Qloballaşma dövründə informasiyanın yeri və rolu

 

İnsan daima nəsə öyrənməyə, nədənsə xəbər tutmağa can atır. O, eyni zamanda bildiklərini də başqaları ilə bölüşmək istəyir. Həm də çalışır ki, informasiya alma və ötürmə prosesi mümkün qədər tez baş versin. Tarix boyu informasiyanın növündən asılı olaraq onun əldə edilməsi və digərinə çatdırılması vasitələri də müxtəlif olub, elm və texnikanın inkişafı ilə dəyişərək getdikcə təkmilləşib. Hələ qədim dövrlərdə ölkə daxilində baş verən yeniliklər, ölkə başçısının əmr və göstərişləri şəhərin baş meydanına yığışan əhaliyə adətən carçılar vasitəsilə çatdırılırdı. Bir-birindən müəyyən məsafədə yerləşən şəhərlərə xəbər ötürülməsində isə çaparlardan istifadə olunurdu. Hərdən bu çaparları əhliləşdirilmiş poçt göyərçinləri də əvəz edirdi. Təbii ki, bütün bunlar ehtiyacın cüzi hissəsi miqdarında idi. İnsanlar hər gün, hər saat məsafədən asılı olmayaraq baş verənlərdən dərhal xəbər tutmaq, başqaları ilə qısa müddətdə əlaqə yaratmaq arzusundaydılar. Qatarın, daha sonra elektrik enerjisinin, bunun ardınca Morze əlifbasının və aparatının kəşfi informasiyanın yayılma sürətini əhəmiyyətli dərəcədə artırdı. Ötən əsrdə bu sahədə çox böyük uğurlar qazanıldı, hətta XX əsri "informasiya əsri" adlandıranlar da oldu. Qloballaşma prosesinin getdiyi bir zamanda cəmiyyət həyatında informasiyanın yeri və rolu daha da artıb. Müasir dünyada informasiya ən bahalı məhsullardan sayılır. İnformasiya işini və siyasətini düzgün quranlar başqalarını qabaqlayır, daha böyük nailiyyətlərə imza atırlar. Təsadüfi deyil ki, Azərbaycan neftin tükənəcəyi dövrdə onun yerini İKT-dən gələn gəlirlərlə dolduracağını nəzərdə tutur və indidən mərhələlər üzrə məqsədyönlü işlər görür.

İnformasiyanın siyasi proseslərə və münasibətlərə, beynəlxalq və ölkədaxili ictimai rəyə təsir imkanları genişdir. Üstəlik, dövlətin məqsədyönlü informasiya siyasətinin onun müəyyən etdiyi ideologiyanın həyata keçirilməsinə xidmət etməsi şəksizdir. Müasir dünya bütün ölkələri, o cümlədən ayrı-ayrı insanları və bütövlükdə kütlələri əhatə etməklə şüurlara mühüm təsir göstərən qlobal transsərhəd informasiya-telekommunikasiya şəbəkəsinin formalaşması dövrünü - informasiya cəmiyyətinin yaranması mərhələsini yaşayır. Vahid informasiya məkanının - internetin meydana gəlməsi media siyasətində növbəti keyfiyyət və kəmiyyət dəyişikliyinin mahiyyətini təşkil edir. Mətbuat və söz azadlığının təmin edildiyi, demokratikləşmə prosesinin sürətlə inkişaf etdiyi müstəqil Azərbaycan dünya birliyinə inteqrasiya edərkən beynəlxalq informasiya məkanında da özünə yer qazanır. Bu gün ölkəmizdə yüzlərlə KİV vətəndaş cəmiyyəti quruculuğunun fəal iştirakçısına çevrilərək cəmiyyətimizin informasiyaya ehtiyacının ödənilməsində, Azərbaycan haqqında həqiqətlərin dünya ictimaiyyətinə çatdırılmasında mühüm rol oynayır. Bir sıra xəbər agentlikləri dünyanın mürəkkəb informasiya mühitində, vahid informasiya məkanında özünə layiqli yer tutmaq uğrunda inadla mübarizə aparır. Belə bir məqamda dövlətin informasiya siyasətinin gerçəkləşdirilməsində KİV-lərin rolunun, informasiyanın insanlara təsir gücünün araşdırılmasına, müstəqillik dövründə bu sahədə qazanılan təcrübənin ümumiləşdirilməsinə, habelə dünya mediasında baş verən yeniliklərin öyrənilərək tətbiqinə ciddi ehtiyac yaranmışdır.

