Bir səsin zərifliyi
Ötən əsrin ortalarında konsert salonlarında, radio dalğalarında zərif, cingiltili bir səs, ürəklərə bal kimi yayılan xoş avaz eşidildi. "Oxuyur Bakı məktəblisi Elmira Rəhimova". Sonralar bu təqdimat daha möhtəşəm salonlardan eşidilməyə başladı. Bu qaraşın yeniyetmənin özünəməxsus ifaçılıq qabiliyyəti, səsinin ahəngindəki kövrəklik, titrəyiş eşidənləri məftun etdi. O zaman bu məktəbli qızcığaza tamaşaçı sevgisi, rəğbəti gətirən də ən çox onun məharət və coşqunluqla hind mahnılarını oxuması oldu.
O dövrdə Bakı kinoteatrlarında tez-tez Hindistanda istehsal edilmiş filmlər nümayiş olunurdu. İçərişəhərdə yaşayan Elmira Rəhimova da özünəməxsus şəkildə bu filmlərdə eşitdiyi mahnıları aramsız şəkildə oxuyardı. Bəzən də bu vurğunluq o həddə çatardı ki, Elmira böyük məhəbbətlə hindli qadınların paltarını geyməyə maraq göstərirdi. Orta məktəbdən başlanan bu istək getdikcə məhəbbətə çevrilirdi. 1956-cı ildə Moskvada keçirilən ümumittifaq baxışında Elmira Rəhimova "Avara" hind kinofilmindən oxuduğu mahnı ilə tamaşaçıların alqışlarını qazandı. İlk fəxri fərmanı, mükafatları alanda, tamaşaçı məhəbbətilə qarşılaşanda Elmiranın hələ 15 yaşı vardı.
O, 1941-ci
ilin avqustunda Bakıda anadan olub. Paytaxtdakı 18 nömrəli
orta məktəbdə təhsil alıb. Lap kiçik yaşlarından
hind musiqisinə olan vurğunluq onu bu qədim ölkənin mədəniyyətinə
bağlayıb. Məktəb illərində M.Maqomayev adına
Azərbaycan Dövlət Filarmoniyasında Mahnı və Rəqs
Ansamblının solisti olan Elmira Rəhimova ilk azərbaycanlı
idi ki, Hindistanda təhsil almağa gedib. Əlbəttə, birdən-birə
doğmalarından ayrılaraq yad məmləkətə
oxumağa gedən 16 yaşlı gəncin keçirdiyi həyəcanı
sözlə ifadə etmək çox çətindir. Dehliyə
qədəm qoyanda ağlına gəlmədiyi bir təmtəraqla
qarşılanıb. Azərbaycanlı qızın şərəfinə
ziyafət təşkil edilib. 200 nəfər adlı-sanlı
incəsənət işçisinin, dövlət xadiminin
qatıldığı bu mərasimdə ölkə
Prezidentinin müavini Radhakrişnan da iştirak edib.
Elmiranın nəğmələri hamını məftun edib.
Gənc qızın "Ay işığında"
mahnısını, "Segah" muğamını
ustalıqla ifa etməsi və "Naz eləmə" rəqsini
özünəməxsus şuxluqla oynaması
tamaşaçılara xoş təsir
bağışlayıb. Ertəsi gün bu ölkədə
çıxan qəzetlər "Azərbaycan
bülbülü Hindistana gəlmişdir" ümumi
başlıq altında Elmira Rəhimova haqqında fikir və
rəylər dərc ediblər.
Rabindranad
Taqor tərəfindən əsası qoyulan məşhur Kəlküttə-Şantiniketan
Universitetində təhsil almağa başlayan Elmira Rəhimova
əsasən milli və klassik hind mahnılarını öyrənməyə
başlayıb. Mütəxəssislər söyləyirlər
ki, klassik hind ladlarının ifası çətindir. Çünki
burada 40-a qədər ahəng var. Onu tamamilə mənimsəmək
üçün uzun vaxt gərəkdir. Amma azərbaycanlı
gənc gecə-gündüz zəhmətə qatlaşaraq məşhur
hind xanəndələrinin və rəqqasələrinin sənət
sirlərini mükəmməl öyrənməyə
çalışdı. Sonralar daha da püxtələşmək
üçün Elmira Rəhimova Qucarat ştatındakı
universitetdə də oxumalı olub. O, burada məşhur
mütəxəssislərdən hind musiqisinin nəzəriyyəsini
öyrənmiş, peşəkarlıq və sənətkarlıq
qabiliyyətini daha da yüksəltmişdir. Hindistanda keçən
günlər Elmira xanımın həyatında çox
unudulmaz xatirəyə dönüb. O, burada Baş nazir Cavahirləl
Nehru, onun qızı İndira Qandi, eləcə də məşhur
kino ulduzları Raç Kapur, Qopal, Nərgiz və digər
tanınmış simalarla tanış olub. İsti xatirələrin
birindən bəlli olur ki, Elmiranın ifasında Azərbaycan
mahnılarını dinləməyi çox sevən Cavahirləl
Nehru həmişə bayram günlərində Elmiranı da rəsmi
ziyafətlərə dəvət edərmiş. O, hətta azərbaycanlı
qıza "Miradi" - deyə çağırarmış.
