İnsanı
ucalığa aparan yol
Ümummilli lider
Heydər Əliyev 13 avqust 2001-ci ildə milli-mənəvi dəyərlərin
qorunması və sosial ədalət haqqında bəyanat
vermişdir
Uzun illər azadlıq həsrətilə yaşayan xalqımız dövlət müstəqilliyini qazandıqdan sonra qəribə mənzərələrlə üzləşdi. Mənəviyyatla mənəviyyatsızlıq üz-üzə dayandı. Adət-ənənəyə, milli mentalitetə bağlı insanlar "köhnə"liyin rəmzinə çevrildilər. Əməli dəqiq bəlli olmayan "yenilik"çilər müasirliyin təmsilçisi kimi meydanda ad (at yox - F.X.) oynatdılar. Kimliyin göstəricisi müxtəlif rənglərlə bəlli oldu. Çaşqın vəziyyətdə qalan insanları məhz ulu öndər Heydər Əliyev xilas etdi. 13 avqust 2001-ci il tarixli məşhur bəyanatı insanların ürəyindən xəbər verdi. Hər kəsə bir daha aydın oldu ki, demokratiya ilə anarxiyanı qarışdıranlara və yaxud da ki, onu qəsdən dəyişik salanlara düz yol göstərmək yaddan çıxmayıb. Dünənini bilmədən bu gün yaşamaq mümkün olsa da, sabaha addımlamaq müşküldür. Aqillər demişkən, keçmişini bilməyənin gələcəyi də olmaz. Ümummilli liderin adıçəkilən bəyanatı demək olar ki, hamının ölmüş ümidlərini dirçəltdi. Sanki gənclərlə - üzdəniraq cızmaqaraçılarla nisbətən yaşlı nəsil arasında bir uçurum yaranmışdı. Aydınlaşdı ki, bu millətin, vətənin, torpağın yiyəsi olduğu kimi, onun mənəviyyatının, əxlaqının keşikçisi də var. Bu missiyanı öz üzərinə götürən Heydər Əliyev açıq şəkildə bildirdi; heç bir kəsin haqqı yoxdur ki, mənəviyyatımızı bu dərəcədə kəskinliklə baltalasın.
On il öncə - 13 avqust 2001-ci ildə ümummilli lider Heydər Əliyevin milli-mənəvi dəyərlərlə bağlı verdiyi tarixi bəyanat həyatın bu vacib sahəsinə həqiqətən parlaq bir işıq saldı. Bu bəyanat əslində mənəviyyat dərsi idi ki, hamı öz məsuliyyətini, vəzifəsini dərindən anlasın. Bilinsin ki, vətəndaşlıq borcundan yuxarıda dayanan yoxdur və hər kəs birinci növbədə bu işi ləyaqətlə həyata keçirmək üçün öz mənəviyyatından, ailəsindən, ətrafından başlamalıdır. Ulu öndərin qətiyyətli xəbərdarlığı hər kəsə aydın surətdə anlatdı ki, demokratiya ilə anarxiyanı ya bilməzlikdən, ya da qəsdən dəyişik salanların yolu əyri döngələrdən keçir. Məhz belələrinə həyatın düz istiqamətini göstərmək vacibdir. Milli-mənəvi dəyərlərə sadiqlik insan əxlaqının əsas göstəricisidir. Bu məsələdə hər birimizin əməyi, fəaliyyəti mühüm əhəmiyyət kəsb edir.
