Sabah mütləq olacaq
Nasir, tərcüməçi, publisist, əməkdar mədəniyyət işçisi, Prezident təqaüdçüsü Ələviyyə Babayeva mənalı ömrünün 90-cı zirvəsinə qədəm qoymaqdadır. Ötən əsrdən üzü bəri ədəbiyyatımıza bədii töhfələrini bağışlayan nasir xanımlarımızın sayı elə də çox deyil. Ələviyyə Babayeva insan mənəviyyatından, arzu və istəklərindən, ömrü boyu üzləşdiyi çətinlikdən, mübarizə dolu həyatından təsirli, yaddaqalan, oxucunu çəkən, düşündürən bədii əsərlər yazan çox ustad bir yazıçıdır. Qələminin kölgəsinə sığınaraq elə əsərlərə imza atıb ki, bütün zamanlardan, sınaqlardan üzüağ və qalib çıxıb.
Ötən əsrin 70-ci illərində Ələviyyə Babayevanın çapdan çıxmış "Adamlar və talelər" adlı kitabı ədəbi aləmdə böyük əks-səda doğurdu. İnsanların dəfələrlə oxuduğu, maraqla qarşıladığı bu kitab elə bir rəğbət qazandı ki, hətta bir neçə il təkrar nəşr olundu. Ələviyyə Babayeva bu romanında əhatəli yaradıcılıq imkanlarını aydın və pozulmaz bir möhürlə təsdiq etmişdir. Qələmini çox dərinlərə işlədərək yazırdı: "Bizim çətin əsrimizdə ən çətini insan olmaqdır. İstər alim, istər sənətkar ol, istər xəstə baxıcısı ol, fərqi yoxdur. Əgər sən qürurla səslənən insan adına layiq deyilsənsə, heç bir şeysən!"
Görkəmli alimlər, tənqidçilər, oxucular, hətta həmkarları birmənalı olaraq vurğulayıblar ki, əgər Ələviyyə Babayeva heç bir əsər yazmasaydı belə, "Adamlar və talelər" romanı ilə Azərbaycan ədəbiyyatı tarixində iz qoymuş olardı.
Ədəbiyyatımızın görkəmli nümayəndələrindən biri olan Ələviyyə Babayeva sovet dönəmində təkcə Azərbaycanda deyil, müttəfiq respublikalarda da yaxşı tanınırdı və sevilirdi. Kitabları bir neçə xarici ölkədə çap edilmişdi. Bu il həm də qocaman nasirin Azərbaycan Yazıçılar Birliyinə üzv olmasının 60 illiyi tamamlanır. 90 illik ömrünün 74 ilini ədəbiyyata bağlayan Ələviyyə Babayeva çox məhsuldar, istedadlı, təvazökar və cəfakeş yazıçıdır. 14 yaşında "Keşiş" hekayəsini dərc etdirib. Bununla da böyük ədəbiyyata gedən yolun ardıcıl və mükəmməl yolçularından birinə çevrilib.
1985-ci ildə işıq üzü görmüş "Səni axtarıram" kitabı da quruluşun ağ yalanlarının gözünün içinə həqiqəti söyləmək baxımından çox cəsarətli bir addım idi. Tənqidçi Qulu Xəlilov bu əsəri "həqiqətən yüksək vüsətli roman" adlandırmışdır. Jurnalistlərin, mətbuat işçilərinin həyatından bəhs edən bu əsər haqqında Ələviyyə Babayeva vaxtilə belə söyləmişdir: "Mən jurnalist peşəsinin nə qədər çətin, nə qədər kəşməkəşli və nə qədər gərəkli, jurnalist adlanan adamların insanın səadəti, ədalətin bərqərar olması uğrunda mübarizə edən, bu yolda bəzən hətta səadətini itirən mərd qəhrəmanlar olduğunu qələmə almışam".
Müəllif bu əsərində çox haqlı olaraq jurnalistləri "qızılaxtaranlar" adlandırmışdır. Özü bu kəlmənin mahiyyətini belə açır: "Qızılaxtaranların həyatı dağlarda, düzlərdə, məhrumiyyətlər qaynağında keçir. Ən adi rahatlığa - yumşaq yatağa, isti yeməyə çox vaxt həsrət qalırlar..."
