Düşünülmüş, sürətli və davamlı inkişaf

 

Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə ilk gündən obyektiv, prinsipial mövqeyi ilə seçilən təşkilatlardan biri də məhz İslam Konfransı Təşkilatı (İKT) olmuşdur. İKT hələ 1993-cü ildə Pakistanın Kəraçi şəhərində keçirilmiş xarici işlər nazirlərinin 21-ci konfransında Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə dair ilk qətnaməsini qəbul etmişdir. Qətnamədə Ermənistanın Azərbaycana qarşı hücumları və respublikamızın torpaqlarını işğal etməsi qətiyyətlə pislənilir, Ermənistanın təcavüzkar hərbi əməliyyatlara rəvac verməsi nəticəsində Azərbaycanda humanitar vəziyyətin dözülməz həddə çatması, Ermənistanın davranışının beynəlxalq sülh üçün təhlükə yaratması, bu dövlətin silahlı qüvvələrinin Azərbaycan ərazilərindən çıxarılmasının zəruriliyi bildirilirdi. Bundan başqa, qətnamədə münaqişənin dövlətlərin ərazi bütövlüyü və suverenliyi prinsipləri əsasında, tanınmış sərhədlərin dəyişdirilməməsi şərtilə və sülh yolu ilə həlli tövsiyə olunurdu. Qətnamədə daha sonra qeyd edilirdi: "İKT Bəyannaməsinin prinsipləri və məqsədlərindən çıxış edərək, Qarabağ məsələsi barəsində Ermənistanla Azərbaycan arasında münaqişənin kəskinləşməsi ilə əlaqədar dərindən narahat olaraq, Ermənistanın Azərbaycana qarşı son hücumunu və Azərbaycan ərazisinin işğalını qətiyyətlə pisləyərək, Azərbaycan Respublikasına qarşı Ermənistanın təcavüzü nəticəsində humanitar problemlərin dözülməz vəziyyətindən təsirlənərək, ermənilərin son təcavüzünün beynəlxalq sülh və təhlükəsizlik üçün təhlükə yaratdığını dərk edərək, Baş katibin bu məsələ üzrə məruzəsini yüksək qiymətləndirərək:

1. Ermənistanın Azərbaycan Respublikasına qarşı təcavüzünü kəskin şəkildə pisləyir;

2. Erməni qüvvələrinin işğal edilmiş Azərbaycan ərazilərindən təcili çıxarılmasına, Azərbaycan Respublikasının suverenliyinə və ərazi bütövlüyünə hörmət bəsləməyi Ermənistandan ciddi surətdə tələb edir;

3. Qarabağ məsələsini dövlətlərin ərazi bütövlüyünün və beynəlxalq ictimaiyyət tərəfindən tanınmış sərhədlərin toxunulmazlığı prinsiplərinə hörmət əsasında ədalətlə və sülh yolu ilə həll etməyə çağırır".

Təşkilatın sonrakı zirvə görüşlərində və İKT çərçivəsində keçirilən digər toplantılarda da Dağlıq Qarabağ problemi daim diqqət mərkəzində saxlanılmış və Ermənistanın işğalçılıq siyasəti pislənilmişdir. 1994-cü ildə Kasablankada (Mərakeş) İKT ölkələrinin dövlət və hökumət başçılarının 7-ci zirvə görüşündə də Dağlıq Qarabağa dair daha bir qətnamə qəbul edilərək, burada Azərbaycan torpaqlarının 20 faizinin Ermənistan tərəfindən işğal olunması faktı yenidən kəskin şəkildə pislənildi, respublikamızda 1 milyona qədər məcburi köçkün ordusunun yaranmasından narahatlıq ifadə edilmişdir. Qətnamədə Ermənistanın Azərbaycana təcavüzü nəticəsində mülki şəxslərə qarşı edilən hərəkətlər bəşəriyyətə qarşı cinayət kimi qiymətləndirilir, erməni hərbi birləşmələrinin işğal olunmuş ərazilərdən təcili çıxarılması, Ermənistandan Azərbaycanın ərazi bütövlüyünə və suverenliyinə hörmətlə yanaşmaq tələb olunurdu. 1996-cı ildə İndoneziyada İKT Xarici İşlər Nazirlərinin növbəti konfransında daha bir qətnamə qəbul edildi. Bu qətnaməni əvvəlkilərdən fərqləndirən əsas cəhət onun adı oldu: "Ermənistan Respublikasının Azərbaycan Respublikasına qarşı təcavüzü haqqında". Halbuki, əvvəlki qətnamələr sadəcə olaraq "Ermənistan və Azərbaycan arasında münaqişə üzrə" adlanırdı. Qətnamədə yenidən Ermənistanın işğalçı siyasəti pislənilir və işğal edilmiş ərazilərin boşaldılması tələb olunurdu. Həmçinin, qətnamədə Ermənistanın təcavüzkar addımlarının sülh prosesinə mane olduğu da vurğulanırdı.

