Şeyxülislam
müqəddəs Ramazan ayı münasibətilə
iftar süfrəsi
açmışdır
Azərbaycan Prezidenti İlham Əliyev
iftar mərasimində iştirak etmişdir
Xəbər
verdiyimiz kimi, avqustun 12-də Qafqaz Müsəlmanları
İdarəsinin sədri Şeyxülislam Allahşükür
Paşazadə müqəddəs Ramazan ayı münasibətilə
öz iqamətgahında iftar süfrəsi
açmışdır.
Azərbaycan
Prezidenti İlham Əliyev iftar mərasimində iştirak
etmişdir.
Əvvəlcə
Şeyxülislam Allahşükür Paşazadə yeni iqamətgahda
aparılan inşaat işlərinin gedişi barədə
Prezident İlham Əliyevə məlumat verdi. Bildirildi ki,
tikintisinin gələn il başa çatdırılması nəzərdə
tutulan bu iqamətgahda dindarların ibadəti və dini mərasimlərin
keçirilməsi üçün hər cür şərait
yaradılacaqdır.
İftar
mərasimi Qurani-Kərimdən ayələrin və Ramazan
duasının oxunması ilə başladı.
Mərasimdə
Şeyxülislam Allahşükür
PAŞAZADƏ çıxış edərək dedi:
-
Bismillahir-rəhmanir-rəhim!
Möhtərəm
cənab Prezident İlham Əliyev həzrətləri!
Hörmətli
din xadimləri, səfirlər, qonaqlar!
Sizin bu müqəddəs ayın cümə günündə iftar mərasimimizdə iştirak etməyiniz mənim üçün çox xoşdur. Bu, həm də Allaha xoş gedən bir işdir. Çünki bu ay müqəddəs Ramazan ayıdır. Quranın nazil olduğu bu ay bağışlanılan, ruzi-bərəkət diləyi edilən, ruhlar azad olunan bir aydır. Onun üçün də bizim bugünkü iftar mərasimimiz ənənə halına çevrilmişdir. Möhtərəm Prezident həzrətlərinin dəvətimizi qəbul edib bu mərasimdə iştirakı bizim üçün çox xoşdur. Biz möhtərəm Prezidentə minnətdarlığımızı bildiririk.
Bu gün Azərbaycan dövlətində çox işlər görülür. Prezident həzrətlərinin də çox mühüm işləri vardır. Buna baxmayaraq, hörmətli Prezidentimizin milli-mənəvi dəyərlərimizə qiymət verərək bu gün bizimlə bərabər olması həm də xalqımıza, millətimizə, dinimizə, milli ənənəmizə verdiyi böyük bir qiymətdir. Əlbəttə, bu ənənənin də təməlini ulu öndərimiz Heydər Əliyev qoymuşdur. Allah-taala ulu öndərimiz Heydər Əliyev həzrətlərinə rəhmət etsin. Bu gün Azərbaycan onun qoyduğu təməl üzərində bütün sahələrdə uğurla irəliləyir və inkişaf edir. Bu gün Azərbaycan təkcə Qafqazda deyil, bütün dünya miqyasında tanınan mühüm dövlətlərdən birinə çevrilmişdir. Bu da Prezident İlham Əliyev həzrətlərinin apardığı düzgün siyasətin nəticəsidir.
Allah-taala, əlbəttə, insanlara yaşamaq üçün sərvətlər vermişdir. Allah-taala bizə də çoxlu sərvətlər vermişdir. Bu sərvətlərimiz içərisində insanlığa, mənəviyyatımıza, mədəniyyətimizə verilən qiymət ən mühümüdür. Abidələrimizi qorumaq, onları bərpa etmək, gələcək nəsillərə çatdırmaq bizim əsas vəzifələrimizdən biridir.