Doğrudan da, bu müqayisə çox doğru və dürüstdür. Əsl və peşəkar jurnalist üçün bundan dəyərli müqayisə tapılmaz.
Ömrü boyu ədəbiyyata təmənnasız xidmət etməyi özünün vətəndaşlıq borcu sayıb. Öz taleyi də qəhrəmanlarının həyatına bənzəyən Ələviyyə Babayevanın heç kimdən, heç hardan umacağı olmayıb. Bu gün o, 63-dən çox kitabın müəllifidir. Hekayə və povestlərdən ibarət olan bu nəsr nümunələrinin içində 9 roman yer tutub. Təkcə bədii yaradıcılıqla deyil, uzun illər tərcümə ilə, naşirliklə, jurnalistliklə məşğul olmuş bu mərd xanımın qayğı və xiffətlə söylədiyi xatirələrin birində diqqətçəkən məqamı yada salmamaq olmur. Neçə il öncə ümummilli lider Heydər Əliyev ona Prezident təqaüdü verib. "Bu təqaüd olmasaydı, vəziyyətimiz çox acınacaqlı olardı. O vaxt Yazıçılar Birliyindən Prezident təqaüdünə çoxlu yazıçı təqdim edilibmiş. Eşitdiyimə görə, Heydər Əliyev siyahını başdan-ayağa oxuduqdan sonra "Bəs Ələviyyə Babayevanın adı hanı?" - deyə soruşub. Heç kəsin cavabını gözləmədən öz əli ilə adımı həmin siyahıya yazıb. Heydər Əliyev mənim yaradıcılığımı, mərdliyimi, cəsarətimi qiymətləndirirdi. O, həm də əsərlərimi oxuyurdu və bəyənirdi. Heydər Əliyev Azərbaycan yazıçılarını çox yaxşı tanıyırdı".
Bu etiraf çox dəyərlərdən və mətləblərdən xəbər verir. Həm ümummilli liderin Azərbaycan ədəbiyyatına olan diqqətindən, himayəsindən, həm də bu qayğıdan fərəhlənən qələm sahiblərinin qədirbilənliyindən.
O, 1921-ci il avqustun
12-də Bakıda anadan
olub. Orta məktəbi bitirdikdən
sonra Azərbaycan Dövlət Universitetinin filologiya fakültəsində
təhsil alıb.
Ədəbi fəaliyyətə 1936-cı ildə "Ədəbiyyat
qəzeti"ndə dərc
olunmuş "İki
həyat" adlı hekayəsi ilə başlamışdır. Ələviyyə Babayeva gənc yaşlarından müasir
rus və xarici ölkələr ədəbiyyatından da tərcümələr edirdi.
L.Tolstoy, İ.Turgenev,
A.Çexov, M.Qorki, V.Korolenko, G.Paustovski, A.Qaydar, V.Byankin, V.Astafyev, V.Ponova, Y.Çaruşin, Y.Sotnik, A.Zegeres (alman dilindən) və başqalarının əsərləri
onun tərcüməsində
kütləvi tirajla çap olunmuşdur. Uzun illər "Azərbaycan qadını" jurnalında,
"Gənclik" nəşriyyatında
çalışan Ələviyyə
Babayeva Moskvada Azərbaycan ədəbiyyatı
ongünlüyündə, həmçinin
başqa ölkələrdə
keçirilən ədəbi
tədbirlərdə fəal
iştirak edirdi.
Bir müddət də Azərbaycan Yazıçılar
Birliyində tərcümə
bölməsinin rəhbəri
olmuşdur. Bu, əslində, yazıçının
görünən tərəfləridir,
yəni bioqrafiyasında
yer almış məlumatlardır. Əslində, Ələviyyə Babayeva
1937-ci ilin dəhşətli
repressiyalarını yeniyetməlik
çağlarından canında
yaşadan, həyatın
bir çox çətinlikləri, müsibətləri
ilə üz-üzə
dayanan bir insan olub. Orta məktəbdə oxuduğu
illərdə şeir
yazırmış. Bəlkə elə
yazıçının nəsrinin
dili buna görə də şirin və cəlbedicidir. Hətta orta
məktəbi bitirdikdən
sonra həkim olmaq istəyi ilə Tibb İnstitutuna
daxil olub. Üçüncü kursda anlayıb
ki, onun həyatı ədəbiyyatla
bağlıdır. Bu səbəbdən də
ADU-nun filologiya fakültəsinə
üz tutub.
