Prezident İlham Əliyev
müqəddəs Ramazan ayı münasibətilə
müsəlman ölkələrinin Azərbaycandakı səfirlərini
və diplomatik nümayəndəliklərinin
rəhbərlərini qəbul etmişdir
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev
avqustun 10-da müqəddəs Ramazan ayı münasibətilə müsəlman
ölkələrinin Azərbaycandakı səfirlərini və
diplomatik nümayəndəliklərinin rəhbərlərini
qəbul etmişdir.
Görüş
iştirakçılarını salamlayan Prezident İlham ƏLİYEV dedi:
-
Hörmətli səfirlər, mən sizi ürəkdən
salamlayıram. Bizim mübarək Ramazan ayında
görüşlərimiz ənənəvi xarakter
daşıyır. Çox şadam ki, yenidən sizinlə
görüşürəm.
Xahiş
edirəm ki, qarşıdan gələn bayram münasibətilə
mənim səmimi təbriklərimi və xoş
arzularımı təmsil etdiyiniz ölkələrin dövlət
və hökumət başçılarına
çatdırasınız.
Təmsil
etdiyiniz ölkələrlə bizim ölkə çox
sıx əməkdaşlıq edir. Mən çox şadam
ki, bu əməkdaşlıq və dostluq əlaqələri
gündən - günə güclənir. Biz çox istəyirik
ki, bütün müsəlman ölkələri ilə əlaqələrimiz
həm siyasi, həm iqtisadi sahədə və bütün
başqa sahələrdə daha da geniş, daha da dərin
olsun.
Mən
çox şadam ki, müsəlman ölkələrinin Azərbaycandakı
səfirliklərinin sayı artmaqdadır. İldən-ilə
bu masa arxasında səfirlərin sayı artır.
İnşallah, bir neçə ildən sonra biz gərək
daha da böyük masa arxasında əyləşək. Eyni
zamanda, Azərbaycan da müsəlman ölkələrində
öz səfirliklərinin sayını artırır. Bu həm
bir-birimizə olan münasibətin təzahürüdür,
eyni zamanda, bu, zərurətdir. Biz çox istəyirik ki,
bütün müsəlman ölkələri arasında əlaqələr
daha da sürətlə inkişaf etsin. Eyni zamanda, beynəlxalq
təşkilatlarda əməkdaşlığımız
çox uğurla davam edir. Birləşmiş Millətlər
Təşkilatında, İslam Əməkdaşlığı
Təşkilatında, digər təşkilatlarda biz sıx əməkdaşlıq
edirik və daim bir-birimizi dəstəkləyirik. Bir neçə
il bundan əvvəl BMT-nin Baş Məclisində
Dağlıq Qarabağ məsələsinin müzakirəsi
zamanı bizə ən çox dəstək verən müsəlman
ölkələri olmuşdur. Bu dəstəyə görə
minnətdarıq və bu dəstəyi bu gün də hiss
edirik. Azərbaycan da öz növbəsində bütün
beynəlxalq təşkilatlarda müsəlman ölkələrinin
maraqlarını daim müdafiə edir və bu siyasət
bundan sonra da davam etdiriləcəkdir. Əminəm ki,
xüsusilə indiki şəraitdə islam həmrəyliyinin
gücləndirilməsi çox lazımdır. Bizim
aramızda birlik daha da sıx olmalıdır. İqtisadi əlaqələr
daha da geniş olmalıdır. Əlbəttə ki,
qarşılıqlı dəstək yüksək səviyyədə
olmalıdır. Hər halda Azərbaycan bu məqsədlərə
çatmaq üçün öz tərəfindən vacib
addımları atır.
İslam
Əməkdaşlığı Təşkilatının xətti
ilə ölkəmizdə yüksək səviyyəli bir
neçə tədbir keçirilmişdir. Bildiyiniz kimi,
İSESKO ilə əlaqələrimiz çox sıxdır.
İslam mədəniyyətinin dünyada təbliği
üçün ölkəmiz çox böyük səylər
göstərir. Biz fəxr edirik ki, 2009-cu ildə Bakı şəhəri
islam mədəniyyətinin paytaxtı elan edilmişdir. 2018-ci
ildə ölkəmizin digər qədim şəhəri olan
Naxçıvan da bu şərəfli ada layiq görüləcəkdir.
Əziz
dostlar, mən sizi bir daha ürəkdən salamlayıram. Sizə,
ailələrinizə, təmsil etdiyiniz ölkələrə
uğurlar arzulayıram. Əminəm ki, siz
özünüzü Bakıda evinizdəki kimi hiss edirsiniz. Mən
ümid edirəm ki, burada sizin fəaliyyətiniz həmişə
olduğu kimi, çox uğurlu olacaqdır. Yəni, siz burada
həqiqətən öz doğma vətəninizdəsiniz.