Bu ehtiyacı ödəmək kimi çətin bir işi öhdəsinə götürən və bu missiyanı uğurla yerinə yetirən tanınmış jurnalist, təcrübəli mətbuat işçisi, Azərbaycan Dövlət Teleqraf Agentliyinin baş direktoru Aslan Aslanovun bu günlərdə işıq üzü görmüş "Müasir dünyanın informasiya şəbəkəsində AzərTAc-ın yeri: təşəkkül tarixi və inkişaf mərhələləri" monoqrafiyası mühüm əhəmiyyət kəsb etməklə yanaşı, bu sahədəki boşluğu da müəyyən qədər doldurur.

1920-ci il martın 1-də - Azərbaycan Xalq Cümhuriyyəti dövründə həyata vəsiqə alan AzərTAc mürəkkəb, kəşməkəşli inkişaf yolu keçmişdir. Birinci müstəqillik dövründə cəmi iki ay fəaliyyət göstərsə də, bütövlükdə onun yaranması jurnalistika tariximizin şərəfli səhifələrindən birini təşkil edir. Azərbaycan Prezidenti İlham Əliyev AzərTAc-ın 90 illik yubileyi mərasimində demişdir: "Ölkələr və xalqlar arasında qarşılıqlı anlaşmanın möhkəmləndirilməsində informasiya agentliklərinin, kütləvi informasiya vasitələrinin fəaliyyətindən çox şey asılıdır. Həqiqi məlumatın vaxtında verilməsi operativ qərarların qəbulunda, proseslərin düzgün şərh edilməsində, ölkələr arasında ikitərəfli və çoxtərəfli əlaqələrin qurulmasında mühüm rol oynayır".

Sovet hakimiyyəti illərində bütün KİV-lər kimi, AzərTAc-ın da inkişafı müəyyən çərçivəyə salınmış, agentlik ideoloji buxovlar və sərt senzura şəraitində fəaliyyət göstərmişdir. Bununla yanaşı, ümummilli lider Heydər Əliyevin respublikaya rəhbərlik etdiyi illərdə AzərTAc-a diqqət artırılmış, sosial-iqtisadi və mədəni yüksəliş yoluna çıxmış Azərbaycan haqqında materialların SİTA-nın xəbər lentlərində daha geniş yer alması, eyni zamanda xarici ölkələrə yayılması təmin edilmişdir. Məhz həmin illərdə AzərTAc-ın maddi-texniki bazasının möhkəmləndirilməsi, habelə əməkdaşların sosial vəziyyətinin yaxşılaşdırılması məqsədilə ardıcıl tədbirlər həyata keçirilmişdir.

Azərbaycanın dövlət müstəqilliyinin bərpasından sonra agentlik öz tarixi adı ilə fəaliyyətini davam etdirsə də, ilk illərdə çox ciddi texniki-maliyyə çətinlikləri ilə üzləşmiş və respublikada baş verən hadisələr, xüsusilə Ermənistanın hərbi təcavüzü və onun ağır nəticələri haqqında xəbərləri xaricdə yaymaq imkanı olmamışdır.

