Azərbaycan ərzaq təhlükəsizliyini qoruyan ölkədir
Azərbaycan bir sıra qabaqcıl dövlətlərin
onilliklər boyu keçdiyi inkişaf mərhələsini
qısa zaman kəsiyində sürətlə adlayaraq iqtisadi
potensialını gündən-günə artırmaqdadır.
Həyata keçirilən sosial-iqtisadi islahatların,
infrastruktur layihələrinin səmərəli nəticələr
verməsi, hər bir fərdin maraq və mənafeyinin
qorunması və bunun dövlətin perspektiv inkişafına
hesablanması ölkəmizdə iqtisadi siyasətin
düzgünlüyünü sübuta yetirmişdir.
Ötən
müddət ərzində regionlarda infrastrukturun yenidən
qurulması və inkişafı, səhiyyə və təhsil
müəssisələrinin tikintisi, əhalinin sosial vəziyyətinin
daha da yaxşılaşdırılması istiqamətində
mühüm əhəmiyyətli tədbirlər həyata
keçirilmişdir. Bu, Azərbaycanın öz iqtisadiyyatını
sadəcə neft amili üzərində
qurmadığını, əldə olunmuş uğurlu nəticələrdə
qeyri-neft sektorunun da mühüm paya malik olduğunu təsdiqləmişdir.
İqtisadiyyatın şaxələndirilməsi,
sahibkarlığın inkişafı, investisiya mühitinin
daha da yaxşılaşdırılması nəticəsində
ölkəmizdə qeyri-neft sektorunun dinamik inkişafı davam
etmişdir. Prezident İlham Əliyev bununla bağlı
bildirmişdi: "Bu gün Azərbaycan iqtisadiyyatı
artıq çoxşaxəlidir. Məhz buna görə
iki-üç il bundan əvvəl dünyada neftin qiymətləri
kəskin şəkildə aşağı düşəndə
biz böyük çətinliklərlə üzləşməmişdik.
Hətta o illərdə ki dünyada neftin qiyməti 4-5 dəfə
aşağı düşmüşdü, Azərbaycan
iqtisadiyyatı 8-9 dəfə artmışdı. Nəyin
hesabına, - məhz qeyri-neft sektorunun inkişafı
hesabına. Bu, bizim siyasətimizdir və gələcək illərdə
çalışacağıq ki, qeyri-neft sektorunun
inkişafına daha da güclü təkan verək. Deyə
bilərəm ki, bunu etmək üçün dövlət
proqramları həlledici rol oynayır. 2004-cü ildən
bugünə qədər artıq ikinci dövlət
proqramı icra edilir. Eyni
zamanda, xarici investorların Azərbaycana olan marağı və
qoyulan investisiyalar da az rol oynamır".
Qeyri-neft
sektorunun sürətli yüksəlişi həm də daxili
investisiyaların həcminin artımında özünü
göstərir. Bir sıra dövlətlərin təcrübəsində
uğurla sınaqdan çıxmış, özünü
doğrultmuş bu iqtisadi strategiya neftdən əldə olunan
gəlirlərin qeyri-neft sektoruna, istehsal
sahibkarlığının inkişafına yönəldilməsini,
özəl sektorun ümumi daxili məhsulda xüsusi çəkisinin
artırılmasını nəzərdə tutur.
İqtisadiyyatın bütün sahələrinin
inkişafı həm də makroiqtisadi sabitliyin qorunub
saxlanılması və maliyyə təhlükəsizliyinin təmini
baxımından vacib əhəmiyyət kəsb edir.
Dövlətimizin
başçısının 14 aprel 2009-cu il tarixli fərmanı
ilə təsdiq edilmiş "Azərbaycan Respublikası
regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi
inkişafı Dövlət Proqramı" regionların
davamlı inkişafı, sosial infrastrukturun yenidən
qurulması, milli iqtisadiyyatın neft amilindən
asılılığının qeyri-neft sektorunun tərəqqisi
hesabına aradan qaldırılması üçün
geniş imkanlar açmışdır. Regional inkişaf
proqramlarının icrasının başlanmasından, yəni
2004-cü ilin fevralından bugünə qədər ölkəmizdə
bir milyona yaxın iş yeri açılmışdır. Yeni
iş yerlərinin açılması, müasir standartlara
cavab verən müəssisələrin işə
salınması nəticəsində ölkə daxilində
istehsal olunan malların sayı artır, ixracdan
asılılıq azalır.
