Düşünülmüş, sürətli və davamlı inkişaf

 

Şəxsi toxunulmazlıq hüququ Azərbaycan Respublikasının Konstitusiyasında əsas insan hüquqlarından biri kimi öz əksini tapmışdır. Əsas Qanunun  32-ci maddəsində qeyd olunur ki, hər kəsin şəxsi toxunulmazlıq, şəxsi və ailə həyatının sirrini saxlamaq hüququ var və qanunla nəzərdə tutulan hallardan başqa, heç bir vətəndaşın şəxsi həyatına müdaxilə edilə bilməz. Əsas Qanunumuza görə öz razılığı olmadan heç kəsin şəxsi həyatı haqqında məlumat toplanılmasına, istifadəsinə və yayılmasına yol verilmir. Bu müddəa insanların şəxsi toxunulmazlıq hüququnun ən vacib elementlərindən biridir. Azərbaycan dövləti bütün vətəndaşların bu hüququnun qorunmasına təminat verir və onların şəxsi həyatına müdaxilənin yolverilməz olduğunu bəyan edir.

Əsas Qanunumuz insanların mənzil toxunulmazlığı hüququnun dövlət tərəfindən qorunmasına da təminat verir. 33-cü maddədə qeyd olunur ki, məhkəmənin qərarı olmadan və qanunla müəyyən edilmiş hallardan başqa mənzildə yaşayanların iradəsi əleyhinə heç kəs mənzilə daxil ola bilməz. Belə hallara qarşı Azərbaycan Respublikasının Cinayət Məcəlləsində müvafiq cəza növləri müəyyənləşdirilmişdir.

Sosial təminat hüququ da Əsas Qanunda insan hüquqlarının vacib növlərindən biri kimi qeyd olunmuşdur. 38-ci maddədə göstərilir ki, hər kəsin sosial təminat hüququ var və ehtiyacı olanlara yardım etmək, ilk  növbədə, onların ailə üzvlərinin borcudur. Azərbaycan dövləti bütün vətəndaşların sosial hüquqlarının qorunmasını da özünün ali vəzifələrindən biri kimi qiymətləndirir. 38-ci maddənin 3-cü bəndində göstərilir ki, hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. Həmin maddənin 4-cü bəndində isə göstərilir ki, təqaüdlərin və sosial müavinətlərin minimum məbləği qanunla müəyyən olunur.

Azərbaycan Respublikası Konstitusiyası vətəndaşların təhsil hüququnun təmin olunması məsələsinə də xüsusi diqqət ayırır. 42-ci maddədə hər bir vətəndaşın təhsil almaq hüququnun olduğu göstərilir. Qeyd olunur ki, dövlət pulsuz icbari ümumi orta təhsil almaq hüququnu təmin edir. Təhsil sisteminə dövlət tərəfindən nəzarət olunur və maddi vəziyyətindən asılı olmayaraq istedadlı şəxslərin təhsilini davam etdirməsinə dövlət zəmanət verir.

Demokratiyanı dövlət idarəçiliyi  kimi qəbul edən dövlətlərdə hakimiyyətin  təşkilinin və həyata keçirilməsinin ən ümumi və ən mühüm prinsipləri sırasında xalqın dövlət hakimiyyəti orqanlarını formalaşdırmaq məqsədilə seçki hüququndan istifadə etməsi prinsipial əhəmiyyət kəsb etdiyinə görə xüsusi önəm daşıyır. Azərbaycan Respublikası Konstitusiyasının 56-cı maddəsində Azərbaycan Respublikası vətəndaşlarının dövlət orqanlarına seçmək və seçilmək, habelə referendumda iştirak etmək hüququ təsbit olunmuşdur.

Bununla yanaşı, digər hüquqların real həyata keçirilməsinin mühüm mexanizmlərindən biri kimi çıxış edən, eyni zamanda, ayrıca insan hüququ və ya təminatı kimi nəzərdə tutulan "məhkəmə müdafiəsi hüququ" Əsas Qanunda kifayət qədər geniş mənada ifadə olunmuşdur: hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir (Konstitusiyanın 60-cı maddəsi). Bu təminat kifayət qədər geniş olmaqla, bir sıra beynəlxalq sənədlərdə "ədalətli məhkəmə baxışı hüququ" kimi əks olunan insan hüququnun bütün zəruri elementlərini ehtiva edir.