2003-cü il oktyabrın 16-18-də Malayziyanın Putracaya şəhərində İKT-nin 10-cu zirvə konfransında növbəti dəfə Ermənistanın Azərbaycana qarşı təcavüzü, Azərbaycana iqtisadi yardım göstərilməsi və Ermənistanın təcavüzü nəticəsində işğal olunmuş Azərbaycan torpaqlarında İslam tarixi və mədəni abidələrinin məhvi barədə məsələlərə baxılmış və bu məsələlər üzrə İKT zirvə konfransının 3 müvafiq qətnaməsi qəbul olunmuşdur. Ermənistanın Azərbaycana qarşı təcavüzünün pislənilməsi İKT 10-cu zirvə konfransının Yekun Bəyanatında da öz əksini tapmışdır. Bəyanatda İKT ölkələri Ermənistanın işğalçı qüvvələrinin Azərbaycan ərazilərindən tam, qeyd-şərtsiz və dərhal çıxarılması çağırışı ilə çıxış etmişlər.

2006-cı ilin iyununda İKT Xarici İşlər Nazirləri Şurasının Bakıda keçirilən 33-cü sessiyasında bir daha İslam Konfransı Təşkilatının Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllində Azərbaycanın haqlı mövqeyini dəstəklədiyi bəyan edilmişdir. 2009-cu ilin martında Seneqalın paytaxtı Dakarda İKT-nin "İslam dünyası XXI əsrdə" devizi altında keçirilən 11-ci zirvə görüşündə Ermənistanın Azərbaycana təcavüzünü pisləyən daha bir qətnamə qəbul olunmuşdur. Qətnamədə İKT BMT-nin Təhlükəsizlik Şurasını Ermənistana qarşı zəruri addımlar atmağa çağıraraq, Azərbaycan torpaqlarının Ermənistan tərəfindən işğalının davam etməsindən dərin narahatlığını bildirmiş və ermənilərin bu ərazilərə qeyri-qanuni köçürülməsini pisləmişdir. Sənəddə Azərbaycanın ərazi bütövlüyünə, suverenliyinə hörmət edilməsi istənilmiş, işğal olunmuş ərazilərdə tarixi, mədəni və dini abidələrin vəhşicəsinə dağıdılması pislənilmişdir, BMT Təhlükəsizlik Şurasının münaqişə ilə bağlı qətnamələrinın tezliklə icrası tələb edilmişdir. Eləcə də İKT-yə üzv ölkələrdən Ermənistanı silah və digər hərbi sursatla təmin etməkdən çəkinmək, beynəlxalq ictimaiyyətdən isə təcavüzə son qoymaq üçün Ermənistana qarşı təsirli siyasi və iqtisadi tədbirlər görməsi tələb olunmuşdur. Bundan başqa, BMT-də Azərbaycanı hər cür dəstəkləməyi qərara alan İKT ölkələri ATƏT-in Minsk qrupunun səylərini və xarici işlər nazirləri səviyyəsində aparılan sülh danışıqlarını dəstəklədiklərini bildirmişlər.

Ulu öndər Heydər Əliyevin İKT dövlət və hökumət başçılarının 1994-cü ildə Kasablankada keçirilmiş VII və 1997-ci ildə Tehranda keçirilmiş VIII zirvə konfranslarında şəxsi iştirakı, oradakı nitqi və keçirdiyi görüşləri isə o vaxtdan etibarən İslam aləmində böyük rezonansa səbəb olmuşdur. İKT-nin sabiq Baş katibi İzzəddin İraqi dövlət başçılarının Tehran zirvə konfransı günlərində Azərbaycan Prezidenti ilə keçirdiyi görüşdən sonra jurnalistin sualına verdiyi cavab buna əyani sübutdur: "Mən fəxr edirəm ki, Azərbaycan Prezidenti Heydər Əliyevlə görüşdüm, onun fikirlərini dinlədim. Fəxr edirəm ki, o, təşkilatımızın işinə yüksək qiymət verdi. Biz təşkilatımızın Azərbaycanla əlaqələrinin daha da sıxlaşması üçün əlimizdən gələni edəcəyik... Mən cənab Prezidenti əmin etdim ki, İKT həmişə Azərbaycanın tərəfində olmuş və bundan sonra da olacaqdır. Mən cənab Prezidenti həmçinin əmin etdim ki, Azərbaycan torpaqlarının işğaldan azad edilməsi bizim dəyişməz mövqeyimizdir. Mən belə hesab edirəm ki, Azərbaycanın İKT ilə sıx əməkdaşlıq etməsi Prezident Heydər Əliyevin böyük zəkaya, ağla malik olduğuna dəlalət edir".

