İdmanın sürətli yüksəliş dövrü

 

Müstəqilliyin ilk illərində ölkəmizin düşdüyü böhranlı vəziyyət və laqeyd münasibət digər sahələr kimi idman komplekslərinin dağılmasına, tanınmış idmançılarımızın başqa dövlətlərin bayraqları altında beynəlxalq yarışlarda iştirakına, ölkənin idman potensialının məhvinə gətirib çıxarmışdı.

Özünü bütün sahələrdə qabarıq göstərən ideoloji-siyasi, iqtisadi böhran səbəbindən idman siyasəti tamamilə diqqətdən kənarda qalmışdı. Hələ sovetlər dövründə qazandığı müvəffəqiyyətlərlə məşhurlaşmış adlı-sanlı, perspektivli idmançılarımızın böyük əksəriyyəti dözülməz şərait ucbatından Azərbaycanı tərk etmək məcburiyyətində qalmışdır. İdmana tarixən marağın güclü olduğu ölkəmizdə vəziyyətin belə acınacaqlı hala düşməsi gənclərin qeyri-sağlam həyat tərzinə, zərərli vərdişlərə aludəçiliyinə, bir sözlə, mənəvi aşınmasına səbəb olur, müharibə şəraitində yaşayan məmləkətdə fərariliyin çoxalmasına rəvac verirdi. Həmin dövrdə ulu öndər Heydər Əliyevin vaxtilə xalqına ərməğan etdiyi idman kompleksləri baxımsızlıq üzündən dağıdılmış, dəryada batan gəmini xatırladan idmanımız taleyin ümidinə buraxılmışdı.

Ümummilli lider Heydər Əliyevin 1993-cü ildə xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışından sonra ölkədə idmana da münasibət kökündən dəyişdi. İdmanın inkişafı dövlət siyasətinin prioritetinə çevrildi. Çox qısa zamanda həyata keçirilən mühüm tədbirlərin nəticəsi olaraq idmançılarımız tədricən möhtəşəm qələbələrə imza atdılar. İlk dəfə 1996-cı il Atlanta Olimpiadasına 23 nəfər idmançı ilə qatılan Azərbaycanın 197 ölkə arasında 61-ci yeri tutması idmanımızın beynəlxalq olimpiya hərəkatında ilkin nailiyyəti idi.

Heydər Əliyevin Azərbaycanın idman siyasətinin həyata keçirilməsi sahəsindəki xidmətləri əvəzsizdir. Ulu öndər idmançıların cəmiyyət həyatındakı rolunun artması, özlərinə layiqli yer tutmaları üçün qayğısını əsirgəməmişdir. Dövlətin idman siyasətinin həyata keçirilməsi üçün 1994-cü ildə Heydər Əliyevin fərmanı ilə Gənclər və İdman Nazirliyi yaradılması da həmin qayğının təzahürü idi. Bu mənada, 1994-cü ili respublikanın idman həyatında dönüş ili adlandırmaq olar. 1995-ci il martın 5-də Heydər Əliyev yeni bir fərman imzaladı. Fərmana əsasən, Azərbaycan Respublikası əhalisi arasında sağlam həyat tərzinin təbliği və bədən tərbiyəsinin maddi-texniki bazasının inkişaf etdirilməsi, bu sahədə ümumxalq yardımının təşkil olunması məqsədilə gənclərin idmana marağını artırmaq və Azərbaycan idmanının beynəlxalq miqyasa çıxmasına real zəmin yaratmaq üçün Azərbaycan Prezidenti yanında Fond yaradıldı.

