Prezident İlham Əliyev
Şabran rayonunda 10,7 kilometrlik birinci mərhələsi
istismara verilən Vəlvələçay-Taxtakörpü
kanalı ilə tanış olmuşdur
Avqustun
15-də Prezident İlham Əliyev Şabran rayonunda 10,7
kilometrlik birinci mərhələsi istismara verilən Vəlvələçay-Taxtakörpü
kanalı ilə tanış olmuşdur.
"Meliorasiya və Su Təsərrüfatı" Açıq Səhmdar Cəmiyyətinin sədri Əhməd Əhmədzadə və tikinti işlərini həyata keçirən "Azərkörpü" Açıq Səhmdar Cəmiyyətinin rəhbəri Əfəndi İsmiyev dövlətimizin başçısına görülən işlər barədə məlumat verdilər.
Bildirildi ki, ötən müddətdə "Meliorasiya və Su Təsərrüfatı" Açıq Səhmdar Cəmiyyətinin həyata keçirdiyi ən vacib layihələrdən biri Samur-Abşeron suvarma sisteminin yenidən qurulması ilə bağlıdır. Bu layihə çərçivəsində Samur çayı üzərindəki Baş Hidroqovşaq əsaslı şəkildə bərpa edilmiş, Samur-Abşeron kanalının ilk 50 kilometrlik hissəsi tam yenilənmişdir. Mükəmməlliyi ilə diqqət çəkən Baş Sudurulducu qurğu tikilmiş, müasir hidrotexniki qurğuları ilə birlikdə beton üzlüklü Xanarx kanalı da artıq istismardadır. Azərbaycan tarixində ilk dəfə təsərrüfatlararası beton kanallar inşa olunmuşdur.
Qeyd edildi ki, 14 il ərzində 4 mərhələdə həyata keçiriləcək Samur-Abşeron suvarma sisteminin yenidən qurulması layihəsi çərçivəsində hazırda beynəlxalq səviyyəli Taxtakörpü Su Anbarı, Vəlvələçay-Taxtakörpü kanalı və Taxtakörpü-Ceyranbatan kanalının tikintisi davam edir. Ən son elmi-texniki yeniliklərə əsaslanan bu cür hidrotexniki qurğular yalnız inkişaf etmiş ölkələrdə inşa edilir.
Dövlətimizin başçısına məlumat verildi ki, kanalın tikintisinin başa çatan ilkin mərhələsinin inşası İslam İnkişaf Bankının vəsaiti hesabına maliyyələşdirilmişdir. Beton üzlüklü kanalın ümumi uzunluğu 31,45 kilometrdir. Suburaxma qabiliyyəti saniyədə 75 kubmetr olan bu hidrotexniki qurğunun dibdə eni 4 metr, dərinliyi isə 4,3 metrdir. Kanal öz başlanğıcını Samur-Abşeron kanalının Vəlvələçayın sonrakı hissəsində tikilmiş baş sugötürücü qurğudan götürməklə Şabran çayından ikixətli dükerlə keçərək sona çatır. Birinci mərhələnin inşası zamanı 3 milyon kubmetrədək torpaqqazma, 200 min kubmetrədək tökmə və 61 min kubmetrədək beton işləri həyata keçirilmişdir. Beton üzlüyün qoyulmasında ən müasir tikintilərdə rast gəlinən xüsusi betondöşəyici maşınlardan istifadə olunmuşdur. Kanalın bu hissəsində bir baş qurğu, 2 düker, 4 körpü və 12 selötürücü qurğu tikilmişdir.
Prezident İlham Əliyev Vəlvələçay-Taxtakörpü kanalının birinci mərhələsini istismara verən düyməni basdı.