Təşkilata üzv dövlətlərin Xarici İşlər Nazirləri Şurasının 33-cü sessiyasının 2006-cı ildə Azərbaycanda keçirilməsi də bu əməkdaşlığın bariz nümunəsi kimi diqqəti çəkir. Respublikamızda ilk dəfə keçirilən bu mötəbər tədbirdə müsəlman dünyasının bir sıra aktual problemləri, o cümlədən terrorizmə qarşı mütəşəkkil mübarizə, qlobal münaqişə ocaqlarının həlli yolları və digər vacib məsələlər ətrafında müzakirələr aparılmışdır.

Tədbirdə dərin məzmunlu məruzə ilə çıxış edən Azərbaycan Prezidenti cənab İlham Əliyev təşkilatın beynəlxalq münasibətlər sistemində mövqelərinin getdikcə möhkəmlənməsini, baş verən proseslərə təsir imkanlarının artmasını xüsusi razılıqla vurğulamış, müsəlman dövlətləri arasında dini, siyasi, tarixi-mədəni əlaqələrin gücləndirilməsi zərurətindən söz açmışdır. Dövlətimizin başçısı İKT ölkələri arasında bütün sahələrdə, o cümlədən ticarət sferasında əməkdaşlığın genişləndirilməsi və əmtəə dövriyyəsinin artırılması vacibliyini önə çəkmişdir: "İslam Konfransı Təşkilatı öz mövqelərini möhkəmləndirir, dünyada gedən proseslərə təşkilatın təsir imkanları artır və əlbəttə ki, bu, bizi çox sevindirir. Aramızda olan qardaşlıq, dostluq əlaqələri, həmrəylik bizi daha da gücləndirir. Siyasi müstəvidə bizim əlaqələrimiz çox yüksək səviyyədədir. İkitərəfli əlaqələrlə yanaşı, biz çoxtərəfli formatda müxtəlif beynəlxalq tədbirlərdə, müxtəlif regional əməkdaşlıq layihələrində uğurla iştirak edirik. Əlbəttə, çox istərdik ki, bizim aramızda bütün sahələrdə əlaqələr möhkəmlənsin. İlk növbədə iqtisadi sahədə. Çünki müasir dünyada iqtisadi imkanlar, iqtisadi potensial, əlbəttə ki, ölkənin gücünü müəyyən edir, təsir imkanlarını genişləndirir. Biz öz fəaliyyətimizlə çalışmalıyıq ki, bir-birimizin iqtisadiyyatına dəstək verək, onu gücləndirək. Bunu etmək üçün, şübhəsiz, qarşılıqlı ticarət əlaqələri daha da genişlənməlidir. Mən ümid edirəm ki, bugünkü görüş bu sahədə gələcəkdə görüləcək işlərə çox mühüm təkan verəcək və təşkilatın üzvü olan dövlətlər arasında bütün sahələrdə əməkdaşlıq daha da möhkəmlənəcəkdir".

