Sumqayıt inkişafının yeni mərhələsinə qədəm qoyur

 

Tərəqqisinin dinamik mərhələsini yaşayan Azərbaycan bu gün beynəlxalq hüququn kifayət qədər nüfuzlu, qüdrətli müstəqil subyektlərindən biri kimi çıxış edir. Bunu şərtləndirən əsas səbəblərdən biri Azərbaycanın tarix üçün kifayət qədər qısa sayıla biləcək zaman kəsiyində böyük uğurlarla müşayiət olunan inkişaf yolu keçməsidir. Sözügedən inkişafın əsası isə ümummilli lider Heydər Əliyev tərəfindən qoyulub. Ulu öndərin siyası kursunun layiqli davamçısı Prezident İlham Əliyev zamanın çağırışlarına adekvat olan yeni çalarlarla bu prosesi daha da qüvvətləndirib. Nəticə etibarilə ölkəmiz imza atdığı möhtəşəm nailiyyətlərlə, xüsusən də qazandığı sosial-iqtisadi müvəffəqiyyətlərlə regionda lider mövqeyə yüksəlməyi bacarıb.

Qeyd edilən kontekstdə təsadüfi deyil ki, artıq beynəlxalq aləmdə inkişafın Azərbaycan modelinə böyük maraq yaranıb, onun xarakterik xüsusiyyətləri geniş tədqiqat predmetinə çevrilib. Bu modelin əsas fərqləndirici xüsusiyyətlərindən biri isə mövcud tərəqqinin dinamik və davamlı xarakter daşıması, kifayət qədər möhkəm bazis üzərində qurulmasıdır. Elə bu da qarşıdakı dövr ərzində Azərbaycanın qət edəcəyi inkişaf yolunun yenə möhtəşəm uğurlarla müşayiət olunacağını, ölkəmizin daha böyük nailiyyətlərin müəllifi kmi çıxış edəcəyini şərtləndirən əsas faktorlardan biridir.

Digər ən önəmli cəhət isə inkişafın coğrafiyasının ölkənin hər regionunu, şəhərini, hətta ən ucqar bölgələrini belə əhatə etməsi, eyni zamanda istər fərd, istərsə də bütöv halda götürülmüş cəmiyyətin həyatında özünü qabarıq büruzə verməsidir. Bu gün Azərbaycanda əhalinin maddi rifah halı davamlı şəkildə yüksəlir, bütün şəhər və kəndlərin siması günü-gündən gözəlləşir, ümumi tərəqqini bariz şəkildə özündə əks etdirir. Bunu ölkəmizin ən iri sənaye mərkəzlərindən biri olan Sumqayıt şəhərinin timsalında da aydın görmək mümkündür. 

Dinamik inkişafı ilə Sumqayıt təkcə sənaye yox, digər əsas sahələr üzrə də özünün sürətli yüksəliş dövrünü yaşayır. Bu mənada Sumqayıtda görülən işlər həm miqyasına, həm də gəlinən nəticələrə görə nümunəvi xarakter daşıyır. İndi Bakı ilə sanki bir inkişaf yarışına girən Sumqayıtın inkişaf göstəriciləri burada əksər standartların paytaxtla uyğunlaşdırılmasına yol açmaqdadır. Ölkə başçısının qeyd etdiyi kimi, qarşıya qoyulan əsas məqsədlərdən biri məhz bundan ibarətdir. Cari ilin iyulun əvvəllərində Sumqayıta səfəri zamanı bu məsələyə toxunan Prezident İlham Əliyev bildirmişdir: "Sumqayıtla Bakı, demək olar ki, artıq birləşir. Çünki ölkəmizdə inkişaf o qədər sürətlə gedirbu yol boyu tikintilər, yeni binalar, sənaye müəssisələri ona gətirib çıxaracaq ki, Bakıda yaşayanlar da gəlib Sumqayıtda işləyəcəklər. Ona görə Sumqayıt paytaxt standartlarına tam şəkildə uyğunlaşdırılmalıdır. Mənim məqsədim bundan ibarətdir və bunu etmək üçün artıq biz konkret layihələrə başlamışıq".

Təqdirəlayiq haldır ki, Sumqayıtda inkişaf təkcə bir sahə üzrə köklənməyərək çoxcəhətli xarakterə malikdir. Sənaye, digər profilli istehsal müəssisələri, sosial həyat, infrastruktur və digər sahələrdə sürətli tərəqqi paralel şəkildə özünü göstərərək bir-birini tamamlayır. Elə bu da Sumqayıtın inkişafında hərtərəfli modernləşmənin təmin olunmasında əsas rollardan birini oynayır.

