Sumqayıt həqiqətləri"nin təqdimatı

 

Ermənilərin "ssenari"si əsasında hazırlanan və 1988-ci ilin fevralında  Sumqayıtda törədilmiş qanlı hadisələrdən bizi 23 ildən artıq bir zaman kəsiyi ayırır. Həmin hadisələr zamanı öncədən görünməyən tərəflər sonradan aydınlaşır, ermənilərin Sumqayıtda törətdikləri cinayət tam çılpaqlığı ilə üzə çıxır. Bu faktlar istintaq proseslərində artıq tam sübuta yetirilmişdir. Ermənilər qarşılarına qoyduqları məkrli məqsədə çatmaq üçün hər cür vəhşilikdən, terrordan, insanlığa yaraşmayan qanlı cinayətlərdən, hətta öz millətinin belə qanını tökməkdən çəkinməyiblər.

Bu günlərdə "Azərikimya" İstehsalat Birliyinin akt zalında kimyaçıların və şəhər ziyalılarının - elm, təhsil, mədəniyyət nümayəndələrinin iştirakı ilə fəlsəfə elmləri doktoru, respublikanın əməkdar müəllimi Həsən Sadıqovun və filologiya elmləri doktoru Ramazan Məmmədovun Sumqayıtın dünənini və bu gününü, həmçinin 1988-ci ilin fevral hadisələrinin törənmə səbəblərini,  erməni fitnəkarlığını və xəyanətkarlığını  əks etdirən ikicildlik "Sumqayıt həqiqətləri" kitabının təqdimat mərasimi keçirilmişdir.

Bir vaxtlar beynəlmiləl şəhər kimi tanınan, müxtəlif millətlərin nümayəndələrinin yaşayıb-çalışdığı Sumqayıtın sosial-iqtisadi, demoqrafik inkişafını kifayət qədər dolğunluqla əks etdirən fakt və məlumatların toplandığı, SSRİ-nin süqutuna aparan həmin dövrün xaotik siyasi mənzərəsini yaradan əsər haqqında tədbir iştirakçılarına qısa informasiya verilmişdir.  Sumqayıtla bağlı erməni  təbliğat maşınının bu günöz fəaliyyətini iftirauydurmalar əsasında geniş davam etdirməsi, bunun qarşısının alınması üçün həm ölkə daxilində, həm də xaricdə ideoloji mübarizəni gücləndirməyin vacibliyi tədbir iştirakçılarının diqqətinə çatdırılmışdır.

Sumqayıtın yaranma tarixinin, onun sosial-iqtisadi, mədəni inkişafının ilk tədqiqatçısı olaraq şəhərin beynəlmiləlçilik ənənələrini təbliğ edən professor H.Sadıqov və onun həmkarı professor R.Məmmədov kitab üzərində işləyərkən erməni millətçilərinin hələ şəhər yenicə salınmağa başlarkən xalqımızın genofonduna, onun sağlam gələcəyinə qarşı yönəldilmiş fitnəkar əməllərini üzə çıxardıqlarından danışmış, SSRİ-nin erməni mənşəli neft-kimya sənayesi nazirinin insan həyatı üçün ən təhlükəli olan istehsalatların bilərəkdən Sumqayıtda inşa edilməsinə qərar verməsinin xalqımıza qarşı çoxmərhələli bioloji genosid planının tərkib hissəsi olduğunu diqqətə çatdırmışlar.

Tədbirdə çıxış edən "Azərikimya" İstehsalat Birliyi Müşahidə Şurasının sədri, Milli Məclisin deputatı Muxtar Babayev sumqayıtlı alimlərin erməni ideologiyasının ifşasına yönəldilmiş əsərlərinin xüsusi əhəmiyyətindən danışmış, bu istiqamətdə daha geniş aparmağın vacibliyini qeyd etmişdir. O bildirdi ki, ümummilli lider Heydər Əliyevin uzaqgörən siyasəti erməni iftiralarının qarşısını aldı. Bu gün isə ölkə başçısının qətiyyəti nəticəsində ermənilərin terror planları iflasa uğrayır. Azərbaycan Respublikası son illərdə siyasiiqtisadi baxımdan özünün dünya birliyindəki yerini möhkəmləndirib, regionda inkişafını yalnız daxili imkanları hesabına təmin edən yeganə dövlətə çevrilib. Sürətlə modernləşərək qarşıya qoyduğu strateji hədəflərə yetişən respublikamız özünəməxsus milli inkişaf modeli ilə müasir dünyanın yeni iqtisadi fenomeninə çevrilmək niyyətini əzmkarlıqla həyata keçirir.

 

 

Akif ƏLİYEV

 

Azərbaycan.- 2011.- 13 avqust.- S.  6.