Gəncənin cənnətməkan guşəsi

 

"Xan bağı nəinki Gəncə üçün, bütün Azərbaycan üçün çox əziz və doğma bir yerdir. Sadəcə olaraq, gəzinti üçün, istirahət üçün bağ deyil, bizim milli tarixi sərvətimizdir".

 

İlham ƏLİYEV

 

"Xan bağı" Gəncənin düz mərkəzində yerləşir. Bu yaraşıqlı mədəniyyət və istirahət mərkəzi Cavad xanın adı ilə bağlıdır. Cavad xan təbiət vurğunu idi. Bağmanda onun 52 hektar bağı var idi. Səfərə gedən tacirlərə nadir ağacları sifariş verir, əcnəbi qonaqlar da hədiyyə olaraq ona müxtəlif ağac və gül tingi gətirərdilər. Bağın bir hissəsi 1588-ci ildə türk sərkərdəsi Fərhad paşanın ucaltdığı Gəncə qalasının yanına kimi gəlib çıxırdı. O qalanın ki, Cavad xanın ruslara qarşı mərdanə vuruşu burada olub. Ona görə də Qafqaz canişini M.S.Vorontsov Gəncə qalası ilə bərabər Xan bağını da yer üzündən silmək istəyirdi.

Bu məqsədlə 1847-ci ildə Vorontsovun təşəbbüsü ilə Xan bağının ayağında təqribən altı hektar sahədə sonralar Sərdar bağı adlanan şəhər parkının bünövrəsi qoyulur.

Rus əsilli İqnati adlı Gəncə memarı şəhərin baş planını hazırlayır. Hər yer dağıdılır, sökülür. Guya bu səfalı guşədə "Avropasayağı kvartal" salınırdı. Həmin baş plan 1873-cü ildə şəxsən imperator II Aleksandr tərəfindən təsdiq olunur.

Məqsəd aydın idi. Gəncə qalası tamamilə məhv edildi. Tarixi "Xan bağı" Sərdar bağına çevrildi. 1860-cı ildə ona dekorativ görkəm verildi, mərkəzi hissədə çinar xiyabanı salındı. Şərqşünas Bartold onu "Cənubi Rusiyanın ən gözəl bağı" hesab edirdi. 1897-ci ildə həmin bağın bir yanında qırmızı kərpicdən Zemstvo idarəsi üçün yaraşıqlı bir bina da tikildi. 1899-cu ildə şəhər Zemstvo idarəsinin təşəbbüsü ilə bu təzə bağ yenidən quruldu. Həmin bağda şəhərin seçmə adamları üçün konserttamaşalar verilər, rəqs axşamları keçirilər, kütləvi gəzintilər olardı. Ötən əsrin əvvəllərində Əsgər adlı Gəncə xanəndəsi ən çox bu parkda konsert verərmiş. Sonra  bura Bülbül də gəlib, Sidqi Ruhulla da, Üzeyir bəy də, Məşədi Cəmil Əmirov da.

"Xan bağı" bir zamanlar İsrafil Məmmədovun oylağı olub.  İsrafil Məmmədov Sovet İttifaqı Qəhrəmanı adını alanda Səməd Vurğun burada çıxış edib. Qəhrəmanla şəkil çəkdirib. Xalq artisti Ələddin Abbasov deyir ki, sonralar elin qəhrəman oğlu bu bağda millətimizə dodaq büzən yadellilərə neçə yol "coğrafiya dərsi" verib. İ.Məmmədov həyatdan köçəndə məhz elə bu bağda torpağa tapşırıldı. İndi burada qəhvəyi qranitdən qəhrəmanın abidəsi ucalır... Bu yerlər ağacgül cinslərinin növ zənginliyinə görə Gəncənin Nəbatat bağı sayıla bilər. Burada nadir tapılan bitki cinsləri - Himalay sidri, yapon əzgili, Eldar şamı, hind qozu, bambuk, sərv ağacları və s. qayğı ilə mühafizə edilir. Yeddi hektar sahəni əhatə edən "Xan bağı" zəngin təbiət muzeyi, gəncəlilərin sevimli mədəniyyət və istirahət parkıdır.

Ölkə həyatının hər sahəsinə xüsusi diqqət yetirən Prezident İlham Əliyev "Xan bağı"nda da yenidənqurma işlərinin aparılması üçün tapşırıqlar vermişdi. Gəncə səfəri zamanı "Xan bağı"nı gəzən dövlət başçısı dedi ki, burada yaradılan gözəllik, abadlıq məni və əminəm ki, bütün gəncəliləri ürəkdən sevindirdi.

Yaraşıqlı xiyabanlar salınıb, körpülər, keçidlər düzəldilib, istirahət guşələri yaradılıb, su hovuzları, fəvvarələr qurulub, yay teatrı bərpa olunub.    "Xan bağı" təkcə gözəllik məskəni deyil, həm də şəhərin saf iqliminin mərkəzidir. Yayda qızmar günəşin, qışda soyuq küləklərin qarşısını alır. İlin hər fəslində gözəl, günün hər çağında səfalı, cazibədardır Gəncənin bu cənnətməkan guşəsi.

Bir sözlə, "Xan bağı" bu yerlərin əsl gözəllik simvoludur. İndinin özündə də gözəldir, yaraşıqlıdır, möhtəşəmdir. Lakin Gəncə yenidən qurulur. Hər yan şəhərsalmanın müasir tələblərinə uyğun olaraq təzələnir, daha da gözəlləşir. Bu genişmiqyaslı quruculuq və abadlıq dalğası Gəncənin milli tarixi sərvəti olan "Xan bağı"na da yeni, daha əsrarəngiz görkəm verəcəkdir.

 

 

Əhməd İSAYEV

 

Azərbaycan.- 2011.- 14 avqust.- S.  5.