Ümummilli lider Heydər Əliyevin yenidən siyasi hakimiyyətə qayıdışından sonra Azərbaycanın demokratik inkişaf xəttinə uyğun olaraq bütün sahələrdə, o cümlədən insan hüquqlarının, söz və mətbuat azadlığının, fikir plüralizminin təmin edilməsi, cəmiyyətdə KİV-lərin rolunun yüksəldilməsi istiqamətində köklü islahatlar həyata keçirilmişdir. Mövcud informasiya blokadasının yarılmasını, Azərbaycan "KİV-lərinin ümumdünya informasiya məkanına çıxışının əhəmiyyətini düzgün qiymətləndirən ulu öndər Heydər Əliyev ölkəmizin mətbuat orqanlarının imkanlarının genişləndirilməsinə, onların maddi-texniki bazasının, beynəlxalq əlaqələrinin gücləndirilməsinə böyük diqqət göstərmişdir. Məhz Heydər Əliyevin müstəqil respublikamıza rəhbərliyi illərində AzərTAc-ın fəaliyyəti köklü şəkildə yenidən təşkil olunmuş, yeni dövrün tələblərinə uyğun funksiyaları və vəzifələri müəyyənləşdirilmişdir. Heydər Əliyevin "Azərbaycan Teleqraf Agentliyinin (AzərTAc-ın) yenidən təşkil edilməsi haqqında" 1995-ci il 3 mart tarixli və "Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Dövlət Teleqraf Agentliyinin (AzərTAc-ın) fəaliyyətinin təkmilləşdirilməsi haqqında" 2000-ci il 17 yanvar tarixli fərmanları ilə AzərTAc-a dövlət agentliyi statusu verildi, xarici dillərdə xəbər istehsalı və yayımı təşkil olundu, onun maddi-texniki bazasının müasir tələblər səviyyəsinə çatdırılması üçün zəruri tədbirlər görüldü, xarici ölkələrdə müxbir məntəqələri açıldı.

Bütün bunlar barədə zəngin tarixi faktların, çoxsaylı elmi-nəzəri ədəbiyyatın araşdırılıb təhlil edilməsi və qiymətləndirilməsi əsasında yazılmış monoqrafiyada geniş və maraqlı söhbət açılır. Kitaba ön sözü Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdiri, tarix elmləri doktoru, professor Əli Həsənov yazmışdır. AzərTAc-ın keçdiyi inkişaf yolu, mətbuat və söz azadlığı, ictimai həyatın demokratikləşməsi, informasiya cəmiyyətinə keçid, dövlətin informasiya siyasətinin mühüm aspektləri barədə bir sıra qiymətli fikirlər söyləyən professor Əli Həsənov müəllifin gərgin tədqiqatı və böyük zəhməti sayəsində ərsəyə gələn monoqrafiyaya da yüksək qiymət verir: "Aslan Aslanovun oxucuların diqqətinə təqdim olunan bu kitabında informasiyanın əldə olunması və yayılması problemləri, AzərTAc-ın vahid informasiya şəbəkəsində yeri, təşəkkül tarixi və inkişaf mərhələləri elmi əsaslarla tədqiq edilmişdir. Müəllifin AzərTAc-ın tarixinin araşdırılmasına, onun bugünkü fəaliyyətinin müasir dövrün tələbləri prizmasından nəzərdən keçirilməsinə həsr edilmiş monoqrafiyası jurnalistika tariximizin tədqiqinə dəyərli töhfə kimi qiymətləndirilməlidir".

Azərbaycan Milli Elmlər Akademiyası A.A.Bakıxanov adına Tarix İnstitutunun Elmi Şurasının qərarı ilə çap olunan "Müasir dünyanın informasiya şəbəkəsində AzərTAc-ın yeri: təşəkkül tarixi və inkişaf mərhələləri" monoqrafiyası ön söz, giriş, üç fəsil, on bölmə, nəticə, ingilis dilində xülasə və ədəbiyyat siyahısından ibarətdir. Birinci fəsil "Qloballaşan dünyada informasiya axını, müasir informasiyaların işlənmə və yayılma problemləri" adlanır. Müəllif bu fəsildə cəmiyyətin həyatında informasiyanın və informasiya mübadiləsinin əhəmiyyətindən, informasiyaya tələbatın təmin edilməsində mətbuatın və xəbər agentliyinin rolundan, informasiya mənbələri, xəbərlərin əldə edilməsi yolları, informasiyanın hazırlanması və yayılması problemlərindən maraqlı şəkildə bəhs edir. O, yeri gəldikcə qənaətlərini müasir elmi-nəzəri əsərlərdən sitatlarla əsaslandıraraq qeyd edir: "Akademik Ramiz Mehdiyev "Azərbaycan: qloballaşma dövrünün tələbləri" adlı fundamental əsərində yazır: "Modernləşmə dünya birliyinə nüfuz edərək "ikinci dalğa"nı - industrial sivilizasiyanı tədricən əvəzləyir. Dünya sivilizasiyasının dalğaları əvəzlənərək tarixi inkişafın qatlarına yeni münasibətlər, iqtisadi prioritetlər və imkanlar, habelə siyasi normalar və təsisatlar gətirir, fərdin sosial simasını dəyişdirir. İndi dünyanın üçüncü Toffler dalğasının qoynunda olduğu bir vaxtda, informasiya cəmiyyətinin reallıqlarını təzəcə mənimsəyən yeni müstəqil dövlətlərdə təbii modernləşmə başlayır".

