Düşünülmüş, sürətli və davamlı inkişaf
"Parlament seçkiləri Azərbaycanda demokratik inkişaf istiqamətində atılmış növbəti mühüm addımdır. Bildiyiniz kimi, seçkilər çox azad, ədalətli, şəffaf şəkildə, rəqabət şəraitində keçirildi. Bütün namizədlər üçün bərabər imkanlar yaradılmışdır və seçkilərin nəticələri Azərbaycan xalqının iradəsini tam şəkildə əks etdirir. Mən əminəm ki, yeni tərkibdə Milli Məclis ölkəmizin gələcək inkişafı üçün dəyərli töhfələrini verəcək və Milli Məclis tərəfindən qəbul ediləcək qanunlar ölkəmizin demokratik inkişafı üçün gözəl şərait yaradacaqdır".
İlham ƏLİYEV
Demokratik parlamentarizm ənənələrinin
banisi
Ötən
əsrin 90-cı illərinin əvvəllərində Azərbaycanda
cərəyan edən mürəkkəb və ziddiyyətli
ictimai-siyasi proseslərə qətiyyən biganə qalmayan ulu
öndər Heydər Əliyev Naxçıvan Ali Sovetinə
rəhbərlik etdiyi vaxtlarda əsl vətənpərvərliklə,
lider təəssübkeşliyi ilə müstəqilliyin
qazanılması, milli özünüdərkin təmin
olunması prosesində yaxından iştirak etmişdir. Dövlət müstəqilliyini qazanmış Azərbaycanın
sonrakı mərhələdə üzləşdiyi fəlakət
və sarsıntılar, ağır sosial-iqtisadi böhran, xaos
və anarxiya mühiti təsdiqlədi ki, dövlət
müstəqilliyinin qorunub saxlanılması onun
qazanılmasından qat-qat çətindir. Belə böhranlı və ağır vəziyyətdə
xalq çıxış yolunu yenə də müdrik rəhbərinin
- ulu öndər Heydər Əliyevin yenidən hakimiyyət
sükanı arxasına keçməsində
görmüşdür.
1993-cü
ilin 15 iyununda Heydər Əliyevin Azərbaycan Ali Sovetinin Sədri
seçilməsi isə qanunverici orqanın cəmiyyətdəki
nüfuzunu qaldırmış, onun təşəkkülünə,
ölkənin ictimai-siyasi həyatının sabitləşməsinə,
habelə milli parlamentarizm ənənələrinin
inkişafına böyük zəmin yaratmışdır. Ali
Sovetin 15 iyun 1993-cü il tarixli
iclasındakı çıxışında ulu öndər
Heydər Əliyev ona göstərilən etimadı
doğrultmağa çalışacağını
vurğulamışdır: "Sizi əmin edirəm ki,
bütün imkanlardan istifadə edib bu böyük vəzifəni,
ağır bir yükü aparmağa
çalışacağam və bu vəzifənin ləyaqətlə
yerinə yetirilməsinə səy edəcəyəm. Bildirmək istəyirəm ki, Azərbaycan
Respublikasının bugünkü ağır, mürəkkəb
və gərgin vəziyyətini tam məsuliyyətlə dərk
edirəm. Bu vəzifəni üzərimə
götürərək öz məsuliyyətimi anlayıram və
bunların hamısını vəhdət tutaraq əlimdən
gələni edəcəyəm".
Böyük siyasət ustadı mürəkkəb bir
siyasi dövrdə parlament idarəçiliyinə yeni ruh və
müasirlik gətirmiş, onun sivil, işlək orqana
çevrilməsini təmin etmişdir. Müdrik siyasətçinin
iclası aparmaq tərzi, fikirlərini dəqiq əsaslandırması,
deputatların çıxışlarının məzmununu
tutmaq bacarığı, dəyərli fikirləri ümumiləşdirərək
ən optimal variantı seçmək qabiliyyəti bu gün də
böyük ehtiram hissi ilə xatırlanır. Dövlətin ən çətin günlərində
Ali Sovetin Sədri kimi məsul vəzifəni şərəflə
daşımış Heydər Əliyev bir-birindən mürəkkəb
problemləri böyük siyasi məharətlə yoluna
qoymuş, yüksək idarəçilik keyfiyyətləri
sayəsində parlamentin xoşagəlməz siyasi çəkişmələr
meydanına çevrilməsinin qarşısını
almışdır.
Ulu öndər ilk gündən milli qanunvericiliyin yeni
dövrün tələblərinə
uyğunlaşdırılması, cəmiyyət həyatı
üçün faydalı olan bir sıra yeni qanunların qəbulu
prosesini də diqqət mərkəzində
saxlamışdır. Təsadüfi deyildir ki, Heydər Əliyevin 1993-cü
il iyunun 15-dən oktyabrın 3-dək Azərbaycan
Respublikası parlamentinə rəhbərlik etdiyi dövr Azərbaycan
parlamentarizmi tarixində keyfiyyətcə yeni mərhələnin
başlanğıcı kimi dəyərləndirilir. Ermənistanın Azərbaycana qarşı təcavüzünün
genişləndiyi, hərbi əməliyyatların şiddətləndiyi
bir zamanda Heydər Əliyev Milli Məclisdə ilk növbədə
müdafiə sisteminin hüquqi bazasının təkmilləşdirilməsini,
nizami ordu quruculuğuna xidmət edən qanunların
hazırlanmasını və qəbulunu vacib
saymışdır.
