Azərbaycan
Respublikası ilə Rusiya Federasiyası arasında hüquqi
sahədə əməkdaşlıq genişlənir
Avqustun 15-də Azərbaycan Respublikasının Baş prokuroru Zakir Qaralov ölkəmizdə səfərdə olan Rusiya Federasiyası İstintaq Komitəsinin sədri Aleksandr Bastrıkinin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşmüşdür.
Dövlətlərimiz və xalqlarımız arasında zəngin tarixə malik və ildən-ilə daha da dərinləşən münasibətlərin, o cümlədən hüquqi sahədə əlaqələrin getdikcə inkişaf etdiyini qeyd edən Baş prokuror Z.Qaralov Azərbaycanda Prezident İlham Əliyevin rəhbərliyi ilə sosial-iqtisadi və ictimai-siyasi sahələrdə ardıcıl və sürətli inkişafa zəmin yaradan məhkəmə-hüquq islahatlarının həyata keçirildiyini vurğulamışdır. Z.Qaralov prokurorluğun fəaliyyəti üçün zəruri normativ hüquqi bazanın yaradılması, strukturunun daha da təkmilləşdirilməsi, kadr korpusunun tamamilə yenidən formalaşdırılması istiqamətində aparılan köklü islahatlar, korrupsiya ilə mübarizə sahəsində həyata keçirilən tədbirlər, vətəndaşların hüquq və azadlıqlarının təmin edilməsi üçün digər hüquq-mühafizə orqanları ilə qarşılıqlı əlaqələr barədə qonaqlara məlumat vermişdir.
Aleksandr Bastrıkinin 2008-ci ildə Azərbaycana səfərini xatırladan Zakir Qaralov həmin görüşün məntiqi nəticəsi kimi, 2010-cu il sentyabrın 28-də tərəflər arasında imzalanmış Əməkdaşlıq Proqramının hər iki ölkənin hüquq-mühafizə orqanları üçün mühüm əhəmiyyət kəsb etdiyini, qarşılıqlı səmərəli münasibətlərin və hüquqi sahədə əməkdaşlığın inkişafına töhfə verdiyini bildirmişdir.
Rusiyanın Azərbaycan ilə hüquqi sahədə əməkdaşlığın möhkəmləndirilməsinə xüsusi önəm verdiyini deyən Aleksandr Bastrıkin iki ölkənin istintaq orqanları arasında əlaqələrin inkişafına təkan verildiyini, münasibətlərin dərinləşməsi üçün böyük perspektivlərin olduğunu bildirərək, qarşılıqlı səmərəli əlaqələrin daha da genişlənməsində maraqlı olduğunu vurğulamışdır.
Görüşdə hüquqi sahədə əməkdaşlıq
üzrə fikir mübadiləsi aparılmış, həm
ikitərəfli, həm də çoxtərəfli səviyyədə,
beynəlxalq təşkilatlar çərçivəsində
qarşılıqlı fəaliyyətin səmərəliliyindən,
tərəflər arasında mövcud müqavilə
bazasının təkmilləşdirilməsindən
danışılmış, münasibətlərin bundan sonra
da uğurla davam etdiriləcəyinə əminlik ifadə
edilmişdir.
Azərbaycan.- 2011.- 16 avqust.- S. 5.