Almaniyanın "Nitro" jurnalında "Azərbaycana tərəf?" sərlövhəli məqalə dərc olunmuşdur

 

Almaniyanın "Nitro" jurnalında Azərbaycanda səfərdə olmuş alman jurnalist İzabel Ulrixin "Azərbaycana tərəf?" sərlövhəli məqaləsi dərc olunmuşdur.

Ölkəmizin xristian əcdadlarına, həmçinin fars, ərəb, türk və rus işğallarına görə mədəni müxtəlifliyə malik olduğunu qeyd edən müəllif artıq məqalənin ikinci abzasında Dağlıq Qarabağ münaqişəsinə toxunur. Bildirir ki, Azərbaycana məxsus olan bu ərazi Sovet İttifaqının süqutu zamanı Ermənistan tərəfindən zəbt olunmuş və bölgənin azərbaycanlı əhalisi oradan zorla qovulmuşdur.

Daha sonra müəllif Azərbaycan paytaxtındakı inkişaf və çiçəklənən həyat səviyyəsindən, Bakıda və rayonlarda qarşılaşdığı qonaqpərvərlikdən, xalqımızın dini tolerantlığından söhbət açır. Ulrix xüsusilə Bakının və İsmayıllı rayonunun Lahıc qəsəbəsinin qısa təsvirini verir. Bildirir ki, ölkənin Sovet dövrünü geridə qoyduğu və Avropanın bir hissəsi olduğu hər addımda hiss edilir. Bundan əlavə, müəllif Azərbaycanda Yelenendorf alman irsinin mövcud olmasını və xalqımızın özünəməxsus çay dəstgahı ənənəsini böyük maraqla oxucuların diqqətinə çatdırır.

 

 

Vüqar SEYİDOV,

AzərTAc-ın xüsusi müxbiri

Berlin

 

Azərbaycan.- 2011.- 10 avqust.- S.  5.