Kitabda informasiyanın əldə edilməsinin, insanlara maraqlı və "gərəkli" şəkildə çatdırılmasının peşəkarlıqla bağlı məqamlarına geniş yer ayrılmışdır. Doğru olaraq göstərilir ki, heç bir qəzet və ya jurnal nə qədər çalışsa da, cəmiyyətin bütün təbəqələrinin, maraq qruplarının arzu və istəklərini tam şəkildə müəyyənləşdirə, informasiyaya tələbatını yetərincə təmin edə bilməz. Bu, sadəcə mümkün deyil. Lakin konkret auditoriyanın şüurunda nəyi dəyişmək, nəyi sıxışdırıb aradan qaldırmaq, hansı dəyərləri təbliğ etmək, hansı suallara cavab vermək, dünyagörüşünü zənginləşdirmək üçün hansı məlumatları vermək - bütün bunlar diqqət yetiriləsi vacib məqamlardır. Auditoriyanın sosial-demoqrafik, sosial-psixoloji xarakteristikaları arasında davamlı əlaqələrin tapılmasının böyük əhəmiyyəti vardır. Bu, informasiyanı daha konkret ünvanlamağa və onun daha səmərəli olmasına imkan yaradır. Bütövlükdə mətbuatın işinin proqramlaşdırılmasında auditoriyanın dairəsinin mümkün qədər dəqiq müəyyənləşdirilməsi mühüm vəzifələrdən biridir.

Monoqrafiyada KİV-lər üçün informasiya mənbələri və onlardan istifadə edilməsi metodları da elmi cəhətdən araşdırılmışdır. Qeyd olunur ki, jurnalistikada KİV-lərin işinin əsasını təşkil edən informasiya mənbələrinın sənəd, insan və ətraf aləm olmaqla üç başlıca kateqoriyası müəyyənləşdirilmişdir. Təbii ki, informasiya mənbələrinin ən əhəmiyyətlisi sənəddir. Sənəd - maddi formada informasiya daşıyıcısıdır. Buna misal olaraq dövlət və hökumət qərarlarını, press-relizləri, informasiya agentliklərinin və digər KİV-lərin xəbərlərini və s. göstərmək olar. İnsan özü də informasiya daşıyıcısıdır. Lakin jurnalist yalnız savadlı işləməyi bacardıqda insan bu informasiyanın çox qiymətli mənbəyi ola bilər. Üstəlik jurnalist informasiyanı onun daşıyıcısı olan insandan almağın müsahibə, auditoriya ilə iş və kütləvi anket-sorğu metodları arasında fərqi mütləq bilməlidir. Müxbir müsahibəyə ciddi hazırlaşmalı, söhbətə başlayarkən hansı məlumatları əldə edəcəyini dəqiq müəyyənləşdirməlidir. Çox vaxt bu məlumat bu və ya digər sahəyə, məsələyə aid fikirlər, bu və ya digər hadisənin izahı və ya şərhi, təkliflər və proqnoz şəklində olur. Bu, jurnalistdən müəyyən faktiki üsulları mənimsəməyi tələb edir. Ünsiyyət psixologiyasına bələd olmaq da vacibdir.

İnformasiyanın ən mühüm mənbələrindən biri də jurnalisti əhatə edən aləmdir. O, informasiyanı həmin aləmdən müstəqil şəkildə əldə edir. İnformasiya mənbələrinin bu növündən söhbət gedəndə jurnalistin şəxsi müşahidələrini, onun şahidi olduğu hadisələr haqqında təəssüratlarını, ifadələrini fərqləndirmək olar.

