Düşünülmüş, sürətli və davamlı inkişaf

 

"Biz Azərbaycanda demokratik respublika, vətəndaş cəmiyyəti quraraq, sivilizasiyalararası cəmiyyət uğrunda mübarizə apararaq, ümumi dünyəvi, bəşəri dəyərlərin hamısından istifadə etməliyik. Biz çalışmalıyıq ki, Azərbaycan uzun illərdən sonra, ilk dəfə müstəqilliyini aldıqdan sonra bütün dünyaya öz tarixi nailiyyətlərini, milli ənənələrini nümayiş etdirə bilsin. Güman edirəm ki, Azərbaycan xalqının bu barədə həm tarixi, həm müasir potensialı olduqca böyükdür. Bunların hamısından istifadə olunarsa, Azərbaycan həm tam müstəqil dövlət olacaq, həm də bizim cəmiyyətimiz tam demokratik, hüquqi, ümumbəşəri dəyərlərin əsasında qurulan demokratik bir cəmiyyət olacaqdır".

 

Heydər ƏLİYEV

 

Demokratik-hüquqi islahatlara sadiqlik nümunəsi

 

Yarandığı dövrdən etibarən hər bir cəmiyyətin normal fəaliyyətinin hüquqi çərçivəyə salınması obyektiv zərurət kimi çıxış etmiş, hüquqi nizamasalmanın mövcudluğu vacib xarakter daşıyaraq ictimai həyatın davamlı inkişafında özünəməxsus rol oynamışdır. Cəmiyyət və dövlətlərin, vətəndaş-dövlət əlaqələrinin inkişafı qarşılıqlı münasibətlərin hüquqi xarakterindən birbaşa asılı olmaqla yanaşı, daim hüquqi tənzimlənməyə ehtiyac duymuş və zaman keçdikcə bu tənzimlənmə prosesi müxtəlif hüquqi aspektlərin tətbiqi baxımından daha da geniş miqyas almışdır. Lakin hüquq həm də cəmiyyətlər, dövlətlər arası münasibətləri tənzimləyən əsas mexanizmlərdən biri kimi çıxış etmiş, müasir qloballaşma şəraitində isə bu kontekstdə öz rolunu daha da artırmışdır.

Ötən əsrin sonlarında yenidən dövlət müstəqilliyini əldə edən Azərbaycan da beynəlxalq hüququn norma və prinsiplərinin qəbul edilməsinə və tətbiqinə və bu zaman hüququn aliliyinin gözlənilməsinə xüsusi diqqət yetirmiş, bu sahədə daxili qanunvericiliyi beynəlxalq hüquqa uyğun şəkildə qurmuşdur. Artıq beynəlxalq hüququn ümumqəbul olunmuş prinsip və normaları ölkəmizin hüquq sisteminin tərkib hissəsi kimi çıxış edir. Beynəlxalq hüququn müstəqil subyekti olaraq respublikamız dünya ictimaiyyəti ilə münasibətləri qarşılıqlı hörmət, etimad və əməkdaşlıq əsasında qurur, bərabərhüquqlu tərəfdaşlığı təmin edir, uğurlu hüquqi fəaliyyətini həyata keçirir. Bu istiqamətdə ilkin konstitusion addımlar isə müstəqilliyin ilk illərindən etibarən atılmağa başlamışdır. Belə ki, ulu öndər Heydər Əliyevin hələ respublikaya birinci rəhbərliyi dövründə formalaşmış güclü iqtisadi potensialdan səmərəli şəkildə yararlanaraq ötən əsrin 90-cı illərində müstəqilliyinə qovuşmuş respublikamızın hüquqi müstəvidə ilk əsas addımlarından biri 1991-ci il oktyabrın 18-də "Azərbaycan Respublikasının Dövlət Müstəqilliyi haqqında Konstitusiya Aktı"nın qəbulu olmuşdur.

Burada respublikamız rəsmi olaraq Azərbaycan Xalq Cümhuriyyətinin varisi və müstəqil respublika elan edilməklə yanaşı, eyni zamanda, Azərbaycan xalqının idarəetmə formasını seçmək, başqa xalqlarla münasibətlərini müəyyənləşdirmək, siyasi, iqtisadi və mədəni həyatını tarixi və milli ənənələrinə, ümumbəşəri dəyərlərə uyğun inkişaf etdirmək hüququ təsbit olunmuşdur.