Özbəkistanın
Azərbaycandakı səfiri İsmatilla
YERQAŞEV müsəlman ölkələrinin Azərbaycandakı
səfirləri və diplomatik nümayəndəliklərinin
rəhbərləri adından müqəddəs Ramazan ayı
münasibətilə Prezident İlham Əliyevi və
xalqımızı təbrik edərək dedi:
-
Hörmətli, cənab Prezident! Sizi Azərbaycanda akkreditə
olunmuş müsəlman ölkələrinin səfirləri,
nümayəndəliklərinin rəhbərləri və
şəxsən öz adımdan böyük məmnuniyyətlə
müqəddəs Ramazan ayı və əl-Fitr bayramı
münasibətilə təbrik edirəm.
Zati-aliləri,
fürsətdən istifadə edərək bu müqəddəs
ayda Sizinlə görüşmək imkanı əldə
etdiyimiz üçün Sizə səmimi təşəkkürümüzü
bildiririk. Biz çox şadıq ki, məhz Sizin sayənizdə
bu görüşlər xoş ənənəyə
çevrilib. Müqəddəs aylardan biri olan Ramazan
insanların ağlında və düşüncəsində
təcəssüm tapır, onları əmin-amanlığa, mənəvi
paklığa və birliyə çağırır. Bu ay
müsəlmanlar Allah qarşısında vicdani
borclarını yerinə yetirmək imkanı qazanır,
xeyirxah işlərin sevincini, mənəvi kamilliyin şər
üzərində qələbəsini yaşayırlar. Hər
birimiz üçün müqəddəs olan bu ayda müsəlman
ölkələrinin səfirləri adından Sizə və
bütün Azərbaycan xalqına Uca Allahdan xeyir işlər,
həmçinin sülh və tərəqqi arzulamaqdan şərəf
duyuram.
Bu
gün Azərbaycan nəinki regional, həmçinin beynəlxalq
proseslərə və meyillərə birbaşa təsir
göstərən güclü amillərdən biridir. Biz səmimi
maraq və rəğbət hissi ilə islahatların dinamik
gedişini və bunun da Azərbaycanın iqtisadi və sosial həyatında
faydasını müşahidə edirik. Onun parlaq nümunələrindən
və təsirindəndir ki, bu gün qlobal maliyyə və
iqtisadi böhrana baxmayaraq, Azərbaycan milli iqtisadiyyatın
inkişaf etdirilməsi istiqamətində yüksək nəticələr
göstərməkdə davam edir. Ölkədə
böyük infrastruktur layihələri müvəffəqiyyətlə
həyata keçirilir. Əlbəttə, bunların
hamısının səbəbi düzgün
düşünülmüş iqtisadi islahatlardır.
Cənab
Prezident, Siz əsası ümummilli lider Heydər Əliyev tərəfindən
qoyulmuş iqtisadi islahatları uğurla davam etdirirsiniz. Azərbaycan
xalqı artıq nəinki bunları görür, həmin
islahatların bəhrələrindən istifadə edir. Azərbaycanın
bundan heç də az əhəmiyyətli olmayan humanitar sahədəki
nailiyyətləri də göz qabağındadır. Bu mənada
mən qeyd etmək istərdim ki, Azərbaycanın
"Eurovision-2011" musiqi yarışmasındakı qələbəsi
bütün müsəlman ölkələri
üçün də sevindirici bir haldır. Ən nəhayət,
biz Azərbaycanın zəngin müsəlman irsinin dirçəlməsinə
və inkişafına yönəlmiş səylərini
alqışlayırıq. Bunun parlaq nümunəsi kimi Azərbaycanda
hər il Beynəlxalq muğam festivalının keçirilməsini
göstərmək olar.
Əlbəttə,
biz müsəlman ölkələrinin nümayəndələri
kimi, Azərbaycan xalqına Dağlıq Qarabağ
münaqişəsinin həllində dəstək verəcəyik.
Əminik ki, bu problem beynəlxalq hüququn norma və prinsipləri
əsasında, Azərbaycanın ərazi
bütövlüyü çərçivəsində həll
ediləcəkdir. Azərbaycanlı məcburi
köçkünlər doğma yerlərinə,
Dağlıq Qarabağa qayıdacaqlar.
Biz
müsəlman ölkələrinin nümayəndələri
kimi, Azərbaycanı 2012-2013-cü illərdə BMT-nin Təhlükəsizlik
Şurasının qeyri-daimi üzvlüyünə namizədliyini
dəstəkləyəcəyik və inşallah,
inanırıq ki, bu məsələ BMT çərçivəsində
həll ediləcəkdir.