Parlament
"Müdafiə haqqında" 26 noyabr 1993-cü il tarixli Azərbaycan Respublikasının
Qanununu qəbul etmişdir. Sonrakı əlavə və dəyişikliklərlə
5 bölmə və 18 maddədən ibarət qanunda göstərilirdi
ki, Azərbaycan Respublikasının müdafiəsi dövlətin
müstəqilliyinin, ərazi bütövlüyünün,
suverenliyinin və əhalinin təcavüzdən
qorunmasının təmin olunması məqsədilə
dövlət tərəfindən həyata keçirilən
siyasi, iqtisadi, hüquqi, hərbi və sosial tədbirlər
sistemidir. Azərbaycan Respublikasının
müdafiəsi Silahlı Qüvvələrin,
iqtisadiyyatın, əhalinin, ərazinin müdafiəyə daim
hazır olmasına əsaslanır və dövlətin Dərbi
Doktrinasına uyğun olaraq təşkil edilir. Azərbaycan
Respublikasının Hərbi Doktrinası Silahlı Qüvvələrin
quruculuğunda müdafiə yetərliyi prinsipi ilə müəyyənləşdirilir
və Azərbaycan Respublikasının heç bir dövlətə
qarşı ərazi iddiasının olmamasına və əgər
o, təcavüz obyekti olmasa, beynəlxalq hüquqa əsaslanan
öhdəliklərdən başqa heç vaxt heç bir
dövlətə qarşı birinci hərbi əməliyyatlara
başlamayacağına əsaslanır.
1993-cü il dekabrın 6-da Milli Məclis Azərbaycan
Respublikasının "İstiqlal" ordeninin statusunun və
təsvirinin təsdiq edilməsi haqqında" qanun qəbul
etdi. Azərbaycan Respublikasının ən yüksək
ordeni ilə Azərbaycan Respublikasında milli-azadlıq hərəkatında
müstəsna xidmətlərinə, dövlət və xalq
qarşısında, habelə milli dövlət quruculuğu
işlərində xüsusi xidmətləri olan şəxslər
təltif edilir.
Ümummilli lider Heydər Əliyevin hakimiyyətə gəlməsindən
sonra qanunverici orqan ölkənin müdafiə qabiliyyətinin
möhkəmləndirilməsi, hərbi sahənin
inkişafına yönəlmiş, onun üçün
hüquqi bazanı müəyyən edən qanunlar qəbul
etmişdi.
1994-cü il 4 yanvar tarixli "Sərhəd qoşunları
haqqında", 1994-cü il 8 fevral tarixli "Daxili
qoşunların statusu haqqında", 1994-cü il 23 sentyabr
tarixli "Silahlı Qüvvələrin İntizam Nizamnaməsinin
təsdiqi haqqında", "Silahlı Qüvvələrin
Daxili Xidmət Nizamnaməsinin təsdiqi haqqında",
1995-ci il 10 yanvar tarixli "Hərbi qulluqçuların
dövlətə vurduqları ziyana görə maddi məsuliyyət
haqqında Əsasnamənin təsdiqi haqqında"
qanunları qeyd etmək olar.
1994-cü
il iyulun 1-də Milli Məclis "Müəssisələr
haqqında" qanun qəbul etdi. Bu qanun Azərbaycan
Respublikası ərazisində fəaliyyət göstərən
müəssisələrin təşkilati-hüquqi
formaları, onların yaradılması, idarə edilməsi və
fəaliyyəti prinsiplərini müəyyən edir, müəssisələrin
təsərrüfat müstəqilliyinə və hüquqi bərabərliyinə
təminat verirdi.
Qanunverici
orqan 1994-cü il sentyabrın 16-da
"Auditor xidməti haqqında" qanun qəbul etdi. Qanunda mülkiyyətçinin əmlak
hüquqlarını müdafiə edən müstəqil
maliyyə nəzarəti sisteminin yaradılması, təsərrüfat
subyektlərində müqavilə əsasında maliyyə-təsərrüfat
fəaliyyətini yoxlama, ekspertiza, təhlil aparmaq və
yazılı rəy vermək, habelə təsərrüfat
münasibətləri sahəsində digər xidmətləri
göstərmək auditor xidmətinin tərkib hissəsi kimi
müəyyən edilirdi.