"Azərbaycan Respublikasının Dövlət Müstəqilliyi haqqında Konstitusiya Aktı"nın 12-ci maddəsində Azərbaycan xalqının müstəqil, dünyəvi, demokratik dövlət qurmaq hüququnu reallaşdırması isə müstəqilliyin ilk illərində ölkədə yaşanan hərc-mərclik üzündən mümkün olmamışdır. 1992-ci ilin mayında hakimiyyətə silahlı yolla gələn AXC-Müsavat cütlüyünün bir illik iqtidarı dövründə ölkədəki vəziyyət daha da gərginləşmiş, vətəndaşların təhlükəsiz yaşamaq kimi təbii hüququnun təminatında ciddi problemlər yaranmışdı. Qanunçuluğun kövrək xarakter daşıması, hüquq-mühafizə orqanlarının üzərlərinə düşən vəzifələri həyata keçirə bilməməsi son nəticədə ictimai həyatın müxtəlif sahələrində vəziyyətin daha da pisləşməsinə, cinayətkar ünsürlərin mütəşəkkil fəaliyyətinə, qanunsuz silahlı qruplaşmaların sərbəst hərəkət etməsinə münbit şərait yaratmış, daxildə qeyri-sabit və təhlükəli vəziyyətə səbəb olmuşdu. Respublikada qanunçuluğun, hüquq qaydalarının son dərəcə zəif olması, dövlət idarəçiliyinin iflic vəziyyətə düşməsi, ayrı-ayrı siyasətçilərin "könüllü döyüşçü" adı altında qanunsuz silahlı dəstələr yaratması isə nəticə etibarı ilə hakimiyyətdə olan qüvvələrin iflasını daha da sürətləndirirdi. Bir tərəfdən ayrı-ayrı məmurların dövlətin o zamankı rəhbərinə tabe olmaması nəticəsində hakimiyyət böhranının dərinləşməsi, digər tərəfdən isə, ölkənin cənubunda və şimalında separatçıların məkrli niyyətlərlə baş qaldırması ölkədəki vəziyyəti dalana gətirib çıxarmışdı. Belə bir şəraitdə AXC-Müsavat cütlüyü iqtidarını qoruyub saxlamaq üçün yeni parlament seçkilərinin keçirilməsinə hər vəchlə mane olur, yeni konstitusiyanın qəbuluna tələsmirdi. Əsas Qanunun qəbulunun süni şəkildə gecikdirilməsi həm də o zamankı hakimiyyətin səbatsızlığı - ölkənin gələcək iqtisadi, siyasi, hüquqi inkişaf hədəfləri ilə bağlı konkret təsəvvürlərə malik olmaması ilə bağlı idi. Bütün bunlar Azərbaycanın beynəlxalq hüquqa inteqrasiyasına da ciddi mane olur, ölkənin müstəqil subyekt kimi mövcudluğunu davam etdirə bilməsini sual altına salırdı.

Hakimiyyətə gəldikdən sonra Azərbaycanın milli inkişaf strategiyasını müəyyənləşdirən ulu öndər Heydər Əliyev nəzarətsiz silahlı dəstələri, dövlətçiliyə təhlükə yaradan digər qüvvələri zərərsizləşdirərək, 1994-cü ilin oktyabr, 1995-ci ilin mart hadisələrində qətiyyətli mövqeyi ilə Azərbaycanı ağır faciələrdən xilas edə bilmişdir. İctimai və hüquqi sferada özbaşınalığa, qanunsuzluğa son qoymuş Heydər Əliyevin demokratik, hüquqi və dünyəvi dövlət quruculuğu yolunda atdığı addımlar, milli dövlətçilik ənənələrinə, beynəlxalq standartlara əsaslanan köklü hüquq islahatları, insan hüquq və azadlıqlarının təminatı sahəsində əsaslı dönüşə səbəb olmuşdur. Ulu öndər Azərbaycanın perspektiv inkişaf prioritetlərini düzgün müəyyənləşdirmiş, sivil Qərb dəyərlərinin cəmiyyətdə tam mənimsənilməsinə, demokratik meyarların möhkəmlənməsinə etibarlı zəmin yaratmışdır.

Bütün bunların reallaşdırılmasında önəmli rol oynayan addımlardan biri də Heydər Əliyevin "Cinayətkarlığa qarşı mübarizənin gücləndirilməsi, qanunçuluğun və hüquq qaydasının möhkəmləndirilməsi haqqında" 9 avqust 1994-cü il tarixli fərmanı olmuşdur. Bu fərmanla cinayətkarlığa qarşı mübarizə tədbirləri daha da gücləndirilmiş, hüquq-mühafizə orqanlarının bu istiqamətdə uzunmüddətli dövr üçün fəaliyyət proqramı müəyyən olunmuş, onların işinin səmərəlilik göstəricisi əhəmiyyətli dərəcədə yüksəlmişdir.