Hörmətli
cənab Prezident! Sizə dərin minnətdarlığımızı
bildirirəm. Sizə uğurlar, Azərbaycan xalqına tərəqqi
və çox böyük nailiyyətlər arzu edirəm.
Çox
sağ olun!
Ölkəmiz
haqqında xoş sözlərə görə minnətdarlığını
bildirən Prezident İlham ƏLİYEV
dedi:
-
Çox sağ olun. Ölkəmiz haqqında dediyiniz xoş
sözlərə görə sizə minnətdaram. Doğrudan
da, ölkəmiz bütün sahələrdə,- siz də
qeyd etdiniz,- həm iqtisadi, həm humanitar, həm mədəniyyət
sahələrində inkişaf edir. Biz
çalışırıq ki, ölkəmiz hərtərəfli
inkişaf etsin, insanların rifah halı
yaxşılaşsın, ölkə qarşısında duran
bütün vəzifələr icra edilsin. Bildiyiniz kimi,
müxtəlif proqramlar vardır. Bu proqramlar icra edilir. Şəhərlərin
siması dəyişilir, hər yerdə quruculuq, abadlıq
işləri aparılır. Görəndə ki,
dostlarımız, qardaşlarımız da
uğurlarımıza sevinir, əlbəttə, biz çox
şad oluruq. Sizin ölkələrinizin nümayəndələri
Azərbaycanda gedən müsbət proseslərə,
doğrudan da, həmişə səmimi qaydada dəstək
olmuşlar. Bu dəstəyi biz hiss edirik, hiss etmişik.
Biz
bu il müstəqilliyimizin 20 illiyini qeyd edəcəyik. Bu illər
ərzində Azərbaycan göstərib ki, müstəqil
ölkə kimi yaşaya, inkişaf edə bilər və
yaxşı da yaşaya bilər. Əlbəttə ki,
görüləsi işlər çoxdur. Bizim böyük
planlarımız vardır. Biz çalışırıq ki,
ölkəmizi inkişaf etmiş ölkələrin
sırasına çıxaraq. Bunu etmək üçün
imkanlar vardır. Həm siyasi iradə, həm artıq maliyyə
resurslarımız, düşünülmüş siyasətimiz
və strateji xəttimiz vardır. Əlbəttə ki, istədiyimizə
nail olmaq üçün beynəlxalq müstəvidə də
mütləq qarşılıqlı etimad əsasında əlaqələr
gücləndirilməlidir.
Bir
daha demək istəyirəm ki, beynəlxalq aləmdə ən
böyük dəstəyi bütün dövrlərdə biz
müsəlman ölkələrindən
görmüşük və bu gün də
görürük. Müstəqilliyimizin ilk illərindən
bugünə qədər bizi dəstəkləyən müsəlman
ölkələri olmuşdur. Bizi ilk tanıyan müsəlman
ölkəsi Türkiyə olmuşdur. Ondan sonra digər
ölkələr bizi müstəqil ölkə kimi
tanımışlar. Biz İslam Əməkdaşlığı
Təşkilatına, - o vaxt İslam Konfransı Təşkilatı
adlanırdı, - üzv olmuşuq və daim bu təşkilat
çərçivəsində dəstək
görmüşük. Xüsusilə Ermənistan-Azərbaycan,
Dağlıq Qarabağ münaqişəsi ilə
bağlı İslam Əməkdaşlığı Təşkilatının
çoxsaylı qərar və qətnamələri vardır
ki, bu da bizim mövqeyimizi gücləndirir.
Siz
qeyd etdiyiniz kimi, Azərbaycan BMT-nin Təhlükəsizlik
Şurasına qeyri-daimi üzv kimi namizəd olmuşdur. Mən
öz həmkarlarıma bununla bağlı müvafiq qaydada məktublar
göndərmişəm. Çox şadam ki, artıq bir
neçə ünvandan mənə həmkarlarım müsbət
cavab göndərmişlər. Buna görə mən çox
minnətdaram.
Mən
bir daha demək istəyirəm ki, bütün müsəlman
ölkələri daim bir-birinin yanında olmalıdırlar,
bir-birinə dəstək olmalıdırlar, həm siyasi sahədə,
həm iqtisadi sahədə. Müsəlman ölkələri
arasında birlik, həmkarlıq, əməkdaşlıq daha
da yüksək səviyyəyə çatmalıdır.
Xüsusilə indiki zəmanədə bəzi hallarda biz
dinimizə qeyri-normal münasibətlə üzləşirik.
İslamofobiya meyilləri əfsuslar olsun ki, artmaqdadır.