Monoqrafiyada deyilir ki, informasiya işinin növbəti mərhələsi toplanmış məlumatların işlənməsi və sistemləşdirilməsidir. İnformasiyanın işlənməsi və təkmilləşdirilməsi prosesi materialın dəyərləndirilməsindən, tələb olunan keyfiyyətə çatdırılması üçün onun üzərində redaktə işinin aparılmasından ibarətdir.

Bütün bunlar barədə müəllif təcrübəli və bacarıqlı mütəxəssis kimi səriştəli söhbət açır, elmi yanaşma əsasında təhlil və ümumiləşdirmələr aparır.

İkinci fəsil "Müasir informasiya agentlikləri sırasında AzərTAc-ın yeri və inkişafı perspektivləri" adlanır. Bu fəsildə AzərTAc-ın təşəkkül tarixi və inkişaf mərhələləri, maddi-texniki bazasının möhkəmləndirilməsi və fəaliyyətinin təkmilləşdirilməsi barədə arxiv materiallarından, rəsmi sənədlərdən götürülmüş konkret faktlar əsasında müfəssəl söhbət açılmışdır.

Üçüncü fəsildə isə Azərbaycanın dünya informasiya məkanına inteqrasiyasının strateji əhəmiyyətindən danışılır. Qeyd edək ki, qlobal informasiya məkanında daha geniş təmsil olunması, Azərbaycan haqqında obyektiv informasiyanın yayılma coğrafiyasının genişləndirilməsi AzərTAc-ın fəaliyyətinin strateji istiqamətidir. Ümummilli lider Heydər Əliyevin siyasi hakimiyyətə qayıdışından sonra Azərbaycan Respublikasının dünya birliyində öz yerini tutması, ulu öndərin daxili və xarici siyasətinin müasir mərhələdə Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi sayəsində ölkəmizin regionda şəksiz lider dövlətə çevrilməsi, beynəlxalq aləmdə nüfuzunun daha da artması və mövqelərinin möhkəmlənməsi, habelə AzərTAc-ın maddi-texniki bazasının gücləndirilməsi, fəaliyyətinin təkmilləşdirilməsi sayəsində dövlət səviyyəsində görülən ardıcıl tədbirlər agentliyin xarici əlaqələrinin inkişafında, onun dünya informasiya məkanına çıxmasında həlledici rol oynamışdır.

Azərbaycanın yeni informasiya məkanında öz mövqeyinin möhkəmləndirilməsində, ölkəmizin üzləşdiyi problemlər barədə həqiqətlərin dünya ictimayyətinə çatdırılmasında AzərTAc-ın təşəbbüsü və təşkilatçılığı ilə Bakıda keçirilən beynəlxalq tədbirlər, bu tədbirlərdə xarici kütləvi informasiya vasitələri nümayəndələrinin iştirakı, dövlətimizin başçısının nüfuzlu nəşrlərə və telekanallara müsahibələri də böyük rol oynayır.

Hazırda bir sıra beynəlxalq və regional informasiya alyanslarının üzvü olan AzərTAc dünyanın 90-dan çox ölkəsinə ingilis, rus, alman, fransız və ərəb dillərində xəbərlər göndərir və qəbul edir. Hər gün AzərTAc-ın internet saytına dünya üzrə 10-12 min giriş olur. Son illərdə hər ay dünyanın 100-dək ölkəsindən AzərTAc-ın saytına müraciət olunmuşdur. Bu ölkələr arasında ABŞ, Rusiya, Türkiyə, Fransa, Ukrayna, Yaponiya, Çin, Avstriya, İndoneziya, İordaniya, İsveçrə, Böyük Britaniya, Pakistan, Rumıniya, Mərakeş, Avstraliya, İslandiya, Meksika və Finlandiya oxucuları xüsusi fəallıqları ilə seçilmişlər.

AzərTAc Azərbaycan həqiqətlərinin beynəlxalq aləmdə yayılması ilə yanaşı, ölkəmizin milli maraqlarının qorunmasına da ciddi diqqət yetirir.

