Azərbaycanlı
tələbə liderlər ABŞ-da ölkəmiz haqqında
təqdimatla çıxış etmişlər
ABŞ-ın Alabama Hantsvill Universitetinə dəvət olunmuş azərbaycanlı tələbələr İREX-in "İctimai məsuliyyət üzrə Azərbaycan tələbə liderləri üçün Birləşmiş Ştatlar institutu tədrisi" (SUSI) layihəsi çərçivəsində "Azərbaycan günü" keçirmişlər.
AzərTAc xəbər verir ki, universitetin "Frank Franz Hall" zalında 100-dək xarici qonağın iştirakı ilə keçirilən tədbir "Yallı" rəqs musiqisi ilə başlanmışdır.
Azərbaycanlı tələbələr Samir Qədirov və Linara Əliyeva ölkəmiz haqqında təqdimatla çıxış etmişlər. Təqdimatda Azərbaycanın tarixi, mədəniyyəti, coğrafiyası, musiqisi, milli geyimləri, milli mətbəxi, atributları və şəhərləri haqqında geniş məlumat verilmişdir.
Tədbirin bədii hissəsində Könül Hüseynova Cəmilə Əhmədzadənin ifa etdiyi "Sarı gəlin" xalq mahnısının sədaları altında milli rəqslərimizdən ibarət kompozisiya göstərmişdir.
Sonra qonaqlar Azərbaycan mətbəxinin ləziz nümunələri ilə bəzədilmiş süfrəyə dəvət olunmuşlar.
Qeyd edək ki, SUSI layihəsi İREX Azərbaycan və ABŞ Dövlət Departamentinin Təhsil və Mədəniyyət Bürosu tərəfindən təşkil olunmuşdur. Layihədə iştirak etmək üçün Azərbaycanda fəaliyyət göstərən universitetlərin I-III kurs tələbələri arasından 23 nəfər seçilmişdir.
Layihənin əsas məqsədi Azərbaycan gənclərini ictimai məsuliyyətdə daha fəal iştirak etmək üçün maarifləndirmək, Amerika institutları proqramını tədris etmək və iki ölkə arasında mübadiləni genişləndirməkdir.
Layihə çərçivəsində gənclərin
əvvəlcə Alabamaya, sonra isə Arizona ştatına və
Vaşinqtona səfərləri nəzərdə
tutulmuşdur. Hər ştatda Azərbaycanla bağlı
xüsusi bir günün keçirilməsi
planlaşdırılmışdır.
Azərbaycan.- 2011.- 12 avqust.- S. 4.