"Mira" sənət ilahəsi deməkdir. Azərbaycanlı
müğənniyə belə müraciət Hindistanda
geniş yayılmışdı. Hətta ikinci dəfə
1961-ci ildə yenidən bu ölkəyə qonaq gələn
Elmira xanım haqqında Hindistanda çıxan qəzetlər
belə bir xəbəri sevinclə yaydılar. "Mira"
öz vətəninə qonaq gəlib. Bu doğmalıq o qədər
dərinə getmişdi ki, Elmiranın təkcə sənətini
deyil, özünü də dəlicəsinə sevən
insanlar vardı. Hindistan şahzadəsinin ona elçi
düşməsi o dövrdə Azərbaycanda bomba kimi
partladı. Doğrudur, bu sevdanın baş tutmaması bir
çox səbəblərlə bağlıdır. Amma əsası
odur ki, Elmira Rəhimova öz vətənini, Azərbaycanı
daha çox sevirdi. O, sonralar da bu ölkəyə dəfələrlə
gəlib. Maraqlıdır ki, Bakıda həmişə hind
mahnılarını oxumağı çox xoşlayan Elmira Rəhimova
Hindistanda həmişə Azərbaycan muğamlarını,
xalq mahnılarını ifa etməyi daha çox sevirdi.
Hindistanda
aldığı təhsillə kifayətlənməyən
Elmira Rəhimova əvvəlcə Dövlət Musiqi
Texnikumunda Seyid Şuşinskinin sinfini bitirib. 1970-ci ildə isə
Azərbaycan Dövlət Dillər İnstitutunun ingilis dili
fakültəsində təhsilini başa çatdırıb.
Belə bir fikir də var ki, rus, hind, ingilis dillərini mükəmməl
bilən ilk azərbaycanlı müğənnidir Elmira Rəhimova.
Xalq artistinin yaradıcılığı çoxşaxəlidir. Onun repertuarına xalq mahnıları, təsniflər, bəstəkar nəğmələri daxildir. Müxtəlif musiqi ansamblları ilə uğurla çıxış edən Elmira xanımın ifasında dəfələrlə eşitdiyimiz "Ana laylası", "Mən anayam", "Küsüb məndən", "Sənin gülüşlərin", "Odlar yurdu", "Tələbə", "Tələbəlik illəri", "Xoşbəxtlik", "Sən yadıma düşəndə" və başqa mahnıları çox fərqli və qeyri-adi bir ahəngdə olub. Sanki Elmira xanımın səsində bir şüşə zərifliyi var. Səsin qəfildən qırıla biləcəyi dinləyicini həyəcanlandırır. Bu qeyri-adi kövrəkliyə görə də Elmira Rəhimovanın oxuduğu mahnıları başqa ifada eşidəndə nədənsə o effekt alınmır. Görünür, bu da müğənninin özünəməxsus orijinallığından doğur. Vaxtilə unudulmaz müğənnimiz Yaşar Səfərovla birlikdə oxuduqları "Səadət" mahnısı kimi. Bu müğənniyə qulaq asdıqca bir xiffət keçirirsən. Bəlkə də bu ondan irəli gəlir ki, biz nəslin gəncliyində sevdiyi müğənnilər, gözəl səslər olub. Həm də bu istedad sahiblərinin sənətə məsuliyyət hissləri də güclü idi. Onlar həqiqətən də təkrarsız sənət nümayiş etdirirdilər. Əməkdar artist adını alanda 25 yaşı vardı. O vaxta kimi isə Elmira Rəhimova Fikrət Əmirovun, Cahangir Cahangirovun, Rauf Hacıyevin, Arif Məlikovun, Nəriman Məmmədovun, Telman Hacıyevin, Emin Sabitoğlunun onlarca mahnısının ilk ifaçısı olmuşdur. Bu bəstəkarlar da hər sözə musiqi libası biçməzdilər. Sözlə musiqinin vəhdəti peşəkarlıqla qurulardı. Ələkbər Ziyatay, Nəbi Xəzri, Bəxtiyar Vahabzadə. Tofiq Mütəllibov, Cabir Novruz, Ramiz Heydər, Fikrət Qoca, Nəriman Həsənzadə kimi şairlərin yaradıcılığına müraciət olunurdu.
O, sənətə həmişə müqəddəs məbəd kimi baxıb. Dünyanın 30-dan artıq ölkəsində öz səsi ilə məhəbbət və rəğbət qazanıb. Xalq artisti adı isə ona 2000-ci ildə ümummilli lider Heydər Əliyev tərəfindən verilib. O, səsinin qanadlarını geniş açaraq zərif bir uçuşla qəlbləri fəth etdi. Son vaxtlar konsert salonlarında, ekran və efirdə görünməyən, hərdənbir köhnə lentləri səsləndiriləndə biz də xiffətlənirik. Elmira Rəhimova öz sanbalını qoruyan, sənətə məsuliyyətlə yanaşan təvazökar, şoulardan kənara çəkilməyi bacaran ağır təbiətli bir sənətkardır.
Elmira Rəhimova mahnı ifaçılığında öz möhürünü vurmuş müğənnilərimizdəndir. Vaxtilə bu sıra çox möhtəşəm idi. "Gör, mən kimlərlə bir səhnədə nəfəs almışam" söyləyən Elmira Rəhimovanın titrək səsi Sona Aslanova, Şövkət Ələkbərova, Yaşar Səfərov, Mirzə Babayev, Sara Qədimova, Oqtay Ağayev, Rübabə Muradova... kimi unudulmaz səs sahiblərilə birgə çıxışlar edib.
Bu gözəl müğənnimizin ailəsində adını daşıyan nəvəsi böyüməkdədir. Kim bilir, bəlkə balaca Elmira gələcəkdə nənəsinin yolunu davam etdirdi!
Flora XƏLİLZADƏ
Azərbaycan.- 2011.- 12 avqust.- S. 5.