1950-ci ildə çap
edilmiş ilk kitabı
"Mənim müəlliməm"
adlanır. Sonralar bir-birinin ardınca
işıq üzü
görən əsərləri
Ələviyyə Babayevaya
oxucu rəğbəti
və məhəbbəti
qazandırıb. Görkəmli yazıçının ədəbiyyatımıza
bəxş etdiyi əsərlərinin sayı
çoxdur. Dövlət müstəqilliyimizi qazandıqdan
sonra buna ən çox sevinən qələm əhlindən biri kimi öz yaradıcılığında
növbəti mərhələyə
başlamışdır. Əsərləri yenidən çap
edilən Ələviyyə
Babayevanın üç
romanı haqqında mütləq danışmaq
lazımdır. 1996-cı ildə işıq üzü görmüş
"Bəlkə sabah
olmadı", 1998-ci ildə
oxuculara təqdim olunan "Dəli Sona", 2000-ci ildə çap edilmiş "Son
döngə" romanları
Azərbaycan nəsrinə
yeni nəfəs gətirdi. Hətta 2000-ci ildə çap
olunmuş "Rəngbərəng
yuxular" povesti də bu sırada
özünün layiqli
yerini tutdu. Bəlkə də Ələviyyə Babayeva yeganə yazıçıdır ki,
əlinə qələm
aldığı gündən
öz populyarlığını
qoruya bilib. Həmkarları söyləyirlər ki, Ələviyyə xanımın zəhmətkeşliyinə
həmişə qibtə
etmək olar. Onun ağır zəhmətini
fəhləliklə müqayisə
etmək mümkündür.
Böyük bir romanın
üzünü bəlkə
bir neçə dəfə köçürüb,
amma yorulmayıb, bezməyib. Bu cəfakeşliyinin müqabilində
umacaqsız yaşayıb.
Həmişə də
nikbinliklə söyləyib:
"Bir mənəm, bir də 63 kitabım və dostlarım". Qəribə
etirafdır!
1964-cü ildə yazıçının
işıq üzü
görən "Kölgə"
povesti də heyranlıqla qarşılandı. Ədəbiyyatşünas
alim Əkrəm Cəfər bu əsərlə bağlı
belə yazırdı:
"Elmi-bədii ədəbiyyat
əsəri necə olar? Əgər məndən bunu soruşsaydılar, deyərdim:
"Gedin Ələviyyənin
əsərlərini oxuyun".
Ələviyyə Babayevanın ilk hekayələri
də geniş yayılmışdı. Hətta
ötən əsrin
60-70-ci illərində məşhur
yazıçı Suat
Dərviş Türkiyədə
bir qrup azərbaycanlı gənclə
görüşəndə belə bir fikir
də söyləmişdi:
"Mən Ələviyyə
Babayevanın hekayələrini
oxumuşam. Ona mənim salamımı
çatdırın. Hekayələr mənə çox maraqlı təsir bağışlayıb. O, gələcəyin böyük
romançısı olacaq".
Məşhur türk yazıçısının
bu uzaqgörənliyi həqiqət oldu. Ələviyyə Babayevanın kitabları Rusiyada, Çində, Fransada, İranda, Yaponiyada, Türkiyədə,
İsraildəE və
başqa ölkələrdə
çap edilirdi.
Böyük türk yazıçısı Tahir
Kamal 1968-ci ildə yazırdı: "Bolqarıstanda
istirahətdə olduğum
zaman Ələviyyə
Babayevanın "Kölgə"
povestini oxudum (əsər Bolqarıstanda
türk dilində çap olunmuşdu), yüksək qiymət verdim, dəyərləndirdim.
Ələviyyə xanımın yazar
əlini hörmətlə
sıxıram".