Dövlətimizin başçısına kanalın Dövlət Neft Fondunun vəsaiti hesabına tikilən 20,75 kilometrlik ikinci hissəsi barədə də məlumat verildi. Qeyd olundu ki, həmin mərhələdə 3 düker, 2 tunel, 10 körpü, 20 selötürücü və digər hidrotexniki qurğular inşa ediləcəkdir. İndiyədək 14 kilometrə qədər açıq kanalın 10 kilometrlik hissəsində beton üzlük qoyulmuş, ümumi uzunluğu 5,7 kilometr olan iki tuneldən birinin tikintisi başa çatdırılmış, ikincisində isə 800 metr uzunluğunda qazma və betonlama işləri qalmışdır. Kanal üzərindəki digər hidrotexniki qurğuların tikintisi başa çatdırılmaq üzrədir. Bu obyektdə tikinti işləri 2012-ci ildə yekunlaşdırılmalıdır. Həmin layihənin həyata keçirilməsi nəticəsində ümumilikdə 19 min hektardan çox sahədə əkin sahəsinin suvarma suyu ilə təchizatı yaxşılaşacaq, Şabran rayonunda 8866 hektar yeni suvarılan sahələr istifadəyə veriləcəkdir.
Prezident İlham Əliyev melioratorları və inşaatçıları Vəlvələçay-Taxtakörpü kanalının birinci mərhələsinin istifadəyə verilməsi münasibətilə təbrik edərək dedi:
- Yaxşı iş görmüsünüz. Sizi təbrik edirəm. Çox nəhəng bir layihədir. Mən çox şadam ki, bu böyük layihəni Azərbaycan şirkəti icra edir. Əvvəlki dövrdə biz daha çox xarici şirkətlərə müraciət edirdik. Amma indi özümüzdə yaxşı şirkətlər yaradılıb. Müasir səviyyədə istənilən layihəni icra edə bilərlər. Taxtakörpü Su Anbarı və Samur-Abşeron kanalı layihəsi ölkəmizdə demək olar ki, həm əhəmiyyətinə, həm də buraya qoyulan maliyyə resurslarına görə ən böyük infrastruktur layihələrindən biridir, bəlkə də birincisidir. Çox şadam ki, bu layihə icra edilir. Biz hələ gedib anbara da baxacağıq. Oranın da təməli dörd il əvvəl qoyulubdur. Budur Azərbaycanın reallıqları. Su inkişaf gətirəcək, həyat verəcəkdir. Fermerlər ondan faydalanacaqdır. Təkcə bu rayonda beş min hektar, Qubada da min hektar əlavə torpaqlar suvarılacaqdır. Bütövlükdə isə yüz əlli min hektar torpaqlara su verilməsi daha da yaxşılaşacaqdır. Hazırda suvarılmayan doqquz min hektar yeni torpaqlara su, həyat verilir. Ulu öndərin Azərbaycanın inkişafı ilə bağlı olan bütün ideyaları, arzuları yüksək səviyyədə reallaşır.
Sizə minnətdaram ki, bu işləri yaxşı səviyyədə
görürsünüz. Belə işlər
çox olacaqdır. Azərbaycanda
görüləsi işlər çoxdur.
Düzdür, yəqin ki,
bundan sonra bu boyda kanal
tikilməsinə ehtiyac olmayacaqdır. Ancaq ölkəmiz inkişaf
edir, layihələr çox
olacaqdır. Əsas odur ki,
bunu etmək üçün
həm siyasi iradə, həm maliyyə
imkanlarımız və artıq peşəkar
icraçılar vardır. Sizi təbrik
edirəm. Sizə uğurlar arzulayıram.
Sağ olun.
* * *
Sonra
xatirə şəkli çəkdirildi.
* * *
Dövlətimizin
başçısına Vəlvələçay-Taxtakörpü
kanalının birinci mərhələsi çərçivəsində
görülən işlərlə əlaqədar bölgədə
aqrar sektorun inkişafı üçün yaranan əlavə
imkanlar barədə məlumat verildi.
AzərTAc
Azərbaycan.- 2011.- 16 avqust.- S. 4.