Xariqələr diyarına çevrilən Sumqayıt bu gün əbəs olaraq Azərbaycanın əsas sənaye mərkəzi adlandırılmır. Burada sənaye obyektlərinin yenidən qurulması və modernləşdirilməsi işinə xüsusi diqqət yetirilir. Eyni zamanda, sənaye potensialının inkişafı üçün vacib olan infrastruktur layihələrin icrası da xüsusi diqqət mərkəzində yer alır. Kimya kompleksində görülən yenidənqurma işləri isə burada istehsal edilən məhsulların təkcə yerli tələbatın ödənilməsində yox, ixrac həcminin genişlənməsində də yeni imkanlar yaradıb. Bundan başqa, Sumqayıtda ölkə miqyasında və nəinki ölkəmizdə, bölgədə, Cənubi Qafqazda ən böyük texnologiyalar parkı ərsəyə gətirilib.

Sumqayıtda digər təyinatlı məhsulların istehsalı ilə məşğul olan müəssisələrin də maddi-texniki bazası davamlı olaraq möhkəmləndirilir, müasir tələblərə uyğunlaşdırılır, yeniləri inşa edilir. Sosial infrastrukturun yenilənməsi, əhaliyə yüksək keyfiyyətli xidmətlərin göstərilməsi, bu zaman ən qabaqcıl təcrübənin nəzərə alınması da prioritet istiqamətlər sırasında yer alır. Bu kontekstdə Sumqayıtda fəaliyyət göstərən təhsil, səhiyyə, idman mərkəzləri və onların günün tələblərinə uyğunluğu əhali tərəfindən də böyük məmnunluqla qarşılanır. Həmçinin şəhərdə yaşıllaşdırma, yeni park və xiyabanların salınması işləri də getdikcə daha böyük sürət alır. Ekoloji vəziyyətin daha da yaxşılaşdırılması xüsusi diqqət mərkəzindədir və təkcə müvafiq dövlət strukturları yox, hər bir Sumqayıt sakini bu işə öz töhfəsini verməyə çalışır. Məhz bunun nəticəsidir ki, Sumqayıt artıq yaşıllıqlar məskəninə çevrilməkdədir. Abadlıq, quruculuq işləri  isə Sumqayıtın simasını daha da müasirləşdirir, onu təkcə ölkəmizin yox, həm də dünyanın ən gözəl şəhərlərindən birinə çevirir.

İnkişafın mühüm xüsusiyyətlərindən biri yeni yerlərinin yaradılması, şəhərdə istehsal olunan ümumi daxili məhsul səviyyəsinin davamlı surətdə artmasıdır. Ötən illərlə müqayisədə Sumqayıtda məcmu istehsalın həcmində böyük artım qeydə alınır, çoxminli yerləri yaradılır. Bütün bunlar insanların maddi rifah halının davamlı yüksəlişinə, onların layiqli həyat tərzinin təmin olunmasına, məşğulluq səviyyəsinin artımına gətirib çıxarır.

Beləliklə, qeyd edilənlər aydın göstərir ki, Sumqayıtın inkişafı kompleks xarakter daşıyır, şəhər həyatının bütün mühüm sferalarını özündə ehtiva edir. Bu, həm də Prezident İlham Əliyevin ölkəmizin hər bir regionuna, bölgəsinə olduğu kimi, Sumqayıta da yüksək diqqət və qayğısının bariz nəticəsidir.  Bu diqqət və qayğı isə qarşıdakı dövrdə Sumqayıtın hərtərəfli inkişafının yeni keyfiyyət mərhələsinə qədəm qoymasını da şərtləndirəcək. Bunun ilk müjdəsini  cari ilin iyulunda Sumqayıtda  səfərdə olarkən Prezident İlham Əliyev şəhər sakinlərinin diqqətinə çatdırıb. Belə ki, dövlət başçısının qeyd etdiyi kimi, Sumqayıtın inkişafı üçün master-plan hazırlanır. Bununla bağlı Azərbaycan Prezidenti demişdir: "Şəhərin inkişafı üçün master-plan hazırlanır, onun ilkin əlamətləri artıq var və reallaşır. Mən yeni, müasir yanaşma ilə hesab edirəm ki, bir neçə il ərzində Sumqayıtda çox böyük quruculuq, abadlıq işləri başa çatacaq və şəhər ölkəmizin, bölgənin və bəlkə də dünyanın ən gözəl şəhərlərindən birinə çevriləcəkdir. Bu, bizim hədəfimizdir".