Ulu öndər Heydər Əliyev Azərbaycanda idmanın kütləviliyinə nail olmaq, bədən tərbiyəsi və idmanı geniş coğrafi məkanda inkişaf və təbliğ etdirmək, yüksək nailiyyətlər qazanmaqdünya şöhrətli idmançılar hazırlamaq üçün bu sahə ilə birbaşa məşğul olan qurumlar qarşısında konkret vəzifələr qoymuşdu. İdmanın inkişafı üçün həyata keçirilməli əsas tədbirlər sırasına mövcud idman bazalarının, stadionların, meydança və zalların qorunması, bərpası və təyinatı üzrə istifadəsinin təmin edilməsi, yeni idman bazalarının, meydançaların, stadion və zalların tikilməsi, zəruri avadanlıqla təchizatı, idman klublarının açılması, mütəxəssislərin yetişdirilməsi, ölkə birinciliklərinin və digər yarışların keçirilməsi, idmançılarımızın beynəlxalq yarışlarda iştirakının təmin edilməsi, yüksək nəticələr qazananlara diqqət və qayğı göstərilməsi, Azərbaycanda beynəlxalq yarışların keçirilməsi, uşaq və yeniyetmələrin daha geniş miqyasda idmana cəlb olunması daxil edilmişdi. Çox qısa zamanda həyata keçirilən mühüm tədbirlərin nəticəsi olaraq idmançılarımız tədricən möhtəşəm qələbələrə imza atdılar və üçrəngli bayrağımız beynəlxalq arenalarda dalğalanmağa başladı. Heydər Əliyev idmanın, bədən tərbiyəsinin inkişafını hər bir sivilizasiyalı xalqın ali ideallarının təcəssümü olmaqla yanaşı, həm də dövlətin beynəlxalq nüfuz və mövqelərinin təntənəsi kimi qiymətləndirirdi. Ulu öndər Azərbaycan idmanının dövlətimizin imicinin möhkəmlənməsində, dünyada tanınmasında müstəsna rolunu önə çəkərək deyirdi: "İdman, bədən tərbiyəsi xalqın sağlamlığı ilə bağlı olan mühüm sosial sahədir. Azərbaycan bayrağı dünyada, demək olar ki, iki dəfə qaldırılır. Bu, bir Azərbaycanın dövlət başçısı hər hansı ölkəyə gələrkən və bir də idmançılarımız beynəlxalq yarışlarda çempion adını qazanarkən baş verir. Azərbaycan himni səslənir, dövlət bayrağı qaldırılır".

Ulu öndər Heydər Əliyevin idman sahəsində həyata keçirdiyi siyasət 1997-ci ildən yeni mərhələyə qədəm qoydu. Rəhbərlik etdiyi sahələrdə uğurlara imza atan cənab İlham Əliyevin Milli Olimpiya Komitəsinin prezidenti seçilməsi idman sahəsində həyata keçirilən dövlət siyasətinin yeni şəraitdə gerçəkləşməsinə böyük imkanlar açdı. İdmançılara dövlət qayğısı ilə yanaşı, idmanın maddi-texniki bazasının möhkəmləndirilməsi istiqamətində mühüm işlərə start verildi. 2000-ci ildən etibarən Azərbaycanın bölgələrində müasir tipli olimpiya idman kompleksləri tikilib istifadəyə verilməyə başlandı.

Cənab İlham Əliyevin MOK prezidenti seçilməsindən sonra Azərbaycan beynəlxalq olimpiya hərəkatına daha fəal qoşularaq öz idman potensialını nümayiş etdirdi. Buna 2000-ci il Sidney Olimpiya Oyunlarını misal göstərmək olar. İki qızıl və bir bürünc medalla ölkəmiz 199 ölkə arasında 34-cü yeri tutdu. Azərbaycan Milli Olimpiya Komitəsi həm də respublikada beynəlxalq yarışların əsas təşkilatçılarından biri oldu. MOK prezidentinin müraciəti ilə 1999-cu ildə boks üzrə yeniyetmələr arasında Avropa çempionatı ilk dəfə Azərbaycanda keçirildi. Bu çempionatın yüksək səviyyədə təşkil olunması və keçirilməsi Beynəlxalq Həvəskar Boks Assosiasiyasının diqqətini cəlb etdi. Yeniyetmələr arasında boks üzrə ilk dünya çempionatının 2001-ci ildə Bakıda keçirilməsi barədə qərar qəbul olundu.

2002-ci ilin martında qadın voleybol komandaları arasında Avropa top-komanda kubokunun final mərhələsinə də Bakı ev sahibliyi etdi. Voleybol üzrə final mərhələsi yarışlarının keçirilməsində Milli Olimpiya Komitəsinin böyük rolu oldu. Buna görə Milli Olimpiya Komitəsinin prezidenti Avropa Voleybol Konfederasiyasının xüsusi mükafatı ilə təltif edildi. 2002-ci ilin mayında yaşlılar arasında sərbəst güləş üzrə 45-ci Avropa çempionatına da Bakı ev sahibliyi etdi. Onun da təşkilində Milli Olimpiya Komitəsinin müstəsna rolu oldu. Çempionat dövründə şəhərimizə gəlmiş qonaqlar Bakıda daha böyük miqyaslı yarışların keçirilməsinə hər cür imkanın olduğunu dönə-dönə qeyd etdilər.