Sovet dönəmində insanlar müəyyən hədlər, çərçivə və qadağa şəraitində yaşadığından göstərilən təzyiq və diktələri də anlayaraq saf-çürük edə bilirdilər. Bir fakt: ateizmin hökm sürdüyü şəraitə, məktəblərdə dinin əleyhinə müəyyən fənlərin tədrisinə baxmayaraq, keçmiş quruluşda heç bir göstəriş insanı varlığında dərindən möhkəmlənmiş adət-ənənəsindən uzaqlaşdırmamışdır. Nəsildən-nəslə ötürülərək bugünümüzə qədər yaşada bildiyimiz toy-düyünlərimizi, yas mərasimlərimizi, digər milli dəyərlərimizi heç bir qüvvə qəlbimizdən, həyatımızdan çıxara bilmədi. Xalqımız həmişə milli-mənəvi dəyərlərini qoruyub saxladı. Hətta ən çətin illərdə - repressiya dövründə belə mənəviyyatımızın keşiyində dayana bilmişdik. O ağır dövrləri düşünəndə indi vahimələnirsən. Bu, bəlkə də tarixi qəhrəmanlıq idi ki, xalqımız mənəviyyatının saflığını qoruya bildi. Bir tərəfdən məscidlər sökülürdü, digər tərəfdən də Allahımızı tanıyırdıq, dinimizdən xəbərdar idik. İnsanların bütün ovqatında halal və haram məsələsi öz təsirini göstərirdi. Elə bil ki, hər kəs milli-mənəvi dəyərlərimizə qarşı qəfil hücumun nə vaxtsa baş verəcəyini duyurdu.
Təbii ki, dünyada ən şirin nemətlərdən biri azadlıq sayılır. Uzun illər biz bu nemətin həsrətini çəkib nəhayət ki, ona qovuşduq. Təəssüf ki, bu bəxtiyarlığın içində ziddiyyətli məqamlarla da üzləşdik. Demokratiya ilə anarxiyanı qarışıq salanlar hələ də öz "yenilikçi" fikirlərini yaymaqda israrlıdırlar. Dünənə daş atıb, bugünün başaldadan, gözqamaşdırıcı şüarları ilə qürrələnmək, əslində sabahı görməmək, qaranlıq, müəmmalı, sonu bilinməyən bir yolun yolçuluğuna çıxmaq kimidir. Halbuki mənzil başını əvvəlcədən qətiləşdirməsən, yola çıxmağın əhəmiyyəti yoxdur. Bax, belə bir zamanda, 13 avqust 2001-ci il tarixdə ümummilli lider Heydər Əliyev məşhur bəyanatını verdi. Həmin bəyanatda ulu öndər qətiyyətlə bildirirdi: "Biz öz milli, mənəvi dəyərlərimizi, adət-ənənələrimizi, əxlaqi dəyərlərimizi bütün istiqamətlərdə qorumalıyıq, saxlamalıyıq və gənc nəsli illər boyu sınaqlardan keçmiş bu mənəvi-əxlaqi dəyərlər ruhunda tərbiyələndirməliyik".
Ümummilli lider mənəvi dəyərləri qorumağı bizdən ona görə qətiyyətlə tələb edirdi ki, bəzi gənclər ümumi dərdimizi unudaraq günlərini gecə klublarında, diskotekalarda keçirir, əxlaqdan uzaq adətlərə meyil göstərirdilər. Təəssüf doğuransa o idi ki, ətrafdakı insanlar da bu işlərə göz yumur, səhv hərəkət sahiblərinə düz yol göstərməkdə laqeydlik edirdilər. Ulu öndər qətiyyətlə deyirdi ki, heç kim "mənə nə" deməməlidir. Çünki bu, bizim ən ağır bəlamıza çevrilə bilər. Cəmiyyəti çürüdən, insanlığı məhv edən həmişə laqeydlik olub. Bu məmləkətin 20 faiz torpağı işğaldadırsa, bir milyondan artıq soydaşımız qaçqın və məcburi köçkün taleyini yaşayırsa, indi Ermənistan adlanan, əslində qədim yurd yerlərimiz əlimizdən gedibsə, bu problemləri yoluna qoymadığımız ağır zamanda mənəviyyatsızlığa yol vermək və bütün bunları necə biganə qarşılamaq olar?!
