Gənclər yeniləşmənin əsas təşəbbüskarlarıdırlar

 

Bunu nəzərə alan dövlətimiz gənclərə yüksək diqqət və qayğı göstərir

 

Azərbaycan regionda sürətlə inkişaf edən, milli maraqlarını qoruyan dövlətdir. Son 8 ildə uğurla həyata keçirilən siyasi-iqtisadi islahatların nəticəsidir ki, beynəlxalq təşkilatlar ölkəmizin mövcud inkişaf modelini yüksək qiymətləndirirlər. Hərtərəfli yüksəliş respublikamızın böyük potensiala malik olduğunubundan səmərəli istifadə edildiyini təsdiqləyir.

Azərbaycan uğurla həyata keçirdiyi gənclər siyasətinin effektinə görə də MDB məkanında öndədir. Ölkədə hər bir gəncin istənilən sahədə özünü təsdiq etməsi və potensialını reallaşdırması üçün kifayət qədər əlverişli şərait yaradılmışdır.

İqtisadisosial islahatların paralel aparılması, beynəlxalq müstəvidə ölkəmizin tanınması, tətbiq olunan yeni texnologiyalar müasir tələbata uyğun kadr hazırlığının vacibliyini önə çəkir. Bu baxımdan yeniləşmənin aparıcı qüvvəsi məhz Azərbaycan gəncləridir.

Ümummilli lider ölkə gənclərinə xüsusi diqqət və qayğı ilə yanaşaraq onların problemləri ilə hər zaman maraqlanırdı. Ölkədə gənclərin I-II ümumrespublika forumlarının keçirilməsi də bu qayğının təzahürü idi. Ulu öndərin imzaladığı sərəncamlar gənclərin problemlərinin uğurlu həllində mühüm addım olmuşdur. Eləcə də "Gənclərdə vətənpərvərlik və vətəndaşlıq hisslərinin yüksəldilməsi" proqramı, "Dövlət Gənclər Siyasəti haqqında", "Azərbaycan Respublikasında dövlət gənclər siyasətinin həyata keçirilməsi ilə bağlı tədbirlər planı" haqqında, "Azərbaycan Respublikasının ali məktəb tələbələri üçün Prezident təqaüdünün təsis edilməsi haqqında" fərmanlar gənclərə verilən yüksək qiymətin bariz nümunəsi idi.

Ulu öndərin əsasını qoyduğu gənclər siyasəti Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Dövlət başçısının gənc nəslin hərtərəfli inkişafına həssaslıqla yanaşmasının nəticəsidir ki, cəmiyyətin fəal və aparıcı qüvvəsinə çevrilən gənclər milli vətənpərvərlik ruhunda tərbiyə olunur, yaradıcılıq sahəsində, xüsusən də beynəlxalq miqyaslı tədbirlərdə ölkəmizi layiqincə təmsil edirlər. Məhz 2007-ci ilin ölkədə "Gənclər ili"nin elan edilməsi, gənclərin III-IV ümumrespublika forumlarının keçirilməsi gənc nəslə verilən dəyərli töhfədir.

Prezident İlham Əliyevin "qara qızılı insan kapitalına çevirmək" şüarı gənclərin intellektual potensialının artırılmasına, onların elmi texniki tərəqqinin bütün nailiyyətlərindən səmərəli istifadə etməsinə geniş şərait yaratmışdır. Eləcə də dövlət başçısının gənclərlə tez-tez görüşməsi gənclərin inkişafını daha da stimullaşdırır.