Xalqımızın fiziki-mənəvi sağlamlığına çalışan cənab İlham Əliyev Azərbaycanın Prezidenti seçildikdən sonra da idmanın inkişafını diqqətdə saxlayır, respublikamızın idman imicinin yüksəlməsinə çalışır. Ötən 7 ildə Azərbaycan beynəlxalq olimpiya hərəkatında ciddi tərəfdaşa çevrilib. 2004-cü il Afina və 2008-ci il Pekin Olimpiya oyunlarında qazanılan uğurlar bunu deməyə əsas verir. Respublikamız Afina Olimpiya Oyunlarında 1 qızıl və 4 bürünc medalla  202 iştirakçı dövlət arasında 37-ci yeri tutdu. 2008-ci il Pekin Olimpiya Oyunlarında isə komandamız Azərbaycanın qədim idman ənənəsinə malik ölkə olduğunu bir daha bütün dünyaya nümayiş etdirdi.

Prezident İlham Əliyevin ölkəmizin kompleks inkişafına xidmət edən siyasi xəttinin konturları həm də idman infrastrukturunun möhkəmlənməsi, genişlənməsi, yeniləşməsi və bu sahənin inkişafına xidmət edən digər tədbirlərlə müşayiət olunur. Dövlət başçısı İlham Əliyev Azərbaycanın hər yerində idmanla məşğul olmaq üçün müasir tələblərə cavab verən idman infrastrukturunun formalaşdırılmasını mühüm vəzifələrdən biri kimi müəyyənləşdirib. Ötən illərdə Gəncədə, Naxçıvanda, Şəkidə, Qubada, Şamaxıda, Lənkəranda, Qazaxda, Bərdədə, Bakının Maştağa kəndində və digər bölgələrdə 30 olimpiya idman kompleksi tikilmişdir. Hətta cəbhə xəttinin bir neçə kilometrliyində, Ağdamın Quzanlı qəsəbəsində möhtəşəm idman qurğusu idmançılarımızın istifadəsinə verilmişdir. Prezident İlham Əliyevin respublikanın bölgələrinə hər səfəri ya idman komplekslərinin açılışı, ya da təməlinin qoyulması ilə əlamətdar olur.

Bu gün uğurlu idman siyasətinin nəticəsi olaraq Azərbaycan dünyanın idman ictimaiyyəti tərəfindən ciddi tərəfdaş, idmançılarımız isə əsas rəqib kimi qəbul olunurlar. Ölkəmizin qısa müddətdə idman sahəsində əldə etdiyi nailiyyətlər Beynəlxalq Olimpiya KomitəsininAvropa Olimpiya Komitəsinin rəhbərliklərinin diqqətindən yayınmayıb. Məhz beynəlxalq idman təşkilatlarının istəyi ilə Azərbaycanda onlarla olimpiya lisenziyalı beynəlxalq turnirlər, mötəbər yarışlar, dünyaAvropa çempionatları keçirilib. Prezident İlham Əliyevin Olimpiya oyunları və Bakıda keçirilən beynəlxalq turnirlər zamanı idmançılarımızın çıxışlarını birbaşa zalda izləməsi isə onlara göstərilən ən böyük mənəvi dəstəkdir.

2009-cu il Azərbaycanda idmanın inkişafı, ölkəmizin beynəlxalq Olimpiya hərəkatında öz yerini daha da möhkəmləndirməsi baxımından  əlamətdar olmuşdur. 2009-cu il Olimpiya oyunlarından keçən birinci il idi. Adətən Olimpiya oyunlarından sonra idmançılarda müəyyən mənada arxayınçılıq meyilləri güclənir. Eyni zamanda, istirahətə daha çox üstünlük verilir. Buna baxmayaraq, 2009-cu ildə idmançılarımız 180 dünya, 228 Avropa çempionatı və birinciliklərində ölkəmizi layiqincə təmsil etmiş, çox gözəl nəticələr göstərmişlər. Bunlara misal olaraq idmançılarımızın Ermənistanda cüdo üzrə Avropa, Serbiyada şahmat üzrə Avropa, Finlandiyada güləş üzrə dünya, Litvada güləş üzrə Avropa, Bakıda bədii gimnastika üzrə AvropaKanadada avarçəkmə üzrə dünya çempionatlarındakı nəticələrini qeyd etmək olar.

