İman
işığı
Prezident İlham Əliyev müqəddəs Ramazan ayı münasibətilə müsəlman ölkələrinin Azərbaycandakı səfirlərini və diplomatik nümayəndəliklərinin rəhbərlərini qəbul edərkən söylədiyi nitqində demişdir: "Bizim milli dəyərlərimizi, dini dəyərlərimizi təbliğ etməliyik. İslam dini qardaşlıq, dostluq dinidir. İslam dini dünyada sülhsevər meyilləri gücləndirir. Ona görə biz dinimizin həqiqi mahiyyətini dünyada daha geniş şəkildə təbliğ etməliyik".
İslamın əsas məziyyətlərindən biri mənəviyyat məsələsinə ciddi tələbkarlığıdır. İndi ayların sultanı sayılan Ramazanda qəlbimizi bir daha iman işığı ilə dolduraraq dualarımızı etməliyik. Göylərə açılan əllərimizin, səslənən sözlərimizin ahəngində bu fikir də öz əksini tapmalıdır: "İlahi, artır bizim elmimizi, biliyimizi. Amin!"
Böyük rus yazıçısı Lev Tolstoy 1884-cü ildə yazırdı: "Xahiş edirəm məni...E müsəlman hesab edəsiniz". Bu, rus ədəbiyyatına və tarixinə əvəzsiz töhfələr vermiş dahi bir ədibin qəlbinin hökmü, islam dininə bəslədiyi dərin məhəbbət və ehtiramın təcəssümü idi. O, insanın mənən saflaşmasını məhz islamın tələblərinə, qaydalarına əməl etməkdə görürdü. Başqa bir avropalı alim Riçard Bell isə belə yazırdı: "Avropa böyük tənəzzül qarşısındadır. Üzdə olan dəbdəbənin və cah-calalın arxasında özünəqəsd, ruhi xəstəliklər, əxlaqsızlıq, narkomaniya və alkoqolizmlərin görünməmiş vüsəti durur. Qarşılıqlı məhəbbət və inam yoxa çıxıb. Ölüm qorxusu hamını vahiməyə salır. Ailənin bütövlüyü sarsılmış və onun üzvləri arasında əlaqələr kəsilmişdir. Dövlətləri idarə edənlər belə vəziyyətdən çıxış yolunu tapa bilmirlər. Ziyalılar təbəqəsi mənəviyyat boşluğunda fəaliyyətsiz qalıblar. Avropa qarşısında yeganə bir seçim var. Xilas olmaq üçün yeganə yol. Bu yol - islamdır! Bundan başqa seçim yoxdur!"
İslam dininin təməli sayılan, əsas mənbəyi olan Quranı oxumaq həm də ibadətdir, öyrənmək, bilmək fəzilətdir, əməl etmək isə mənəviyyatını təzələməkdir, ucalığa qalxmaqdır. Quran həm də müsəlman Şərqinin elə bir müdrik Kitabıdır ki, ondan hamı faydalana, mənəviyyatını zənginləşdirə bilər. İlahiyyatçı alim Nəriman Qasımoğlu söyləyir: "Quran" sözü - "qaraə", yəni "oxumaq" feilindən düzəlmə isim olub "oxu" deməkdir. Yəni Quran hərfən tərcümədə "Oxu" Kitabıdır. Nağılları, əfsanələri puça çıxaran bu İlahi Dərslikdə ulu Tanrı Öz elçisinə belə buyurur: "De ki, "mən də sizin kimi bir bəşərəm sadəcə. Mənə vəhy olunur, Tanrınız tək Tanrıdır. Ona doğru düzlənin, Ondan mərifət diləyin... De ki, "ucalardan ucadır Rəbbim. Mən də Peyğəmbər olaraq göndərilən bir bəşər deyiləm, bəs nəyəm?"
Qurani-Kərim insanları hidayət etmək, doğruluğun aydın yolunu göstərmək, haqq ilə batili bir-birindən ayırmaq üçün məhz Ramazan ayında həzrəti Peyğəmbərimizə (s.) 23 ilə hissə-hissə nazil olmuşdur. Hər kim bu ayın şahidi olsa, gərəkdir ki, Ramazanda oruc tutsun.