Hüquqi dövlətin Konstitusiya nəzarəti prinsipi Azərbaycan Respublikasının hüquqi dövlət quruculuğu yolunda öz uğurlu həllini tapmışdır. Azərbaycan Respublikasının Konstitusiyasının 130-cu maddəsi Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin təşkili və həll etdiyi məsələləri təsbit etmişdir.

Bir məsələni də qeyd etmək lazımdır ki, beynəlxalq standartlara cavab verən Əsas Qanunda dünya konstitusionalizminin aparıcı prinsipləri öz əksini tapmışdır. Təsadüfi deyildir ki, Konstitusiyanın 147-ci maddəsinə əsasən, bu sənəd Azərbaycan Respublikasında ən yüksək və birbaşa hüquqi qüvvəyə malikdir. Bununla yanaşı, Azərbaycan Respublikası Konstitusiyasının hətta inkişaf etmiş dövlətlərin Konstitusiyaları ilə müqayisədə kifayət qədər mütərəqqi hesab edilə biləcək müddəalarından biri Konstitusiyada sadalanan insan və vətəndaş hüquqlarının və azadlıqlarının Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrə uyğun tətbiq edilməsi ilə bağlıdır. Bu norma özündə insan hüquqlarının beynəlxalq standartlara uyğun tətbiqinə imkan verən mühüm prinsipi əks etdirir. Qeyd olunan prinsip ölkəmizdə insan hüquq və azadlıqlarının hamılıqla qəbul edilmiş beynəlxalq hüquq normalarında və insan hüquqlarına dair beynəlxalq müqavilələrdə nəzərdə tutulanlardan daha artıq məhdudlaşdırılmasına imkan vermir.

İnsan hüquqlarının ən yüksək səviyyədə təmin edilməsi baxımından Konstitusiyamızın 149-cu maddəsinin VII hissəsi də diqqətəlayiqdir. Belə ki, insan hüquqlarına həsr olunmuş əksər beynəlxalq müqavilələrdə və inkişaf etmiş bir çox dövlətlərin konstitusiyalarında ayrı-ayrı şəxslərin yalnız cinayət və inzibati məsuliyyətini yüngülləşdirən normaların geriyə qüvvəsi müəyyən edilib. Əsas Qanunumuzun adıçəkilən norması isə fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquq məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ hüquqi aktların qüvvəsini geriyə şamil edir. Sözsüz ki, bu məsələnin həlli zamanı digər şəxslərin hüquq və azadlıqlarının qorunması, konkret hüquq münasibətlərinin spesifikası da nəzərdən yayınmamalıdır.

Ölkə Konstitusiyasının 151-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının qanunvericilik sisteminə daxil olan normativ hüquqi aktlar ilə (Azərbaycan Respublikasının Konstitusiyası və referendumla qəbul edilən aktlar istisna olmaqla) Azərbaycan Respublikasının tərəfdar çıxdığı dövlətlərarası müqavilələr arasında ziddiyyət yaranarsa, beynəlxalq müqavilələr tətbiq edilir. Bu maddə Azərbaycan Konstitusiyasının liberallığını və demokratikliyini bir daha sübuta yetirməklə yanaşı, həm də ölkədə milli qanunvericiliyin Avropa standartlarına uyğunlaşdırılmasına yaxşı imkanlar açmışdır.

Əsas Qanunda əksini tapmış insan və vətəndaş hüquqları və azadlıqları Azərbaycan Respublikasının son illərdə tərəfdar çıxdığı beynəlxalq müqavilələrə uyğun tətbiq edilmişdir. Bu müddəa respublikamızın dünya birliyinə inteqrasiyasına geniş imkanlar açmaqla yanaşı, beynəlxalq hüquq normalarının, xüsusilə də insan hüquqlarına dair normaların ölkəmizdə maneəsiz tətbiqinə əlverişli şərait yaratmışdır.

