"Həmkarlar ittifaqlarının kampaniyaları və onlara səmərəli informasiya dəstəyi" mövzusunda regional konfrans başa çatmışdır
Avqustun 12-də Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası (AHİK) və Beynəlxalq Həmkarlar İttifaqı Konfederasiyasının (BHİK) Pan Avropa Regional Şurasının təşkilatçılığı ilə həmkarlar ittifaqları gənclərinin ikigünlük regional konfransı başa çatmışdır.
AzərTAc xəbər verir ki, konfransın ikinci günü AHİK-in Gənclər Şurasının sədri Tural Süleymanov, Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının hüquq şöbəsinin rəhbəri Mehman Mehmanov və başqaları Azərbaycanda aparılan gənclər siyasətindən, gənclərin sosial hüquqlarının qorunması, onların həmkarlar ittifaqı hərəkatında rolundan danışmışlar.
Bildirilmişdir ki, Azərbaycan Prezidenti İlham Əliyevin göstərişi ilə təkcə paytaxtda deyil, ölkənin bölgələrində yaşayan gənclərin də dövlət idarəçilik sistemində fəal iştirakının təmin edilməsi məqsədilə bir çox tədbirlər həyata keçirilir. Azərbaycan gənclərinin fəal vətəndaş kimi cəmiyyətin sosial və siyasi inkişafında iştiraklarına şərait yaratmaq məqsədilə regionlarda "Gənclər evi" yaradılır.
Konfransda gənclərin iş təcrübələri, onların fəaliyyət günlərinin səmərəli keçirilməsi, qruplarla iş sistemi və s. mövzularla bağlı müzakirələr aparılmışdır. Sonda müzakirələrlə bağlı fəaliyyət planı qəbul olunmuşdur.
Regional konfransda Azərbaycan ilə
yanaşı, Rusiya, Gürcüstan, Ukrayna, Moldova, Belarus və
digər ölkələrin həmkarlar ittifaqlarının gənc
liderləri iştirak etmişlər.
Azərbaycan.- 2011.-13 avqust.- S. 5.