Tarix boyu şahidiyik ki, hər xalqın öz adət-ənənəsi, milli-mənəvi, eləcə də dini dəyərləri var. Bu mənəvi keyfiyyətləri qorumaq, onu miras kimi gələcək nəslə ötürmək müqəddəs borcdur. Laqeydlik yaramazlığın ən dəhşətli məqamıdır. Çünki məndən, səndən ötən daşlar hərlənib-fırlanıb yenə də özümüzə, vətənə, xalqa, onun mənəvi dəyərlərinə tuşlanacaq. Bizim hər birimiz bu torpağın övladıyıqsa, suyunu içib, havasını alıb, çörəyini yeyiriksə, onun qoynunda təmiz və mənalı yaşamağa borcluyuq. Etiraf edək ki, ulu öndər Heydər Əliyevin bu tarixi bəyanatına qədər cəmiyyətdə bir çaşqınlıq vardı. Bəzi mətbuat səhifələrində, əyləncə adı ilə fəaliyyət göstərən gecə klublarında və s. yerlərdə baş alıb gedən mənəviyyatsızlığın dərdini xalq içində çəkirdi. Narazılıq olsa da, kəskin etiraz etməyə sanki insanlarda taqət qalmamış, cürət yoxa çıxmışdı. Qəribədir ki, ziyalılar, həyat təcrübəsi olanlar da naşılardan çəkinirdilər. Çünki köhnəliklə "təzəlik" üz-üzə dayanmışdı. Hətta bəzən dünya görmüş yaşlı nəsil nümayəndəsi abır-həyasına sığınaraq xiffətlə fikirləşirdi: "Azadlıq budurmu?" Bu səbəbdən də Heydər Əliyevin məlum bəyanatının xüsusi əhəmiyyəti oldu. Bu, vaxtında xalqa edilmiş dəyərli bir müraciət idi. Ölkə başçısının qətiyyəti dumanlı fikirlərə aydınlıq gətirdi. Hər kəs dərindən anladı ki, Heydər Əliyev hansı müdrik ideyanın, əməlin sahibidir və ona arxalanaraq mübarizə aparmaq olar. Heydər Əliyev deyirdi: "Biz buna dözə bilmərik. Biz bunların hamısının qarşısını alacağıq". Bəli, bu bəyanat əslində vaxtında keçirilən mənəviyyat dərsi idi. İnsanlar öz məsuliyyətini, vəzifəsini anladılar. Qətiləşdirildi ki, vətəndaşlıq borcundan yuxarıda heç nə dayana bilməz.
O dövrdə bəzi mətbuat orqanlarında baş alıb gedən, əxlaqımıza, mentalitetimizə yad, milli-mənəvi dəyərlərimiz üçün təhlükə törədə biləcək yazı və fotoşəkillərə də ümummilli lider Heydər Əliyev çox kəskin münasibət bildirdi. Təəssüf ki, bu xoşagəlməz hallar bu gün də bəzi mətbuat səhifələrində, televiziya ekranlarında davam etməkdədir. Dünyanın qapısı üzümüzə açılandan sonra bizim bəzi "yenilikçilərimiz" xarici ölkələrdən çox yararsız, dəyərsiz işlər götürdülər. Əslində həmin məmləkətin vətəndaşları nədən imtina etmişdilərsə, bizimkilər onu sərbəstlik adı ilə öz oxucularına, Azərbaycan vətəndaşlarına sırımağa başladı və indi də bunu davam edirlər. İnsan gərək bir işə başlayanda görsün ki, bunu öz ailəsi üçün rəva bilir, ya yox! Ən dəhşətlisi odur ki, bu eybəcər yazıların müəllifləri, təşəbbüskarları, rəvac verənlərin əksəriyyəti Azərbaycan vətəndaşlarıdır. Ümummilli lider bəyan edirdi: "Ayrı-ayrı jurnallarda, qəzetlərdə pornoqrafiya səviyyəsində fotoşəkillər nümayiş etdirənlər nə düşünürlər? İndi ən inkişaf etmiş Avropa ölkələrində, Amerikada belə şeylər yoxdur". Namusu, qeyrəti ilə nümunə olan millətimizin arasında şərəfsizlərin peydası, çimərliklə ekranın, səhnənin dəyişik salınması, qəzet səhifələrində abır-həyanın gözlənilməməsi həqiqətən dözülməzdir. Bu bəyanatın dəyəri çoxdur. İllər ötdükcə ondan gələn ideyalardan bəhrələnərək bir daha əxlaqımıza, adət-ənənələrimizə, milli dəyərlərimizə ləkə gətirəcək hər bir məsələyə qarşı barışmaz olmalıyıq.
Əslində ümummilli lider Heydər Əliyev bu bəyanatı ilə bizim hər birimizin fəaliyyətində tətbiq edilməsi vacib olan əbədi proqram yaradıb. Bu bəyanatın hər bir cümləsində, kəlməsində müdrik fikir, kəlam var. Oxu, öyrən və tətbiq et!