Müasir Azərbaycanın iqtisadi qüdrəti Sumqayıtda qeyd olunan hədəfə çox qısa zaman ərzində çatılacağına heç bir şübhə yeri qoymur. Gələcəyin və gəncliyin şəhərinin elə bir prospekti, küçəsi, məhəlləsi yoxdur ki, orada təmir-tikinti işləri aparılmasın.  Son zamanlar görülən tikinti işləri sistemli  hala salınıb. Şəhərin vahid baş planına uyğun olaraq aparılacaq tikinti, yenidənqurma və digər işlər öncə müzakirə edilir, sonra onun inşasına başlanır. Məsləhətli don gen olar, - deyiblər. Bu gün şəhərdə görülən işlər böyük təhlillərdən sonra aparılır.

Həmçinin ölkə başçısının tapşırıqlarına əsasən görülən işlər günü-gündən daha geniş ərazini əhatə edir. Şəhər canlı tikinti meydanını xatırladır desək, səhv etmərik. Şəhərdə aparılan işlərin biriparkbağlarda aparılan təmir işləridir. Nəsimi və Bələdiyyə parklarında, demək olar, hər şey dəyişdirilir. Təmir işlərini yerinə yetirən "A+A" şirkətlər qrupunun sahə rəisi Firdovsi Quliyev bildirdi ki, bu gün respublikanın hər yerində olduğu kimi, Sumqayıtda da abadlıq işləri genişlənib. Nəsiminin adını daşıyan istirahət parkı tezliklə yaxşı mənada tanınmaz hala gətiriləcəkdir. Dörd aya yaxın bir zaman kəsiyində istirahət parkında müəyyən ərazilərə beton döşənmiş, hazırda oralara üzlük daşları düzülür. Burada istifadə edilən tikinti materiallarının böyük hissəsi xarici ölkələrdən gətirilir. Orada çalışanlar Sahib Qurbanov, Vaqif Qocamanov, Asif Qurbanov, Rafiq Qurbanov, İlham Cabbarov və digərləri gördükləri işdən zövq aldıqlarını bildirdilər. Bir müddət sonra istirahət parkında gəzərkən yaradılan gözəlliklərdə sənin də payın olduğunu bilməkdən yaxşı nə ola bilər, - dedilər.

F.Quliyev əlavə etdi ki, çalışırıq yaşıllıqlara toxunulmasın. Neçə illər ərsəyə gələn yaşıllıq zolağını insan əli bir gündə yarada bilməz. Rəhbərlik tərəfindən bizə verilən tapşırıqlardan ən əsası ağaclara toxunulmadan təmir-tikinti işlərini görməkdir. Maksimum mənada buna nail oluruq. Parkın içindəki oturacaqlar, döşəmə, işıqlandırma sistemi müasir standartlara uyğun yeniləri ilə əvəzlənir. İstirahət parkında qurulacaq fəvvarələrin yerləri artıq müəyyənləşdirilib. Sumqayıt Bələdiyyə parkında da əsaslı təmir işləri davam etdirilir. Burada da bir çox işlər artıq görülüb. Axşamlar əhalinin istirahət məkanı olan bu yerlər işıqlandırma sistemlərinə görə də əvvəlkilərindən fərqlənir. Şəhər əhalisinin sevimli istirahət yerlərindən biri olan Bələdiyyə parkı da tezliklə ən müasir tələblər səviyyəsində təmir edilərək istifadəyə veriləcəkdir.

Bu gün  Sumqayıtda dövlət başçısının müvafiq tapşırığına əsasən sahilboyu ərazinin ən müasir tələblər səviyyəsində yenidən qurulması üçün möhtəşəm layihə hazırlanıb. Burada ucaldılacaq beşulduzlu mehmanxananın, yaxtklubun, müasir istirahət komplekslərinin tikintisi planlaşdırılır. Artıq həmin işlərə də start verilib. 80 hektar əraziyə malik olan bu istirahət guşəsi görülən işlərin nəticəsində bölgəmizin ən gözəl və unikal istirahət yerlərindən birinə çevriləcəkdir. Hazırda Nəsiminin heykəli dəyişdirilərək daha münasib yerdə ucaldılıb. Parkın girəcəyindən başlayaraq səkilər, gediş-gəliş zolaqları sökülərək yenimüasir tələblərə cavab verən döşəmə materialları ilə əvəzlənir.

