Azərbaycan
Prezidentinin insanpərvər və mərhəmətli
addımından siyasi spekulyasiya məqsədilə istifadə
edilməməlidir
Bunu Azərbaycan Respublikası Prezidenti
Administrasiyasının Hüquq-mühafizə orqanları ilə
iş şöbəsinin müdiri Fuad Ələsgərov
"Trend"ə müsahibəsində bildirmişdir.
- Eks-prezident
Ayaz Mütəllibov oğlunun vəfatı ilə əlaqədar
Azərbaycana qayıtmışdır. Onun Azərbaycana
qayıtmasına ölkə rəhbərliyinin razılıq
verməsi barədə məlumatlar hələ oğlu Azad
Mütəllibov vəfat etməmişdən bir neçə
gün əvvəl də mətbuatda səslənirdi.
- Doğrudur. Ayaz Mütəllibov hələ bir müddət
əvvəl, iyulun 22-də oğlunun ağır xəstəliyi
ilə əlaqədar Azərbaycan Respublikasının
Prezidenti cənab İlham Əliyevə müraciət edərək
ölkəyə qayıtmasına şərait
yaradılmasını xahiş etmişdi.
Cənab Prezident ölkəmizdə formalaşmış
dövlətçilik siyasətinin humanizm prinsipindən və
xalqımızın milli adət-ənənələrindən
çıxış edərək Ayaz Mütəllibova
oğlunun ağır xəstəliyi ilə əlaqədar
ölkəyə qayıtmasına razılıq vermişdir.
Mütəllibov həmin ərəfədə Azərbaycana gələ
bilməmiş, indi isə oğlunun vəfatı ilə əlaqədar
Azərbaycana qayıtmışdır. Ona Rusiyadakı səfirliyimiz
tərəfindən ölkəyə qayıtmaq
üçün qayıdış şəhadətnaməsi
verilmişdir.
Ayaz Mütəllibov bu humanist addıma görə cənab
Prezidentə öz minnətdarlığını bildirmişdir.
- Ayaz Mütəllibov
barəsində cinayət işinə xitam verilməmişdir.
Mətbuatda ona qarşı ittihamların siyasi xarakter
daşıdığı barədə fikirlər səslənir.
Bununla bağlı nə deyə bilərsiniz?
- İlk növbədə onu qeyd edim ki, milli adət-ənənəmizə
uyğun olaraq Ayaz Mütəllibova oğlunun yas mərasimini
keçirmək üçün şərait
yaradılmışdır. İnsani baxımdan belə
hüznlü məqamda insanları öz dərdləri ilə
baş-başa qoymaq daha məqsədəuyğundur. Belə
hüzn məqamından və Azərbaycan Respublikası
Prezidentinin bununla bağlı atdığı insanpərvər
və mərhəmətli addımdan hər hansı siyasi
spekulyasiya məqsədilə istifadə etmək ən azı
milli dəyərlərimizə hörmətsizlikdir.
O ki qaldı Ayaz Mütəllibov barəsindəki cinayət
işinə, doğrudur, belə cinayət işi mövcuddur,
həmin cinayət işi siyasi xarakter daşımır. Ayaz
Mütəllibova qarşı Cinayət Məcəlləsinin
konkret maddələri üzrə ittihamlar irəli
sürülmüşdür.
Vurğulamaq istərdim ki, Ayaz Mütəllibovun ittiham
olunduğu 20 Yanvar və Xocalı hadisələri ilə
bağlı ilk cinayət işləri məhz AXCP-nin iqtidarda
olduğu dövrdə başlanmışdır. O, həmçinin
hakimiyyəti zorla ələ keçirməyə
hazırlıqda və digər ağır cinayətlərin
törədilməsində də ittiham olunur. Həmin cinayətlərə
görə konkret şəxslər artıq məhkum
olunmuşlar.
Lakin Ayaz Mütəllibovun Azərbaycan Respublikasının
Prezidenti cənab İlham Əliyevə etdiyi müraciətlə
bağlı olaraq onun həbsi ilə əlaqədar qərarın
icrası müvəqqəti dayandırılmışdır.
-
Keçmiş prezidentlər haqqında qanun qəbul olunarsa,
Ayaz Mütəllibov cinayət məsuliyyətindən azad edilə
bilərmi?
- 2009-cu ildə keçirilmiş referendum nəticəsində
Azərbaycan Respublikası Konstitusiyasının 108-ci maddəsinə
II hissə əlavə edilmişdir. Həmin müddəaya əsasən,
əvvəllər Azərbaycan Respublikasının Prezidenti
seçilmiş şəxsin təminatı qaydaları
Konstitusiya qanunu ilə müəyyən edilməlidir.
Hazırda həmin qanun layihəsi üzərində iş
aparılır. Qanun layihəsində hansı müddəaların,
hansı təminatların nəzərdə tutulacağı
barədə fikir yürütmək hələ tezdir.
Hazırlanan qanun layihəsində keçmiş prezidentlərin
təhlükəsizliyinin təmin edilməsi, maddi, sosial və
tibbi təminatı məsələləri, habelə prezident
səlahiyyətlərinin həyata keçirilməsi
zamanı etdikləri əməllərə görə cinayət
və inzibati məsuliyyətə cəlb edilməmələri
barədə müddəalar nəzərdə tutula bilər.
Sonda bir daha vurğulamaq istərdim ki, Azərbaycan
Respublikasının Prezidenti möhtərəm İlham Əliyevin
həyata keçirdiyi siyasət ölkəmizdə sabitliyin,
təhlükəsizliyin, vətəndaş sülhü şəraitində
Azərbaycanın davamlı inkişafının təmin
olunmasına, həmçinin cəmiyyətdə həmrəyliyə
və harmoniyanın əldə edilməsinə yönəlmişdir.
Azərbaycan.- 2011.- 11 avqust.- S.
2.