Konfransda bəşəriyyətin başı üstünü almış dəhşətli kabus kimi təzahür edən beynəlxalq terrorizmə qarşı birgə və mütəşəkkil mübarizənin vacibliyi ilə bağlı müxtəlif təkliflər də səslənmişdir. Mütəşəkkil cinayətkar fəaliyyət, xüsusilə onun təzahür formalarından olmaqla artıq milli dövlət sərhədlərini adlamış terrorizm bütün ölkələrin maraqlarına toxunan qlobal təhlükəyə çevrilmişdir. Dünya ictimaiyyəti, xüsusilə İslam dünyası bu təhlükədən daha çox əziyyət çəkir, sivilizasiyalararası toqquşmanın təzahürü kimi islam dininin gerçək mahiyyətinin təhrif olunmasına, onun terrorizmlə əlaqələndirilməsinə uğursuz cəhdlər edilir. Erməni terrorizmi ilə üzləşmiş Azərbaycan bu ümumbəşəri bəla ilə mübarizədə beynəlxalq birliyin səylərini tam müdafiə etməklə siyasi, iqtisadi, dini və digər motivlərindən asılı olmayaraq, terrorizmin bütün forma və təzahürlərinə qarşı birmənalı mövqe tutur. Terrorizmin getdikcə qlobal xarakter alması öz növbəsində bu təhlükəyə qarşı mübarizədə beynəlxalq ictimaiyyətin səylərinin birləşdirilməsi zəruriliyini artırır. Azərbaycan hakimiyyəti hesab edir ki, uzunmüddətli planda beynəlxalq terrorizmlə mübarizənin məqsədi yalnız ayrı-ayrı terrorçu təşkilat, qrup, yaxud şəxslər deyil, həm də onu doğuran səbəb və mənbələrin aradan qaldırılması olmalıdır. Konfransdakı çıxışında bu məsələyə xüsusi toxunan Azərbaycan Prezidenti cənab İlham Əliyev dünyada islam dininin qərəzli olaraq terrorizmlə əlaqələndirilməsinin yolverilməzliyini diqqətə çəkmişdir: "Dünyada gedən proseslər bəzi hallarda bizi narahat edir. İlk növbədə, bəzi ölkələrin kütləvi informasiya vasitələrində və müəyyən siyasi dairələr tərəfindən islamı terrorizmlə eyniləşdirmək cəhdləri bizi çox üzür, narahat edir və hiddətləndirir. Biz buna heç cür imkan verə bilmərik. İslamı terrorizmlə eyniləşdirmək olmaz. İslam sülh dinidir, mehribanlıq dinidir, dözümlülük dinidir. Azərbaycan özü terrorun qurbanıdır. Erməni terrorist təşkilatları bizə qarşı 30-dan çox terror aktı törətmişlər. Bu terror aktları nəticəsində 2 mindən artıq azərbaycanlı həlak olmuşdur. Ancaq biz bu terrorist təşkilatları hər hansı bir dinə bağlamırıq. Bu, düzgün deyildir. Terrorizmin nə dini var, nə də milliyyəti. Ona görə biz bu məsələlərə öz etirazımızı daha da inamla bildirməliyik, öz sözümüzü deməliyik" - deyən Azərbaycan Prezidenti sessiya iştirakçılarına ölkəmizdə gedən demokratikləşmə və iqtisadi inkişaf prosesləri barədə dolğun məlumat vermiş, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllində bir çox müsəlman dövlətlərinin nümayiş etdirdiyi ədalətli və obyektiv mövqeyi təqdir etmişdir.

Son illər ölkəmizin beynəlxalq nüfuzunun və iqtisadi qüdrətinin artması Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ probleminin müzakirələrində də dövlətimizin mövqeyinin güclənməsinə imkan yaradır. Prezident İlham Əliyev Azərbaycanın ərazi bütövlüyünün toxunulmazlığı prinsipini qətiyyətlə müdafiə edir və ölkəmizin hərbi büdcəsini və ordunun maddi-texniki bazasını ildən-ilə daha da möhkəmləndirməklə bu məsələdə güzəştə getmək niyyətimizin olmadığını nümayiş etdirir. Rəsmi Bakı Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı aparılan danışıqlarda psixoloji-siyasi üstünlüyə malik olmaq, bədnam erməni lobbisinə qarşı effektiv əks hücumu təşkil etmək istiqamətində də ciddi nailiyyətlərə imza atmışdır.

Son illərdə rəsmi Bakının diplomatik fəallığının güclənməsi ölkə həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması sahəsində ardıcıl və sistemli fəaliyyətin həyata keçirilməsi ilə müşayiət olunur. Nəticədə Ermənistanın beynəlxalq hüquq norma və prinsiplərinə əməl etməyən təcavüzkar dövlət olması faktı indi bir çox dünya dövlətləri tərəfindən tanınır. Azərbaycan gerçəkliklərinin dünya ictimaiyyətinə çatdırılması istiqamətində görülən işlər rəsmi Yerevanın diplomatik mövqelərinin zəifləməsi ilə nəticələnir.

Respublikamızın beynəlxalq əməkdaşlıq mərkəzinə çevrilməsi, iqtisadi potensialının güclənməsi, hərbi büdcəsinin ildən-ilə artması fonunda danışıqlar prosesinin keyfiyyətcə yeni mərhələyə qədəm qoyması ehtimalı güclənir. ATƏT-in Minsk qrupunun son illərdə öz fəaliyyətini xeyli dərəcədə gücləndirməsi, dünyanın ən aparıcı beynəlxalq təşkilatlarının Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə daha çox diqqət ayırması faktı göz önündədir. Avropa Şurası, Avropa Birliyi, İKT kimi nüfuzlu beynəlxalq qurumlar, habelə münaqişə ilə bağlı 4 qətnamə qəbul etmiş BMT problemin həllində ərazi toxunulmazlığı prinsipini önə çəkmişlər. ATƏT-in Minsk qrupunun həmsədrlərindən isə ABŞ münaqişənin bu prinsip əsasında həllinə tərəfdar olduğunu bəyan etmişdir. Ermənistanın münaqişənin "Praqa prosesi", yəni "mərhələli həll" modeli ilə razılaşmaq məcburiyyətində qalması da rəsmi Bakının son illərdəki mühüm diplomatik nailiyyətlərindən biri kimi vurğulanmalıdır.

