Prezident İlham Əliyev
Taxtakörpü Su
Anbarının su elektrik
stansiyası ilə birlikdə inşa edildiyi ərazidə olmuşdur
Avqustun
15-də Vəlvələçay-Taxtakörpü
kanalının istismara verilən birinci mərhələsi ilə
tanışlıqdan sonra Prezident İlham Əliyev
Taxtakörpü Su Anbarının su elektrik stansiyası ilə
birlikdə inşa edildiyi ərazidə olmuşdur.
Bildirildi
ki, dövlətimizin başçısının 2007-ci ildə
təməlqoyma mərasimində iştirak etdiyi bu hidrotexniki
qurğu Azərbaycanda reallaşdırılan layihələrin
müasirliyinin və mükəmməlliyinin təsdiqinə
sübutdur. Qeyd olundu ki, bəndin uzunluğu 1180,
hündürlüyü 142,5 metrdir. Sahəsi 8,7 kvadratkilometrə
çatan gölün ümumi su tutumu 268,4 milyon kubmetr,
faydalı həcmi isə 218,9 milyon kubmetrdir. Vurğulandı
ki, Taxtakörpü Su Anbarı bəndində artıq 97 metr
hündürlüyündə tökmə işləri
aparılmışdır. Bəndin gövdəsində
reallaşdırılacaq 24 milyon kubmetr həcmində torpaq
işlərindən 18 milyon kubmetri artıq yerinə
yetirilmişdir.
Qeyd
olundu ki, ümumilikdə Samur-Abşeron suvarma sisteminin yenidən
qurulması layihəsinin həyata keçirilməsi Bakı,
Sumqayıt şəhərlərinin və Abşeron
yarımadasının yaşayış məntəqələrinin
içməli suya olan tələbatını
yaxşılaşdırmaqla saniyədə 18 kubmetr suyun verilməsinə
imkan yaradacaq, eləcə də ölkəmizin şimal
bölgəsində ekoloji tarazlığın yaranmasında
mühüm rol oynayacaqdır. Yalnız Sitalçay və
Ceyranbatan nasos stansiyalarını ləğv etməklə
suyun öz axını ilə Ceyranbatan su anbarına verilməsi
nəticəsində 167 milyon kilovat-saat elektrik enerjisinə və
15 milyon manata qədər maddi vəsaitə qənaət ediləcəkdir.
Bundan başqa, həmin layihənin yekunlaşması ilə
respublikamızın şimal bölgəsində 150 min hektar
sahədə torpaqların su təminatının
yaxşılaşdırılmasına əlverişli zəmin
yaranacaqdır. Gələcəkdə isə şimal
çaylarından suyun götürülməsi layihələrinin
həyata keçirilməsi və 30 min hektar yeni suvarılan
sahənin əkin dövriyyəsinə daxil edilməsi
qarşıya məqsəd qoyulmuşdur.
Bəndin
tunel hissəsi ilə tanış olan Prezident İlham Əliyevə
məlumat verildi ki, bənddə qapısız
sutullayıcı və suqəbuledici qurğuları, enerji
tuneli, su elektrik stansiyasının tikintisi və burada ümumi
gücü 25 meqavat təşkil edəcək 3 turbinin
quraşdırılması nəzərdə tutulmuşdur.
Tuneldə giriş və çıxış
başlıqlarının tikintisi, enerji tunelində qazma
işləri başa çatdırılmış, betonlama, qəza
sutullayıcısında və su elektrik stansiyasının
binasında isə inşaat işləri davam edir. Obyektdə
tikinti işlərinin 2013-cü ilin birinci yarısında
başa çatdırılması nəzərdə
tutulmuşdur.
Sonra
dövlətimizin başçısı
Taxtakörpü-Ceyranbatan kanalının tikintisində işlərin
gedişi ilə tanış oldu. Məlumat verildi ki, bu
kanalın tikintisində məqsəd mövcud nasos
stansiyalarını ləğv etməklə saniyədə 40
kubmetr suyu öz axını ilə Ceyranbatan Su Anbarına
çatdırmaqdır. Beton üzlüklü həmin
hidrotexniki qurğunun ümumi uzunluğu 110 kilometr 330 metr
olacaqdır. Kanalın dibdən eni 2 metr, dərinliyi isə 4
metrdir. Burada mürəkkəbliyi ilə fərqlənən
10 düker, 2 akveduk, 1 tunel, 50 körpü, 231
selötürücü və 1 sutullayıcı qurğu
inşa olunacaqdır. Tikinti zamanı 20 milyon kubmetrdən
çox torpaqqazma, 6 milyon kubmetrə qədər tökmə
torpaq, 393 min kubmetrədək beton işlərinin
görülməsi nəzərdə tutulmuşdur.
Bildirildi
ki, ötən müddətdə 87 kilometrlik açıq
kanalın 37 kilometrlik hissəsində beton üzlük
qoyulmuş, ümumi uzunluğu 9,2 kilometrə çatan 10
dükerdən 9-nun tikintisi başa
çatdırılmış, bir akvedukun inşası
tamamlanmışdır və qazma işləri başa
çatdırılan tuneldə betonlama aparılır.
İndiyədək kanalın 12,1 kilometrlik qapalı hissəsinin
9,6 kilometri tikilmişdir. Hazırda kanalın üzərindəki
digər hidrotexniki qurğularda tikinti işləri davam edir. Bu
obyektin inşasının da 2013-cü ilin birinci
yarısında başa çatdırılması nəzərdə
tutulmuşdur.
"Samur-Abşeron
suvarma sisteminin yenidən qurulması" layihəsi çərçivəsində
həyata keçirilən kompleks işlərlə
tanış olan Prezident İlham Əliyev
tapşırıqlarını verdi, melioratorlara və
inşaatçılara uğurlar arzuladı.
AzərTAc
Azərbaycan.- 2011.- 16 avqust.- S. 5.