Bu gün Azərbaycan tərəqqi yolundadır və gələcəkdə də, inşallah, inkişaf edəcəkdir. Bugünkü nəsil gələcəyin qurucularıdır və mən inanıram ki, inşallah, Azərbaycan xalqının inkişafı hələ gələcəkdədir. Mən buna inanıram, çünki Həzrəti Əli əleyhissəlam buyurub ki, siz övladlarınızı gələcək üçün öyrədin və gələcəyi onlara öyrədin. Çünki onlar gələcəyin insanlarıdır. Bu gün iqtisadi və siyasi həyatımızla bərabər mənəvi dünyamız da inkişaf edir. Bu, göz qabağındadır. Biz Dünya Dini Liderlərinin Sammitini Azərbaycanda keçirmək istəyəndə buna çoxları inanmırdı. Müxtəlif dinlərə mənsub görkəmli xadimlərin, patriarxların bu sammitdə bir araya gəlmələri çox mühüm hadisə idi. Dostum, katolikos patriarx İlya həzrətlərinin, yaxın dostum və qardaşım Ümumrusiya patriarxı Kirill həzrətlərinin, Vatikanın nümayəndəsinin və dünyanın digər dini liderlərinin - həm müsəlman, həm qeyri-müsəlman dini liderlərin sammitdə iştirakı Azərbaycanda mənəvi dəyərlərin qorunmasına yüksək qiymət verilməsinin təsdiqi idi.
Azərbaycan sürətli inkişafla bərabər, həm də əmin-amanlığın, bərabərliyin təcəssüm tapdığı bir ölkədir. Mədəniyyətlərarası Dialoq Forumunun və digər humanitar konfransların ölkəmizdə keçirilməsi bir daha göstərir ki, Azərbaycan öz mənəvi dəyərlərinə çox böyük qiymət verir.
Sovet hakimiyyəti dövründə bizim cəmi 18 məscidimiz var idi. Müstəqilliyimizin 20 ili ərzində isə onların sayı 850-ni ötüb, daha 250-dən yuxarı məscid qeydiyyat ərəfəsindədir. Təkcə bu faktın özü son 20 ildə Azərbaycanın mənəvi həyatında nə qədər irəliləyişin olduğunu təsdiq edir. Azərbaycanda fəaliyyət göstərən ənənəvi dinlərin nümayəndələrinə də eyni səviyyədə diqqət və qayğı göstərilir. Bunu mərasimimizdə iştirak edən qardaşlarımız, ənənəvi dinlərin liderləri - həm katolik, həm pravoslav kilsələrinin, həm xristian, həm yəhudi icmalarının nümayəndələri təsdiq edirlər. Azərbaycanda bütün sahələrdə yeniliklərin şahidiyik.
Bu yaxınlarda Prezident həzrətləri "Dini etiqad azadlığı haqqında" qanunda dəyişikliklər edilməsi barədə qanunu təsdiq etmişdir. Qanunda əksini tapmış dəyişikliklərdən biri də xaricdə yaşayan azərbaycanlıların mənəvi dəyərlərini qoruyub saxlamaları üçün əcnəbi ölkələrdə Qafqaz Müsəlmanları İdarəsinin nümayəndəliklərinin açılması barədə müddəadır. Bu, bir daha sübut edir ki, Prezident həzrətlərimiz bütün dünya azərbaycanlılarının milli-mənəvi dəyərlərinin inkişafına çox böyük önəm verir.
Azərbaycan sürətlə inkişaf edir və bu inkişaf mənəvi həyatda da özünü göstərir. Ona görə də dövlət mənəvi dəyərlərlə, dini etiqad azadlığı ilə bağlı qanunlara da yenidən baxmalı, dindarların həyatını yaxşılaşdırmaq üçün tədbirlər görməlidir və bunu da edir. Ona görə də mən Qafqaz müsəlmanları, bütün dindarlar adından Prezident həzrətlərinə dərin minnətdarlığımı bildirirəm.
Prezident həzrətləri müsəlman ölkələrinin səfirlərini qəbul edərkən multikulturizm haqqında çox qiymətli fikirlər söylədi. Dedi ki, insanlar bir-birinə yaxın, bir-biri ilə ünsiyyətdə olmalıdırlar. Dinlər arasında dialoq olmalıdır. İnsanları Allah-taala yaradıb və Qurani-Şərifdə buyurur ki, mən sizi yaratdım, bir-birinizlə danışın, dil, elm öyrənin, bir-birinizi tanıyın. Ona görə də bu gün Azərbaycanın apardığı siyasət, vicdan azadlığı, din-dövlət münasibətləri siyasəti, dinlər, mədəniyyətlər arasında dialoq çox vacib məsələdir və Allahın buyurduğu hikmətlərə xidmət edir. Bu çox müqəddəs məsələdir, həm də Qurani-Şərifdə Allahın buyurduğu məsələlərdən biridir.