Fərmanın preambulasında qeyd olunurdu ki, son vaxtlar dövlətin iqtisadi, siyasi əsaslarının təhlükəsizliyi, vətəndaşların həyatı, səhhəti və mülkiyyət hüquqları əleyhinə yönəldilən və əsasən mütəşəkkil cinayətkar dəstələr, qanunsuz silahlı birləşmələr və digər cinayətkar ünsürlər tərəfindən törədilən cinayətlərin, o cümlədən, terror aktları, təxribat, qəsdən adam öldürmə, banditizm, silahın, döyüş sursatının və partlayıcı maddələrin talanması və digər yollarla ələ keçirilməsi kimi, narkotik maddələrlə bağlı cinayətlərin, maliyyə-kredit fırıldaqlarının və iqtisadi xarakterli sair cinayətlərin çoxalması müşahidə olunur. Cəmiyyətdə rüşvətxorluq və korrupsiya kimi cinayətlərin geniş yayılması xüsusi narahatlıq doğurur və bir sıra vətəndaşlar, o cümlədən, vəzifəli şəxslər bu faktları adi bir hal hesab edirlər.

Bir çox hallarda cinayətlərin üstünün açılması üçün zəruri hərəkətləri hüquq-mühafizə orqanlarının lazımi çevikliklə, qanunla müəyyən edilmiş formalarda və vaxtında yerinə yetirməməsi, qanunun nəzərdə tutduğu məcburiyyət tədbirlərinin tətbiqində səhvlərə yol verməsi, öz səlahiyyətlərindən təsirli istifadə etməməsi əhalinin haqlı narazılığına və cəmiyyətdə gərginliyin artmasına səbəb olmuşdur. Respublikada cinayətkarlığa qarşı mübarizənin gücləndirilməsi, qanunçuluğun və hüquq qaydasının möhkəmləndirilməsi zəruriliyi ilə əsaslandırılan fərmanda aidiyyəti hüquq-mühafizə orqanlarının, o cümlədən, dövlət qurumlarının qarşısına bir sıra mühüm vəzifələr qoyulurdu.

Bu fərman hüquqi dövlətin yaradılması, qanunçuluğun bərpası istiqamətində ilk mühüm addımlardan biri idi. Cinayətkarlığa qarşı mübarizənin güclənməsi, kriminal ünsürlərin zərərsizləşdirilməsi ictimai asayişin daha etibarlı qorunmasına və cəmiyyətin təhlükəsiz yaşamasına, beləliklə də ölkədə demokratik, dünyəvi dəyərlərin bərqərar olmasına yol açırdı.

Ümumbəşəri dəyərlər əsasında cəmiyyət qurulması üçün başlanan islahatlar artıq Azərbaycanda qanunların aliliyini təmin edən, hüquqi, dünyəvi dövlət quruculuğunu, ədalətli iqtisadi və sosial qaydalara uyğun olaraq hamının layiqli həyat səviyyəsini təmin edən yeni milli Konstitusiyanın qəbulunu da gündəmə gətirmişdi. Bunu düzgün qiymətləndirən Heydər Əliyev dövlətin təməlinin möhkəm siyasi-hüquqi əsaslar üzərində qurulması üçün, ilk növbədə, müstəqil Azərbaycanın ilk milli Konstitusiyasının hazırlanaraq qəbulunu vacib saymışdır. Bu Konstitusiya yeni dövrün tələblərinə cavab verməli, inkişaf etmiş dövlətlərin təcrübəsini və milli maraqları, ölkənin özünəməxsus xüsusiyyətlərini, milli-mənəvi dəyərləri unikal formada özündə əks etdirən hüquqi sənəd olmalı idi.

Azərbaycanın yeni Konstitusiyasının hazırlanması üçün hələ 1991-ci il fevralın 9-da Azərbaycan Respublikası Ali Sovetinin qərarı ilə 74 nəfərdən ibarət komissiya yaradılsa da, bu istiqamətdə faktiki olaraq uzun müddət heç bir iş görülməmişdi. İctimai-siyasi sabitliyi bərpa etdikdən sonra 1995-ci il mayın 2-də Milli Məclisin iclasında Heydər Əliyevin sədrliyi ilə Azərbaycan Respublikasının Konstitusiyasını hazırlayan Dövlət Komissiyası təşkil edildi. Komissiyanın tərkibi sədr müavinindən və 32 üzvdən ibarət müəyyənləşdirildi. Görüləcək tarixi işin həcmi, əhəmiyyəti nəzərə alınmaqla, o cümlədən, ayrı-ayrı vətəndaşlar, təşkilatlar və dövlət orqanları tərəfindən daxil olan təkliflərin dərindən öyrənilməsi məqsədi ilə komissiyanın 1995-ci il 5 iyun tarixli qərarı ilə işçi qrupu yaradıldı və elə həmin gün Heydər Əliyevin sədrliyi ilə Konstitusiya Komissiyasının ilk iclası keçirildi.