Yuxarıda qeyd olunan mülahizələri ümumiləşdirərkən belə bir nəticəyə gəlmək olar ki, demokratik, hüquqi, sosial dövlət formulu Konstitusiyamızın, onun bütün institutlarının və maddələrinin özəyini təşkil edir. Ötən dövr ərzində cəmiyyətimizdə baş verən proseslərdə ölkə qanunvericiliyinin inkişafı üçün sabit əsasa çevrilən Konstitusiyanın əhəmiyyətli rolu olmuşdur. Əminliklə qeyd etmək olar ki, respublikamızın həyatının ən müxtəlif sahələrində aparılan irimiqyaslı islahatlar öz əsasını, mənbəyini 1995-ci il Konstitusiyasından götürmüşdür. Məhz Konstitusiya normalarında müəyyən edilmiş ümumi prinsip və istiqamətlər ölkəmizdə siyasi, hüquqi, iqtisadi və digər islahatların həyata keçirilməsinə, Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquq və azadlıqlarının səmərəli tətbiqini təmin edən fundamental normativ bazanın yaradılmasına səbəb olmuşdur.

Əsas Qanunda əksini tapmış mühüm amillərdən biri də xalqın hüquq və mənafeləri ilə bağlı hər bir məsələnin referendum yolu ilə həllinin nəzərdə tutulmasıdır və konkret olaraq 3-cü maddədə göstərilir ki, Azərbaycan Respublikası Konstitusiyasının qəbulu və ona dəyişikliklər edilməsi, habelə Azərbaycan Respublikasının dövlət sərhədlərinin dəyişdirilməsi məsələləri yalnız ümumxalq səsverməsi - referendum yolu ilə həll oluna bilər.

Konstitusiyanın qeyri-müəyyən müddətdə qüvvədə olmasının nəzərdə tutulması onun məzmun sabitliyi ilə fərqlənən əsas normativ-hüquqi akt kimi səciyyələndirsə də, zaman keçdikcə müəyyən əlavə və dəyişikliklər etmək zərurəti yaranır. Bu mənada 2002-ci il avqustun 24-də Prezident Heydər Əliyevin təşəbbüsü ilə keçirilən konstitusion referendumun da başlıca məqsədi Konstitusiyada insan hüquq və azadlıqlarının sırasını genişləndirmək, habelə ölkənin siyasi və hüquqi sistemini təkmilləşdirmək məqsədi daşıyırdı. Sözügedən dəyişikliklər Azərbaycan Konstitusiyasının qəbul edildiyi 1995-ci ildən bu yana baş verən proseslərdən, hüquq və qanunvericilik sahəsində ortaya çıxmış yeniliklərdən irəli gələn zərurət idi və bu dəyişikliklərə ictimai zərurət vardı. Çünki Azərbaycanın bütün sahələrdə dinamik inkişaf etməsi, dövlətin iqtisadi siyasətində sosialyönümlü məsələlərin prioritetə çevrilməsi, habelə insan hüquq və azadlıqlarının maksimum müdafiəsinə xidmət edən təkmil qanunvericilik bazasının formalaşması Konstitusiyaya zamanın tələbi ilə səsləşən bir sıra əlavə və dəyişikliklərin edilməsini zərurətə çevirmişdi.

"Azərbaycan Respublikasının  Konstitusiyasına dəyişikliklər edilməsi haqqında" referendum aktı layihəsinin hüquqi qüvvəyə minməsini təmin edən bu ümumxalq səsverməsi demokratik inkişaf istiqamətində mühüm addım olmaqla, respublikanın sivil Avropa dəyərlərinə sadiqliyini bir daha təsdiqləyəcəkdi.