Azərbaycanın dünya informasiya məkanına inteqrasiyasının strateji mahiyyətinin geniş şərh olunduğu üçüncü fəsil oxucuda məhz belə bir qənaət formalaşdırır: Müstəqil Azərbaycan rəsmi informasiya agentliyinin dünya informasiya məkanına çıxması, Azərbaycan reallıqlarının yayılma coğrafiyasının genişləndirilməsi ulu öndər Heydər Əliyevin ən böyük arzularından biri idi. İndi tam məsuliyyətlə demək olar ki, ümummilli liderin bu arzusu da reallığa çevrilmişdir. Azərbaycan qloballaşan dünyanın yeni informasiya məkanında öz yerini tutmuşdur və bunu getdikcə möhkəmləndirir.

Uzun illər mətbuatda çalışdığı və AzərTAc-a uğurla rəhbərlik etdiyi dövrdə qazandığı zəngin təcrübəni yeni kitabında oxucularla səxavətlə bölüşən Aslan Aslanov maraqlı ümumiləşdirmələr aparmaqla aşağıdakı elmi nəticələrə gəlir:

Cəmiyyətin inkişafının yeni mərhələsində əsas resurslardan biri informasiyadır. İnkişaf prosesində demokratik transformasiyalarla zəngin olan müasir cəmiyyətdə informasiya elə bir maddi sərvətdir ki, o, tükənmir, köhnəlmir, əksinə, getdikcə daha da artır və keyfiyyətcə yaxşılaşır. Bu xüsusiyyətlərinə görə müasir dünyada informasiya yüksək dəyərə malik maddi və intellektual sərvətə çevrilmişdir. İnformasiyanın mübadiləsi rəqabətə deyil, əməkdaşlığa yol açdığı üçün inkişaf prosesində onun rolu getdikcə artır.

Müasir dünyada inkişafın yeni, müxtəlif modelləri ilə bir-birindən fərqlənən ölkələrdə KİV-lərin sayının sürətlə çoxalmasına, onların texniki və maliyyə imkanlarının genişlənməsinə baxmayaraq, yeni minilliyin ən mühüm məhsulu sayılan informasiyaya tələbat nəinki azalmir, əksinə, onun yetərincə ödənilməsi problemi yaranır. Bu problemin həlli yolları ilə bağlı elmi-nəzəri mənbələri araşdırarkən məlum olmuşdur ki, cəmiyyətin informasiyaya tələbatının ödənilməsi üçün KİV-lər özlərinin, ilk növbədə, oxucu auditoriyalarını müəyyənləşdirməli, onun səviyyəsini və maraq dairəsini nəzərə alaraq fəaliyyətini bu istiqamətdə qurmalıdır.

Auditoriyanı öyrənmək baxımından elektron informasiya vasitələrinin imkanları yazılı mətbuatla müqayisəyəgəlməz dərəcədə genişdir. İnteraktivlik, operativ əks əlaqə, yüksək sürətlə inkişaf edən informasiya-kommunikasiya texnologiyaları elektron media ilə ənənəvi mətbuat arasında rəqabəti dərinləşdirmişdir. Buna hətta fəlsəfi aspektdən yanaşaraq, "yeniliklə köhnəliyin mübarizəsi" adlandıranlar da vardır. Doğrudur, elektron media yazılı mətbuatı müəyyən qədər sıxışdırsa da, onu tam sıradan çıxarması mümkün deyil. Oxucuya seçim etmək imkanı verməsi, heç bir texniki vasitədən istifadə etmədən istənilən vaxtda onunla tanış olmağın mümkünlüyü və s. xüsusiyyətlərinə görə yazılı mətbuat bundan sonra da informasiya mənbələrindən biri kimi qalacaqdır.

Vaxtilə televiziya bumu başlayanda da bu cür düşünənlər çox olmuşdur. İndi internetin tükənməz imkanlarını görüb televiziyanın gələcəyini şübhə altına alanların da narahatlığı əbəsdir. Çünki ən yeni xəbəri televizordan eşidib görmək istəyənlərin sayı internet istifadəçilərinin sayından heç də az deyildir. Hər halda, indi reallıq belədir və kim təminat verə bilər ki, gələcəkdə interneti üstələyəcək daha modern informasiya texnologiyaları yaranmayacaqdır.