Həmin iclasda çıxış edən ümummilli lider Heydər Əliyev Konstitusiyanın xalqın və dövlətin taleyində müstəsna əhəmiyyətini nəzərə alaraq bildirdi: "Biz elə bir layihə hazırlamalı və nəhayət, elə bir Konstitusiya qəbul etməliyik ki, o, müstəqil Azərbaycan Respublikasının demokratik prinsiplər əsasında uzun müddət sabit yaşamasını təmin edən əsas qanun, tarixi sənəd olsun. Hakimiyyət bölgüsü, - ali icra, qanunvericilik, məhkəmə hakimiyyəti - bunlar hamısı xalqın iradəsinə söykənməli, seçkilər yolu ilə təmin olunmalıdır".

Əsas Qanunun baza müddəaları, daha sonra isə onun layihə mətni ictimai müzakirəyə çıxarıldı, bir neçə ay ərzində mətbuatda bu mövzuda diskussiyalar getdi, ayrı-ayrı məsələlər, o cümlədən, Konstitusiyada dövlət dilinin adının (Azərbaycan dili) necə təsbit olunması ilə bağlı geniş mütəxəssis auditoriyasının iştirakı ilə toplantılar keçirildi. Nüfuzlu hüquqşünasların, eləcə də cəmiyyətin görkəmli ictimai-siyasi və elm xadimlərinin daxil olduğu komissiya ulu öndərin rəhbərliyi altında layihə üzərində gərgin işlədi. Konstitusiyanın hər bir müddəası ətrafında geniş müzakirələr, diskussiyalar aparıldı. Son olaraq referendum öncəsi bir daha toplanan Konstitusiya Komissiyası layihənin yekun variantını razılaşdıraraq onu referenduma çıxardı.

Azərbaycan Respublikasının Əsas Qanununun qəbulu təkcə ölkədə yeni hüquqi bazanın yaradılması demək deyildi. Bu, mahiyyəti etibarilə Azərbaycanda müstəqil dövlət quruculuğu tarixində keyfiyyətcə yeni səhifənin açılmasını hədəfləyirdi. Çünki müstəqilliyin ilk illərindən siyasi çəkişmələr, hakimiyyət böhranı, qiyam və çevriliş cəhdləri ilə silkələnən Azərbaycan üçün yeni Konstitusiyanın qəbulu həm də çoxdan gözlənilən daxili sabitliyin bərqərar olması demək idi.

Cəmiyyətdə siyasi sabitliyin, ictimai sülhün, ümumi razılığın, hətta bəzi hallarda milli barışığın qarantı kimi Konstitusiyanın qəbulu dövlətin statusunu, fəaliyyət konsepsiyasını, gələcək prioritetlərini əks etdirərək, şəxsiyyət, cəmiyyət və dövlət arasında münasibətlərin sivil çərçivələrini müəyyənləşdirməli, cəmiyyət və dövlət quruluşunun əsaslarını, hakimiyyət orqanlarının təşkilini, insan hüquq və azadlıqlarının təminatı ilə bağlı mühüm məsələləri də nizama salmalı idi. Digər tərəfdən, Azərbaycanda sovet dövründən qalan qanunvericilik bazası, 1991-ci il oktyabrın 18-də qəbul olunan və keçid dövrü üçün nəzərdə tutulan Konstitusiya Aktı, daha sonra qəbul edilən konstitusion qanunlar, onlara edilmiş çoxsaylı əlavə və düzəlişlər hüquqi qarışıqlıq atmosferi yaradırdı. Təsadüfi deyil ki, bu müddətdə ölkədə baş verən dövlət çevrilişi cəhdləri də nəticə etibarilə Azərbaycanda sabit olmayan dövlət idarəçiliyini konstitusion çərçivədən çıxarmağı hədəfləyirdi. 1995-ci ilin martında sonuncu qiyam cəhdinin yatırılması Azərbaycanda qeyri-konstitusion yolla hakimiyyətə gəlmək cəhdlərinə birdəfəlik son qoymaqla yanaşı, sabit dövlət quruculuğu prosesini də dönməz etdi.