Azərbaycan
Respublikasının qanunverici orqanı maliyyə-hüquq
münasibətlərinin subyektlərinin hüquq və vəzifələrini
müəyyən edən "Valyuta tənzimi haqqında"
21 oktyabr 1994-cü il tarixli Azərbaycan
Respublikasının Qanununu qəbul etdi. Qanun Azərbaycan
Respublikasında valyuta əməliyyatlarının həyata
keçirilməsi prinsiplərini, valyuta tənzimi və
valyuta nəzarəti orqanlarının səlahiyyətlərini
və funksiyalarını, hüquqi və fiziki şəxslərin
valyuta sərvətlərinə sahib olmaq, bu sərvətlərdən
istifadə etmək və onlar barəsində sərəncam
vermək sahəsində hüquqlarını, vəzifələrini
və valyuta qanunvericiliyinin pozulmasına görə məsuliyyəti
müəyyən edir.
Azərbaycan
Respublikası ərazisində mülkiyyət formasından və
təsərrüfat fəaliyyətinin növlərindən
asılı olmayaraq bütün subyektlər üçün
bərabər hüquqlar yaradılmasını nəzərdə
tutan "İnvestisiya fəaliyyəti haqqında" qanun 13
yanvar 1995-ci il tarixdə qəbul
edilmişdi. Qanunda Azərbaycan
Respublikasının ərazisində investisiya fəaliyyətinin
ümumi sosial, iqtisadi və hüquqi şərtləri də
müəyyənləşdirilirdi. 4 fəsil və 21
maddədən ibarət qanun investisiyanın Azərbaycan
Respublikası iqtisadiyyatına intensiv cəlb olunmasına,
ondan ölkənin sosial-iqtisadi bazasının, habelə beynəlxalq
iqtisadi əməkdaşlığın və inteqrasiyanın
inkişafı üçün səmərəli istifadə
edilməsinə və mülkiyyət formasından
asılı olmayaraq bütün investorların
hüquqlarının bərabər müdafiəsinə təminat
verir. İnvestisiyaların qorunması Azərbaycan
Respublikasının müvafiq qanunvericiliyi, habelə başqa
dövlətlərlə bağladığı müqavilələrlə
təmin edilir. İnvestisiya fəaliyyətinin
həyata keçirilməsi zamanı yaranan mübahisələrə
müvafiq olaraq məhkəmələr baxır.
Azərbaycan
Respublikası iqtisadiyyatının struktur dəyişmələrinin
mühüm istiqamətlərindən biri torpaq üzərində
mülkiyyət münasibətlərinin yenidən müəyyənləşdirilməsi
baxımından Azərbaycan Respublikasının Milli Məclisi
tərəfindən qəbul edilmiş "Aqrar islahatların
əsasları haqqında" və "Kolxoz və
sovxozların islahatı haqqında" 18 fevral 1995-ci il tarixli
qanunlar olmuşdur. Qanun kənddə torpaq və
əmlak üzərində yeni mülkiyyət münasibətlərinin
formalaşması, müxtəlifnövlü təsərrüfatların
yaradılmasının hüquqi bazasını müəyyən
edirdi. Torpaq islahatının əsas istiqamətini
müəyyən edən qanun torpaqların dövlət və
bələdiyyə mülkiyyətinə
ayrılmasını, müəyyən edilmiş normalar əsasında
torpaqların xüsusi mülkiyyətə əvəzsiz verilməsini,
mülkiyyət formasından asılı olmayaraq torpaq istifadəçilərinə
təsərrüfat fəaliyyəti üçün bərabər
şərait yaradılmasını nəzərdə tutur.
Torpaq mülkiyyətçisinin Azərbaycan
Respublikasının torpaq qanunvericiliyinə uyğun olaraq
torpağı satmaq, bağışlamaq, dəyişmək,
girov qoymaq, icarəyə və vərəsəliyə vermək,
əlavə torpaq sahəsi satın almaq hüquqları
vardır. Qanuna görə, müxtəlifnövlü təsərrüfatlar
mülkiyyət münasibətlərindən və təsərrüfatçılıq
formalarından asılı olaraq aşağıdakı kimi
müəyyən edilir: torpaq və əmlak üzərində
xüsusi mülkiyyətə əsaslanan kəndli (fermer),
şəxsi yardımçı təsərrüfatlar; torpaq
və əmlak üzərində xüsusi mülkiyyətə
əsaslanan birgə təsərrüfatlar, kooperativlər, səhmdar cəmiyyətlər;
torpaq və əmlak üzərində dövlət mülkiyyətinə
əsaslanan dövlət kənd təsərrüfatı
müəssisələri, səhmdar cəmiyyətlər və
s. Mülkiyyətçilərin qərarı ilə bir təsərrüfat
formasının digərinə çevrilməsi Azərbaycan
Respublikasının qanunvericiliyinə uyğun həyata
keçirilir.