Əlbəttə, mən bir misal
da gətirmək istərdim. Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyeva bu yaxınlarda çıxışında dedi
ki, bütün dualarımız bir Tanrıyadır, bir Allaha dua edirik.
Amma bəzi insanların bəd əməlləri,
məsələn, bir
keşişin Quranı
yandırması bütün
dinlərə hörmətsizlikdir.
Bu gün biz bəzi
Qərb dövlətlərində
islamofobiyanın olmasını
görürük. Bu, bəşəri dəyərlərlə
bir araya sığmayan məsələdir.
Halbuki insanlar bütün dinlərə, bütün
əqidələrə, o cümlədən
müqəddəs kitablara
- Qurana da, İncilə də, Tövrata da hörmətlə yanaşmalıdırlar.
Azərbaycanda dini ənənə, tolerantlıq deyə bilərəm ki, dünyada bir örnəkdir. Bizim yüzdən yuxarı
dövlətlə əlaqələrimiz
vardır. Biz xarici ölkələrdə
konfranslarda, görüşlərdə
iştirak edəndə
ölkəmiz haqqında,
Azərbaycanın tolerantlığı,
din-vicdan azadlığının
təmin edilməsi sahəsində görülən
işlər barədə
ürəkdolusu danışırlar.
Amma uğurlarımızı
həm ölkə daxilində, həm də xaricdə gözü götürməyən
qüvvələr də
vardır. Xüsusən erməniləri, Ermənistanı, qəsbkarları
müdafiə edən
qüvvələr vardır.
Əlbəttə, biz yolumuzdan dönən
deyilik. Bizim yolumuz həqiqət
yoludur. Mən bir din xadimi kimi inanıram ki, Prezident həzrətlərinin
qətiyyəti, müdrik
siyasəti sayəsində,
inşallah, münaqişə
sülh yolu ilə həll ediləcək, torpaqlarımız
tezliklə işğaldan
azad olacaq, şəhidlərimizin qanı
yerdə qalmayacaqdır.
Allah onlara rəhmət
etsin.
Bu gün bu mərasimdə görüşməyimizə
çox sevinirik. Qafqaz Müsəlmanları
İdarəsinin Gürcüstan,
Dərbənd, Mahaçqala
üzrə nümayəndələri
də aramızdadır.
Deyə bilərəm ki, bu gün Azərbaycan
bir mənəvi mərkəzə, məkana
çevrilmişdir. Bu,
Prezidentimizin, dövlət
rəhbərlərimizin dini
dəyərlərə gözəl
münasibətinin nəticəsidir.
Siz buraya gələndə yarımçıq
binanı gördünüz. Mən Prezident
həzrətlərini ailəsi
ilə birlikdə gələn ilin müqəddəs Ramazan bayramı ərəfəsində
həmin binanın açılışına dəvət
edirəm. Ümidvaram ki,
inşallah, Allah-taala bizə həmin məsələni də nəsib edəcək və həmin günlərədək Qarabağ
problemimiz də həllini tapacaqdır.
Mən Sizə
bir daha "Xoş gəlmisiniz!" deyirəm, möhkəm cansağlığı arzulayıram. Arzu edirəm
ki, Allah-taala bütün şəhidlərə,
dünyadan gedənlərə
rəhmət etsin, qardaşım, dostum, ulu öndərimiz Heydər Əliyev həzrətlərinin ruhu
şad olsun. Bu müqəddəs günlər ruhların şad olan günləridir.
Allah-taala bütün
analara rəhmət etsin. Allah-taaladan
anamız Zərifə
xanıma da rəhmət diləyirəm.
