlardan olsa-olsa 10-15 faizi televiziya mütəxəssisidir, qalanları isə sadəcə həvəskarlardır, peşəni əsasən iş prosesində öyrənir (Ona da hər kəs nail ola bilirmi?). Ölkəmizdə sırf peşəkar televiziya jurnalisti hazırlayan təhsil ocağı yoxdur. Bu gün bizdə bir neçə ali məktəb jurnalist yetişdirir, rejissorlar üçün isə vur-tut bir ali təhsil müəssisəsi mövcuddur (Nəzərə almaq lazımdır ki, teatr və kino rejissoru televiziya rejissorlarından tamamilə fərqlidir). Həm də teatr və kino rejissoru, televiziyanın kadr heyəti təkcə jurnalist və rejissorlardan ibarət deyildir. Burada işıqçı, montajçı, operator, dizayner və s. kimi işçilər çalışırlar. Bəs onlar harada yetişdirilir? Təəssüf ki, heç yanda. Televiziyalar artdıqca kadrlara olan tələbat da çoxalır. Gərək aidiyyəti qurumlar bunu nəzərə alsınlar.

Ölkədə televiziya mütəxəssisi hazırlayan mükəmməl qurum olmadığı üçün yad təsirlərə məruz qalırıq. Amerika mütəxəssisləri maneəsiz şəkildə bu boşluqdan istifadə edərək teleməkana daxil olur, öz ölkələrində gəncləri xüsusi kurslara dəvət edir, nəticədə "İnternyus" və "Areks" kimi prodakşınlar yaranır. Onlar da təbii ki, haradan maliyyələşirsə, orada xidmət edirlər.

Regional televiziyalarda bölgələrin ümumi mənzərəsini, rəngarəng həyatını, tarixini, taleyini, məişətini, bugünkü coşqun tərəqqisini, eləcə də qayğı və problemlərini görə bilərikmi? Təəssüf ki, yox!

Əlbəttə, televiziya məkanı, o cümlədən regional televiziya müəyyən mənada yeni sahədir. İndi-indi formalaşır. Ona görə də istər respublika televiziyalarında və istərsə də regional kanallarda kifayət qədər qüsurlar, qayğı və problemlər mövcuddur.

Yağışdan sonra çıxan göbələklər kimi günü-gündən sayı artan qəzet və jurnallarda da vəziyyət belədir. Lakin Azərbaycan Mətbuat Şurası yol verilən qüsurların aradan qaldırılması üçün müntəzəm surətdə fəal mübarizə aparır, tədbirlər görür. Təəssüf ki, daha böyük rəsmi statusu və səlahiyyəti olan Milli Televiziya və Radio Şurasında bu fəallıq hiss olunmur.

Vəziyyət getdikcə mürəkkəbləşir. Akademik Ramiz Mehdiyevin dediyi kimi, "televiziya və radio kanallarında maarifləndirici, məlumatlandırıcı və əyləncə funksiyaları arasında ciddi disbalans yaranmış, peşəkarlıq, yaradıcılıq, yeniliklərin təbliği, milli-mənəvi dəyərlərin qorunması kimi məsələlər teleradio rəhbərliyini o qədər də maraqlandırmır".

Bu, vaxtında qaldırılmış əsl həyəcan siqnalıdır. Aidiyyəti qurumların hamısı, ilk növbədə isə Milli Televiziya və Radio Şurası ciddi nəticə çıxarmalıdır. Axı şuranın əsas vəzifəsi televiziya və radio yayımlarının fəaliyyətini tənzimləmək, onların müstəqilliyini və yayım zamanı ictimaiyyətin maraqlarını qorumaq, televiziya və radio yayımı haqqında qanunvericiliyə, eləcə də reklamların yerinə və həddinə əməl edilməsi üzərində nəzarəti həyata keçirməkdir. İndiki halda bölgələrdəki telekanallar sanki ümumi mütəxəssis nəzarətindən, səriştəli köməkdən, fəal təsir dairəsindən kənarda qalıb! Yerlərdə vaxtaşırı monitorinqlər keçirilirmi, nəticəsi necə olur, işlərin nizama salınması üçün nə kimi tədbirlər görülür? Regional kanalların bu sahədə şuranın konkret qayğı və köməyinə ehtiyacı böyükdür, çox böyükdür!

 

 

Əhməd İSAYEV

 

Azərbaycan.- 2011.-10 avqust.- S.  5.