Ölkə Prezidentinin fərmanı ilə 1995-ci ilin
mart ayında "Dövlət aqrar islahat komissiyası"
yaradıldı. Azərbaycan Respublikası hökuməti
islahatları davam etdirmək üçün aqrar sahədə
tədbirlər görürdü. Milli Məclis torpaq
islahatının aparılmasının hüquqi əsaslarını
müəyyən edən 1996-cı il iyulun
16-da "Torpaq islahatı haqqında" qanun qəbul etdi. Qanuna əsasən torpaq kənddə yaşayan vətəndaşların
xüsusi mülkiyyətinə pulsuz olaraq verilirdi. Respublikanın vahid torpaq fondu əsasında dövlət,
bələdiyyə və xüsusi torpaq mülkiyyəti
formaları müəyyən edildi. Torpaq
mülkiyyətçisinin torpağa sahiblik, ondan istifadə və
sərəncam hüququ təsbit edilirdi. Beləliklə,
torpaq islahatının aparılmasını müəyyən
edən qanun iqtisadi azadlıq və sosial ədalət prinsipləri
əsasında torpaq üzərində yeni mülkiyyət
münasibətlərini yaratmaq, bazar iqtisadiyyatı və
sahibkarlıq təşəbbüsünü inkişaf etdirmək,
ölkənin iqtisadi müstəqilliyinə, o cümlədən
ərzaq təminatına nail olmaq və nəticə etibarilə
Azərbaycan xalqının maddi rifahını yüksəltmək
məqsədini güdürdü.
Müstəqil Azərbaycan Respublikası
iqtisadiyyatının liberallaşdırılması, sağlam
rəqabət prinsipləri əsasında inkişaf etdirilməsi
üçün geniş imkanlar yaradılmışdı. İqtisadi münasibətlərdə
inhisarçılığın qarşısının
alınması və haqsız rəqabətə yol verilməməsini
təmin edəcək "Haqsız rəqabət
haqqında" 2 iyun 1995-ci il tarixli Azərbaycan
Respublikasının Qanunu qəbul edildi. Hüquqi
baza yaradan qanun haqsız rəqabətin
qarşısının alınmasının və aradan
qaldırılmasının təşkilati-hüquqi əsaslarını
müəyyən edir, sahibkarlıq fəaliyyətinin ədalətli
üsullarla aparılmasına hüquqi zəmin yaradır,
bazar subyektlərinin haqsız rəqabət metodlarından
istifadəyə görə məsuliyyətini müəyyən
edirdi. Qanun Azərbaycan
Respublikasının ərazisində fəaliyyət göstərən
bütün bazar subyektlərinə şamil edilir.
Qanunverici
orqan 13 iyun 1995-ci il tarixdə "Azərbaycan
Respublikasının beynəlxalq müqavilələrinin
bağlanılması, icrası və ləğv edilməsi
qaydaları haqqında" Azərbaycan Respublikasının
Qanununu qəbul etdi. 5 fəsil 26 maddədən ibarət
qanunun məqsədi Azərbaycan Respublikası
Konstitusiyasına, hamılıqla tanınan beynəlxalq
hüquq prinsiplərinə və normalarına müvafiq surətdə
Azərbaycan Respublikasının bütün yazılı beynəlxalq
müqavilələrinin (müqavilə, saziş, konvensiya,
pakt, protokol, məktubların və ya notaların mübadiləsi
və başqa adlı beynəlxalq müqavilələr)
bağlanması, icrası və ləğv edilməsi
qaydalarını müəyyənləşdirir. Azərbaycan
Respublikasının xarici dövlətlərlə və beynəlxalq
təşkilatlarla beynəlxalq müqavilələri Azərbaycan
Respublikası adından; Azərbaycan Respublikasının
hökuməti adından; Azərbaycan Respublikasının
nazirlikləri; dövlət komitələri və idarələri
adından bağlanır. İdarələrarası
xarakter daşıyan Azərbaycan Respublikasının beynəlxalq
müqavilələrinin bağlanması, icrası və ləğv
edilməsi qaydaları Azərbaycan Respublikası Prezidenti tərəfindən
müəyyən edilir.
1990-cı ildə sovet parlamenti kimi seçilmiş Azərbaycan
SSR Ali Sovetinin səlahiyyətləri 1995-ci ilin
payızında başa çatırdı. Ona görə
də Milli Məclisə yeni seçkilər keçirilməsi
üçün müvafiq seçki qanunu hazırlandı.
Qanunverici
orqan 1995-ci il avqustun 12-də "Azərbaycan
Respublikasının Milli Məclisinə seçkilər
haqqında" qanun qəbul etdi. Respublikanın ali qanunvericilik orqanı olan Milli Məclisin tərkibi
125 nəfər müəyyənləşdirildi. Səlahiyyət
müddəti 5 il nəzərdə tutulan
Milli Məclisə seçkilər majoritar və proporsional
seçki sistemləri əsasında keçirilirdi
(Hazırda seçkilər yalnız majoritar qayda üzrə
keçirilir). Seçkilər günü 25
yaşı tamam olan və ya yaşı 25-dən çox olan
Azərbaycan vətəndaşları Milli Məclisə
deputat seçilə bilərdilər. Din xadimlərinin,
müddətli həqiqi hərbi və ya alternativ xidmətdə
olanların, məhkumluğun ödənilməsindən
asılı olmayaraq Cinayət Məcəlləsinin 7.1-ci maddəsində
nəzərdə tutulan ağır cinayətlərə
görə məhkum olunmuş şəxslərin, məhkəmənin
qanuni qüvvəyə minmiş hökmü ilə
azadlıqdan məhrumetmə yerlərində cəza çəkənlərin,
fəaliyyət qabiliyyətsizliyi məhkəmə tərəfindən
təsdiq edilmiş vətəndaşların Milli Məclisə
deputat seçilməsi yolverilməz hesab edilirdi.