Multikulturizmlə bağlı müxtəlif fikirlər irəli
sürülür. Sanki multikulturizm iflasa uğrayıb. Halbuki
bizim təcrübəmiz və sizin təmsil etdiyiniz ölkələrin
təcrübəsi onu göstərir ki, multikulturizm
yaşayır və inkişaf edir. Bunun müsbət nümunələri
vardır. Bu təcrübələr öyrənilməlidir. Yəni,
bütün bu məsələlər əlbəttə ki,
diqqət mərkəzində olmalıdır. Biz daim bu məsələləri
beynəlxalq tribunalardan qaldırırıq. Azərbaycan həm
İslam Əməkdaşlığı Təşkilatının,
eyni zamanda, Avropa Şurasının üzvüdür. Yəni,
mövqeyimizi ifadə etmək üçün, xüsusilə
bu məsələlərlə bağlı mövqeyimizi ifadə
etmək üçün kifayət qədər geniş
imkanlarımız vardır və biz bunlardan istifadə edirik.
Biz
milli dəyərlərimizi, dini dəyərlərimizi təbliğ
etməliyik. İslam dini qardaşlıq, dostluq dinidir.
İslam dini dünyada sülhsevər meyilləri gücləndirir.
Ona görə biz dinimizin həqiqi mahiyyətini dünyada daha
da geniş şəkildə təbliğ etməliyik.
Əfsuslar
olsun ki, islam dininə qarşı bəzi dairələrdə
qeyri-adekvat, qeyri-normal, çox mənfi münasibət
vardır. Biz mübarizə aparmalıyıq və bu
mübarizə ancaq birlik olan zaman uğurlu ola bilər.
Bütün beynəlxalq məsələlərlə
bağlı bizim mövqeyimiz vardır və biz öz
mövqeyimizi müdafiə etməliyik. Birliyə
çağırışlar sadəcə olaraq gözəl
şüar deyildir. Bu, doğrudan da zərurətdir,
xalqlarımıza, ölkələrimizə lazımdır.
Biz çox istəyirik ki, bütün müsəlman aləmi
daha da sıx birləşsin. Buna böyük ehtiyac vardır.
Bəzi müsəlman ölkələrində yaşanan
sıxıntılar, qarşıdurmalar, problemlər bizi də
çox narahat edir. Biz istəyirik ki, bu böhranlı vəziyyət
tezliklə aradan qaldırılsın və bütün
müsəlman aləmində sülh, əməkdaşlıq,
sakitlik, əmin-amanlıq yaransın.
Müsəlman
ölkələri ilə iqtisadi sahədə bizim
qarşılıqlı iqtisadi komissiyalar fəaliyyət
göstərir. Bu komissiyaların işi səmərəlidir
və çalışmalıyıq ki, hər bir sahədə
nailiyyətə çataq.
Siyasi
əlaqələr çox yaxşı ki, yüksək səviyyədədir.
İqtisadi sahədə, mədəniyyət sahəsində,
gənclər arasında əlaqələr olmalıdır.
İslam Əməkdaşlığı Təşkilatının
Gənclər Forumu da çox fəal işləyir. Biz gəncləri
də bir araya gətirməliyik ki, onlar bir-biri ilə əlaqədə
olsunlar. Gələcəkdə ölkələrimizi onlar idarə
edəcəklər. İndidən gərək sıx əlaqədə
olsunlar ki, maraqlarımız təmin edilsin.
Bilirsiniz, hər bir ölkənin
öz problemi vardır. Hər bir ölkədə
problemlərin həlli
üçün əlbəttə
ki, ilk növbədə,
daxili resurslar əsas rol oynayır.
Ancaq xarici dəstək, xarici yardım və mənəvi dəstək
də az
rol oynamır. Mən bir daha
demək istəyirəm
ki, 20 illik müstəqillik dövründə
biz daim islam
ölkələri tərəfindən
bu diqqəti, dəstəyi görmüşük.
Çalışmışıq ki, öz növbəmizdə biz də
dəstəyimizi göstərək.
Mən
tam əminəm ki, növbəti illərdə
uğurumuz və uğurlu inkişafımız
daha çox bu qarşılıqlı
dəstəkdən asılı
olacaqdır.
Bir daha sizi qarşıdan gələn bayram münasibətilə təbrik
edirəm. Bir daha xahiş
edirəm ki, mənim səmimi salamlarımı təmsil
etdiyiniz ölkələrin
rəhbərlərinə və
ən xoş arzularımı ölkələrinizin
ictimaiyyətinə çatdırasınız.
Sağ olun.
Sonda xatirə
şəkli çəkdirilmişdir.
AzərTAc
Azərbaycan.- 2011.-11 avqust.- S. 1.