Əsas Qanunla bağlı 6 ay ictimai müzakirələr aparıldı. Bundan sonra 1995-ci ilin 12 noyabrında müstəqil Azərbaycanın ilk Konstitusiyası referendum yolu ilə qəbul edildi. Bu, Azərbaycanın yeni tarixinin ən mühüm hadisələrindən biri olmaqla, ulu öndərin Azərbaycan dövlətçiliyi qarşısındakı daha bir vacib xidmətlərindən sayılır. Konstitusiyanın hazırlanması zamanı isə Heydər Əliyev onun hər bir müddəasını şəxsən nəzərdən keçirmiş, dövlətin gələcək taleyi, demokratik imici baxımından bu işə son dərəcə məsuliyyətlə yanaşmışdı. Bununla əlaqədar ulu öndər bildirmişdir: "Bu sənədin hazırlanmasına xeyli vaxt sərf etmişəm. Haqqım var ki, deyəm, çox zəhmət çəkmişəm. Hər bir kəlmənin, hər bir sözün mənasını dəfələrlə araşdırmışam. Onun bu gün, gələcək üçün nə qədər əsaslı olmasını dəfələrlə təhlil etmişəm. Mən çox rahatlıq hissi ilə bu layihənin altına imza atıram və bu layihəyə görə tam cavabdeh olduğumu bəyan edirəm".

Beləliklə, 1995-ci ildə Azərbaycan xalqı özünün çoxəsrlik dövlətçilik ənənələrini davam etdirərək, bütün cəmiyyətin və hər kəsin firavanlığının təmin edilməsini arzulayaraq, ədalətin, azadlığın və təhlükəsizliyin bərqərar edilməsini istəyərək, keçmiş, indiki və gələcək nəsillər qarşısında öz məsuliyyətini anlayaraq ümumxalq səsverməsi - referendum yolu ilə öz Konstitusiyasını qəbul etdi.

Azərbaycan Respublikasının ilk milli Konstitusiyasında BMT-nin 1948-ci il 10 dekabr tarixli Ümumdünya İnsan Hüquqları Bəyannaməsində və digər beynəlxalq müqavilələrdə nəzərdə tutulmuş insan hüquq-azadlıqları tam və əhatəli şəkildə təsbit olunmuşdur. Keçmiş sovet konstitusiyalarından fərqli olaraq, müstəqil Azərbaycan Respublikasının ilk Konstitusiyası insan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsini dövlətin ali məqsədi kimi bəyan etmişdir. Konstitusiya bu deklarativ norma ilə kifayətlənməyərək, insan və vətəndaş hüquqlarını, azadlıqlarını gözləməyi və qorumağı qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının üzərinə vəzifə olaraq qoymuşdur.

Demokratiya, dövlət suverenliyi, insan və vətəndaş hüquqlarının prioriteti kimi hamılıqla qəbul edilmiş dəyərlər Əsas Qanunun təməl prinsiplərini təşkil edir. Konstitusiyanın qəbulu cəmiyyət və dövlət həyatında demokratik dəyişikliklərə böyük yol açmış, insan hüquq və azadlıqlarının həyata keçirilməsi üçün əlverişli şərait yaratmaqla, həyatımızın bütün sahələrinin inkişafına təkan vermiş, xalqımızın tarixi ənənələrinə, milli və mədəni dəyərlərinə uyğun olan və eyni zamanda, ölkəmizdə müasir dünyəvi və vətəndaş cəmiyyəti quruculuğu tələblərinə cavab verən dövlətçiliyin formalaşması, siyasi və hüquq sistemlərində sabit özülün yaradılması işində mühüm addım olmuşdur. Bu addım sadəcə yeni ictimai sistemin hüquqi tanınmasını təsdiq edən fakt deyil, ölkəmizin inkişafının prinsipcə yeni mərhələyə qədəm qoymasının göstəricisi idi.

Konstitusiyada qeyd olunur ki, demokratik quruluşa təminat vermək, vətəndaş cəmiyyətinin bərqərar edilməsinə nail olmaq, qanunların aliliyini təmin edən hüquqi, dünyəvi dövlət qurmaq, ədalətli sosial və iqtisadi qaydalar əsasında hər bir vətəndaşın layiqli həyat səviyyəsini təmin etmək, ümumbəşəri dəyərlərə əsaslanaraq bütün dünya xalqları ilə dostluq, sülh, əmin-amanlıq şəraitində yaşamaq Azərbaycan xalqının ali məqsədləridir. Bununla bərabər, Konstitusiyada müasir sivil cəmiyyətlərin inkişaf istiqamətlərini müəyyənləşdirən və konstitusiya quruluşunun əsaslarını təşkil edən ideya və dəyərlər geniş şəkildə öz əksini tapmışdır və bunlar aşağıdakılardır: insan şəxsiyyətinə və ləyaqətinə hörmət; dövlət hakimiyyət orqanlarının demokratik qaydada formalaşdırılması vasitəsilə xalqın hakimiyyət funksiyalarının həyata keçirilməsində iştirakı; insan hüquqlarının səmərəli müdafiəsi mexanizmlərinin mövcudluğu; siyasi sistemdə plüralizmə təminat verilməsi; sosial ədalətə nail olmaq, ümumbəşəri dəyərlərə sadiqlik, milli qanunvericiliyin beynəlxalq hüquqa uyğunlaşdırılması və s.