Xəzər dənizinin Sumqayıt şəhər sahillərində də təmir işlərinə başlanılıb. Belə ki, sahil boyu çəkiləcək yolun layihəsi artıq təsdiq edilib. Sumqayıta təşrif buyuranlar şəhərə daxil olmadan gələ və çıxıb getmələri üçün çəkiləcək bu yolun böyük əhəmiyyəti olacaqdır. Həmin ərazilərdə hazırda yolun çəkilməsinin ilkin mərhələsi üçün işlər sona çatmaq üzrədir. Müasir tələbləri cavablandıracaq bu yol istifadəyə verildikdən sonra əhəmiyyəti baxımından respublikanın mühüm magistral hərəkət mexanizminə çevriləcəkdir.

Sumqayıt beynəlmiləl şəhərdir. Burada müxtəlif dinlərə sitayiş edən minlərlə insan yaşayır. Tolerantlığı ilə seçilən bu şəhərin dindarları məscidin yenidən qurulması üçün ölkə başçısına müraciət etmişlər. Azərbaycan Prezidentinin tapşırığına əsasən Sumqayıt Cümə məscidində hazırda təmir işlərinə başlanmışdır. Belə ki, məscidin yanında 26 metrlik minarənin ucaldılması üçün qazma işləri sona yetib. Minarənin ucaldılması ilə yanaşı, məscid binasında da yenidənqurma işləri aparılır. Təmir işlərinin görülməsində əməyi olan Həmid Əlhüseynov, Qəzənfər Məmmədov, Rauf Rzayev, İntiqam Dövlətov, Rəşad Rzayev belə müqəddəs üçün çalışdıqlarından qürur duyduqlarını bildirdilər.

Bu gün Sumqayıtın qəsəbə, məhəllə və mikrorayonlarında əhalinin istirahətini normal qaydada təşkil edəcək,  müasir tələblərə cavab verən yaşayış massivlərinin yaradılması istiqamətində müəyyən işlər görülmüşdür. Ölkə başçısının tövsiyə və tapşırıqları əsasında yaradılan belə yaşayış massivlərində  insanların günün hər hansı bir vaxtında istirahət etmələri mümkündür. Bu gün şəhərin bir neçə mikrorayonunda nümunəvi məhəllələr də yaradılıb. Əsasən yaşıllıqların əhatəsində yaradılan belə  məhəllələrin sayının ilin sonunadək 30-a çatdırılması nəzərdə tutulur.

Abadlıq-tikinti işləri şəhərin girəcəyindən başlayaraq ardıcıl olaraq aparılır. Bu gün dünənki şəhərdən əsər-əlamət qalmayıb. Heydər Əliyev prospektində,  Azərbaycan, Nərimanov, Sülh küçələrində səkilərə müxtəlif ornamentli daşların döşənməsi davam etdirilir. İsti yay günlərində yeni yaradılmış yaşıl zolaqlar vaxtaşırı suvarılır, onların sayının artırılması istiqamətində işlər görülür.  

Onu da qeyd edək ki, bu gün təkcə şəhər daxilində deyil, ətraf qəsəbələrdə də tikinti-abadlıq işləri görülür. Həmin qəsəbələrin öncə yol infrastrukturu dəyişdirilir. Qəsəbələrin işıqlandırma sistemləri yeniləri ilə əvəzlənir, qədim tarixə malik binalar yararlı hala gətirilir.

Ürəkdən gələn minnətdarlıq və təşəkkür ifadələri bu gün Sumqayıtın hər guşəsində eşidilir. Bu gün Sumqayıt şəhəri regionların inkişafına dair II Dövlət Proqramının reallaşdırılmasını özündə canlandıran monumental abidəni xatırladır. Bir qədər keçəcək, görüləcək işlərin ilk mərhələsi sona yetəcək. Dünyanın inkişaf etmiş şəhərləri ilə bir sırada dayanacaq Sumqayıt xariqələr yaradan gəncliyin, tarixi ənənələrə söykənən dünənin ən canlı nümunəsinə çevriləcəkdir. Ümummilli lider Heydər Əliyevin "kiçik Azərbaycana" bənzətdiyi Sumqayıt Azərbaycan Prezidenti İlham Əliyevin diqqət və qayğısı nəticəsində əsrin ecazkar gözəlliklərilə zəngin yaşayış massivi kimi hamını valeh edəcəkdir.

 

 

 Akif ƏLİYEV

 

Azərbaycan.- 2011.- 16 avqust.- S.  6.