Dominika Birliyinin Baş naziri Heydər Əliyev Fondunda olmuşdur

 

Azərbaycanda rəsmi səfərdə olan Dominika Birliyinin Baş naziri Ruzvelt Skerritin başçılıq etdiyi nümayəndə heyəti avqustun 11-də Heydər Əliyev Fondunda olmuşdur.

Qonaqlara Azərbaycan xalqının ümummilli liderinin xatirəsinə yaradılmış Fondun məqsədi və fəaliyyəti barədə məlumat verilmişdir. Bildirilmişdir ki, Fond ümummilli lider Heydər Əliyevin zəngin irsini öyrənir və təbliğ edir, müxtəlif sosial-iqtisadi, humanitar layihələr həyata keçirməklə Azərbaycanın tərəqqisinə, mədəniyyətinin inkişafına və tarixinin öyrənilməsinə kömək göstərir.

Nümayəndə heyəti görkəmli şəxsiyyətin arxivindən götürülmüşonun fəaliyyətinin ayrı-ayrı dövrlərinə aid fotoşəkillərlə, habelə müxtəlif eksponatlarla tanış olmuşdur.

Fondla tanışlıq zamanı məlumat verilmişdir ki, Heydər Əliyevin hakimiyyətdə olduğu illər Azərbaycan tarixinin ən şərəfli səhifələrindən biridir. Bu gün beynəlxalq birlik tərəfindən ölkəmizin misilsiz uğurları kimi qəbul edilən sosial-iqtisadi inkişaf, əldə olunan nailiyyətlər məhz ümummilli liderin fəaliyyətinin bəhrələridir.

Qonaqlar fenomen şəxsiyyət Heydər Əliyevin həyatının ən müxtəlif məqamlarını əks etdirən və ölkəmizin tarixinin bütöv bir dövrü barədə geniş təsəvvür yaradan çoxlu sənədlərlə, dünyanın tanınmış siyasi xadimlərinin bəxş etdikləri hədiyyələrlə, nüfuzlu elm, mədəniyyət və incəsənət xadimlərinin müstəqil Azərbaycan dövlətinin qurucusu haqqında fikirləri ilə tanış oldu, xarici ölkələrin liderləri ilə görüşlərdə çəkilmiş şəkillərə maraqla baxmışlar.

Fondla tanışlıqdan sonra Baş nazir Ruzvelt Skerrit Xatirə kitabına ürək sözlərini yazmışdır.

Nümayəndə heyəti Fonddan zəngin təəssüratla ayrılmışdır.

 

 

AzərTAc

 

Azərbaycan.- 2011.- 12 avqust.- S. 2.