Təəssüf ki, indi bəzi jurnal və qəzetləri vərəqləyəndə, ekranları bürümüş şoulara baxanda təəccüblənirsən. İnsan öz milli-mənəvi dəyərlərinə necə balta çala bilər?! Adlarını çəkməyə dilimiz dönməyən bir sıra jurnalları vərəqləyəndə dəfələrlə onun son səhifəsindəki ünvanını nəzərdən keçiririk. Çünki inana bilmirik ki, azərbaycanlı adlanan bir kimsə bu cür əxlaqsızlığa, mənəviyyatsızlığa xidmət edən dərgilərin nəşrinə rəvac verir. Ağrılı cəhət budur ki, həmin iyrənc qəzetlər o vaxt da çıxırdı, indi də. Bu işləri görən isə Azərbaycan vətəndaşlarıdır. Heydər Əliyevin bəyanatı bu gün də bizi düşündürməlidir. "Biz buna yol verə bilmərik" qətiyyəti hamımızın mübarizə silahı olmalıdır. Bu, hər şeydən əvvəl dövlətə, millətə xidmətdir, Heydər Əliyevə sədaqətdir. Unutmaq olmaz ki, ümummilli lider bizi əxlaqımıza, adət-ənənələrimizə, milli dəyərlərimizə ləkə gətirəcək hər bir məsələyə qarşı barışmaz olmağa çağırırdı. Öncə milli adət-ənənələrimizə, mənəvi dəyərlərimizə hörmətlə, diqqət və həssaslıqla yanaşmalıyıq. Ulu öndərin gözəl bir kəlamı da var: "Hər bir insan özü öz mənəviyyatını qorusun". Ədəbli, mənəviyyatlı, daxilən zəngin olan adam ətrafında baş verən hərc-mərcliyə, millətə ləkə gətirəcək düşüncəsizliyə, uçuruma apara biləcək hərəkətlərə laqeyd qala bilmir. Mütləq baş verən yaramazlığın qarşısını almağa çalışır, gücü çatmayanda həyəcan təbili çalır. Mətbuat səhifələrində, televiziya verilişlərində, mədəniyyət saraylarının səhnələrində, musiqili meydanlarda elə yaramazlıqlarla rastlaşırsan ki, bəzən insan gözlərinə inana bilmir. İnanmır ki, cavan bir qız "gözəlliyini" nümayiş etdirməkdən utanmır, 30-40 yaşında kişi bəsit, şit hərəkət və danışıqlarından xəcalət çəkmir. Bəzən heyrət edirsən ki, bir dəli quyuya daş atır, min "ağıllı" da bu qovğanın müzakirəsinə çalışır. Qərəzli fikirlər haqqı-ədaləti üstələyəndə, milli-mənəvi dəyərlər unudulanda fikirləşirsən: minillik töhməti boğazımıza keçirərək bu cür yaşamağa nə ad verək? Dünya xalqları bizim milli dəyərlərimizi, mədəniyyətimizi, adət-ənənələrimizi, mentalitetimizi, mətbəximizi öyrənməyə can atır və bundan da qürur hissi duyduğunu deyirlər. Bəlkə də Afrika cəngəlliklərində çılpaq gəzmək təəccüblü deyildir. Amma bu gün Bakının küçələrində qeyri-normal geyimlərdə cavanları gördükdə anlamaq olmur ki, bura Mozambikdir, yoxsa... Hər bir ölkənin öz qayda-qanunu var. Vətəndaşlar da ona sözsüz əməl etməlidirlər. Mənəvi dəyərlərin bəndləri, hökmləri çoxdur və onlar heç bir qanun kitabında yazılmır. Onun hər biri insan əxlaqının özündə əks olunur. Ümummilli lider məlum bəyanatında xalqımıza müraciətlə demişdir: "Hər bir insan vətəndaşlıq borcunu ən yüksək borc hesab etsin". Bizim bu qiymətli tövsiyəni yerinə yetirməməyə ixtiyarımız yoxdur! Vətəndaş olmalıyıq, biz buna borcluyuq!