Seçki qanununa görə, mənşəyinə,
siyasi baxışlarına, sosial və əmlak vəziyyətinə,
irqi və milli mənsubiyyətinə, cinsinə, təhsilinə,
dilinə, dinə münasibətinə, məşğuliyyətinin
növünə və xarakterinə görə vətəndaşların
seçki hüquqlarının birbaşa, dolayısı ilə
və ya başqa şəkildə məhdudlaşdırılması
qadağan olunurdu. 100 deputat birmandatlı seçki dairələri
üzrə vahid təmsilçilik norması əsasında,
25 deputat isə vahid çoxmandatlı seçki dairələri
üzrə siyasi partiyaların və ya onların
bloklarının göstərdikləri deputatlığa namizədlərin
siyahılarına seçicilərin verdikləri səslərin
nisbəti əsasında seçilirdi. Milli
Məclisə seçkilər respublika Prezidenti tərəfindən
təyin edilirdi. Yeni seçkilər Milli Məclisin
səlahiyyətlərinin başa çatmasına ən geci
80 gün qalmış təyin olunur və səsvermənin
bazar gününə düşməsi mütləq
sayılırdı.
Birinci çağırış Milli Məclisin
deputatlarını seçicilər bilavasitə seçməli
idilər. Deputatların dövlət orqanlarında seçkili
və ya təyinatlı başqa vəzifə tutmaları,
habelə sahibkarlıq, kommersiya və digər ödənişli
fəaliyyətlə məşğul olmaları qadağan
edilirdi. Keçid dövründə bu qaydadan müəyyən
istisnalara yol verilməsi və bu cür istisnalarla seçilən
deputatların sayının Milli Məclisin
deputatlarının ümumi sayının 15 faizindən
çox ola bilməməsi nəzərdə
tutulurdu. 1995-ci il qanunu əsasında həmin
il noyabrın 12-də keçirilmiş seçkilərin nəticəsində
formalaşmış yeni Milli Məclisin ilk iclas günü Azərbaycan
Respublikasının Ali Sovetinin əvvəlki 360 xalq
deputatının səlahiyyətlərinə xitam
verilmişdi.
Milli Məclisin
1995-ci il iyulun 3-də keçirilən
iclasında Heydər Əliyev milli maraqları əsas tutaraq
AXC hökuməti zamanı xarici şirkətlərlə neft
sahəsində aparılan bütün
danışıqların müvəqqəti olaraq
dayandırıldığını bəyan etmişdi. Danışıqların Azərbaycanın mənafeyinə
cavab vermədiyini bilən ulu öndər demişdi ki, məsələ
mütəxəssislər tərəfindən ətraflı
öyrənildikdən sonra hansısa qərar qəbul edilə
bilər. 1994-cü il sentyabrın
20-də imzalandıqdan sonra parlament tərəfindən də
ratifikasiya edilmiş "Əsrin müqaviləsi" isə
xalqın və dövlətin maraqlarına tam cavab vermiş,
Azərbaycanın iqtisadi inkişafında yeni mərhələnin
əsasını qoymuşdur.
Ulu
öndər Heydər Əliyev peşəkar siyasi xadim kimi
parlamentin formalaşdırılması işində də həlledici
rol oynamış, 1995-ci ilin 12 noyabrında Konstitusiyanın
ümumxalq referendumuna çıxarılması ilə paralel
şəkildə Azərbaycan Respublikası Milli Məclisinə
ilk demokratik seçkilərin keçirilməsini təmin
etmişdir. Azad, ədalətli və şəffaf
şəraitdə keçən seçkilərdə Azərbaycan
Respublikasının Milli Məclisi
formalaşdırılmış, ölkədə demokratik
parlamentarizm təcrübəsinin əsası qoyulmuşdur.
Birinci çağırış Azərbaycan
Respublikasının Milli Məclisi Konstitusiya ilə müəyyənləşdirilmiş
səlahiyyətlərini uğurla yerinə yetirmiş, fəaliyyətini
demokratiya, çoxpartiyalılıq, plüralizm, qanunun aliliyi
prinsipləri üzərində qurmuşdur. 1995-ci il noyabrın 24-də Heydər Əliyev birinci
çağırış Milli Məclisin ilk iclasında
iştirak etmiş, qanunvericilik orqanının üzvlərinə
xeyir-duasını vermişdir.
Azərbaycan
Respublikasının Milli Məclisi 1995-ci ildən etibarən
hüquqi dövlət və vətəndaş cəmiyyəti
quruculuğu, bazar iqtisadiyyatı prinsiplərinin bərqərar
edilməsi, ölkəmizin Avratlantik məkana inteqrasiyası
üçün hüquqi bazanın yaradılması kimi vəzifələri
uğurla yerinə yetirmiş, qanun
yaradıcılığı işində dünyanın
qabaqcıl demokratik ölkələrinin təcrübəsindən
bəhrələnmiş, qanunvericilik fəaliyyətində
mühüm nailiyyətlər qazanmışdır. Statistik rəqəmlər
göstərir ki, 1993-cü il oktyabrın 10-dan 2002-ci il
dekabrın 30-dək Milli Məclisdə qəbul edilmiş 1715
qanun və qərardan 975-i məhz ümummilli lider Heydər Əliyevin
qanunvericilik təşəbbüsü əsasında parlamentə
təqdim olunmuşdur.