2008-ci ilin payızında Moskvada keçirilən görüş çərçivəsində Azərbaycan, Rusiya və Ermənistan prezidentlərinin son 14 ildə ilk dəfə birgə bəyannamə imzalaması isə danışıqlar prosesini intensivləşdirmək, problemi qarşılıqlı güzəştlər əsasında həll etməklə bağlı siyasi iradə nümayişi kimi yadda qalmışdır. ATƏT-in Minsk qrupu həmsədrlərinin iştirakı ilə imzalanmış bəyannamədə münaqişənin beynəlxalq hüququn prinsip və normaları, bu çərçivələrdə qəbul olunmuş qərarlar və sənədlər əsasında siyasi yolla həlli, Cənubi Qafqazda vəziyyətin sağlamlaşması, regionda sabitliyin və təhlükəsizliyin bərqərar edilməsi, iqtisadi inkişaf və hərtərəfli əməkdaşlıq üçün əlverişli şərait yaradılması məsələləri əksini tapmışdır. Tərəflər Moskva görüşündə razılaşmışlar ki, münaqişənin sülh yolu ilə həllinə nail olunmasının bütün aspektləri və mərhələləri hüquqi öhdəliklər yaradan beynəlxalq təminatlarla müşayiət edilməlidir. Azərbaycan, Rusiya və Ermənistan prezidentlərinin münaqişənin həlli ilə bağlı imzaladıqları rəsmi sənəddə məsələnin yalnız və yalnız beynəlxalq hüquq norma və prinsipləri əsasında həlli vacibliyi xüsusilə önə çəkilmişdir.

Cənubi Qafqaz regionunda sülh və təhlükəsizliyi, qlobal enerji-kommunikasiya layihələrini ciddi şəkildə təhdid edən Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüquq normalarına və xalqımızın mənafeyinə uyğun həlli 2010-cu ildə də rəsmi Bakının xarici siyasətində prioritet istiqamətlərdən biri olmuşdur. Münaqişənin həllində daim beynəlxalq hüquq normalarına əsaslanan dövlət başçısı İlham Əliyev il ərzində keçirdiyi bütün xarici görüşlərində ölkəmizin haqlı mövqeyini bəyan etmiş, aparılan danışıqların mahiyyəti barədə ətraflı məlumat vermişdir.

2010-cu ildə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüququn norma və prinsipləri əsasında Azərbaycan Respublikasının ərazi bütövlüyü çərçivəsində həlli üzrə danışıqlar davam etdirilmişdir. İl ərzində davam etmiş danışıqlar 2009-cu ilin dekabrında ATƏT-in Minsk qrupunun həmsədrləri tərəfindən təqdim edilmiş yenilənmiş Madrid prinsipləri əsasında aparılmışdır. Danışıqlarda rəsmi Bakı ölkənin ərazi bütövlüyünün və suverenliyinin bərpası, işğalçı qüvvələrin işğal olunmuş bütün ərazilərdən çıxarılması, yurdundan didərgin düşmüş məcburi köçkünlərin öz evlərinə qayıtması, Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı və erməni icmalarının sülh şəraitində birgə yaşamasının təmin edilməsi, kommunikasiyaların bərpası və sonrakı mərhələdə hər iki icmanın iştirakı ilə Azərbaycanın ərazi bütövlüyü çərçivəsində Dağlıq Qarabağ bölgəsinin statusunun müəyyənləşdirilməsi mövqeyindən çıxış etmişdir.

Rusiya Prezidenti Dmitri Medvedevin vasitəçiliyi ilə Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistan prezidenti Serj Sarkisyan arasında ötən il yanvarın 25-də Soçidə, iyunun 17-də Sankt-Peterburqda və oktyabrın 27-də Həştərxanda üç görüş keçirilmişdir. Son görüşün nəticəsində tərəflər ATƏT-in Minsk qrupu və Beynəlxalq Qırmızı Xaç Cəmiyyətinin vasitəçiliyi ilə hərbi əsir və girovların, həmçinin atəşkəs rejiminin pozulması nəticəsində həlak olmuş şəxslərin cəsədlərinin qaytarılmasına dair birgə bəyanat qəbul etmişlər. Bunun nəticəsində Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimovun və şəhid Fərid Əhmədovun cəsədlərinin Vətənə qaytarılaraq torpağa tapşırılması mümkün olmuşdur.

Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizama salınmasının başlıca prinsiplərinin razılaşdırılması istiqamətində atılmış ən mühüm addımlardan biri ATƏT-in Minsk qrupunun həmsədr dövlətlərin başçılarının keçən il iyunun 26-da Kanadanın Muskoka şəhərində verdikləri birgə bəyanat olmuşdur. Bəyanatda dövlət başçıları tərəfindən münaqişənin işğal altındakı ərazilərin azad edilməsi, məcburi köçkünlərin öz doğma torpaqlarına qaytarılması və digər prinsipləri nəzərdə tutan mərhələli həllinin zəruriliyi vurğulanmışdır.

Azərbaycan Prezidentinin 2010-cu ilin dekabrında ATƏT-in Astana şəhərində keçirilən zirvə toplantısındakı çıxışı bir daha təsdiqlədi ki, Ermənistanın qeyri-konstruktiv mövqeyinə rəğmən, danışıqlar prosesi məhz Azərbaycanın milli maraqlarına cavab verən prinsiplər çərçivəsində aparılır. Bununla belə, ölkəmizin danışıqlar prosesindəki siyasi üstünlüyü və təşəbbüsü ələ alması, haqlı mövqeyini qətiyyətlə ortaya qoyması təcavüzkar Ermənistanı qətiyyən razı salmır. Görünür elə bu səbəbdəndir ki, rəsmi Yerevan 2011-ci ilin əvvəllərindən başlayaraq danışıqlar prosesində əldə olunmuş irəliləyişlərə şübhə toxumu səpməyə, prosesi geriyə döndərərək praktik olaraq razılaşdırılmış məsələləri yenidən müzakirə predmetinə çevirməyə, "dialoqa maraqlı tərəf" imitasiyası yaratmağa çalışır.

Aşkar görünür ki, tənzimləmə prosesində beynəlxalq hüquq normalarına istinad imkanları tamamilə daralan, ideoloji, siyasi, hüquqi və iqtisadi müstəvilərdə Azərbaycana uduzan təcavüzkar tərəfin bütün səyləri hazırda mövcud "status-kvo"nun qorunub saxlanılmasına, münaqişənin "baş vermiş fakt" əsasında həllinə hesablanmışdır. Etiraf etmək lazımdır ki, təcavüzkarı belə destruktiv mövqedən çıxış etməyə şirnikləndirən başlıca səbəblərdən biri də məhz danışıqlarda vasitəçilik edən ATƏT-in Minsk qrupu həmsədrlərinin siyasi prinsipsizliyi, qətiyyətsizliyi, münaqişənin həllinə hamılıqla qəbul olunmuş beynəlxalq hüquq normalarından yanaşmamasıdır. Ərazi və milli-etnik separatizm zəminində baş qaldıran münaqişələrin həlli ilə bağlı beynəlxalq hüquqda konkret normalar və sivil tənzimləmə presedentləri mövcud olsa da, nədənsə həmsədrlər 16 ildən çox müddətdə "Ermənistan və Azərbaycanın öz aralarında razılığa gəlməsi" kimi gülünc mövqeni önə çəkir, işğalçıya və işğala məruz qalan tərəfə eyni mövqedən yanaşırlar. Belə süni balans siyasəti isə son nəticədə beynəlxalq hüquq normalarının praktik təsir gücünə əsaslı şübhə yaradır. Dünya nizamını müəyyənləşdirən fövqəlgüclərin işğal faktına liberal yanaşması, dolayısı ilə təcavüzkarlığa göz yumması bu qənaəti gücləndirir ki, hazırda dünyada etnik-milli münaqişələrin həllində hüquqi deyil, məhz siyasi vasitə və maraqlar önə çəkilir. Prezident İlham Əliyev 2010-cu ilin martında Qəbələ rayonunda məskunlaşmış məcburi köçkünlərlə görüşdə bununla bağlı demişdir: "Dünyada gedən proseslər onu göstərir ki, kim güclüdürsə, o da haqlıdır. Əfsuslar olsun ki, belədir. Amma bu, həqiqətdir və biz bu real dünyada yaşayırıq, biz virtual dünyada yaşamırıq. Hamı istəyər ki, qanunlar, beynəlxalq hüquq normaları işləsin, ədalət olsun. Ancaq biz bunu görmürük. Biz bu münaqişənin timsalında görürük ki, ədalətsizlik 20 ilə yaxındır davam edir və nə qədər də davam edəcək. Ona görə güclü olmaq üçün biz bütün imkanlarımızı səfərbər etməliyik".