Ümumiyyətlə, cəmiyyətin ümumi inkişaf səviyyəsinə və təkamül prosesinə uyğun olaraq dövlətin idarəetmə sisteminin əsasını təşkil edən mühüm qanunvericilik aktlarının təkmilləşdirilməsi də dövrün zəruri tələbi kimi ortaya çıxır. Konstitusiyada və digər qanunlarda zaman-zaman müəyyən dəyişikliklərin edilməsi, onların müasir tələblərə uyğunlaşdırılması bütün demokratik dövlətlər üçün qanunauyğun haldır. Azərbaycanda konstitusion dəyişikliklərə yaranan ehtiyac da məhz bütün sahələrdə qabarıq nəzərə çarpan sürətli inkişafdan irəli gəlirdi. Əsas Qanunun qəbulundan ötən 7 il müddətində ölkədə hüquqi islahatların aparılması və nəticədə yeni demokratik siyasi şəraitin formalaşması, eləcə də Azərbaycanın insan hüquqları sahəsində bir sıra mühüm konvensiyalara, beynəlxalq təşkilatlara qoşulması fonunda Prezident tərəfindən irəli sürülmüş dəyişikliklərin nə dərəcədə əsaslı olması gerçək təsdiqini tapırdı. Referendum aktı layihəsində təklif olunan yeni müddəalar Konstitusiyanın bir çox normalarının təkmilləşdirilməsinə, insan hüquq və azadlıqlarının daha səmərəli təmin olunmasına yönəlmişdi. Avropa Şurasına üzvlüklə əlaqədar yeni yaradılmış bəzi demokratik təsisatların başlıca fəaliyyət istiqamətləri, habelə təşkilatın tələblərindən irəli gələn yeniliklər ölkə Konstitusiyasında mütləq əksini tapmalı idi. Əsas Qanuna təklif olunan prinsipial dəyişikliklər proporsional seçki sisteminin ləğvini, fövqəladə hallarda prezident səlahiyyətlərinin baş nazirə keçməsini, eləcə də prezident seçkilərinin nəticələrinin səs çoxluğu - "50+1 faiz" prinsipi ilə hesablanmasını nəzərdə tuturdu. Eyni zamanda, konstitusiya islahatları hökumətin Milli Məclis qarşısında hesabatla çıxış etməsi, siyasi partiyaların ləğvi səlahiyyətlərinin Konstitusiya Məhkəməsindən alınaraq ümumi yurisdiksiyalı məhkəmələrə verilməsi, alternativ hərbi xidmət növünün formalaşdırılması, Respublika Prokurorluğunun və Ali Məhkəmənin qanunvericilik təşəbbüsü ilə çıxış etmək səlahiyyətinə malik olması, vətəndaşlara Konstitusiya Məhkəməsinə birbaşa müraciət etmək imkanının yaradılması kimi vacib məsələləri əhatə edirdi.

Proporsional seçki sisteminin ləğvinə bütün dünyada meylin artdığı bir zamanda Azərbaycanda siyasi partiyaların həddən artıq çoxluğu və onların parlamentdə yer qazanmaq imkanlarının məhdudluğu üzdə olan acı reallıq idi. Digər tərəfdən, majoritar və proporsional seçki sistemlərinin müqayisəli təhlili göstərir ki, vətəndaşların iradəsinin hansı formada ifadə olunması ölkədə parlament və ya prezident üsul-idarəsinin tətbiqindən bilavasitə asılıdır. Majoritar seçki sistemi prezident üsul-idarəli ölkələrdə daha geniş tətbiq olunur. Azərbaycan da məhz bu ölkələr sırasına daxildir və prezidentin timsalında icraedici hakimiyyətlə qanunverici hakimiyyət arasındakı səlahiyyət bölgüsünun nisbəti təbii olaraq birincinin xeyrinə yüksək şəkildə ifadə olunur. Bu mənada, Azərbaycanda qanunverici orqana seçkilərin sırf majoritar seçki sistemi əsasında keçirilməsi siyasi qanunauyğunluğun nəticəsi olmaqla, demokratik normalara, beynəlxalq təcrübəyə və siyasi nəzəriyyələrə qətiyyən zidd sayıla bilməzdi. Ən acınacaqlısı budur ki, vətəndaşlar bəzən istəmədikləri, yaxud tanımadıqları təsadüfi adamlara səs vermək məcburiyyətində qalır, iradələrini azad surətdə ifadə edə bilmirlər. Parlament seçkilərinin sırf majoritar sistem üzrə keçirilməsini nəzərdə tutan konstitusion dəyişiklik də hansısa partiyanın deyil, sırf ölkə vətəndaşlarının mənafeyini özündə ehtiva edirdi.