Həyata keçirilən islahatların mühüm bir
istiqamətini də məhkəmə-hüquq sisteminin
müasirləşdirilməsi, bu kontekstdə insan və vətəndaş
hüquq və azadlıqlarının maksimum dərəcədə
müdafiəsi üçün çevik mexanizmlərin
yaradılması, habelə qanunların aliliyinin təmin
olunması məsələləri təşkil etmişdir. Ulu öndər Heydər Əliyevin
21 fevral 1996-cı il tarixli fərmanı ilə yaradılmış
Hüquq İslahat Komissiyası tərəfindən
hazırlanaraq Milli Məclisdə qəbul edilmiş "Məhkəmələr
və hakimlər haqqında", "Konstitusiya Məhkəməsi
haqqında", "Vəkillər və vəkillik fəaliyyəti
haqqında", "Prokurorluq haqqında", "Polis
haqqında", "Əməliyyat-axtarış tədbirləri
haqqında", "Notariat haqqında" və s. qanunlar,
habelə mülki və cinayət-prosessual məcəllələr
ölkədə insan və vətəndaş hüquq və
azadlıqlarının daha səmərəli təmini məqsədinə
xidmət etmişdir.
Ümummilli
lider Heydər Əliyevin yüksək humanizminin və insanpərvərliyinin
təcəssümü kimi 1993-cü ildən tətbiqinə
moratorium qoyduğu ölüm hökmü Milli Məclisin 10
fevral 1998-ci il tarixli qərarı ilə ləğv
edilmiş, Azərbaycan bütövlükdə Şərqdə
bu qətiyyətli və tarixi qərarı verən ilk ölkə olmuşdur.
Bu tarixi qərar Azərbaycanın beynəlxalq
nüfuzunu yüksəltmiş, 2001-ci ilin 17 yanvarında
müstəqil respublikamız Avropa Şurası kimi mötəbər
beynəlxalq təşkilata tamhüquqlu üzv qəbul
edilmişdir. Azərbaycan parlamentinin təşkilatla
son 10 illik səmərəli əməkdaşlığı
milli qanunvericiliyin Avropa standartlarına uyğun təkmilləşdirilməsi
prosesinə ciddi təkan vermişdir.
Milli Məclis qanunların təkmilləşdirilməsi
mərhələsində təkcə beynəlxalq təcrübəni
öyrənib presedent kimi tətbiq etməklə kifayətlənməmiş,
eyni zamanda milli maraqları əsas tutmaqla müxtəlif beynəlxalq
konvensiya və sazişləri ratifikasiya etmişdir. Konstitusiyamızın
151-ci maddəsinə əsasən, Azərbaycan
Respublikasının qanunvericilik sisteminə daxil olan normativ
hüquqi aktlar ilə (Azərbaycan Respublikasının Konstitusiyası
və referendumla qəbul edilən aktlar istisna olmaqla) Azərbaycan
Respublikasının tərəfdar çıxdığı
dövlətlərarası müqavilələr arasında
ziddiyyət yaranarsa, beynəlxalq müqavilələr tətbiq
edilir. Bu maddə Azərbaycan
Konstitusiyasının liberallığını və
demokratikliyini bir daha sübuta yetirməklə yanaşı, həm
də son 15 ildə ölkədə milli qanunvericiliyin Avropa
standartlarına uyğunlaşdırılmasına
yaxşı imkanlar açmışdır. Əsas Qanunumuzda əksini tapmış insan və vətəndaş
hüquqları və azadlıqları Azərbaycan Respublikasının
tərəfdar çıxdığı beynəlxalq
müqavilələrə uyğun tətbiq edilmişdir.
2000-ci ildə keçirilmiş ikinci
çağırış Azərbaycan Respublikasının
Milli Məclisinə seçkilər də ölkədə
demokratiyanın inkişafı, hüquqi dövlət
quruculuğu yolunda irəliyə doğru mühüm addım
olmuşdur.
Seçicilərin yüksək fəallığı şəraitində
ikinci çağırış Milli Məclisə
respublikamızda fəaliyyət göstərən 9 siyasi
partiyanın təmsilçiləri seçilmiş, ölkəmizin
aparıcı siyasi qüvvəsi olan Yeni Azərbaycan
Partiyası böyük qələbə qazanaraq deputat
mandatlarının əksəriyyətini əldə
etmişdi. Məhz ikinci
çağırış Milli Məclisin fəaliyyəti
dövründə Avropa Şurası kimi mötəbər
beynəlxalq təşkilata tamhüquqlu üzv qəbul
edilmiş, ölkəmizdə milli qanunvericiliyin Avropa
standartlarına uyğun təkmilləşdirilməsi sahəsində
keyfiyyətcə yeni mərhələnin əsası
qoyulmuşdur. Xüsusi xatırlatmaq lazımdır ki,
2000-2003-cü illərdə Azərbaycanın AŞ PA-dakı
parlament nümayəndə heyətinin rəhbəri olmuş
cənab İlham Əliyev təşkilatda Azərbaycanın milli maraq və
mənafeyini layiqincə təmsil etmiş, Avropa məkanında
sayılıb-seçilən nüfuzlu siyasətçilərdən
birinə çevrilmişdir.