Danışıqlar prosesini qeyri-konstruktiv mövqe nümayişi ilə uzatmaq cəhdləri indiki şəraitdə Ermənistan üçün o qədər də məqbul görünməsə belə, işğalçı dövlətin rəhbərliyi bunu ən pis variantlar sırasında "ən optimal gediş" kimi dəyərləndirir. Köhnə təkliflərin zaman-zaman yenidən gündəmə gətirilməsi də nizamlama prosesinin uzadılmasına, Ermənistanın əlavə vaxt udmasına hesablanıb. Belə ki, bir tərəfdən həmsədrlərin təkidi ilə nizamlama prosesinə razılaşan Ermənistan hakimiyyəti digər tərəfdən erməni diasporunun və müxalifətin təzyiqləri ilə üz-üzə qalıb. Serj Sarkisyan hökuməti üçün hər iki tərəfdən edilən təzyiqləri balanslaşdırmaq üçün yeganə çıxış yolu nizamlanma prosesini uzatmaq, vaxt udmaqdır. "Nə hərb, nə sülh" vəziyyəti onsuz da xarici dəstək hesabına yaşayan Ermənistana milyonlar bahasına başa gəlsə də, Sarkisyan rejimi hələlik hakimiyyətinin ömrünü uzatmaq üçün bundan "yaxşı" variant görmür.

Prezident İlham Əliyev ATƏT-in Astana sammitində Ermənistanın işğalçılıq siyasətindən əl çəkmək istəmədiyini açıq vurğulamışdır: "Ermənistan tərəfindən işğal olunmuş ərazilərdə aparılan qeyri-qanuni fəaliyyət ATƏT-in faktaraşdırıcı missiyasının 2005-ci ildə regiona etdiyi səfərdən sonra hazırlanmış məruzədə əks olunub. Ermənistanın danışıqlar prosesindəki davranışı bizi belə qənaətə gətirir ki, Ermənistan sülh istəmir, işğal edilmiş əraziləri azad etmək fikrində deyil, sadəcə, bacardığı qədər status-kvonu saxlamaq və danışıqlar prosesini müddətsiz etməyi arzulayır. ATƏT-in Minsk qrupu 1992-ci ildə yaradılmışdır, danışıqlar təxminən 20 ildir ki, aparılır, lakin heç bir nəticə yoxdur".

Münaqişənin dinc yolla tənzimlənməsi prosesində konstruktiv mövqe nümayiş etdirən Azərbaycan son illərdə Ermənistanı hüquqi, siyasi və hərbi müstəvilərdə, o cümlədən informasiya cəbhəsində əhəmiyyətli dərəcədə üstələmişdir. Ermənistan rəsmilərinin ictimai rəyə hesablanmış ənənəvi və populist bəyanatlarına rəğmən, təcavüzkar dövlətin mövqeyində 2011-ci ildə də ciddi diplomatik geriləmələr müşahidə edilir. Əvvəla, rəsmi Yerevan 2011-ci ildə Rusiyanın vasitəçiliyi ilə baş tutan Soçi görüşündə münaqişənin mərhələli həlli ilə bağlı müzakirələrə qatılmağa məcbur olmuşdur: təcavüzkar dövlətin "Praqa prosesi", yəni "mərhələli həll" modeli ətrafında danışıqları davam etdirməsi rəsmi Bakının mühüm diplomatik nailliyyətlərindən biri kimi vurğulanmalıdır.

Azərbaycanın diplomatik mövqelərinin güclənməsi özünü təkcə beynəlxalq təşkilatların təcavüzkar tərəfə təsir göstərmək səylərinin intensivləşməsi ilə şərtlənmir. Artıq fövqəldövlətlər də münaqişənin həllinin uzanmasına görə narahatlıqlarını açıq ifadə edirlər. Münaqişənin həllinə beynəlxalq səviyyədə yönəlmiş səylərin nəzərəçarpacaq dərəcədə güclənməsi, ATƏT-in Minsk qrupu səviyyəsində aparılan danışıqların xaotik məcradan çıxarılaraq konkret həll formatına salınması da rəsmi Bakının mühüm siyasi üstünlüyü kimi vurğulana bilər.

Zaman keçdikcə, proseslərin gedişi Azərbaycana artıq Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin keyfiyyətcə yeni mərhələyə transformasiya etməsinə və siyasi-hərbi yolla həllini hər an gündəmə gətirməyə imkan yaradır. Bu mərhələdə Azərbaycanın diplomatik səyləri təkcə Ermənistan rəhbərliyinin ifşasına deyil, həm də hərb yolunun nə vaxtsa qaçılmaz variant olacağını "sülh və tərəqqipərvər" dövlətlərə sübut etmək istiqamətində qurulmuşdur. Bu bir reallıqdır ki, Azərbaycanın münaqişənin hərb yolu ilə həlli barədə verdiyi bəyanatlar həm regionun, həm də Qərbin aparıcı dövlətlərini ciddi şəkildə narahat edir. İndiyə qədər regionda belə bir münaqişənin mövcudluğu ilə geosiyasi maraqlarını gerçəkləşdirmək imkanı qazanmağa çalışan fövqəlgüc dövlətləri hazırda Cənubi Qafqazda müharibənin yenidən alovlanmasından, qlobal layihələr üçün potensial təhdidlərin artacağından bərk narahatdırlar. Münaqişə tərəflərinə təsir və təzyiq cəhdlərinin artması da bu narahatlığın bariz təcəssümü kimi diqqəti çəkir.