Mətbuatın hansı növünün üstün olub-olmaması barədə hökm vermək düzgün olmazdı. Çünki informasiya cəmiyyətində mediatexnologiya heyrətamiz sürətlə dəyişir. Ancaq dəyişməyən mətbuatın təməl prinsipi - yəni KİV-lərin siyasi proseslərə təsir edən, ictimai rəyi formalaşdıran əsas vasitə olmasıdır. Ona görə də müasir kütləvi informasiya vasitələri dünyada baş verən hadisələri operativ işıqlandırmaqla yanaşı, həm də informasiyanı geniş təhlil etməli, onu ilkin süzgəcdən keçirməli və məqsədyönlü şəkildə seçməlidir. Bu, informasiya istehsalı prosesində prinsipial məsələdir. Müxtəlif informasiya mənbələrinin istehlakçının diqqətini cəlb etmək üçün bir-biri ilə rəqabət apardığı bir vaxtda bu mənbələrə müraciət edərkən onların potensial imkanları, istehlakçıya təklif etdikləri informasiyanın mötəbərliyi və dolğunluğu nəzərə alınmalıdır.

İnformasiya hazırlandıqdan sonra növbəti mərhələ onun auditoriyaya hansı üsulla çatdırılmasıdır. İnformasiyanın yayılması üçün kanallar seçərkən auditoriyanın miqyasına, onun keyfiyyət tərkibinə, çatdırılma müddətinə və yayım kanalının zəruri resurslarına, o cümlədən maliyyə imkanlarına xüsusi diqqət yetirilməlidir. Bu amillər nəzərə alınmadan hətta hazırlanmış ən yaxşı informasiya belə əhəmiyyətini itirəcəkdir.

Qloballaşan dünyada mass-mediada təzahür edən yeniliklərdən biri də sosial şəbəkələrdir. Sosial şəbəkələrin informasiya məkanında rolu getdikcə artır. Dünyanın aparıcı informasiya agentlikləri sosial şəbəkələrə çıxışı təmin etmək üçün öz səhifələrində onların linkini yerləşdirir. Araşdırmalar göstərir ki, milli agentliklərin böyük əksəriyyəti sosial şəbəkələrə qoşulmağa bir o qədər də can atmır. Bunun başlıca səbəbi həmin sahədə, ilk növbədə, elektron məlumatların və intellektual mülkiyyətin qorunması ilə bağlı müəyyən risklərin olmasıdır. Sosial şəbəkələr çox böyük potensiala malik olmaqla bərabər, təəssüf ki, informasiya piratlarının, parolların dağıdılması və məlumat bazasına qanunsuz müraciət, o cümlədən məxfi və şəxsi xarakterli məlumatların ələ keçirilməsi və ictimailəşdirilməsi üzrə ixtisaslaşdırılmış xakerlərin fəaliyyət meydanına çevrilmişdir. Buna görə də AzərTAc bu inteqrasiya prosesinə qoşulmaqda maraqlı olsa da, hələlik bu məsələyə ehtiyatla yanaşmağı üstün tutur.

Müəllifin arxiv materiallarından, xaricdə və ölkəmizdə nəşr olunmuş tədqiqat əsərlərindən və monoqrafiyalardan, dövri mətbuat resurslarından istifadə etməsi monoqrafiyanın elmi siqlətini daha da artırmışdır. Əsər təkcə jurnalistlər üçün deyil, tarixçi və politoloqlar, ali məktəb müəllimləri və tələbələri, habelə bütövlükdə geniş oxucu kütləsi üçün də faydalı və maraqlıdır.

Peşəm, vəzifəm və ali məktəblərin birinin jurnalistika fakültəsində dövlət imtahan komissiyasının sədri olmağımla əlaqədar mətbuat sahəsində elmi tədqiqat əsərlərini müntəzəm izlədiyimə görə deyə bilərəm ki, Aslan Aslanovun monoqrafiyası həm də dərs vəsaiti kimi əhəmiyyətlidir.

Bu əsərin ali məktəblərin, jurnalistika və politologiya fakültələrinin tədris proqramına daxil edilməsi, zənnimcə, məqbul addım olardı.

Az tədqiq olunmuş sahədən dəyərli elmi əsər yazdığına görə həmkarımız Aslan Aslanovu təbrik edir, ona yeni yaradıcılıq uğurları diləyirik.

 

 

Bəxtiyar SADIQOV

 

Azərbaycan.- 2011.-12  avqust.- S.  4.