Azərbaycan və ABŞ arasında gömrük xidməti sahəsində əməkdaşlığın perspektivləri müzakirə olunmuşdur

 

Dövlət Gömrük Komitəsinin (DGK) sədri, gömrük xidməti general-leytenantı Aydın Əliyev ABŞ-ın ölkəmizdəki səfiri Mətyu Brayzə ilə görüşmüşdür.

DGK-nın mətbuat xidmətindən AzərTAc-a bildirmişlər ki, Aydın Əliyev Azərbaycan ilə ABŞ arasında bütün sahələr üzrə əməkdaşlığın yüksələn xətlə inkişaf etdiyini diqqətə çatdırmışdır. O, səfirə müstəqil Azərbaycanın gələn il 20 yaşını qeyd edəcək gömrük xidmətinin keçdiyi inkişaf yolu barədə məlumat vermişdir.

Müstəqilliyin ilk illərində mürəkkəb ictimai-siyasi vəziyyətin gömrük sisteminin inkişafına mane olduğunu,  yalnız xalqımızın ümummilli lideri Heydər Əliyevin hakimiyyətə yenidən qayıdışından sonra respublikamızda hər bir sahədə, o cümlədən gömrük sistemində də əsl canlanmanın müşahidə edildiyini vurğulanmışdır. 1995-ci ildə DGK rəhbərliyində aparılan kadr islahatlarından sonra gömrük xidmətinin fəaliyyətində ciddi dönüşün yarandığı, qazanılmış nailiyyətlərin məhz xalqımızın ümummilli lideri Heydər Əliyevin adı ilə bağlı olduğu bildirilmişdir.

Bu gün Azərbaycanda dünya standartlarına uyğun gömrük xidməti formalaşdırıldığını diqqətə çatdıran komitə sədri vurğulamışdır ki, Prezident İlham Əliyevin müvafiq sərəncamı ilə təsdiq olunmuş "Azərbaycan Respublikası gömrük sisteminin 2007-2011-ci illərdə inkişafına dair Dövlət Proqramı"na əsasən, gömrük sisteminin inkişafı daha da sürətləndirilmiş, onun normativ hüquqi və maddi-texniki təminatı yaxşılaşdırılmış, fəaliyyəti təkmilləşdirilmişdir.

Qanunvericilik bazasının möhkəmləndirilməsinə daim xüsusi önəm verildiyini deyən komitə sədri DGK-da Avropa İttifaqı və BMT-nin İnkişaf Proqramı tərəfindən "Azərbaycan Gömrük Xidmətinin təkmilləşdirilməsi" layihəsi çərçivəsində Azərbaycan Respublikasının Gömrük Məcəlləsinin yeni layihəsinin hazırlandığını və Milli Məclisin müzakirəsinə təqdim olunduğunu, yeni məcəllə layihəsinin üçüncü oxunuşda qəbul edildiyini bildirmişdir.

Ətraflı məlumata görə təşəkkürünü bildirən Mətyu Brayzə ABŞ hökumətinin strateji müttəfiq kimi Azərbaycan ilə əməkdaşlığa çox böyük önəm verdiyini qeyd etmiş, iki ölkə arasında istər siyasi, istərsə də  iqtisadi münasibətlərin hazırkı durumundan məmnunluqla söhbət açmışdır. Səfir əlaqələrin daha da genişləndirilməsi üçün diplomatik fəaliyyəti müddətində əlindən gələni əsirgəməyəcəyini bildirmişdir. Yeni Gömrük Məcəlləsinin qəbulunu Azərbaycan gömrük xidmətinin modernləşməsi və inkişafı yolunda atılan növbəti uğurlu addım kimi dəyərləndirən amerikalı diplomat məcəllənin qüvvəyə mindikdən sonra icrası ilə bağlı məsələlərdə ölkəsinin hər cür yardıma hazır olduğunu diqqətə çatdırmışdır.

Görüşdə tərəfləri maraqlandıran məsələlərlə bağlı fikir mübadiləsi aparılmışdır.

 

 

Azərbaycan.- 2011.-14  avqust.- S.  4.