Qazaxda akademik Ramiz Mehdiyevin "Gorus-2010: absurd teatrı mövsümü" kitabının müzakirəsinə həsr olunmuş elmi-nəzəri konfrans keçirilmişdir

 

Qazax Rayon İcra Hakimiyyətində Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyevin "Gorus-2010: absurd teatrı mövsümü" kitabının müzakirəsinə həsr olunmuş elmi-nəzəri konfrans keçirilmişdir.

Konfransı açan rayon icra hakimiyyətinin başçısı Rauf Hüseynov bildirmişdir ki, akademik Ramiz Mehdiyevin Azərbaycan xalqının tarixini saxtalaşdıranlara qarşı yazdığı "Gorus-2010: absurd teatrı mövsümü" kitabı sanballı və dəyərli tədqiqat əsəri olmaqla yanaşı, xalqımızın soykökünün, qədim və müasir tarixinin hərtərəfli və geniş araşdırılıb  öyrənilməsi, ümumiləşdirilməsi, bir sıra mənbələrin, o cümlədən dünyanın məşhur alimlərinin Qafqaz və Azərbaycanın tarixinə dair əsərlərinin sistemləşdirilməsi baxımından da böyük əhəmiyyət kəsb edir və ciddi maraq doğurur.

Bildirilmişdir ki, son vaxtlar Azərbaycana qarşı psixoloji-siyasi həmlələrin artması bizdən ayıq-sayıq olmağı, azərbaycançılıq ideyası ətrafında sıx birləşməyi, təbliğat imkanlarımızı səfərbər edib ideoloji işimizi zəngin faktlar və çevik manevrlər əsasında qurmağı tələb edir. Elmi-nəzəri konfransda rayon icra hakimiyyəti başçısı aparatının şöbə müdiri Məhəmməd Orucov geniş məruzə ilə çıxış etmişdir. Bildirilmişdir ki, müstəqil Azərbaycanın sürətli inkişafı bədnam qonşularımızı ciddi narahat edir. Zəhərli təbliğat maşınının bütün kanallarını işə salan erməni millətçiləri dünyanın müxtəlif ölkələrində özlərinin antiazərbaycan siyasətindən əl çəkmir və yeni-yeni uydurma tezislərlə beynəlxalq ictimaiyyəti çaşdırmağa çalışırlar. Hətta iş o yerə çatmışdir ki, qonşu xalqlar arasında düşmənçilik toxumu səpən erməni təbliğatçılarına istiqamət verən Ermənistan prezidenti Serj Sarkisyan özü də uydurma tezislər irəli sürməyə, dolaşıq fikirləri ilə tarixi saxtalaşdırmağa, yalançı məlumatları ilə tarixi faktları və hadisələri təhrif etməyə girişmişdir. Ona görə də tariximizin ayrı-ayrı dövr və mərhələlərinin, xalqımızın ən qədim zamanlardan bu günə qədər keçdiyi inkişaf yolunun, dövlətçilik ənənələrinin zəngin təcrübəsinin və qüdrətli dövlət yaratmaq bacarığının elmi faktlarla, qədim və orta əsr müəlliflərinin mənbə və qaynaqları ilə əsaslandırılması və sübuta yetirilməsi, tarixi saxtalaşdırmaq istəyənlərə elmi cavablar verilməsi bu gün daha çox əhəmiyyət kəsb edir.

Bu baxımdan akademik Ramiz Mehdiyevin tariximizin müxtəlif dövrlərini təhlil edən, düşmən təbliğatına konkret elmi sübutlarla cavab verən "Gorus-2010: absurd teatrı mövsümü" kitabı çox böyük əhəmiyyətə malikdir. Bu tarixi əsərin başlanğıcından məlum olur ki, 2010-cu il oktyabrın 16-da erməni absurd teatrının səhnəsində növbəti tamaşa təşkil edilmişdir. Bu dəfə tamaşa qədim Azərbaycan torpağı olan Gorus şəhərində göstərilmişdir. Tamaşanın "baş qəhrəmanı" hansısa artist deyil, Ermənistan prezidenti Serj Sarkisyan özüdür. Bu həmin Serj Sarkisyandır ki, əli Azərbaycan xalqının qanına batmış, XX əsrin ən dəhşətli faciəsi Xocalı soyqırımına bais olmuş, yüzlərlə günahsız insanın ölümünə fətva vermiş, Dağlıq Qarabağda hərbi əməliyyatlara və dinc soydaşlarımızın qırğınlarına başçılıq etmişdir.

Məruzədə qeyd edilmişdir ki, akademik Ramiz Mehdiyevin kitabında göstərildiyi kimi, Serj Sarkisyanın Gorusda "erməni dilinin ən qədim dillərdən biri olması", "ermənilərin ali irqə mənsub olması", "Azərbaycan xalqının XX əsrdə yaranması", "Dağlıq Qarabağ xalqının milli özünü təyinetmə hüququna malik olması" kimi absurd bəyanatlar səsləndirməsi Ermənistan rəhbərliyinin diplomatik cəbhədə çıxılmaz vəziyyətə düşdüyünü sübut edir. Danışıqları süni şəkildə uzatmaq imkanları tükənən, işğalçılıq siyasətinə görə beynəlxalq təzyiqlə üzləşən S.Sarkisyan Gorusda verdiyi bəyanatlarla faktiki olaraq Azərbaycanın diplomatik üstünlüyünü etiraf etmişdir.

 Məruzəçi bildirmişdir ki, Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyevin "Gorus-2010: absurd teatrı mövsümü" kitabının cəmiyyətdə böyük əks-səda doğurması və maraqla qarşılanması təsadüfi deyildir. Kitabda ermənilərin Cənubi Qafqaz və Dağlıq Qarabağda yerləşdirilməsi, son iki əsrdə terror, soyqırımı və deportasiya siyasəti yürütdükləri konkret faktlarla göstərilmişdir.

"Gorus-2010: absurd teatrı mövsümü" əsərində müəllif son illərdə Ermənistanın ciddi diplomatik geriləməyə məruz qaldığını, ölkəmizin danışıqlar prosesində üstünlüyü və təşəbbüsü ələ almasını, haqlı mövqeyini qətiyyətlə ortaya qoyaraq müdafiə etməsini real faktlarla göstərmişdir. Əsərin sonunda Ermənistanın hazırkı qeyri-konstruktiv mövqeyinin erməni xalqını daha böyük müsibətlərə sürüklədiyi diqqətə çatdırılmışdır.

Bildirilmişdir ki, akademik Ramiz Mehdiyevin "Gorus-2010: absurd teatrı mövsümü" kitabı istər Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması, istərsə də bədnam erməni ideoloqlarının apardıqları çirkin təbliğat kampaniyasının ifşa olunması baxımından son dərəcə əhəmiyyətli, aktual bir əsərdir.

Konfransda çıxış edənlər akademik Ramiz Mehdiyevin "Gorus-2010: absurd teatrı mövsümü" kitabını bədnam qonşularımızın əsl xislətinin açılması, tariximizin öyrənilməsi, Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasında əhəmiyyətini xüsusi vurğulamışlar.

 

 

AzərTAc

 

Azərbaycan.- 2011.-17  avqust.- S. 3.