Şahmat üzrə yığma komandamız Serbiyada Avropa çempionu tituluna sahib çıxdı. Komandamızın heyətində yer alan Vüqar Həşimov, Teymur Rəcəbov, Şəhriyar Məmmədyarov, Qədir HüseynovRauf Məmmədov rəqiblərini üstələyərək qızıl medallara sahib çıxdılar. Bu qələbə komanda idmanı növlərində Azərbaycanın ilk ciddi uğuru kimi tarixə düşdü. Şahmatçılarımızın qələbəsi həm də Azərbaycanın intellektual potensialının göstəricisidir.

Ermənistanda keçirilən gənc cüdoçuların Avropa çempionatında iştirak edən 5 idmançımızın hamısı fəxri kürsüyə yüksəlmişdir. Elmar Qasımov isə bütün rəqiblərinə qalib gələrək himnimizi İrəvanda səsləndirmişdi.

Danimarkanın Herninq şəhərində keçirilən yunan-Roma güləşi üzrə dünya çempionatında Olimpiya çempionu Fərid Mansurov birinci yerə çıxaraq ikiqat dünya çempionu adını qazandı. Ümumiyyətlə, həmin il güləş komandamız dünya miqyasında komanda hesabında birinci olmuşdur. Bu da böyük nailiyyətdir. Nəzərə alsaq ki, dünyada güləş çox populyar idman növüdür və yarışlarda 100-dən artıq ölkəni təmsil edən idmançılar iştirak edirdi, bu, həqiqətən də tarixi qələbədir.

Kanadada keçirilən avarçəkmə üzrə dünya çempionatında Azərbaycan komandası uğurla çıxış etmişdir. Demyanenko qızıl, Sergey Bezuqlıy-Maksim Prokopenko cütlüyü gümüşbürünc medallar qazanmışlar. Beləliklə, ilk dəfə olaraq Azərbaycan idmançıları avarçəkmə idman növü üzrə də tarixi nailiyyətlərə imza atmışlar.

2010-cu ildə də idmançılarımız dünya və qitə miqyaslı yarışlarda uğurlu çıxışlarını davam etdirmişlər. Aprelin 13-18-də Bakıda güləş üzrə Avropa çempionatı keçirildi. Turnirə 36 ölkədən 383 güləşçi qatılmışdı. Milli komandamız qitə birinciliyində 21 pəhləvanla təmsil olunmuşdu. Sərbəst, yunan-Roma və qadın güləşçilərimiz 10 medal qazandılar ki, onun 7-si qızıl, 2-si gümüş, 1-i isə bürünc idi. Qızıl medalları sərbəst güləşdə Mahmud Məhəmmədov, Cəbrayıl Həsənov, Xetaq Qazyumov, qadın güləşində Sona Əhmədli, Nadejda Sementsova, yunan-Roma güləşində isə Elçin Əliyev və Həsən Əliyev qazandılar.

Yunan-Roma güləşində Elvin Mürsəliyev və sərbəst güləşdə Şərif Şərifov "gümüş", Çamsulvara Çamsulvarayev "bürünc" nəticə göstərdilər.

Pəhləvanlarımızın bu nailiyyəti bir daha sübut etdi ki, ölkədə güləş məktəbi öz gözəl ənənələrini qoruyub saxlayır və ona görə də bu qələbələr təsadüfi xarakter daşımır, güləş idmanın ən populyar növlərindən biri olaraq qalır. Güləşçilərin qazandıqları uğurları cənab Prezident İlham Əliyev də yüksək dəyərləndirmişdir. Dövlət başçısı çempionatdan sonra qitə birinciliyinin qalibi olmuş idmançıları, onların məşqçilərini və Milli Güləş Federasiyasının rəhbərliyini qəbul etmiş, qazanılmış böyük qələbə münasibətilə onları ürəkdən təbrik etmişdir: "Bu, doğrudan da, böyük uğurdur, böyük qələbədir, Avropa çempionatında 10 medal qazanmaq böyük nailiyyətdir. Artıq bir neçə ildir ki, güləşçilərimiz Avropadünya çempionatlarından böyük qələbələrlə Vətənə qayıdırlar. Bu gün Azərbaycan güləşçiləri dünya miqyasında ən güclülərin sırasındadırlar."

