Dağlıq Qarabağ münaqişəsi haqqında ingilis dilində yeni sənədli film çəkilib

 

Dağlıq Qarabağ münaqişəsi haqqında ingilis dilində çəkilmiş "Kimdir günahkar?" sənədli filmi yaxın günlərdə ictimaiyyətə təqdim olunacaqdır.

AzərTAc xəbər verir ki, bu layihə Azərbaycan Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı əsasında həyata keçirilir. Məqsəd erməni vandallarının xalqımıza qarşı törətdikləri vəhşilik aktları barədə həqiqətləri dünya ictimaiyyətinə çatdırmaqdır.

Filmdə faktlar əsasında göstərilir ki, iki Cənubi Qafqaz ölkəsi arasında münaqişə 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranmışdır. Azərbaycan torpaqlarının 20 faizi, yəni Dağlıq Qarabağbu əraziyə bitişik yeddi rayon Ermənistan silahlı qüvvələrinin işğalı altındadır. 1994-cü ildə tərəflər atəşkəs rejiminə dair razılaşma əldə etmişlər və o vaxtdan bəri ATƏT-in Minsk qrupunun himayəsi altında, Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə hələ də nəticəsi olmayan sülh danışıqları aparılır.

BMT Təhlükəsizlik Şurasının Dağlıq Qarabağ və ətraf rayonların azad edilməsinə dair qəbul etdiyi 4 qətnaməni Ermənistan bu günədək yerinə yetirməmişdir.

 

 

Azərbaycan.- 2011.- 13 avqust.- S. 5.