Azərbaycan
qeyri-neft sektorunun prioritetliyinə əsaslanan inkişaf yolu
seçməklə yanaşı, tarixən arqar-sənaye
respublikası kimi tanınmış və
ixtisaslaşmışdır. Ölkəmizdə institusional
baxımdan torpaq və aqrar islahatlarının uğurla
başa çatması, kənd
təsərrüfatı istehsalçıları
üçün yeni imkanların yaranması
qarşıdakı illərdə də sərbəst bazar
münasibətlərinə əsaslanan və
özünüinkişaf qabiliyyətinə malik bütöv
iqtisadi sistemin - müstəqil milli iqtisadiyyatın
formalaşdırılması prosesi ilə səciyyəvi
olacaqdır. "Azərbaycan Respublikası regionlarının
2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı
Dövlət Proqramı"na görə, Azərbaycanın kənd
təsərrüfatında ənənəvi sahələr
olan taxılçılığın,
üzümçülüyün, meyvəçiliyin,
pambıqçılığın,
tütünçülüyün,
çayçılığın, ipəkçiliyin və
digər sahələrin inkişafı prioritet vəzifə
olaraq qalır. Aqrar bölmənin inkişafı istiqamətləri
sırasında aqrar bölmənin normativ hüquqi
bazasının, elmi-metodik təminatının və kadr
hazırlığı sisteminin təkmilləşdirilməsi;
aqrar bölmənin xammal istehsalı və emalı sahələrinin
əlaqəli inkişafı, rəqabətqabiliyyətli məhsul
istehsalının artırılmasının
stimullaşdırılması; aqrar bölməyə maliyyə
dəstəyinin artırılması; bu bölmənin
maddi-texniki bazasının möhkəmləndirilməsi; aqrar
sektora xidmət edəcək və bazar prinsipləri əsasında
fəaliyyət göstərəcək yeni strukturlara dəstək
verilməsi; kənd təsərrüfatında suvarma və
meliorasiya təminatının
yaxşılaşdırılması; torpaq və su ehtiyatlarından
səmərəli istifadənin təmin edilməsi kimi tədbirlər
mühüm yer tutur.
Son illərdə
kənd təsərrüfatı sahəsində
çalışan fermerlərin lazımi texnika, gübrə
və toxum məhsulları ilə təmin edilməsi məqsədilə
"Aqrolizinq" Səhmdar Cəmiyyətinin
yaradılması, onların gəlir vergisindən azad edilməsi,
güzəştli şərtlərlə yanacaq və motor
yağları satılması sahibkarlığa göstərilən
qayğının mühüm tərkib hissəsi kimi
xüsusi vurğulanmalıdır. Regionlarda soyuducu
anbarların inşası da fermerlərin maraqlarına cavab
verməklə onların istehsal etdikləri kənd təsərrüfatı
məhsullarının etibarlı saxlanılmasına və
dünya bazarlarına çıxarılmasına imkan
yaradır.
Dövlət
başçısı İlham Əliyevin dəfələrlə
vurğuladığı kimi, etibarlı ərzaq təminatı
hər bir ölkənin iqtisadi sabitliyinin və sosial
dayanıqlılığının başlıca şərtidir.
Azərbaycan Respublikası Prezidentinin 25 avqust 2008-ci il tarixli sərəncamı
ilə təsdiq edilmiş "2008-2015-ci illərdə Azərbaycan
Respublikasında əhalinin ərzaq məhsulları ilə
etibarlı təminatına dair Dövlət Proqramı" da
qarşıdakı illərdə respublikanın ərzaq təhlükəsizliyinin
təmin edilməsi baxımından müstəsna əhəmiyyət
kəsb edir. Son bir ildə bu dövlət proqramlarının
icrasının səmərəli əlaqələndirilməsi
daha böyük nəticələr əldə edilməsinə
səbəb olmuşdur.
Ümumilikdə,
regional inkişaf sahəsində əldə olunmuş yüksək
nəticələr deməyə əsas verir ki,
respublikamız yeni inkişaf mərhələsinə qədəm
qoymuşdur. 2011-ci ilin birinci yarısının makroiqtisadi
göstəriciləri Azərbaycanın davamlı inkişaf
yolunda olduğunu təsdiqləyir. "Əsl siyasət
konkret real iş görməkdir" devizinə sadiq qalan
dövlətimizin başçısı cənab İlham Əliyev
hər bir vətəndaşın maraq və mənafeyinə
hesablanan iqtisadi siyasət xəttini uğurla davam etdirməkdədir.
Ötən 8 il ölkədə həyata keçirilən
liberal iqtisadi siyasət makroiqtisadi və maliyyə sabitliyinin
qorunmasının təmin edilməsi, dayanıqlı iqtisadi
artımın və iqtisadiyyatın modernləşməsinə
dəstək verən siyasətin dərinləşdirilməsi,
qeyri-neft sektorunun sürətlə inkişaf etdirilməsi kimi
yadda qalmışdır. Bu iqtisadi strategiya Azərbaycanı
daha böyük uğurlara aparıb çıxaracaqdır.
E.HACIALIYEV
Azərbaycan.- 2011.- 13 avqust.- S. 1.