Konstitusiya islahatlarının prinsipial istiqamətlərindən birini də fövqəladə hallarda prezident səlahiyyətlərinin baş nazirə verilməsi idi. Məlumdur ki, həm prezident, həm də baş nazir icraedici hakimiyyətin nümayəndələri olduğundan, birincinin hansısa səbəbdən öz vəzifəsini icra edə bilməməsi halında səlahiyyətlərin icraedici hakimiyyətin digər nümayəndəsinə verilməsi məntiqi və qanunauyğundur. Bu qanunauyğunluq həm də hakimiyyət bölgüsü haqqında nəzəriyyələrin diktə etdiyi tələblərdən irəli gəlir. Hakimiyyətin icraedici, qanunverici və məhkəmə orqanları arasında bərabər surətdə bölünməsi prinsipinin qorunub saxlanılması demokratik dövlətin əsas atributlarından hesab olunur. Lakin fövqəladə hallarda səlahiyyətlərin prezidentdən Milli Məclisin sədrinə ötürülməsi barədə əvvəllər Konstitusiyada nəzərdə tutulmuş müddəa bu bölgü ilə ziddiyyət təşkil edirdi. Milli Məclis rəhbərinin həm qanunverici, həm də icraedici hakimiyyətin səlahiyyətlərini müvəqqəti də olsa, öz əlində cəmləşdirməsi, istər-istəməz, hakimiyyətin iki qanadı arasında tənzimləmə prosesini çətinləşdirirdi. Eləcə də Azərbaycan Konstitusiyasında hakimiyyət bölgüsü prinsipinin müvəqqəti olaraq qüvvədən düşməsi, yaxud dondurulması barədə heç bir müddəa yox idi. Bu baxımdan, fövqəladə hallarda prezident səlahiyyətlərinin baş nazirə keçməsi həmin prinsipin davamlı olaraq hüquqi qüvvədə olmasını təmin etdi. Digər prinsipial dəyişiklik isə Azərbaycanda prezident seçkilərinin nəticələrinin "50+1 faiz" prinsipi əsasında hesablanmasını nəzərdə tuturdu. 24 avqust referendumuna qədər ölkədə seçicilərin üçdə ikisinin, yaxud 67 faizinin səsini toplamış namizəd qalib elan olunurdu. Yeni prinsip isə hər bir namizədin xeyrinə olmaqla, seçkilərin demokratikliyinin daha yüksək səviyyədə təmin edilməsi istiqamətində atılmış ciddi addım idi.

Beləliklə, 24 avqust referendumunun nəticəsi kimi insan hüquq və azadlıqlarının daha səmərəli həyata keçirilməsi, İnsan hüquqları üzrə müvəkkil (Ombudsman) institutunun təşkili və fəaliyyəti ilə bağlı bir sıra mühüm müddəalar Konstitusiyada əksini tapmışdır. Azərbaycan Respublikası Konstitusiyasına edilən yeni dəyişikliklərlə Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkilinə insan hüquq və azadlıqlarını pozan qanunvericilik və icra hakimiyyəti orqanlarının normativ aktlarından, bələdiyyə və məhkəmə aktlarından qanunla müəyyən edilmiş qaydada Konstitusiya Məhkəməsinə sorğu ilə müraciət etmək hüququ verilmişdir.

