Azərbaycan Prezidenti Şabran Tarix-Diyarşünaslıq Muzeyi ilə tanış olmuşdur

 

Avqustun 15-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Şabran Tarix-Diyarşünaslıq Muzeyinin əsaslı təmirdən sonra açılışında iştirak etmişdir. Dövlətimizin başçısı muzeyin rəmzi açılışını bildirən lenti kəsdi.

Məlumat verildi ki, Azərbaycanın siyasi və mədəni həyatında mühüm iz qoymuş, zəngin tarixə malik Şabran qədim yaşayış məskənlərimizdən biridir. Tədqiqatçılar yazılı tarixi mənbələrə və şəhərin müxtəlif hissələrində aparılan arxeoloji qazıntıların nəticələrinə əsaslanaraq burada hələ eramızdan əvvəl yaşayış məskəni olduğunu müəyyən etmişlər. XVIII əsrdən etibarən Şabran tamamilə tənəzzülə uğramış və bu günümüzə qədim şəhərin xarabalıqları gəlib çıxmışdır. Bu gün bu ərazidə yeni şəhər, yeni Şabran inkişaf edir və böyüyür. Amma qədim şəhərin xarabalıqları arasında tariximizin bir çox qatları, əfsanə və rəvayətlərlə dolu hadisələr qalmışdır. Onları öyrənib üzə çıxarmaq, həm də mədəni irsimizin bir sıra maraqlı səhifələrinə işıq salmaq baxımından rayonda yaradılan tarix-diyarşünaslıq muzeyi mühüm əhəmiyyət daşıyır. Bu muzeydə qədim Şabranın tarixini əks etdirən və turistlər üçün də maraq doğuran çoxlu eksponat vardır. Ümumilikdə, Şabran rayonunda 150-dək tarixi abidə qeydiyyatdadır ki, onlardan ən möhtəşəmi qədim Şabran və Çıraqqala abidələridir. Son illər bu abidələrin həm mədəni irs nümunəsi, həm də turizm potensiallı məkan kimi təbliği yönündə müəyyən işlər görülür. Muzeydə bu abidələr haqqında maraqlı məlumatlar təqdim edilir.

Məlumat verildi ki, muzeyin həyətində Şabranın qədim tarixini əks etdirən daş eksponatlar, o cümlədən rayonda aparılan arxeoloji qazıntılar nəticəsində tapılan müxtəlif növ əşyalar nümayiş etdirilir. Muzeydəki eksponatlar arasında Şabranın xəritəsi, rayon haqqında ümumi məlumatlar və dövlət atributları yer almışdır. Qeyd olundu ki, ümummilli lider Heydər Əliyevin 2003-cü ildə imzaladığı sərəncama əsasən Dəvəçi rayonu ərazisindəki qədim Şabran şəhəri tarix və mədəniyyət abidəsi kimi qoruq elan edilmişdir. Ötən il isə bu qədim şəhərin və rayonun tarixi adı özünə qaytarılmışdır.

Prezident İlham Əliyevin imzaladığı sərəncamla Dəvəçi rayonunun adı dəyişdirilərək Şabran adlandırılmışdır. Mədəniyyət və Turizm Nazirliyinin "2010-2014-cü illər üçün xalq yaradıcılığı paytaxtları" Proqramına əsasən, Şabran şəhəri 2011-ci ildə "Azərbaycanın əfsanələr paytaxtı" elan olunmuşdur.

Dövlətimizin başçısı muzeyin girişində quraşdırılan fotostendlərə baxdı. Burada ulu öndər Heydər Əliyevin və Prezident İlham Əliyevin daxili və xarici siyasətini, o cümlədən ümummilli liderin və dövlətimizin başçısının Şabran rayonuna səfərlərini əks etdirən fotoguşələr də vardır. Bundan başqa, muzeydə rayonun tanınmış ziyalıları və 1941-1945-ci illər müharibəsinin şabranlı qəhrəmanları haqqında məlumatlar da yerləşdirilmişdir. Rayonun şəhidləri üçün isə ayrıca guşə yaradılmışdır.

Prezident İlham Əliyevə məlumat verildi ki, muzeydə Şabranın tarixini, mədəniyyətini əks etdirən 3 min 572 eksponat nümayiş olunur. Eksponatların bir çoxu şəhərdə aparılmış arxeoloji qazıntılar zamanı tapılmışdır. Muzeydə rayonda toxunan xalçalardan da nümunələr vardır. Hazırda rayonda "Pirəbədil", "Şahnəzərli", "Zeyrə", "Pirəbədil-Heyrəti", "Hacı Qayıb", "Yeni Çiçi" xalçaları toxunur.

Prezident İlham Əliyev Şabranın ilkin orta əsrlərdə maketinə baxdı. Qeyd edildi ki, Şamaxı şəhər kimi tam formalaşana qədər Şabran Şirvanşahların paytaxtı olmuşdur. Burada qədim Şabranın ticarət əlaqələrini əks etdirən sxem də maraq doğurur. Tarixçilər qeyd edirlər ki, qədim Şabranda yüksək səviyyədə istehsal sahələri olmuş və şəhərsalma prinsiplərinə əməl edilmişdir. O dövrdə məhz Şabran şəhərində məhək daşı istehsal edilmişdir. Məhək daşı ilə qədim dövrlərdə qızılın əyarı müəyyən olunurdu. Bir sözlə, arxeoloqların Şabran qoruğunda apardıqları qazıntılar zamanı aşkar edilən müxtəlif eksponatlar indi rayon Tarix-Diyarşünaslıq Muzeyinin qiymətli eksponatları sırasındadır. Qədim Şabranda tapılan əşyalar sırasında o vaxt əraziyə çəkilən su və kanalizasiya xətlərinin nümunələri, qədim su qabları da diqqəti cəlb edir.

Görülən işləri yüksək qiymətləndirən Prezident İlham Əliyev Şabran Tarix-Diyarşünaslıq Muzeyinin daha da zənginləşdirilməsi barədə tapşırıq və tövsiyələrini verdi.

 

 

AzərTAc

 

Azərbaycan.- 2011.- 16 avqust.- S.  2.