Ümummilli
lider Heydər Əliyev 2001-ci ildə müstəqil dövlətimizin
ilk parlamentinin fəaliyyətini yüksək qiymətləndirərək
demişdir: "1995-ci ildə seçilmiş Milli Məclis
Azərbaycanın müstəqilliyinin möhkəmləndirilməsi
üçün, hüquqi, demokratik, dünyəvi dövlət
quruculuğu prosesinin inkişafı üçün,
sosial-iqtisadi, hüquqi-siyasi islahatların keçirilməsi
üçün çox iş görmüşdür və
görülən işlərin əsas mənası da qəbul
olunmuş qanunlardır. Tam cəsarətlə deyə bilərəm
ki, ötən beş il ərzində Azərbaycanın
Milli Məclisi çox məhsuldar işləmiş, çox
böyük əhəmiyyətə malik olan və mürəkkəb
xarakter daşıyan qanunlar qəbul etmişdir. Bu qanunlar Azərbaycanda müstəqil dövlətin
inkişafı, iqtisadi islahatların aparılması
üçün, qanunun aliliyini təmin etmək, hüquqi
dövlət yaratmaq üçün çox əhəmiyyətli
olmuşdur. Eyni zamanda Milli Məclis Azərbaycan
dövlətinin xarici siyasətinin həyata keçirilməsində
də parlamentlərarası əlaqələr vasitəsilə,
başqa vasitələrlə bizim ümumi işimizə
öz payını vermişdir".
Ötən illərdə Milli Məclisdə
dünyanın 60-dan çox ölkəsinin parlamenti ilə əlaqələr
üzrə işçi qrupları yaradılmış,
qanunverici orqanın beynəlxalq əlaqələri genişlənmişdir. Azərbaycanın parlament
nümayəndə heyəti tez-tez xarici ölkələrdə işgüzar səfərlərdə
olur, habelə Milli Məclisdə xarici ölkələrin
siyasi və dövlət xadimləri, parlament üzvləri ilə
görüşlər təşkil edilir. Bütün
bunlar həm də qanunyaradıcılığı sahəsində
təcrübə və informasiya mübadiləsi
baxımından əhəmiyyətlidir. Azərbaycan
parlamenti ölkənin beynəlxalq əlaqələrinin
inkişafına layiqli töhfəsini verməklə
yanaşı, respublikanın demokratik imicinin yüksəlməsində
də öz sözünü deyir.
2003-cü
ilin 15 oktyabrında xalqın iradəsilə Azərbaycan
Prezidenti seçilmiş cənab İlham Əliyev parlamentin
ölkə həyatındakı rolunu yüksək dəyərləndirmiş,
onun maddi-texniki bazasının yeniləşməsi, iş
üsul və vasitələrinin müasirləşdirilməsi
prosesinə öz töhfəsini vermişdir. Dövlət
başçısının təşəbbüsü ilə
Azərbaycan Respublikası Milli Məclisinin inzibati binası əsaslı
və ən müasir səviyyədə təmir edilmiş,
infrastrukturu yeniləşdirilmiş, bir sözlə,
deputatların səmərəli və normal fəaliyyəti
üçün bütün zəruri tədbirlər həyata
keçirilmişdir. Ulu öndər Heydər
Əliyevin dövlət və xalq qarşısında misilsiz
xidmətlərinin obyektiv dəyərləndirilməsi, xatirəsinin
əbədiləşdirilməsi məqsədilə Milli Məclisin
foyesində büstü qoyulmuş, eyni zamanda parlamentdə
"Heydər Əliyev muzeyi" yaradılmışdır.