Konstitusiya qanunu yalnız şəxsin hüquqları qüvvədə olan normativ aktlarla pozulduğu halda, müvəkkilin Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinə sorğu ilə müraciət etmək hüququnu nəzərdə tuturdu. Konstitusiyaya dəyişikliklərin edilməsi nəticəsində müvəkkilin bu sahədə səlahiyyətləri genişləndirilmişdir və insan hüquqlarını pozan qanunvericilik və icra hakimiyyəti orqanlarının normativ aktları barədə müraciət etmək hüququ ilə yanaşı, bələdiyyə və məhkəmə aktları haqqında Konstitusiya Məhkəməsinə sorğu vermək hüququ müəyyən edilmişdir.

Konstitusiya Qanununa əsasən, cari il bitdikdən sonra 2 aydan gec olmayaraq müvəkkil ölkədə insan hüquqlarının qorunması haqqında Azərbaycan Respublikasının Prezidentinə illik məruzəni təqdim edir və həmin məruzə ilə parlament qarşısında çıxış edir. Bu məruzədə insan hüquqlarını pozan, müvəkkilin tələbləri ilə hesablaşmayan, dövlət və yerli özünüidarəetmə orqanlarının, vəzifəli şəxslərin adları çəkilir, bununla əlaqədar görülmüş tədbirlər barədə məlumat verilir. Eyni zamanda, məruzədə insan hüquqlarının təmin edilməsi ilə əlaqədar ümumi fıkir, rəy və tövsiyələr öz əksini tapmalıdır.

Ölkədə insan hüquq və azadlıqlarının təmin edilməsi istiqamətində həyata keçirilən hüquqi islahatların və milli qanunvericiliyin beynəlxalq, Avropa standartlarına uyğunlaşdırılması prosesinin məntiqi davamı kimi qəbul edilmiş "Azərbaycan Respublikasında İnsan hüquq və azadlıqlarının həyata keçirilməsinin tənzimlənməsi haqqında" Azərbaycan Respublikasının Konstitusiya Qanunu da tənzim etdiyi məsələlərin dairəsinə görə çox mühüm əhəmiyyət kəsb edir. Qəbul edilmiş bu Konstitusiya Qanunu, əsasən, Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının həyata keçirilməsinin "İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında" Konvensiyaya uyğunlaşdırılması məqsədinə hesablanmışdır.

İlk dəfə 2002-ci ildə keçirilmiş Konstitusiya islahatından ötən dövr ərzində isə respublikanın ictimai-siyasi həyatında özünü qabarıq göstərən fundamental dəyişikliklər - iqtisadi, siyasi, hüquqi islahatların dərinləşməsi, demokratikləşmə prosesinin sürətlənməsi, vətəndaş cəmiyyəti institutlarının, siyasi partiyaların sayının artması, qeyri-hökumət təşkilatlarının cəmiyyətdəki rolunun obyektiv dərk olunması və onların dövlət dəstəyi ilə əhatə olunması, Avratlantik məkana inteqrasiya prosesinin yüksək dinamizmlə davam etdirilməsi, ən əsası, sosial ehtiyacları əhəmiyyətli dərəcədə ödənən ölkə vətəndaşlarının ictimai şüurunda demokratik proseslərin qaçılmazlığı fikrinin möhkəmlənməsi və digər pozitiv yeniliklər Azərbaycan Konstitusiyasında yenidən bir sıra əlavə və dəyişikliklərin edilməsini obyektiv tələbata çevirmişdi.

Son illərdə demokratik inkişaf sahəsində əldə edilən uğurlar Konstitusiyaya bir daha nəzər salmağı, onu daha da təkmilləşdirməyi vacib məsələyə çevirmişdi. İctimai münasibətlərin inkişafı, sosial, iqtisadi və siyasi şəraitin xarakterində pozitiv dəyişikliklərin baş verməsi Konstitusiyaya müvafiq dəyişiklik və əlavələrin edilməsini zərurətə çevirir. Bu mənada 2009-cu  il martın 18-də Konstitusiyaya yeni əlavə və dəyişikliklərə münasibəti öyrənən "Azərbaycan Respublikasının Konstitusiyasına əlavələr və dəyişikliklər edilməsi haqqında" Referendum Aktına da xüsusi toxunmaq lazım gəlir.

 

 

(ardı var)

 

Azərbaycan.- 2011.- 13 avqust.- S. 2.