Azərbaycanın iqtisadi cəhətdən qüdrətlənməsi, hərbi büdcəsinin əhəmiyyətli dərəcədə artması fonunda danışıqlar prosesində dönüşün baş verməsi qaçılmazdır. Hazırkı situasiyada problemin sülh danışıqları ilə həlli variantı Azərbaycanın maraqlarına daha uyğundur. Ən azı ona görə ki, problemin həllinin uzanması Ermənistanın sosial-iqtisadi, hərbi və siyasi kontekstdə daha da zəifləməsi ilə müşayiət olunur. Rəsmi Yerevan ictimai rəyə hesablanmış populist vədlərinə rəğmən, münaqişənin beynəlxalq hüquq normaları əsasında həllinə razılıq verir.

ATƏT-in Astana sammitində həmsədrlər ölkələrin nümayəndə heyətlərinin başçılarının, habelə Azərbaycan və Ermənistan prezidentlərinin verdikləri birgə bəyanat bunu bir daha təsdiqləyir: "Ermənistan və Azərbaycan prezidentləri Dağlıq Qarabağ münaqişəsini beynəlxalq hüququn prinsipləri və normaları, BMT-nin Nizamnaməsi, Helsinki Yekun Aktı, eləcə də prezidentlər D.Medvedev, N.Sarkozi və B.Obamanın 2009-cu il iyulun 10-da Akvilldə və 2010-cu il iyunun 26-da Muskokada verdikləri bəyanatlar əsasında qəti tənzimləməyə çalışmaq öhdəliklərini təsdiq etdilər.

Üç həmsədr ölkə dinc tənzimləməyə nail olmaq üçün zəruri qərarlar qəbul edən Azərbaycan və Ermənistan prezidentlərini dəstəklədiklərini bildirdilər. Onlar Ermənistan və Azərbaycan rəhbərlərini səylərini Əsas Prinsiplərdə hələ qalan mübahisəli məsələlərin həlli üzərində yeni qüvvə ilə cəmləşdirməyə çağırdılar və öz həmsədrlərinə münaqişə tərəflərinin bu səylərini həyata keçirmələrinə kömək etmək üçün onlarla işi davam etdirməyi tapşırdılar. Onlar danışıqların keçdiyi atmosferi yaxşılaşdırmaq üçün tərəflərə müraciətlə onları atəşkəs rejiminin möhkəmlənməsinə və bütün sahələrdə etimad tədbirlərinin həyata keçirilməsinə yönəlmiş əlavə addımlar atmağa çağırdılar".

Göründüyü kimi, burada söhbət münaqişənin beynəlxalq hüquq normaları əsasında, yəni ərazi bütövlüyü çərçivəsində həllindən gedir və bu, Azərbaycanın da maraqlarına tamamilə uyğundur. Dövlət başçısı, Ali Baş Komandan İlham Əliyev münaqişənin yalnız Azərbaycanın ərazi bütövlüyü və suverenliyi çərçivəsində həllini mümkün sayır və sülh danışıqlarını da məhz bu formatda aparır. Ölkə başçısı Azərbaycanın ərazi itkisi ilə barışmayacağını hər zaman qətiyyətlə bildirir və münaqişənin həllində məhz beynəlxalq hüquq normalarına istinad edir.

Hələ bir neçə il əvvəl "Nə 5 ildən sonra, nə 10 ildən sonra, nə 15 ildən sonra, nə də 100 ildən sonra Dağlıq Qarabağ Azərbaycandan ayrılmayacaqdır. Mən nə qədər Prezidentəm, buna yol verməyəcəyəm" - deyən ölkə başçısı Azərbaycandan güzəşt umanlara sərt mesaj ünvanlamışdır. Bütün bunlar isə əminliklə deməyə əsas verir ki, Azərbaycan iqtidarı indiyə qədər olduğu kimi, münaqişənin həllində bundan sonra da prinsipial mövqe tutacaq və milli mənafelərin qorunması üçün ardıcıl diplomatik səylər göstərəcəkdir.

 

(ardı var)

 

 

Azərbaycan.- 2011.-11 avqust.- S.  3.