Ötən il aprelin 25-dən mayın 4-dək Bakıda gənclər arasında boks üzrə dünya çempionatı keçirildi. Birincilikdə 96 ölkədən 500 idmançı iştirak edirdi. Bu turnir Sinqapurda keçiriləcək Yeniyetmələrin I Yay Olimpiya Oyunlarına vəsiqə qazanmaq üçün yeganə lisenziyalı çempionat idi.

Boksçularımız dünya birinciliyində yüksək nəticə göstərdilər. Onlar arasında qızıl medala Salman Əlizadə və Şaban Şahpələngov layiq görüldülər. Adını mükafatçılar sırasına yazdıran digər həmyerlimiz isə çempionatı üçüncü yerdə başa vurmuş Elvin İsayev idi. Hər üç boksçumuz Sinqapur Olimpiadasına lisenziya qazandı.

Çempionatın yekunlarına görə aktivində iki qızıl və bir bürünc medal olan komandamız ikinci yeri tutdu.

İyunun 5-12-də Rusiyanın paytaxtı Moskvada boks üzrə Avropa çempionatı keçirildi. Boksçularımızdan 48 kq çəki dərəcəsində mübarizə aparan Elvin Məmişzadə ikinci yerin sahibi oldu. O, finala kimi Rusiya komandasının üzvü David Ayrapetyan və Ermənistan təmsilçisi Hovanes Danielyan üzərində qələbə qazanmışdı. Elvin yarımfinalda Danielyanı 8:1 hesabı ilə məglub etmişdi.

2010-cu il iyulun 16-18-də Bakı yeni bir idman həyəcanı yaşadı. Heydər Əliyev adına İdman-Konsert Kompleksində ümummilli liderin xatirəsinə həsr olunmuş güləş üzrə "Qızıl Qran Pri" beynəlxalq turnirinin final mərhələsi keçirildi. Dünyanın 35 ölkəsindən 350-yə yaxın idmançının iştirak etdiyi turnirdə güləşçilərimizdən Cəbrayıl Həsənov, Nauruz TemrezovXetaq Qazyumov qızıl, Emin Əzizov, Cəmaləddin Maqomedov gümüş, Çamsulvara Çamsulvarayev, Şərif Şərifov, Regina Yarova və Əli İsayev bürünc medal qazandılar.

Ötən ilin avqust ayı ölkəmiz üçün daha əlamətdar oldu. Həmin ayın 14-26-da Sinqapurda Yeniyetmələrin I Yay Olimpiya Oyunları keçirildi. Milli komandamızın heyətində güləşçilərdən Murad Bazarov, Elman Muxtarov, Patimat Baqometova, Əli Maqomedabirov, ağır atlet Nicat Rəhimov qızıl, boksçular Salman Əlizadə və Elvin İsayev gümüş, güləşçimiz Kənan Quliyev isə bürünc medala yiyələndilər.

204 ölkədən 3600 idmançının qatıldığı turnir Azərbaycan yığması üçün uğurlu oldu. Belə ki, Olimpiadada 12 nəfərlə iştirak edən komandamız medal qazanan ölkələrin siyahısında 11-ci yeri tutaraq ABŞ, Almaniya, Böyük Britaniya və digər ölkələri geridə qoydu. Yeri gəlmişkən, yığmamız keçmiş SSRİ ölkələrindən yalnız RusiyaUkraynadan geri qaldı. Komandamız Avropa ölkələri arasında 6-cı nəticəni göstərdi.

Prezident İlham Əliyev Olimpiadada yüksək nəticə göstərmiş idmançıları, onların məşqçilərini və idman mütəxəssislərini qəbul edərkən dedi: "Bu, həqiqətən, böyük qələbədir, Azərbaycan idmanının təntənəsidir. Bu, həqiqətən, böyüktarixi nailiyyətdir. Azərbaycan artıq dünyanın aparıcı idman ölkələrinin sırasındadır. Bu qələbə onu göstərir ki, Azərbaycanda idmanın inkişafı üçün çox böyük işlər görülmüşdür. Hər bir Olimpiya oyunları idman sahəsində tarixi bir mərhələdir. Bu oyunlar isə yeniyetmələrin birinci oyunlarıdır. Siz artıq öz adlarınızı bu şanlı tarixə yazdırmısınız".