Nəriman Qasımoğlu söyləyir ki, Quran mətnində işlənən "ən gözəl sözlər"in təfsiri bir qayda olaraq "lə iləhə illəllah" kimi qəbul edilir. Təbii ki, bu təkrarlıq bəyan edilən alqışın gözəlliyi, zahiri əlaməti ilə səslərin doğurduğu cazibədarlıqda bitmir. Bu bəyan eyni zamanda öz içində aldığı sərhədsiz hikmətləri ilə, bənzərsiz məna gözəllikləri ilə ulu yaradıcılıq işinin mahiyyətini də açıqlayır. Bu duaların da Tanrı tərəfindən qəbul olunmasından ötrü başlıca şərt səmimiyyətdir: "Ürəkdən, gizlicə yalvarın Rəbbinizə" (Əraf, 55). Bu ayədən də görünür ki, İlahiyə içdən sığınmaq, könüldən bağlanmaq gərəkdir.
Həyatımızın, mənəviyyatımızın elə vacib amil və məziyyətləri var ki, onların bütün toplusunu, daha doğrusu, gərəkliyini islamda görürük. Söz, fikir azadlığı və bu yolda mübarizə aparmaq bütün çalarları ilə iman yiyələrini gözüaçıq edir və əsl şəxsiyyətə çevirir. Maraqlıdır ki, bu məsələ İlahinin tələbidir. Həzrəti Əli gözəl söyləyib: "Yaxşılığı buyurmaq, pislikdən çəkindirmək nə kimsənin əcəlini yaxınlaşdırar, nə ruzisinə nöqsan yetirər. Amma hər şeydən üstünü zülmkar buyruq sahibinin üzünə həqiqəti söyləməkdir". Müqəddəs Kitabımızda düşüncə azadlığına, özgəfikirliyə dözüm mövqeyi göstərmək vacib sayılır. Quranın surələrinin birində "Dində məcburiyyət yoxdur" deyilir. Bu isə söz, fikir azadlığı dəyərlərinin çeşidlənməsində daha qabarıq nəzərə çarpır. İslam məcburiyyət-zor məsələsini rədd edir. Azad dialoqun uyğun mədəniyyət normaları çərçivəsində aparılmasına üstünlük verilir. Hətta bu məsələni də qabardır: "Doğru sözlü, düz əməlli kimsələrsinizsə, gətirin dəlilinizi".
Bu gün dünyada qadın hüquqlarından danışılır. Qadın haqları insan haqları deyilir. Halbuki islam dini həmişə bu bərabərliyin tərəfdarı kimi çıxış edir. Quranın özəlliklə təlqin etdiyi bir fikir çox maraqlıdır. Beynəlxalq tarazlığın ilkin təminatçıları kişi və qadın olmuşdur. Bu səbəbdən də insanlar arasında üstünlük dərəcəsi milli irqi mənsubiyyətə görə deyil, Allaha yaxınlıq meyarı ilə ölçülür. "Cənnət anaların ayağı altındadır" hikməti isə dünyada var olan bütün qadınların ünvanınadır.
Ölkə Prezidenti İlham Əliyev deyir: "Biz istəyirik ki, ...bütün müsəlman aləmində sülh, əməkdaşlıq, sakitlik, əmin-amanlıq yaransın". Bu arzu və istək həqiqətən də diqqətlə araşdırılanda islamdan gəlir. Quran məntiqinə görə, ən böyük mənada siyasət ucalardan uca Allahın işidir. Siyasət və mənəviyyat problemlərinin ünsiyyətində insanların bu kəlamlara əməl etməsi çox vacibdir. Dinlərarası dialoq, xoşməramlı ünsiyyət, yardımlaşma, dözümlülük islamın məziyyətlərindəndir. Bu məziyyətləri yüksək tribunadan söyləyən dövlət başçısı çox ürəkdən arzulayır: "...Bütün müsəlman aləmi daha da sıx birləşsin. Buna böyük ehtiyac vardır. Bəzən müsəlman ölkələrində yaşanan sıxıntılar, qarşıdurmalar, problemlər bizi də çox narahat edir. Biz istəyirik ki, bu böhranlı vəziyyət tezliklə aradan qaldırılsın və bütün müsəlman aləmində sülh, əməkdaşlıq, sakitlik, əmin-amanlıq yaransın".