Haqqımızda söylənilən bütün bu xoş sözlərin, marağın isə ünvanı bizim milli dəyərlərimizdir. Biz bunu niyə qiymətləndirməyək? Təəssüf ki, son illər bəzi gənclərin marağı başqa istiqamətlərə yönəldiyindən onların tarixdən, ədəbiyyatdan, xalqın maariflənməsi yolunda fədakarlıq göstərmiş şəxsiyyətlərimizdən xəbərləri yoxdur. İstər-istəməz bir sualın cavabını axtarmalı olursan: Həsən bəy Zərdabini, Mirzə Cəlili oxumayanlar millətin hansı mənəvi daşıyıcıları ola bilər?! Günahkar kimdir? Hər şeyin təməli beşikdən başlayır. Əlbəttə, bununla yanaşı, məktəb, ətraf mühit də əsas şərtdir. Gərəkdir ki, bütün hərəkətimizdə, iş-gücümüzdə müəyyən hədləri aşmağa meyilli olmayaq. Ümummilli lider on il öncə verdiyi bəyanatında birdəfəlik olaraq bizə anlatdı ki, milli-mənəvi dəyərlərə xəyanət etmək olmaz. Demokratiya anarxiya deyildir. Mənəviyyat üçün təhlükəli olan nə varsa, qarşısı mütləq alınmalıdır. Bu işdə valideynlərlə bərabər, müəllimlərin də, hüquq-mühafizə orqanlarının da üzərlərinə mühüm vəzifələr düşür. Əgər uşağın ilk tərbiyə verəni valideyndirsə, onu yetişdirən, formalaşdıran məktəbdir. Cəmiyyət hazır "məhsulu" qəbul edərək ona öz təsirini göstərir. Bunun da müsbət və mənfi tərəfləri var. Təbii ki, zəiflər mənfi, güclülər, mənəviyyatı zəngin olanlar müsbət dəyərlərə meyil edəcəklər. Nizami Gəncəvi deyirdi: "Kamil bir palançı olsa da insan, yaxşıdır yarımçıq papaqçılıqdan". Bu gün balalarımızı yarımçıq müəllimlərdən xilas etməliyik. Tərbiyə düzgün qurularsa, bilik mükəmməl verilərsə, hər kəs öz işinə vicdanla yanaşarsa, nəticə yaxşı olar.
Qətiyyətlilik həmişə qələbə gətirir. Minillik töhməti çiynimizə alaraq yaşamalı deyilik. Deyirlər ki, dəniz heç bir tullantını içində saxlamır. Ləpələr həmişə onu kənara, sahilə atır. Bizim millət də belədir. Onun saf və geniş köksünə ləkə salmaq olmaz. Həmişə keçmişimizlə öyünmüşük, sabahımıza inamla baxmışıq. Nə edəsən ki, bu sehrli torpaq çiçək də bitirir, alaq da. Bax, bizim hər birimiz ulu öndərin vəsiyyətinə əməl edərək gülüstanımızı o yad, gəlmə çayırlardan təmizləməliyik. İllər təsdiqlədi ki, Heydər Əliyev Azərbaycan mənəviyyatının əsl mənada mühafizəçisi idi. 2001-ci ilin avqustunda ulu öndərin milli dəyərlə bağlı verdiyi bəyanat həmişə təzə-tərdi və bu gün də fəaliyyətimizə işıq salmaqdadır. Millətimizi, gələcəyimizi düşünürüksə milli-mənəvi dəyərlərin qorunması ən vacib şərtlərdən hesab edilməlidir. Çünki insanı ucalığa aparan yol zəngin mənəviyyatdan keçir. Ulu öndərin bu məşhur bəyanatı əslində mənəviyyat dərsi oldu ki, biz öz məsuliyyətimizi, vəzifəmizi dərindən anlayaq. Bilək ki, vətəndaşlıq borcundan yuxarıda heç nə dayanmır. Hər kəs bu işi ləyaqətlə həyata keçirmək üçün birinci növbədə öz mənəviyyatından, ailəsindən, ətrafından başlamalıdır. Düz on ildir ki, Heydər Əliyevin qətiyyətli xəbərlarlığı yolumuza işıq salır.
Flora XƏLİLZADƏ
Azərbaycan.- 2011.-13 avqust.- S. 3.