Ankarada III Beynəlxalq Ramazan festivalı çərçivəsində Azərbaycan gecəsi keçirilmişdir

 

Ankaranın Keçiörən bələdiyyəsinin təşkil etdiyi III Beynəlxalq Ramazan festivalı çərçivəsində ölkəmizin Türkiyədəki səfirliyinin təşkilatçılığı ilə Azərbaycan gecəsi keçirilmişdir.

Gecədə Türkiyə Böyük Millət Məclisinin deputatları, diplomatik nümayəndəliyimizin əməkdaşları və qardaş ölkədə yaşayan azərbaycanlılar iştirak etmişlər.

Keçiörən bələdiyyəsinin sədri Mustafa Ak qeyd etmişdir ki, artıq bu festival çərçivəsində qardaş xalqların görüşməsi bir ənənəyə çevrilmişdir. Ankaralıların müqəddəs Ramazan ayında Azərbaycan mədəniyyəti və incəsənəti nümunələrinə  bir daha tamaşa etmələri çox əlamətdar hadisədir.

Gecənin digər iştirakçısı - Elazığ Harput Mədəniyyət Dərnəyinin sədri Süleyman Kıvrıkoğlu da qardaş Azərbaycanın və onun mədəniyyətinin onlar üçün əziz olduğunu söyləmişdir.  

Azərbaycanın Türkiyədəki səfirliyinin əməkdaşı Ceyhun Zeynalov, Türkiyə-Azərbaycan Dərnəyi  sədrinin müavini Ənvər Türkoğlu iki qardaş ölkə arasında əzəli və əbədi olan  tarixi, siyasi, sosial və mədəni əlaqələrdən bəhs etmiş, bu qardaşlıq tellərinin daha da möhkəmlənməsinə verdiyi töhfəyə görə festivalın və gecənin təşkilatçılarına minnətdarlıqlarını bildirmişlər.

Azərbaycan və Elazığ təmsilçilərinə Keçiörən bələdiyyəsinin xatirə hədiyyələri təqdim edildikdən sonra incəsənət ustalarının ifasında milli rəqslərimiz və mahnılarımız ifa olunmuşdur. 

 

 

Oqtay Bayramov,

AzərTAc-ın xüsusi müxbiri

Ankara

 

Azərbaycan.- 2011.-14  avqust.- S. 5.