Azərbaycan Mətbuat Şurası YUNESKO ilə birgə layihə həyata keçirir
Mətbuat Şurası (MŞ) YUNESKO ilə birgə "Azərbaycan jurnalistlərinin qlobal iqlim dəyişmələri sahəsində peşəkarlığının artırılması məqsədi ilə təlim proqramının hazırlanması" adlı növbəti layihənin icrasına başlamışdır.
Şuradan bildirmişlər ki, layihənin icraçı tərəfdaşları YUNESKO-nun Azərbaycan Milli MaB (İnsan və Biosfer) Komitəsi və Beynəlxalq Avrasiya Mətbuat Fondudur.
Mətbuat Şurasının sədri Əflatun Amaşov bildirmişdir ki, layihə qlobal iqlim dəyişmələrinin işıqlandırılmasında jurnalistlərin peşəkarlığının artırılmasına və əhalinin elmi yolla ekoloji maarifləndirilməsinə xidmət edəcəkdir. Şura sədri demişdir ki, MŞ və YUNESKO-nun "İnsan və Biosfer" Azərbaycan Milli Komitəsi YUNESKO-nun Moskva ofisi ilə 2010-cu ilin sentyabrından 2011-ci ilin aprelinədək daha bir layihə həyata keçirmişdir. Layihə "İqlim dəyişikliklərinə dair məsələlərin əhatə olunmasının keyfiyyətinin yaxşılaşdırılması məqsədi ilə yayım jurnalistləri üçün təlim" mövzusunu əhatə etmişdir.
YUNESKO-nun Azərbaycan üzrə Milli Komissiyası layihənin uğurla reallaşmasında yaxından iştirak etmişdir. Layihə çərçivəsində teleradio jurnalistləri üçün Bakıda üçgünlük konfrans-seminar keçirilmiş, "İqlim dəyişmələri və ekoloji stabillik" adlı kitabça nəşr edilmiş və www.mediaclimate.org saytı istifadəyə verilmişdir.
Layihənin idarə olunması birgə razılıq əsasında Beynəlxalq Avrasiya Mətbuat Fonduna həvalə edilmişdir.
Layihədə əsas hədəf təlim proqramının hazırlanmasıdır. Proqramın tərtibində YUNESKO-nun media üçün təlim vəsaitlərinə istinad olunacaq, ölkədə media treninqlərinin xüsusiyyətləri və milli təhsil strategiyasının uyğun müddəalarını özündə əks etdirən tədris modulları da nəzərə alınacaqdır. Bu proqram mediaya təlim keçən qurumlar üçün əyani vəsait olacaqdır.
Şura sədri mütəxəssislərin iştirakı ilə layihənin icra mexanizmi və metodologiyasını hazırlamaq üçün MŞ-da müzakirələr aparıldığını, bu məqsədlə materiallar toplandığını da vurğulamışdır. O bildirmişdir ki, bu ilin sentyabrında media, elm və tədris müəssisələrinin nümayəndələri, həmçinin universitetlərin jurnalistika fakültələrinin tələbələri ilə birgə proqramın konsepsiyası müzakirə olunacaqdır. Noyabrda isə təlim proqramının təqdimatının keçirilməsi planlaşdırılır. Təlim proqramının ingiliscə variantının nəşri də nəzərdə tutulmuşdur.
Layihənin icrası bu ilin dekabrında başa
çatacaqdır.
Azərbaycan.- 2011.- 13 avqust.- S. 3.