Ölkədə gənc nəslin sosial-iqtisadi problemlərinin həlli üçün xüsusi dövlət proqramları təsdiqlənmiş, çoxsaylı fərman və sərəncamlar imzalanmışdır. "Azərbaycan Gəncliyi Dövlət Proqramı"nın (2005-2009-cu illər) təsdiq olunması gənclərin milli-mənəvi dəyərlər ruhunda tərbiyə edilməsi, istedadlıların üzə çıxarılması, gənclərin sahibkarlıq fəaliyyətlərinin dəstəklənməsi, beynəlxalq əməkdaşlıqlar sahəsində layihələrin həyata keçirilməsi baxımından mühüm əhəmiyyət daşıyır. "Azərbaycan Gəncliyi Dövlət Proqramı"nın icrası sayəsində gənclərin istedad və bacarığını əks etdirən sərgilər təşkil edilmiş, müxtəlif səpkili tədbirlər keçirilmişdir. Ümumiyyətlə, bu proqram çərçivəsində gəncliyin inkişafı ilə bağlı çoxsaylı layihələr reallaşdırılmış, cəmiyyətin müxtəlif sahələrində gənclərin fəal iştirakı üçün şərait yaradılmışdır.

"2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə, eyni zamanda xüsusi istedada malik olan uşaqların yaradıcılıq potensialının inkişafı üzrə Dövlət Proqramı"nın qəbul edilməsi də Azərbaycan gəncliyinə olan diqqətin parlaq təcəssümüdür.

Dünyanın ən mötəbər mahnı müsabiqəsi sayılan "Eurovision-2011" yarışmasında iştirak edən gənclərimiz öz qalibiyyətləri ilə hər bir Azərbaycan vətəndaşını sevindirdilər. Mahnı müsabiqəsinə xüsusi önəm verən Prezident İlham Əliyev demişdir: "Hesab edirəm ki, dünya miqyasında buna oxşar ikinci müsabiqə yoxdur. Tamaşaçı auditoriyası haradasa 100 milyondan artıq idi. Belə mötəbər yarışda birincilik əldə etmək tarixi qələbədir. Bu, Azərbaycan gəncliyinin, Azərbaycan xalqının və Azərbaycan dövlətinin qələbəsidir".

"Azərbaycan gəncliyi 2011-2015-ci illərdə" Dövlət Proqramının qəbul edilməsi ölkəmizin gənclərinin sosial durumunu daha da yaxşılaşdıracaqdır. Proqramda gənclərin sosial-iqtisadi inkişafı üzrə məşğulluq, gənc sahibkarların inkişafının dəstəklənməsi kimi məsələlər öz əksini tapmışdır. Gənclərin sosial rifahının yaxşılaşdırılması, mövcud potensialının gücləndirilməsi baxımından qəbul edilən yeni Dövlət Proqramı mühüm əhəmiyyət daşıyır.

Ümumiyyətlə, dövlət gənclər siyasəti gənclərin vətənpərvərlik, azərbaycançılıq, milli-mənəvi və ümumbəşəri dəyərlərə hörmət ruhunda tərbiyə olunması, cəmiyyətin ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında fəal iştirakının təmin edilməsi, onların intellektual potensialının ümummilli məsələlərin həllinə yönəldilməsi istiqamətində uğurlu nəticələrlə müşayiət olunur. Eləcə də gənclərin mənəvi-əxlaqi tərbiyəsi, sağlamlıqlarının qorunması, məşğulluqlarının təmin edilməsi, gənc ailələrin sosial problemlərinin həll edilməsi gənclər siyasətinin prioritet istiqamətləridir.

Ölkəmizdə idman, elm-təhsil, ictimai-siyasi, mədəniyyət və digər sahələrdə gənclərin öz bilik və bacarıqlarını nümayiş etdirmələri üçün bütün lazımi işlər görülmüşdür. İdman sahəsinə meyilli olan gənclərə yaradılmış şəraitin məntiqi nəticəsidir ki, dünya miqyaslı yarışlarda idmançılarımızın əldə etdikləri nailiyyətlər Azərbaycanın idman ölkəsi kimi tanınmasına səbəb olmuşdur.

Bütün bu məsələlər Azərbaycan gəncinin elmi potensialının gücləndirilməsində, müasir informasiya texnologiyalarının zənginliklərinə yiyələnməsində, sağlam həyat tərzi keçirməsində mühüm rol oynayır.

 

 

Tural ƏHMƏDOV

 

Azərbaycan.- 2011.- 12 avqust.- S.  2.