Sülh anlayışı, islami əqidəyə görə, yaradıcı mahiyyətdə olduğu üçün təkamülə, tərəqqiyə və bununla da Tanrı rizasınca işlər görməyə xidmət mənasında müqəddəs bilinir. Qeyd edək ki, Qurani-Kərimdə anılan adlardan biri "Salam" adlanır. Bu sözün lüğəti mənası isə sülh, təhlükəsizlik, əmin-amanlıq anlamlarını ifadə edir. Nəriman Qasımoğlu söyləyir ki, dilimizdə tez-tez işlətdiyimiz "əməlisaleh" ifadəsi də tərcümədə "sülhə, barışa yönələn işlər" deməkdir. Bütün varlığı ilə xalqının xoş gələcəyini düşünən Prezident İlham Əliyev sülhün, əmin-amanlığın keşiyində qətiyyətlə dayanıb. Prinsipial mövqeyinin nəticəsidir ki, Azərbaycan Prezidenti məhz əməlisaleh işləri ilə sülhə xidmət etmək mahiyyətinin səbəbini çox doğru və dürüst açıqlayaraq bütün müsəlman aləmini nailiyyətlər qazanmaq üçün çəkici bir zindana vurmağa səsləyir.
Həyat isə gözləmədiyimiz sürprizlərlə doludur. Biz nə qədər sülh istəsək də, fakt göstərdi ki, dünya müharibədən, qarşıdurmadan xali deyildir. Maraqlıdır ki, Müqəddəs Kitabımızda müharibələrdə müsəlmanların qələbəsini təmin etməkdən ötrü hərbi hazırlıq məsələsinə diqqət yetirmək tövsiyə olunur: "Qüvvəniz yetən qədər qüvvə yığın, savaş atlarını hazır saxlayın ki, qorxuya salasınız Allahın və sizin düşməninizi və başqalarını - sizin tanımadığınız, Allahın tanıdığı düşmənləri". Bu, müharibələrə hazır olmaqdan çox şərə müqavimət göstərmək prinsipinə əsaslanır. Bütün bunlarla yanaşı, islam həmişə ədalətli savaşı məsləhət bilir və hər şeydən əvvəl barışıq carçısıdır: "Kafirlərə de ki, savaşdan əl çəksələr, keçmişdəki suçlarından keçilər". Yaxşı olardı ki, bu müdrik kəlamı qonşu ermənilər də eşidəydilər...
Ölkə Prezidentinin bu müqəddəs ayda müsəlman ölkələrinin səfirlərini və diplomatik nümayəndələrinin rəhbərlərini qəbul edərək qarşıdan gələn Ramazan bayramı münasibətilə təbriklərini çatdırması könüllərdə bir iman işığı yandırdı. Səmimiyyətdən, islam dininə bağlılıqdan doğan bu nəcib münasibət bir daha dövlət başçısının mənəvi dəyərlərə hansı mövqedən yanaşdığını, necə yüksək qiymətləndirdiyini təsdiqlədi. Savab sahibləri həmişə çıraq yandırırlar. Allah da bu çırağı alovlandırır.
İndi müqəddəs Ramazan ayıdır. Peyğəmbərimiz (s.) söyləmişdir: "Ramazan başlayanda səma qapıları açılır, cəhənnəmin qapıları isə bağlanır, şeytanların əl-qolu bağlanır". Ramazanın bir gözəlliyi də Allah rizası üçün insanların öz iradələrini yoxlamalarıdır. Allah yolunda tutulan oruc çox vacibdir. Çünki sənin özün də mənən saflaşır, pisliklərdən, bəd əməllərdən, qeybətdən uzaq olursan. Bu ayın fəzilətlərindən biri də müsəlmanların həmrəyliyidir. Onlar yalnız bir süfrə başında, bir ailə tərkibində deyil, mənəvi körpülər vasitəsilə də ünsiyyət yaratmalıdırlar. Prezident İlham Əliyev Ramazanda müsəlman qardaşlarımızı təbrik edərək arzularını bu niyyətlə dilə gətirdi: "Mən bir daha demək istəyirəm ki, bütün müsəlman ölkələri daim bir-birinin yanında olmalıdırlar, bir-birinə dəstək olmalıdırlar, həm siyasi sahədə, həm iqtisadi sahədə. Müsəlman ölkələri arasında birlik, həmkarlıq, əməkdaşlıq daha da yüksək səviyyəyə çatmalıdır. Xüsusilə indiki zəmanədə bəzi hallarda biz dinimizə qeyri-normal münasibətlə üzləşirik".
Müsəlmanlar Allah qarşısında vicdani borclarını yerinə yetirmək üçün Ramazanın imkanlarından lazımınca istifadə etməlidirlər. Qoy həmişə xeyirxah işlər, mənəvi kamillik şər üzərində qələbə çalsın!
Flora XƏLİLZADƏ
Azərbaycan.- 2011.- 14 avqust.- S. 5.