İnsan hüquqlarına hörmət Azərbaycanın demokratik inkişafının prioritet xəttidir
Müasir dövrdə hər bir ölkənin beynəlxalq münasibətlər sisteminə qatılması, maraq və mənafelərini beynəlxalq hüququn verdiyi imkanlar hesabına təmin etməsi, sivil birgəyaşayış normaları ilə tənzimlənən dünya siyasətində iştirakı ilk növbədə onun daxili siyasətindən, demokratik normalara, insan hüquq və azadlıqlarına necə əməl etməsindən asılıdır. Avratlantik məkana inteqrasiya kursu seçmiş Azərbaycan da qloballaşan dünyanın bərabərhüquqlu subyekti kimi bu inteqrasiya magistralında uğurla irəliləyir və demokratik dəyərləri sürətlə mənimsəyir.
1948-ci il 10 dekabr tarixli Ümumdünya İnsan Hüquqları Bəyannaməsində insan hüquq və azadlıqlarının heç bir dövlətin daxili işi olmadığı, ümumbəşəri səciyyə daşıdığı əksini tapmış, ayrı-ayrı dövlətlərin bu sahədə görməli olduğu işlərin miqyası göstərilmişdir. Beləliklə, əsas insan haqları - yaşamaq, azadlıq, bərabərlik, mülkiyyət və təhlükəsiz yaşamaq hüquqları demokratik ölkələrin başlıca məqsədi hesab olunmuşdur. Bu hüquqlar eyni zamanda müxtəlif iqtisadi-siyasi, dini sistemləri, ideologiyaları birləşdirən əsas meyar sayılır. Ayrı-ayrı ölkələr qanunvericiliyini Ümumdünya İnsan Hüquqları Bəyannaməsində əksini tapmış mütərəqqi prinsiplərə uyğunlaşdırmaqla, fundamental insan hüquq və azadlıqlarının maksimum təminatına şərait yaratmağa çalışırlar.
İndi bütün sivil cəmiyyətlərdə insan haqlarının təminatına və ümumbəşəri humanist dəyərlərin bərqərar olmasına, eləcə də bu sahə üzrə ixtisaslaşan demokratik institutların fəaliyyətinə xüsusi qayğı ilə yanaşılır. Bu dəyərlər özündə ciddi təbliğati-siyasi məzmun ehtiva etməklə, dövlətlərin beynəlxalq nüfuzunun formalaşmasına da mühüm təsir göstərir. İnsan hüquqlarına hörmət və ehtiramın demokratik inkişafın alternativsiz yolu olduğunu bu gün hər kəs təsdiqləyə bilər.
Azərbaycan XX əsrin sonunda dünyada baş verən siyasi proseslərin tərkib hissəsi kimi müstəqillik qazandıqdan sonra respublikada hüquqi dövlət ideyasının reallaşmasına zəmin yaradılması, milli-mənəvi dəyərlərə qayıdış, mənəvi intibahın başlanması xalqın gələcək taleyi ilə bağlı bir sıra aktual problemlərin həlli zərurətini ön plana çıxarmışdır. Məzmun və mahiyyətcə yeni olan proseslər cəmiyyətin bütün sahələrini əhatə edərək keçid dövrünün qeyri-müəyyənliyinin aradan qaldırılması üçün zəruri əsaslar formalaşdırmışdır. Azərbaycanda hüquqi dövlət və demokratik cəmiyyətin qurulması məqsədi hələ 1991-ci il oktyabrın 18-də qəbul edilmiş "Azərbaycan Respublikasının Dövlət müstəqilliyi haqqında Konstitusiya Aktı"nda əksini tapmışdır. Yeni yaranmış dövlətimiz özünü Azərbaycan Xalq Cümhuriyyətinin davamçısı elan etməklə bərabər, siyasi və iqtisadi münasibətlərin fundamental prinsiplərini - bütün təbii sərvətlərin xalqa mənsub olmasını, mülkiyyətin bütün formalarının bərabərliyini, vətəndaşların seçki hüququnun, çoxpartiyalılıq sisteminin təminatını, insan hüquq və azadlıqlarının ümumi prinsiplərini rəsmən elan etmişdir.
Azərbaycan Respublikası 20 ilə yaxın müddətdə beynəlxalq birliyin tamhüquqlu üzvü kimi əsrlərin sınağından çıxmış ümumbəşəri dəyərlərin üstünlüyünü qəbul edərək demokratik, hüquqi və dünyəvi dövlət quruculuğunu özünün inkişaf yolu seçmişdir. Müstəqilliyin ilk illərində bir sıra səbəblər üzündən respublikada bu sahədə, demək olar ki, əsaslı irəliləyiş baş verməmişdi. 90-cı illərin əvvəllərində ölkədə yaşanan siyasi kataklizmlər, vətəndaş qarşıdurması, siyasi xaos və özbaşınalıq, iqtisadi tənəzzül, ən başlıcası isə təcrübəsizlik, eyni zamanda milli ideologiya və strategiya, habelə yeni cəmiyyətin tələblərinə uyğun qanunların olmaması, köhnələrinin isə yeni sistemin tələblərinə cavab verməməsi bu prosesə mənfi təsirini göstərmişdi.