Konstitusiyanın ən yüksək və ali hüquqi qüvvəyə malik olan normaları bütün hüquqi tənzimləmə sisteminin əsasında durur, eyni zamanda, ictimai münasibətlərin inkişafında sabitlik, müəyyənlik amili kimi çıxış edir. Məhz Konstitusiyanın əsasında qanunvericilik sistemini təşkil edən normativ hüquqi aktlar arasında ziddiyyətlər aradan qaldırılır, hüququn ayrı-ayrı sahələri formalaşır, o cümlədən, hüququn sabitliyinə və davamlı inkişafına əsas yaranır.

Əsas Qanun ictimai münasibətlər sistemində dövlətin roluna məhz müasir cəmiyyət tələblərindən yanaşaraq, dövlətin ali məqsədinin insan və vətəndaş hüquqlarının və azadlıqlarının müdafiəsi olduğunu müəyyənləşdirmişdir. Başqa sözlə, Konstitusiyamız dövlətin hər hansı abstrakt maraqlara deyil, məhz vətəndaşların mənafelərinə xidmət etdiyini ən yüksək səviyyədə bəyan edir.

Konstitusiyada sosial dövlət konsepsiyası geniş əksini tapmışdır. Belə ki, Konstitusiya iqtisadiyyatın azad inkişafına təminat verməklə yanaşı, xalqın və hər bir vətəndaşın rifahının yüksəldilməsini, onun sosial müdafiəsi və layiqli həyat səviyyəsi qayğısına qalmağı vəzifə olaraq dövlətin üzərinə qoyur. Bu zaman vətəndaşla dövlət arasındakı mürəkkəb münasibətlər sözsüz ki, hüquqi dövlət tələblərinə, yəni insan hüquqlarının üstünlüyünə və hüququn mütləq hakimiyyətinə tabe olmalıdır.

Müstəqil Azərbaycanın ilk milli Konstitusiyası əsasında hakimiyyətin yeganə mənbəyi kimi xalqın tanınması, ölkənin bütövlüyünün qorunması, hakimiyyətlərin bölünməsi prinsipinə ciddi riayət olunması, insan hüquq və azadlıqlarının dövlətin ali məqsədi kimi bəyan edilməsi, beynəlxalq hüququn milli qanunvericilik üzərində üstünlüyü kimi hüquqi dövlət və vətəndaş cəmiyyəti quruculuğuna imkan verən mütərəqqi ideyalar dayanmışdır. Öz müqəddəratını sərbəst və müstəqil həll etməyi və öz idarəetmə formasını müəyyən etməyi Azərbaycan xalqının suveren hüququ kimi tanıyan Konstitusiya Azərbaycan dövlətini demokratik, hüquqi, dünyəvi, unitar respublika elan etmişdir. Əsas Qanun ənənəvi hüquqi dövlət ideyalarını özündə ehtiva etməklə yanaşı, bu ideyaların inkişaf meyillərini də nəzərə almış, onları özünəməxsus milli dəyərlər və təsdiq olunmuş müasir yanaşmalarla zənginləşdirmişdir.

