Prezident İlham Əliyev Şabran Mədəniyyət Sarayı ilə tanış olmuşdur

 

Avqustun 15-də Azərbaycan Prezidenti İlham Əliyev əsaslı şəkildə yenidən qurulan və təmir edilən Şabran Mədəniyyət Sarayı ilə tanış olmuşdur.

Məlumat verildi ki, əvvəllər kinoteatr kimi fəaliyyət göstərən binanın əsaslı təmirinə 2007-ci ildən başlanılmışdır. Sahəsi 580 kvadratmetr olan sarayda aparılan yenidənqurma zamanı işlərin yüksək səviyyədə görülməsinə maksimum diqqət yetirilmişdir.

Prezident İlham Əliyev sarayın foyesində yaradılan fotoguşələrlə tanış oldu. Burada ümummilli lider Heydər Əliyevin və Prezident İlham Əliyevin mədəniyyət və incəsənət sahəsinə göstərdikləri qayğını əks etdirən fotolardan ibarət guşə də yaradılmışdır. Bu fotolardan aydın görünür ki, ulu öndər Heydər Əliyev mədəniyyət və incəsənət xadimlərinə daim böyük diqqət və qayğı ilə yanaşmış, onların yaradıcı imkanlarının daha da artırılması üçün mühüm işlər görmüşdür. Bu siyasəti Prezident İlham Əliyev də layiqincə davam etdirir. Bu gün mədəniyyət xadimləri ən yüksək səviyyədə dövlət qayğısı ilə əhatə olunmuşlar.

Dövlətimizin başçısı əvvəlcə Mədəniyyət Sarayının zalı ilə tanış oldu. Burada rayon əhəmiyyətli tədbirlərin yüksək səviyyədə təşkili üçün hərtərəfli şərait vardır. Sarayın ikinci mərtəbəsində inzibati otaqlar yaradılmış, rejissor pultu quraşdırılmışdır. Yenidən qurulan Şabran Mədəniyyət Sarayı mədəniyyət və incəsənətsevərlərə layiqli hədiyyə olmaqla yanaşı, həm də şəhərin görkəminə xüsusi gözəllik verir.

Bildirildi ki, 320 nəfərlik zalda müxtəlif tədbirlərin keçirilməsi üçün hər cür şərait yaradılmış, müasir akustika sistemi quraşdırılmışdır.

Prezident İlham Əliyev Şabranın "Xınayaxdı" folklor kollektivinin ifasında ədəbi-bədii kompozisiyaya tamaşa etdi.

Səhnədə xalqımızın qədim adət-ənənələrini əks etdirən nümunələr maraqla qarşılandı. Bu, xalqımızın kökümüzə və ənənələrimizə olan bağlılığını göstərir, həmçinin, bu amilləri gələcək nəsillərə ötürmək baxımından da böyük rol oynayır. Şabran Mədəniyyət Sarayının nəzdində "Xınayaxdı" folklor kollektivi ilə yanaşı, "Çıraqqala" zurnaçılar kollektivi və "Şabran" teatr studiyası da fəaliyyət göstərir. Bu kollektivlər rayonun mədəni həyatında fəal iştirak edirlər. Bundan başqa, onlar həm də respublika əhəmiyyətli tədbirlərdə və müxtəlif müsabiqələrdə Şabranı layiqincə təmsil etməyə çalışırlar. Sarayda yaradılan şərait bundan sonra həmin kollektivlərə daha yaxşı işləmək, yaradıcılıq imkanlarını genişləndirmək imkanı verəcəkdir.

Mədəniyyət Sarayı ilə tanış olan dövlətimizin başçısı kollektivə uğurlar arzuladı.

 

 

AzərTAc

 

Azərbaycan.- 2011.- 16 avqust.- S.  3.