Qahirədə
"Azərbaycan günü" keçirilmişdir
Azərbaycan Respublikasının Misir Ərəb Respublikasındakı (MƏR) səfirliyindən daxil olmuş məlumatda bildirilir ki, Azərbaycanın müstəqilliyinin 20 illiyi ilə bağlı İSESKO-nun rabitə və ictimaiyyətlə əlaqələr üzrə eksperti Salah Əlcəfəravinin, Misirin ictimai-siyasi, mədəniyyət və din xadimlərinin, işgüzar dairələrin və gənclərin iştirakı ilə Qahirədə "Azərbaycan günü" keçirilmişdir.
Tədbir çərçivəsində bu ölkənin "Nil" peyk televiziya kanalı Azərbaycan ilə bağlı bir saatlıq veriliş hazırlamış və efirə vermişdir. Verilişdə ölkəmizin MƏR-dəki səfiri Ş.Abdullayev və Salah Əlcəfəravi çıxış etmiş, "Mən Azərbaycan haqqında nə bilirəm?" inşa müsabiqəsinin qalibləri kimi Azərbaycana səfər etmiş misirli gənclər təəssüratlarını bölüşmüşlər. Ş.Abdullayev Azərbaycanın müstəqillik tarixi, Şərqin ilk demokratik respublikası olan Azərbaycan Xalq Cümhuriyyətinin yaranması və tənəzzülü, 1991-ci ildə Azərbaycanın müstəqilliyini bərpa etməsi və müstəqilliyinin ilk illərindən Ermənistanın Azərbaycana qarşı yürütdüyü təcavüzkar siyasəti, belə bir çətin vəziyyətdə Azərbaycan xalqının təkidi və israrlı xahişi ilə Heydər Əliyevin siyasi hakimiyyətə qayıtması, bununla da Azərbaycanın müasir tarixində yeni bir mərhələnin başlanması haqqında televiziya tamaşaçılarına məlumat vermişdir.
Səfir Heydər Əliyevin irsinə sadiq qalaraq, Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycanın ictimai-siyasi həyatın, iqtisadiyyatın, mədəniyyət və incəsənətin bütün sahələrində uğurlar qazandığını və sürətli inkişafını qeyd etmişdir.
Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi barəsində ətraflı danışan səfir Ermənistanın Azərbaycana təcavüzü, etnik təmizləmə siyasəti və xüsusilə Xocalı faciəsi haqqında televiziya tamaşaçılarına məlumat vermişdir.
S.Əlcəfəravi çıxışında Azərbaycanın tarixən İslam mədəniyyətinin inkişafında mühüm rol oynadığını qeyd edərək, Ermənistanın Azərbaycana təcavüzü, Xocalı faciəsi və Ermənistan tərəfindən Azərbaycanın işğal olunmuş ərazilərində İslam mədəniyyət abidələrinin məhv edilməsi məsələlərinə diqqəti çəkmişdir.
"Mən Azərbaycan haqqında nə bilirəm?" inşa müsabiqəsinin qalibləri kimi Azərbaycana səfər etmiş misirli tələbələr Azərbaycan xalqının yüksək mədəniyyətə, qonaqpərvərliyə, zəngin mədəni irsə malik olduğunu qeyd etmiş və Ermənistanın Azərbaycana təcavüzü, Xocalı faciəsi barəsində Misir gəncləri və ictimaiyyəti arasında məlumatlandırmanın artırılması işinə töhfələrini verəcəklərini, bu məqsədlə müxtəlif tədbirlər təşkil edəcəklərini bildirmişlər.
"Azərbaycan günü"ndə
nümayiş etdirilmiş və Azərbaycanın tarixi, mədəniyyəti,
incəsənəti, Ermənistanın Azərbaycana təcavüzü
və Xocalı faciəsi, Azərbaycan xalqının
ümummilli lideri Heydər Əliyevin siyasi fəaliyyəti və
Prezident İlham Əliyevin rəhbərliyi altında
müasir Azərbaycanın inkişafından bəhs edən sənədli
film veriliş zamanı bir daha ekrana gətirilmişdir.
Azərbaycan.- 2011.- 13 avqust.- S. 3.