Konstitusiyamızın normaları həm də bəşəriyyətin uzun illər ərzində nail olduğu mütərəqqi dəyərləri özündə əks etdirir. İnsan hüquqlarının səmərəli müdafiəsinə yönəlmiş ümumi müddəaları ilə yanaşı, onun ən böyük fəsli olan - "Əsas insan və vətəndaş hüquqları və azadlıqları" fəslində müasir demokratik cəmiyyətdə təmin edilməsi zəruri olan bütün insan hüquqları və əsas azadlıqlar, onların reallaşdırılmasının ümumi mexanizmləri, həmçinin ayrı-ayrı hüquqların beynəlxalq standartlara müvafiq olaraq qanuni məhdudlaşdırılmasının yol verilən hədləri təsbit edilmişdir. Ümumilikdə, Azərbaycan Respublikası Konstitusiyasının hüquqi fəlsəfəsində bir ali məqsəd - insan və vətəndaş hüquqlarının və azadlıqlarının təminatı məramı dayanır. İnsan şəxsiyyətinin toxunulmazlığı, onun həyat və sağlamlığının qorunması, layiqli həyat səviyyəsinin təmini, humanizm və insanpərvərlik prinsipləri Azərbaycan Respublikası Konstitusiyasının başlıca mahiyyətini təşkil edir. 5 bölmədən, 12 fəsil, 158 maddədən ibarət olan Azərbaycan Konstitusiyasının 48 maddəsinin və yaxud üçdə birinin sırf insan hüquq və azadlıqları ilə bağlı olması ümummilli liderin yüksək daxili demokratizmini, insanpərvərliyini bir daha təsdiqləyir. Konstitusiyada əksini tapmış strateji məqsədlər ilk növbədə hüquqi islahatları və insan hüquqlarının qorunması prinsipinin real həyatda tətbiqini zəruri etmişdir. İnsan hüquq və azadlıqlarının statusu və onlara yanaşmada müasir tendensiyalardan çıxış edən Konstitusiyamız həmin hüquq və azadlıqları dövlətin öz vətəndaşlarına verdiyi imtiyaz kimi deyil, hər kəsin doğulduğu andan malik olduğu ali dəyərlər kimi ifadə edir və onları toxunulmaz, pozulmaz və ayrılmaz elan edir, hamının məhkəmə və qanun qarşısında bərabərliyini tanıyır.

Azərbaycan Respublikasının Konstitusiya layihəsini hazırlamış komissiyanın 1995-ci il noyabrın 24-də keçirilmiş iclasında dərin məzmunlu nitq söyləyən Heydər Əliyev demişdir: "Konstitusiya Azərbaycanın müstəqilliyini, ərazi bütövlüyünü təmin edən Konstitusiyadır və əminəm ki, bu, daimi olacaqdır. Xalqımız bu Konstitusiyanın müddəalarından istifadə edərək, Azərbaycanın dövlət müstəqilliyini əbədi edəcəkdir. Yeni Konstitusiya Azərbaycanda demokratik, hüquqi dövlətin qurulması, demokratik vətəndaş cəmiyyətinin yaranması üçün əsaslar yaratmış, bütün təminatları vermişdir. Bizim borcumuz bu təminatlardan, Konstitusiyanın bizə verdiyi qanuni əsaslardan səmərəli istifadə etmək və ölkəmizdə hüquqi, demokratik dövlət yaratmaq, vətəndaşların, insanların hüquqlarının qorunmasını təmin etməkdən ibarətdir".

Əsas Qanunun birinci maddəsində göstərilir ki, Azərbaycan Respublikasında dövlət hakimiyyətinin yeganə mənbəyi Azərbaycan xalqıdır. Konstitusiyanın 4-cü maddəsində vurğulanır ki, xalqın seçdiyi səlahiyyətli nümayəndələrdən başqa heç kəsin xalqı təmsil etmək, xalqın adından danışmaq və xalqın adından müraciət etmək hüququ yoxdur. 6-cı maddədə göstərilir ki, Azərbaycan xalqının heç bir hissəsi, sosial qrup, təşkilat və ya şəxs hakimiyyətin həyata keçirilməsi səlahiyyətini mənimsəyə bilməz. Həmin maddənin 2-ci bəndində hakimiyyətin mənimsənilməsi xalqa qarşı ən ağır cinayət kimi xarakterizə olunmuşdur. Bu müddəalar ölkədə hakimiyyətin xalqa məxsus olduğunu və demokratiyanın respublikanın yeganə inkişaf strategiyası kimi qəbul edildiyini göstərir.

Hüquqi dövlətin çox mühüm prinsipi kimi çıxış edən hakimiyyət bölgüsü, Azərbaycan Respublikasının Konstitusiyasının 7-ci maddəsinin III hissəsində birbaşa göstərişlə təsbit olunmuşdur. Azərbaycan Respublikasının Konstitusiyasında qanunverici, icra və məhkəmə hakimiyyətlərinin səlahiyyətləri, hüquq və vəzifələri dəqiq müəyyən edilmişdir.

Azərbaycan Respublikasının Konstitusiyası insan hüquqlarının qorunması məsələsinin dövlətin prioritet vəzifələrindən biri olduğunu təsbit etmişdir. Konstitusiyanın 12-ci maddəsinin I və II hissəsinə əsasən, insan və vətəndaş hüquqlarının təmin edilməsi dövlətin ali məqsədidir və bu Konstitusiyada sadalanan insan və vətəndaş hüquqları və azadlıqları Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrə uyğun tətbiq edilir.

