Azərbaycanın
müstəqilliyinin bərpasının iyirminci
ildönümü və Ramazan ayı münasibətilə
"Xəliciyyə" telekanalında ölkəmizə həsr
olunmuş canlı veriliş yayımlanmışdır
Azərbaycan Respublikasının müstəqilliyinin bərpasının iyirminci ildönümü və Ramazan ayı münasibətilə ölkəmizin Misir Ərəb Respublikasındakı səfiri Şahin Abdullayevin iştirakı ilə ərəb dünyasında geniş tamaşaçı auditoriyasına malik "Xəliciyyə" peyk kanalında Azərbaycana həsr olunmuş canlı veriliş yayımlanmışdır.
Səfirlikdən AzərTAc-a bildirmişlər ki, Ş.Abdullayev Azərbaycanın islam sivilizasiyasının inkişafına töhfələrindən danışmış, tamaşaçılara xalqımızın mədəniyyəti, incəsənəti, ədəbiyyatı, dövlətçilik və müstəqillik tarixi barədə ətraflı məlumat vermişdir.
Ümummilli lider Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra Azərbaycan xalqının dərin tarixi köklərə malik milli-mənəvi və dini dəyərlərinin bərpa olunduğunu vurğulayan səfir demokratik və dünyəvi dövlət olan Azərbaycanda dini azadlığın təmin edildiyini və bütün dinlərin nümayəndələrinə ibadətlərini və adət-ənənələrini sərbəst şəkildə ifadə etməyə və ibadət ocaqlarını tikməyə lazımi şərait yaradıldığını bildirmişdir.
Müstəqilliyinin ilk dövrlərindən Azərbaycanın Ermənistanın hərbi təcavüzünə məruz qaldığını deyən diplomat işğalçı dövlətin etnik təmizləmə siyasəti nəticəsində bir milyondan artıq azərbaycanlının qaçqın və məcburi köçkün vəziyyətinə düşdüyünü, torpaqlarımızın 20 faizinin zəbt olunduğunu diqqətə çatdırmışdır. O, Xocalı faciəsi və ermənilərin mülki Azərbaycan əhalisinə qarşı törətdikləri digər vəhşilik və qəddarlıqlar barədə də geniş məlumat vermişdir.
Özlərini riyakarcasına ərəb və islam dünyasının "dostu" adlandıran ermənilərin Azərbaycanın işğal olunmuş ərazilərində məscidləri, islam dini və mədəniyyətinə aid abidələri kütləvi məhvə və təhqirə məruz qoyduqları, nadir Quran nümunələrini və digər dəyərli dini kitabları yandırdıqları barədə faktları tamaşaçılara təqdim edən səfir ərəb-İslam dünyasının ictimai rəyini bu vəhşiliyə biganə qalmamağa çağırmışdır.
Ş.Abdullayev dünya müsəlmanlarını Ramazan ayı münasibətilə təbrik etmiş, bu müqəddəs ayın və Ramazan bayramının Azərbaycanda qeyd olunması ənənələri haqqında televiziya tamaşaçılarına məlumat vermişdir.
Veriliş çərçivəsində
televiziya tamaşaçılarına Azərbaycan haqqında
suallar verilmişdir. Bu sualları düzgün cavablandıran
20-dən artıq tamaşaçıya Azərbaycan
Respublikasının Misirdəki səfirliyi tərəfindən
hədiyyələr təqdim olunmuşdur.
Azərbaycan.- 2011.- 16 avqust.- S. 7.