Azərbaycan demokratiyanın bariz nümunəsidir

 

Azərbaycanda rəsmi səfərdə olan Dominika Birliyinin Baş naziri Ruzvelt Skerrit avqustun 10-da Milli Məclisdə olmuşdur.

Parlamentin binası önündə qonağı Milli Məclis Sədrinin müavini, parlamentin Təbii ehtiyatlar, energetikaekologiya komitəsinin sədri Valeh Ələsgərov qarşılamışdır.

Dominika Birliyinin Baş naziri Milli Məclisin inzibati binası, iclas zalı ilə tanış olmuş, burada deputatlar üçün yaradılmış şəraiti yüksək qiymətləndirmişdir.

Qonaq Milli Məclisdəki Heydər Əliyev xatirə zalı ilə də tanış olmuşdur.

Sonra Ruzvelt Skerrit Milli Məclis Sədrinin müavini Valeh Ələsgərov ilə görüşmüşdür.

Görüşdə V.Ələsgərov bildirmişdir ki, parlamentlərarası əməkdaşlığımız gələcəkdə iki ölkə arasındakı münasibətlərin inkişafına öz töhfəsini verəcəkdir. O, bütün sahələrdə əməkdaşlığın genişlənməsinin və inkişafının siyasi sahədə əlaqələrdən asılı olduğunu vurğulamışdır. Bildirmişdir ki, iki ölkə arasındakı əməkdaşlıq ən yüksək səviyyədə qurulacaqöz bəhrəsini verəcəkdir. Möhkəm siyasi əməkdaşlıq digər sahələrdə də əlaqələrimizin inkişafı üçün imkan yaradacaqdır.

V.Ələsgərov ölkəmizdə gedən sürətli iqtisadi inkişaf barədə qonağa ətraflı məlumat vermişdir. Bildirmişdir ki, Azərbaycan regionda ən yüksək sürətlə inkişaf edən ölkədir. Respublikamız xarici dövlətlərlə iqtisadi əməkdaşlığı real səviyyədə təmin etmək imkanına malikdir. Azərbaycan bir çox dövlətlərə milyard dollarla ölçülən sərmayələr qoymaqda davam edir.

Azərbaycanın iqtisadi inkişafından, uğurla həyata keçirilən neft strategiyasından danışan parlament sədrinin müavini Dağlıq Qarabağ münaqişəsinin ölkəmizin ümumi inkişafına mane olduğunu diqqətə çatdırmışdır. Qeyd etmişdir ki, Ermənistanın hərbi təcavüzü nəticəsində Azərbaycan torpaqlarının 20 faizi işğal olunmuş, bir milyondan çox soydaşımız qaçqın və məcburi köçkün vəziyyətinə düşmüşdür. Biz problemin beynəlxalq hüquq normalarına uyğun, Azərbaycanın ərazi bütövlüyü çərçivəsində, ədalətli həllinin tərəfdarıyıq.

Dominika Birliyinin Baş naziri Ruzvelt Skerrit bildirmişdir ki, Azərbaycan parlamentində təmsil olunan siyasi partiyaların çoxluğu demokratiyanın bariz nümunəsidir.

Səfəri çərçivəsində Azərbaycanın böyük iqtisadi inkişafının şahidi olduğunu vurğulayan qonaq dünyadakı iqtisadi böhranın ölkəmizə təsir etməməsindən məmnunluğunu bildirmişdir. Qeyd etmişdir ki, Azərbaycanın əldə etdiyi uğurlar, qazanılan nailiyyətlər bu ölkədə həyata keçirilən düzgün strategiyanın parlaq göstəricisidir.

Dağlıq Qarabağ münaqişəsinə toxunan Ruzvelt Skerrit qeyd etmişdir ki, Azərbaycan beynəlxalq təşkilatların köməyi ilə məsələnin həlli yolunu tapacaq, bir milyondan çox qaçqın və məcburi köçkün öz doğma yurdlarına qayıdacaqdır. Qonaq təmsil etdiyi ölkənin münaqişənin həllində Azərbaycanı dəstəkləyəcəyini demişdir.

 

 

AzərTAc

 

Azərbaycan.- 2011.- 11 avqust.- S.  2.