"Azərbaycan" qəzetinin internet saytı yeniləndi

 

Qloballaşma prosesinin geniş vüsət aldığı dünyada dinamik inkişafı səciyyələndirən əsas göstəricilərdən biri də informasiya-kommunikasiya texnologiyalarının (İKT) tətbiq olunma dərəcəsidir. Müasir dünyanın ayrılmaz bir hissəsi olan Azərbaycanda da İKT-nin inkişafı prioritet sahələrdən biridir və bu, informasiyalı cəmiyyətin formalaşması prosesinə böyük töhfələr verir. Digər tərəfdən informasiya və kommunikasiya texnologiyalarının yüksək templərlə tərəqqisi insanların həyat tərzinə ciddi təsir göstərərək onun əhəmiyyətli dərəcədə dəyişməsinə gətirib çıxarır. İnsanların informasiyaya çıxış imkanları daha da artır, onların informasiya mənbələri ilə bağlı seçim imkanları genişlənir.

Dövrün tələblərinə uyğun olaraq texnoloji yeniliklərin aparıcı qüvvəsi olan informasiya-kommunikasiya texnologiyaları ölkəmizdə son illərdə sürətlə inkişaf edərək iqtisadiyyatdan tutmuş idarəetmə, təhsil, səhiyyə və digər sferaların ayrılmaz tərkib hissəsinə çevrilib. İKT-nin inkişafına xüsusi önəm verən Prezident İlham Əliyev demişdir: "Biz ölkəmizin gələcək inkişafını elmi-texniki tərəqqinin və informasiya texnologiyalarının inkişafında görürük. Mən ölkəmizin gələcəyini informasiya-kommunikasiya texnologiyaları olmadan təsəvvür edə bilmirəm".

Ölkə həyatının bütün aparıcı sahələrinin texnoloji modernləşdirilməsini həyata keçirmək, elmi potensialı dayanıqlı inkişafın əsas resurslarından birinə çevirən innovasiya sisteminin balanslaşdırılmış strukturunun formalaşdırılması istiqamətində də ölkəmizdə kifayət qədər böyük əhəmiyyətli işlər  görülməkdədir. Bu istiqamətdə atılan mühüm addımlardan biri sürtəli internetin tətbiqi dairəsinin genişləndirilməsi, eyni zamanda onun vasitəsi ilə informasiyaya çıxışın asan və təkmil hala gətirilməsidir. 

Fəaliyyətində informasiya-kommunikasiya texnologiyalarının tətbiqindən geniş şəkildə istifadə edən "Azərbaycan" qəzeti bununla geniş oxucu auditoriyası ilə təmaslarını daha da sıxlaşdırır. Həmçinin oxucuların ən müxtəlif mövzular üzrə səhih məlumatlar əldə etməsinə geniş imkanlar yaradır. Qəzetin internet saytının daha da təkmil hala gətirilərək çoxminli auditoriyaya təqdim edilməsi də bunun daha bir real təzahürüdür. Yüksək zövqlə, nəfis şəkildə hazırlanan saytdan oxucuların daha asan şəkildə istifadə etməsinə xüsusi diqqət yetirilib. Qürur mənbəyimiz olan üçrəngli bayrağımızın daim dalğalanan forması sayta xüsusi gözəllik gətirir. Bundan başqa yeni saytda rubrikaların sayı əvvəlkindən fərqli olaraq 14-dən 10-na endirilib. Lakin müəyyən rubrikalar üzrə bölmələr əlavə olunub ki, bu da oxucuların istədikləri məlumatları sayt üzrə daha tez tapmasına yardımçı olur. Daha bir mühüm yenilik dərc edilən qəzetin ilk səhifəsinin fotoşəklinin saytda yerləşdirilməsidir və bu təcrübədən dünyanın əksər nüfuzlu media orqanları istifadə edir. Axtarış, arxiv sistemi üzrə də dəyişikliklər edilib və onların tərtibi daha yüksək zövqlə həyata keçirilib.

"Xəbər lenti" adlı bölmədə oxucular ən son informasiyalarla tanış olmaq imkanı əldə edirlər. Yeni saytda ilk dəfə olaraq fotoxronika bölməsi də yaradılıb. Saytda yerləşdirilən müxtəlif linklər vasitəsilə müxtəlif internet portallarına çıxış əldə etmək mümkündür. Artıq fərqli dizaynda oxucularının görüşünə gələn "Azərbaycan" qəzetinin internet səhifəsinin təkmilləşdirilməsi prosesi bundan sonra da davam etdiriləcək.

Baş tutan yenilik də "Azərbaycan" qəzetinin dövlət müstəqilliyinin bərpasının 20 illiyi ilə bağlı gerçəkləşdirdiyi layihə çərçivəsindədir.

 

 

Azərbaycan.- 2011.- 13 avqust.- S.  3.