Şabranda Prezident İlham Əliyevin iştirakı ilə Heydər Əliyev Mərkəzi açılmışdır

 

Avqustun 15-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Şabran şəhərində inşa olunmuş Heydər Əliyev Mərkəzinin açılışında iştirak etmişdir. Dövlətimizin başçısı binanın rəmzi açılışını bildirən lenti kəsdi.

Prezident İlham Əliyevə məlumat verildi ki, Şabran rayonunun inkişafı daim ümummilli lider Heydər Əliyevin respublikamıza rəhbərliyinin bütün dövrlərində diqqət mərkəzində olmuşdur. Ümummilli liderin diqqət və qayğısını Şabran rayonunun ictimaiyyəti hər zaman ehtiramla yad edirlər. Ulu öndərin xatirəsinin rayonda əbədiləşdirilməsi üçün tədbirlər görülür.

Şabran şəhərində inşa olunan Heydər Əliyev Mərkəzi də ulu öndərin zəngin həyat yolunun səhifələrini vərəqləməyə, Azərbaycan tarixinin bütöv bir qərinəsinə nəzər salmağa imkan verir. Buradakı zəngin materiallardan da aydın görünür ki, Heydər Əliyev ən mürəkkəb, ən çətin vəziyyətlərdə belə, təmkinini itirməyən və dünyadakı geosiyasi dəyişiklikləri müdrikliklə, uzaqgörənliklə qiymətləndirib mənsub olduğu xalqın, ölkəsinin maraqlarını praqmatik düşüncəsi və təcrübəsi ilə dəqiqliklə hesablaya bilən lider olmuşdur. Heydər Əliyev Azərbaycan həqiqətlərini qətiyyətlə bütün dünyaya tanıtmışdır. Müstəqil Azərbaycan yalnız Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra özünün geosiyasi imkanlarını gerçəkləşdirməyi bacarmışdır. Xalqımızın dahi oğlunun siyasi zəkası sayəsində Azərbaycanın beynəlxalq aləmdən təcrid olunmaq təhlükəsi aradan qalxmışdır. Dünya siyasət meydanında cərəyan edən proseslərə təsir baxımından Azərbaycan rəhbəri həmişə öz sözü, mühüm və sanbalı ilə seçilmişdir.

Bildirildi ki, ulu öndərin zəngin irsinin öyrənilməsi və gələcək nəsillərə çatdırılması məqsədilə yaradılan mərkəzdə ümummilli liderin xatirəsi əbədiləşdirilmiş və ulu öndərin büstü qoyulmuşdur. Burada, həmçinin ulu öndərin ölkəmizə rəhbərliyinin müxtəlif dövrlərini əks etdirən fotostendlər də yaradılmışdır.

Prezident İlham Əliyev Heydər Əliyev Mərkəzində foto və video studiyanın, xarici dil mərkəzinin, kitabxananın fəaliyyəti ilə tanış oldu. Məlumat verildi ki, burada dövlətçilik ənənələrimizi, xalqımızın zəngin tarixi və ədəbiyyatını, ulu öndər Heydər Əliyevin həyat və fəaliyyətini özündə əks etdirən çoxlu kitablar toplanıbdır. Virtual siniflərlə yanaşı, müxtəlif tədbirlərin keçirilməsi üçün nəzərdə tutulan konfrans zalında da yüksək şərait yaradılıbdır. Bundan əlavə mərkəzdə xalçaçılıq və digər dərnəklər də fəaliyyət göstərir.

Mərkəzlə tanışlıqdan sonra Prezident İlham Əliyev xatirə kitabına ürək sözlərini yazdı.

 

 

AzərTAc

 

Azərbaycan.- 2011.- 16 avqust.- S. 2.