Yazıçının pərəstişkarı,
əsərlərini dönə-dönə
oxuyan Çingiz Fərəcovun sözləridir:
"Mən Ələviyyə
xanımla 40 ildən çoxdur ki, dostluq edirəm. Onda elə ali keyfiyyətlər,
müsbət xüsusiyyətlər
görmüşəm ki,
çoxumuzda yoxdur. Geniş dünyagörüşü, yüksək
intellektual səviyyə,
ən başlıcası,
böyük ürək
sahibi olan Ələviyyə xanımın
əsərlərindəki yüksəklik,
sivillik də elə buradan gəlir. Özü və sözü
bütöv olan yazıçının əsərləri
birnəfəsə oxunur.
Ələviyyə Babayevanın romanları
milli səviyyəmizdir
desəm, yanılmıram.
Bu əsərlərdə Şərq
mədəniyyəti ilə
Qərb mədəniyyətinin
sintezi açıq-aydın
hiss olunur. Bunu görmək üçün
"Əlvida" və
"Bəlkə sabah
olmadı" romanlarını
oxumaq kifayətdir".
Vaxtilə Ələviyyə Babayeva Çingiz Fərəcovun
həyatı ilə bağlı "Yanan su" əsərini də qələmə almışdır.
Gəncləri həmişə ürəkdən
sevən Ələviyyə
Babayeva istər jurnalda işlədiyi, istərsə də "Gənclik" nəşriyyatında
baş redaktor olduğu dövrdə hər zaman istedadlıların əsərlərinin
çap edilməsinə,
kitablarının plana
salınmasına çalışıb. O, pedaqoji
sahədə fəaliyyət
göstərməsə də,
əsl pedaqoq ustalığı ilə jurnalist və nasir gənclərin yetişməsində köməyini
əsirgəməyib. Bu gün də Ələviyyə Babayevanın
xidmətini məhəbbətlə
xatırlayan neçə-neçə
qələm sahibi var.
Əslində, Ələviyyə
Babayeva dərəcəsi
çətin ölçülə
bilən, zəhmətlərə
qatlaşan, bu səbəbdən də hörmət və ehtiram qazanaraq sevilən sənətkardır.
Onun inadlı zəhmətkeşliyinə
həmişə qibtə
etmək olar.
Ömrünü ictimai həyata, ədəbiyyata, yaradıcılığa,
bədii tərcüməyə
bağlayan Ələviyyə
Babayevanı həmkarlarından
fərqləndirən çoxlu
məziyyəti var. Mərdanəliyi,
cəsarəti, məhsuldarlığı
öz yerində, bu xanım yazıçı
ədəbiyyat döyüşündə
kişilərlə çiyin-çiyinə
işləyib. Yeri gələndə çoxunun
nöqsanını üzə
deməyi bacaran, yalnız ədəbiyyat naminə yaşayıb-yaradan,
heç vaxt "mənəmlik" iddiasında
olmayan, "mən ədəbiyyatın sıra
nəfəriyəm", - deyə
öyünən bir yazıçıdır. Onun bədii
xidmətləri önündə
ehtiramla söyləyəndə
ki, Ələviyyə
xanım, siz artıq ədəbiyyatda sözünüzü demisiniz.
Biz sizinlə fəxr edirik. Xəfifcə gülümsəyərək
"hələ yazmalı
olduğum mövzular çoxdur. Mən heç vaxt özümdən razı ola bilmərəm.
Axı, yazmasam, ölərəm.
Nə qədər çalışıram, amma
yazmaya bilmirəm"
cavabını verir ədəbiyyatımızın bu qəribə pərvanəsi!
"Bəlkə sabah
olmadı". Bu, Ələviyyə
Babayevanın həm Azərbaycanda, həm də xarici ölkələrdə çap
edilən məşhur
romanının adıdır.
Bu xiffət dolu
sualın ahəngində
qəribə bir niskil, daha doğrusu,
giley duyulur. Bu səbəbdən də üzümüzü sevimli
yazıçımıza tutaraq
inamla deyirik:
- Sabah olacaq, Ələviyyə xanım! Siz də o sabahlarda mütləq varsınız!
Flora XƏLİLZADƏ
Azərbaycan.- 2011.- 11 avqust.- S. 5.