Nazirlər Kabineti avqust ayında yeni qərarlar qəbul etmişdir.

 

Nazirlər Kabineti avqust ayında yeni qərarlar qəbul etmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 119-cu maddəsinin dördüncü abzasına əsasən və Dövlət Neft Şirkətinin Maliyyə, İqtisadi İnkişaf, Vergilər, Ədliyyə nazirlikləri və Dövlət Gömrük Komitəsi ilə razılaşdırılmış təklifini nəzərə alaraq Nazirlər Kabineti "Azərbaycan Respublikasında ixrac-idxal əməliyyatları üzrə gömrük rüsumlarının dərəcələri haqqında" özünün 1998-ci il 22 aprel tarixli qərarında dəyişiklik edilməsi barədə qərar qəbul etmişdir.

Konstitusiyanın 119-cu maddəsinin dördüncü abzasına əsasən və Dövlət Neft Şirkətinin Maliyyə, İqtisadi İnkişaf, Vergilər, Ədliyyə nazirlikləri və Dövlət Gömrük Komitəsi ilə razılaşdırılmış təklifini nəzərə alaraq Nazirlər Kabineti "Azərbaycan Respublikasının ərazisinə gətirilən, əlavə dəyər vergisindən azad olunan malların siyahısı haqqında" özünün 2005-ci il 31 yanvar tarixli qərarında dəyişiklik edilməsi barədə qərar qəbul etmişdir.

Hər iki qərar dərc edildiyi gündən 30 gün sonra qüvvəyə minir və 2014-cü il yanvarın 1-dək qüvvədədir.

Konstitusiyanın 119-cu maddəsinin altıncı abzasına uyğun olaraq, dövlət sosial təminat proqramlarının həyata keçirilməsini təmin etmək məqsədi ilə Nazirlər Kabineti "Zabit heyətinə mənsub şəxslərə, gizirlərə, miçmanlara, müddətindən artıq xidmətdə qalan hərbi qulluqçulara, daxili işlər, ədliyyə, gömrük, miqrasiya, feldyeger rabitəsi, fövqəladə hallar orqanlarının rəis və sıravi heyətinə mənsub şəxslərə və onların ailələrinə pensiya təyin edilib verilməsi üçün uzun müddət xidmət vaxtının hesablanması qaydası haqqında" özünün 1992-ci il 23 noyabr tarixli qərarında dəyişiklik edilməsi barədə qərar qəbul etmişdir. Qərar avqustun 3-dən qüvvəyə minmişdir.

"Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına əlavələr və dəyişikliklər edilməsi haqqında" Azərbaycan Respublikasının 2006-cı il 3 mart tarixli 75-IIIQD nömrəli Qanununun tətbiq edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 10 aprel tarixli Sərəncamının 1.3-cü bəndinə əsasən Nazirlər Kabineti "Hərbi qulluqçulara (hərbi təhsil müəssisələrinin ailəli kursantlarına) müvəqqəti mənzilin kirayəsi üçün pul kompensasiyası məbləğinin müəyyən edilməsi haqqında" özünün 2006-cı il 13 iyul tarixli qərarında dəyişikliklər edilməsi barədə qərar qəbul etmişdir.

Qərar avqustun 9-dan qüvvəyə minmişdir.

"Yeni Bakı Beynəlxalq Dəniz Ticarət Limanı Kompleksinin tikintisi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 18 oktyabr tarixli Sərəncamına əsasən, həmçinin Azərbaycanda nəqliyyat əlaqələrinin genişləndirilməsi, tranzit imkanlarının gücləndirilməsi və artan yük daşımalarının təmin edilməsi məqsədi ilə Nəqliyyat Nazirliyi tərəfindən Bakı şəhərinin Qaradağ rayonunun Ələt qəsəbəsində inşa edilən "Yeni Bakı Beynəlxalq Dəniz Ticarət Limanı Kompleksi"nin vaxtında və yüksək keyfiyyətlə tikilib istifadəyə verilməsinə və aparılan tikinti işlərinin təsdiq edilmiş layihə-smeta sənədlərinə uyğun həyata keçirilməsinə nəzarətin təmin edilməsi, əsaslı vəsait qoyuluşu üzrə dövlət büdcəsindən və digər maliyyə mənbələrindən ayrılan vəsaitin idarə edilməsinin səmərəliliyinin artırılması, habelə tikinti prosesində ortaya çıxan məsələlərin operativ həllini təmin etmək məqsədi ilə Nazirlər Kabineti "Azərbaycan Respublikası Nəqliyyat Nazirliyinin nəzdində təsərrüfat hesablı Tikilən Bakı Beynəlxalq Dəniz Ticarət Limanı Kompleksinin Müdiriyyətinin yaradılması haqqında" qərar qəbul etmişdir.

Konstitusiyanın 119-cu maddəsinin dördüncü abzasına əsasən və "Əhalinin içməli su təchizatı və kanalizasiya xidmətlərindən istifadəsi üzrə yaranmış borcların silinməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 8 aprel tarixli Fərmanının 3.1-ci bəndinin icrasını təmin etmək məqsədi ilə Nazirlər Kabineti "Bir sıra dövlət müəssisələrinin borclarının tənzimlənməsi barədə" qərar qəbul etmişdir.

Hər iki qərar avqustun 10-dan qüvvəyə minmişdir.

Nazirlər Kabinetinin mətbuat xidmətindən verilən məlumata görə, bu qərarların tam mətni ilə Nazirlər Kabinetinin www.cabmin.gov.az ünvanlı internet saytında və Azərbaycan Respublikasının Qanunvericilik Toplusunda tanış olmaq mümkündür.

 

 

Azərbaycan.- 2011.-13  avqust.- S.  1.