Allah-taala dünyamıza
xoşbəxtlik, səadət
nəsib etsin. Mən bir din xadimi kimi, ancaq bunları
dua edə bilərdim və arzu edirəm ki, Azərbaycan daha da çiçəklənsin.
Arzu edirəm ki, Azərbaycan daha da inkişaf etsin, Prezidentimiz İlham Əliyev həzrətlərinin rəhbərliyi
ilə dünyada ən önəmli, ən qabaqcıl dövlətlərdən birinə
çevrilsin.
Sizə cansağlığı arzulayıram. Sizə bu
mərasimə gəldiyinizə,
iftarımızı şərəfləndirdiyinizə
görə minnətdarlığımı
bildirirəm. Nə niyyətləriniz
varsa, Allah-taala qəbul etsin. Çox sağ
olun.
* * *
Rus Pravoslav
Kilsəsinin Bakı və Xəzəryanı Yeparxiyasının rəhbəri
ALEKSANDR Azərbaycanda tolerantlığın
hökm sürdüyünü
və dövlətlə
din arasında münasibətlərin
nümunəvi xarakter
daşıdığını vurğuladı. O, respublikamızın
dinlərarası dialoqa
sanballı töhfələr
verdiyini dedi. Azərbaycanın siyasi, iqtisadi
sahədə mühüm
nailiyyətlər qazandığını
deyən Aleksandr ölkədə pravoslav əhalisinin də böyük hörmət,
diqqət və qayğı ilə əhatə olunduğunu bildirdi. O, bütün
xalqımıza rifah və çiçəklənmə
arzuladı.
* * *
Azərbaycan Dağ Yəhudiləri
İcmasının sədri
Semyon İXİİLOV azərbaycanlılar
ilə yəhudilər
arasında tarixən dostluq münasibətlərinin
olduğunu dedi. O, respublikamızda bütün
millətlərin mehriban
ailə kimi yaşadığını, heç
vaxt antisemitizmlə qarşılaşmadıqlarını söylədi. S.İxiilov
Ermənistan-Azərbaycan, Dağlıq
Qarabağ münaqişəsinin
ölkəmizin ərazi
bütövlüyü çərçivəsində
həllinə tərəfdar
olduqlarını bildirdi.
* * *
Roma Katolik Kilsəsinin Azərbaycandakı ordinarisi
Vladimir FEKETE ölkəmizdə tolerantlığın hökm
sürməsi ilə bağlı ulu öndər Heydər Əliyevin siyasətinin indi də uğurla
davam etdirildiyini dedi və Prezident
İlham Əliyevə
dərin təşəkkürünü
bildirdi. Vladimir Fekete 2011-ci ildə Azərbaycan-Vatikan münasibətlərində
əlamətdar dövr
olduğunu söylədi
və qeyd etdi ki, tərəflər
arasında imzalanan əməkdaşlıq sazişi
ikitərəfli münasibətlərdə
mühüm mərhələ
olacaqdır.
* * *
Alban-udin dini icmasının sədri
Robert MUBİLİ ölkəmizin udin icmasının salamlarını çatdırdı. O, min illərdir
Azərbaycanda sülh
və əmin-amanlıq
şəraitində yaşayan,
dünyada fenomen etnos kimi tanınan
udinlərin bu gün də öz dini-mənəvi dəyərlərini qoruyub
saxladığını bildirdi.
Qeyd etdi ki, bu
gün Nic tolerantlığın
ən gözəl məkanlarından biri kimi tanınır və həm dövlət başçısının,
həm də Heydər Əliyev Fondunun Nicdə həyata keçirdiyi tədbirlər ölkənin
udin icmasına olan hörmətin bariz nümunəsidir.
* * *
Azərbaycan Prezidenti İlham Əliyev iftar mərasimində çıxış
etdi.
(Dövlətimizin başçısının
çıxışı qəzetin
bugünkü nömrəsində
dərc olunur).
* * *
Şeyxülislam Allahşükür Paşazadə
Prezident İlham Əliyevə xoş sözlərinə görə
təşəkkür etdi.
* * *
Sonra iftar süfrəsi açıldı.
AzərTAc
Azərbaycan.- 2011.- 14 avqust.- S. 2.