2005-ci il noyabrın 6-da üçüncü çağırış
Azərbaycan Respublikasının Milli Məclisinə
keçirilən seçkilər Azərbaycan xalqının
Heydər Əliyevin ideallarına yüksək inamını,
hörmət və ehtiramını növbəti dəfə
təcəssüm etdirmişdir. Parlament
seçkilərində Yeni Azərbaycan Partiyasının
şəksiz qələbə qazanması həm bu hörmət
və ehtiramın nəticəsi, həm də dövlət
başçısı İlham Əliyevin rəhbərliyi
altında həyata keçirilən uğurlu siyasətin nəticələrinin
insanlar tərəfindən yüksək qiymətləndirilməsi
olmuşdur. 2005-ci il dekabrın 2-də
üçüncü çağırış Azərbaycan
Milli Məclisinin ilk iclasında iştirak edən Azərbaycan
Respublikasının Prezidenti seçkilərdə qələbə
qazanmış deputatları təbrik etmiş, onlara gələcək
qanunvericilik fəaliyyətlərində uğurlar
arzulamışdır. Cənab İlham Əliyev parlament
seçkilərinin ölkəmizin demokratik inkişafı
baxımından böyük əhəmiyyət kəsb
etdiyini söyləmişdir: "Bütövlükdə,
parlament seçkilərinin Azərbaycanın demokratik
inkişafında çox mühüm rolu vardır. Seçkilər şəffaf, ədalətli şəkildə
keçirilib və bizə imkan verəcək ki, Azərbaycan
hərtərəfli inkişaf etsin, Azərbaycanda siyasi proseslər
daha da sürətlə aparılsın, ölkədə
demokratik islahatlar davam etdirilsin və bütövlükdə
Azərbaycan demokratik dövlətə çevrilsin".
Son illərdə Azərbaycan Prezidenti İlham Əliyevin
qanunvericilik təşəbbüsü əsasında ölkə
həyatı üçün son dərəcə vacib əhəmiyyət
kəsb edən çoxlu sayda qanun və qərarlar qəbul
edilmiş, parlamentin ölkənin ictimai-siyasi həyatında
rolu daha da yüksəlmişdir. 2008-ci ildə Azərbaycan
Parlamentinin yaranmasının 90-cı ildönümü təntənəli
şəkildə qeyd olunmuşdur. Bu əlamətdar
tədbirdə dərin nitq söyləyən dövlət
başçısı İlham Əliyev Azərbaycan
Respublikası Milli Məclisinin hüquqi dövlət
quruculuğu sahəsindəki fəaliyyətini yüksək
qiymətləndirmişdir.
Azərbaycan Respublikasının Milli Məclisi milli
qanunvericiliyin təkmilləşdirilməsi prosesində
yaxından iştirak edir, hər bir addımda dövlətçilik
maraqlarını, insan və vətəndaş hüquq və
azadlıqlarının aliliyi prinsipini əsas tutur. Xüsusi vurğulamaq
lazımdır ki, 18 mart 2009-cu il tarixli
ümumxalq referendumu nəticəsində Azərbaycan
Respublikası Konstitusiyasına edilmiş əlavə və dəyişikliklərin
bir qismi Azərbaycan Respublikası Milli Məclisinin fəaliyyətinin
daha da təkmilləşdirilməsinə xidmət
etmişdir.
2010-cu
ilin 7 noyabr parlament seçkilərindən sonra formalaşan IV
çağırış Milli Məclisin ilk iclasında
çıxış edən Prezident İlham Əliyev
demişdir: "Növbəti beş ildə Milli Məclis
qarşısında çox mühüm vəzifələr
dayanır. Bir daha demək istəyirəm ki,
artıq Azərbaycanda parlamentarizmin çox yaxşı ənənələri
yaranmışdır. Milli Məclis siyasi
qurumdur, hakimiyyətin bir qoludur. Məclis tərəfindən
qəbul edilmiş qərarlar ölkəmizin inkişafına
xidmət göstərir, belə də olmalıdır. Hamımız çalışmalıyıq ki,
ölkəmizi gücləndirək. Hamımız
tutduğumuz vəzifədən, siyasi əqidədən
asılı olmayaraq səylərimizi müstəqil Azərbaycan
dövlətinin güclənməsinə qoymalıyıq.
Mən çox şadam ki, Azərbaycan cəmiyyətində
və son illərdə, o cümlədən siyasi spektrdə
bu meyillər güclənir. Bu meyillərin
daşıyıcılarının rolu artır. Azərbaycanın inkişafına əngəl
yaratmaq, Azərbaycanı ləkələmək istəyən,
Azərbaycanda hər hansı bir xoşagəlməz hadisəni
gözləyən qüvvələrin təsiri böyük dərəcədə
azalmışdır, demək olar ki, artıq hiss olunmur.
Bu parlament seçkilərinin nəticələri bunu bir daha
göstərdi".
Ulu öndər Heydər Əliyev təcrübəli
dövlət xadimi, hakimiyyət ustadı olaraq Azərbaycan
xalqının milli mentaliteti və
dünyagörüşü ilə uzlaşan, reallığa
adekvat olan milli inkişaf strategiyası seçmişdir. Bu
strategiyanın reallaşdırılmasında parlamentin
geniş imkanlarından yetərincə istifadə
edilmişdir. Heydər Əliyevin dövlətçilik
ideallarına tapınan Azərbaycan Respublikasının Milli Məclisi
bu gün də üzərinə düşən məsuliyyətli
missiyanı uğurla yerinə yetirməyə, dövlətin
və xalqın maraqlarının keşiyində layiqincə
dayanmağa, habelə dövlət başçısı
İlham Əliyevin rəhbərliyi altında həyata
keçirilən mütərəqqi siyasi, iqtisadi və
hüquqi islahatlara töhfəsini verməyə
çalışır.
(ardı var)
Azərbaycan.- 2011.-17 avqust.- S. 2.