Əsas hüquqlar, azadlıqlar və vəzifələr adlanan ikinci bölmədə 24-cü maddənin 1-ci bəndində isə qeyd olunur ki, hər kəsin doğulduğu andan toxunulmaz, pozulmaz və ayrılmaz hüquqları vardır. Azərbaycan dövləti ölkə ərazisində yaşayan bütün vətəndaşların toxunulmazlıq hüququnu tanıyır və bu hüququn qorunmasına təminat verir. Şübhəsiz, bu azadlıqlar sərhədsiz deyildir - həmin maddənin 2-ci bəndində bildirilir ki, hüquqlar və azadlıqlar hər kəsin cəmiyyət və başqa şəxslər qarşısında məsuliyyətini və vəzifələrini də özündə ehtiva edir. Yəni hər bir vətəndaşın hüquq və azadlıqları digər vətəndaşın hüquq və azadlıqlarının başladığı yerdə qurtarır. Heç bir şəxsin öz toxunulmazlıq hüququndan istifadə edərək digərlərinin hüquqlarını pozmasına yol verilmir.

Əsas Qanunun 25-ci maddəsində isə hər bir şəxsin qanun və məhkəmə qarşısında bərabər olması prinsipi təsbit edilmişdir. Bu maddənin 2-ci bəndində göstərilir ki, dövlət irqindən, milliyyətindən, dinindən, dilindən, cinsindən, mənşəyindən, əmlak vəziyyətindən, qulluq mövqeyindən, əqidəsindən, siyasi partiyalara, həmkarlar ittifaqlarına və digər ictimai birliklərə mənsubiyyətindən asılı olmayaraq hər bir şəxsin hüquq və azadlıqlarının bərabərliyinə təminat verir. Bununla yanaşı, Konstitusiyamız insan və vətəndaş hüquqlarını və azadlıqlarını, irqi, milli, dini, dil, cinsi, mənşəyi, əqidə, siyasi və sosial mənsubiyyətə görə məhdudlaşdırmağı qəti şəkildə qadağan edir.

Demokratiyanı dövlət idarəçiliyi kimi qəbul edən dövlətlərdə hakimiyyətin təşkili və həyata keçirilməsinin ən ümumi və ən mühüm prinsipləri sırasında xalqın dövlət hakimiyyəti orqanlarını formalaşdırmaq məqsədilə öz seçki hüququndan istifadə etməsi prinsipi kəsb etdiyi əhəmiyyətə görə xüsusi önəm daşıyır. Azərbaycan Respublikası Konstitusiyasının 56-cı maddəsində Azərbaycan Respublikası vətəndaşlarının dövlət orqanlarına seçmək və seçilmək, habelə referendumda iştirak etmək hüququ təsbit olunmuş, müstəqillik dövrünün önəmli hadisələrindən biri də seçki hüququnun daha etibarlı təmin edilməsi sahəsində həyata keçirilən islahatlarla bağlı olmuşdur.

Əsas Qanuna görə hər bir şəxsin öz hüquqlarını və azadlıqlarını qanunla qadağan olunmayan vasitələrlə müdafiə etmək hüququ var və bununla bərabər, dövlət özü də bu hüquq və azadlıqların qorunmasına real təminat verir. Yəni Azərbaycan dövləti bütün vətəndaşlara münasibətdə məhz bu prinsipdən çıxış edir. Bu hüquq və azadlıqların əhatə dairəsi olduqca genişdir. İnsan hüquq və azadlıqları anlayışı yaşamaq hüququ, əmək hüququ, istirahət hüququ, tətil hüququ, sosial təminat hüququ, təhlükəsizlik hüququ, mənzil toxunulmazlığı hüququ, təhsil hüququ, milli mənsubiyyət hüququ, fikir və söz azadlığı, vicdan azadlığı, sərbəst toplaşmaq azadlığı, cəmiyyətin və dövlətin siyasi həyatında iştirak hüququ, dövlətin idarə olunmasında iştirak etmək hüququ və s. əhatə edir.

Əsas Qanunda vətəndaşların mülkiyyət hüququnun toxunulmazlığı prinsipi də öz əksini tapmışdır. 29-cu maddədə qeyd edilir ki, mülkiyyətin heç bir növünə üstünlük verilmir və o, qanunla qorunur. Vətəndaşların hər birinin mülkiyyətində daşınan və daşınmaz əmlak ola bilər. Mükiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarını nəzərdə tutur. Bununla yanaşı, 29-cu maddənin 4-cü bəndində qeyd edilir ki, heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Konstitusiyada insanların əqli mülkiyyət hüququ da təsbit edilmişdir.

 

(ardı var)

 

 

Azərbaycan.- 2011.-12  avqust.- S. 3.