Sentyabrın 6-12-də güləşçilərimizin yeni qələbə sədaları Moskvadan gəldi. Rusiyanın paytaxtında sərbəst, qadın və yunan-Roma güləşi üzrə böyüklər arasında dünya çempionatı keçirildi. Uğurlu çıxışları ilə yaddaqalan idmançılarımız 2 qızıl, 2 gümüş və 3 bürünc medal qazandılar. Yunan-Roma güləşində Həsən Əliyev və sərbəst güləşçilərdən Xetaq Qazyumov çempionatı qızıl medalla başa vurdular. Yuliya RatkeviçToğrul Əsgərov gümüş, Vitali Rəhimov, Zəlimxan Hüseynov və Cəbrayıl Həsənov bürünc medala layiq görüldülər. Ümumi komanda hesabında sərbəst güləş üzrə yığmamız ikinci, yunan-Roma güləşi üzrə üçüncü oldu.

Ümumiyyətlə, son 5 ildə idmançılarımız müxtəlif beynəlxalq yarışlarda toplam 2583, o cümlədən 927 qızıl, 709 gümüş və 947 bürünc medal qazanmışlar. 2010-cu ildə beynəlxalq turnirlərdə 206-sı Olimpiya idman növləri üzrə olmaqla 675 medal əldə edilmişdir və onların 85-i qadınlara məxsusdur. Medalların 182-si dünya çempionatlarında, 97-si Avropa çempionatlarında, 83-ü dünya kuboku yarışlarında qazanılmışdır.

Cari ilin birinci yarısında da idmançılarımız mühüm nailiyyətlər əldə etmişlər. Onlar beynəlxalq yarışlarda 68 Olimpiya idman növü üzrə 103 medal qazanmışlar. Bu medalların 24-ü qızıl, 30-u gümüş, 49-u bürüncdür.

Ölkədə komanda idman növlərinə də dövlət tərəfindən diqqət günü-gündən artmaqdadır. Bunlardan biri də ən populyar idman növü futboldur. Hazırda ölkə futbolunun inkişafı istiqamətində ardıcıl tədbirlər görülür. Milli çempionatda mübarizə aparan komandaların maddi-texniki bazası xeyli yaxşılaşdırılmışdır. Təkcə paytaxtda deyil, bölgələrdə də yeni-yeni stadionlar inşa edilir. Elə iki ay bundan əvvəl Mərdəkan qəsəbəsində "Dalğa Arena" stadionu istifadəyə verildi.

Ölkə futbolunun 100 illik yubileyinin qeyd olunduğu gün idmanımızın tarixində əlamətdar gün kimi yadda qalmışdır. Çünki həmin gün paytaxtda möhtəşəm stadionun - Bakı Olimpiya stadionunun təməli qoyuldu. Prezident İlham Əliyevin iştirak etdiyi tədbir dövlətin idmana qayğı və dəstəyinin əyani təzahürü idi.

İki-üç il ərzində tikilib istifadəyə veriləcək stadion ölkədə ən böyük, ən müasir futbol arenası olacaq. 65 min tamaşaçı üçün nəzərdə tutulanbütün beynəlxalq standartlara cavab verən Bakı Olimpiya stadionu nəinki Azərbaycanın, həm də Cənubi Qafqazın ən möhtəşəm stadionu olacaq. Yeni stadionda müxtəlif funksiyalı tribunalar, qaçış zolağı və digər infrastruktur inşa ediləcək. Tikinti işləri Beynəlxalq Tikinti Standartına (İBC), UEFA və FİFA standartlarına, eləcə də Azərbaycanın inşaat normativlərinə uyğun aparılacaq. Stadionun təməlqoyma mərasimində FİFA-nın və UEFA-nın prezidentlərinin iştirak etməsi də təqdirəlayiq hal idi.

Şübhə yoxdur ki, idman ölkəmizdə gələcəkdə daha da inkişaf edəcək və idmançılarımız Azərbaycana yeni-yeni uğurlar qazandıracaq. Çünki ulu öndər Heydər Əliyevin ölkədə bədən tərbiyəsi və idmanın inkişafı sahəsində gördüyü genişmiqyaslı tədbirlər Azərbaycanı dünyaya idman ənənələri olan ölkə kimi də tanıtdırdı. Bu istiqamətdə görülən işlərin yeni mərhələdə Prezident İlham Əliyev tərəfindən daha da genişləndirilməsi uğurlarımızı artırmaqdadır.

 

 

Elçin CƏFƏROV

 

Azərbaycan.- 2011.- 14 avqust.- S. 4.