1993-cü ilin iyununda ümummilli lider Heydər Əliyevin xalqın tələbi ilə Azərbaycanda siyasi rəhbərliyə qayıdışından sonra ölkədə qanunçuluğun və hüquq qaydalarının bərpası istiqamətində kompleks tədbirlərin həyata keçirilməsi prosesi geniş vüsət almışdır. Xaos və anarxiya mühitinə son qoyulmuş, hüquqi, siyasi və iqtisadi islahatlara start verilmişdir. Ümummilli lider Heydər Əliyev hüquqi dövlət quruculuğunu ilk gündən həyata keçirdiyi siyasətin üstün istiqaməti kimi önə çəkmişdir: "Biz Azərbaycanda demokratik respublika quraraq, sivilizasiyalararası cəmiyyət uğrunda mübarizə apararaq, ümumi dünyəvi, bəşəri dəyərlərin hamısından istifadə etməliyik. Biz çalışmalıyıq ki, Azərbaycan uzun illərdən sonra, ilk dəfə müstəqilliyini aldıqdan sonra bütün dünyaya öz tarixi nailiyyətlərini, milli ənənələrini nümayiş etdirə bilsin. Güman edirəm ki, Azərbaycan xalqının bu barədə həm tarixi, həm müasir potensialı olduqca böyükdür. Bunların hamısından istifadə olunarsa, Azərbaycan həm tam müstəqil dövlət olacaq, həm də bizim cəmiyyətimiz tam demokratik, hüquqi, ümumbəşəri dəyərlərin əsasında qurulan demokratik bir cəmiyyət olacaq".
Ulu öndər Heydər Əliyevin "Cinayətkarlığa qarşı mübarizənin gücləndirilməsi, qanunçuluğun və hüquq qaydasının möhkəmləndirilməsi haqqında" 9 avqust 1994-cü il tarixli fərmanı ilə cinayətkarlığa qarşı mübarizə tədbirləri daha da gücləndirilmiş, hüquq-mühafizə orqanlarının bu istiqamətdə uzunmüddətli dövr üçün fəaliyyət proqramı müəyyənləşdirilmişdir. Bu fərman ölkədəki daxili ictimai-siyasi durumun sabitləşdirilməsi və ümumi situasiyaya nəzarətin artırılması baxımından sanballı sənəd olmuşdur.
Müstəqil Azərbaycan Respublikasının 1995-ci il noyabrın 12-də qəbul edilmiş ilk Konstitusiyası isə ölkənin gələcək inkişaf prioritetlərini müəyyənləşdirməklə yanaşı, insan hüquq və azadlıqlarının təminatını dövlətin ali məqsədi kimi önə çıxarmışdır. Konstitusiyada əksini tapmış bu strateji məqsəd ilk növbədə hüquqi islahatları və insan haqlarının qorunması prinsipinin real həyatda tətbiqini zəruri etmişdir. Azərbaycan Respublikası Konstitusiyasında BMT-nin Ümumdünya İnsan Hüquqları Bəyannaməsində və digər beynəlxalq müqavilələrdə əksini tapmış insan hüquq və azadlıqları əhatəli şəkildə təsbit olunmuşdur. Konstitusiyada insan hüquq və azadlıqlarına geniş yer verilməsi Azərbaycan dövlətinin demokratik ənənələrə, insan hüquqları ideyasına əməl etmək istəyinin ifadəsidir.
Bütövlükdə, Konstitusiya və Azərbaycan Respublikası tərəfindən insan hüquqları sahəsində qəbul edilmiş digər normativ-hüquqi aktlar beynəlxalq hüquq normalarına hörmət prinsipi üzərində qurulmuşdur. Konstitusiyada irqindən, milliyyətindən, dinindən, dilindən, cinsindən, mənşəyindən, əqidəsindən, siyasi və sosial mənsubiyyətindən və sair hallardan asılı olmayaraq hər bir insanın hüquq və azadlıqlarının müdafiəsi qanunvericilik, icra və məhkəmə orqanları qarşısında ümdə vəzifə kimi qoyulmuşdur. Əsas Qanunun 12-ci maddəsinin 2-ci hissəsində deyilir ki, bu Konstitusiyada sadalanan insan və vətəndaş hüquqları və azadlıqları Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrə uyğun tətbiq edilir. Bu isə Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının beynəlxalq hüquq normalarına tam uyğunlaşdırılması istiqamətində atılan müsbət addım kimi qiymətləndirilməlidir. 12-ci maddənin 1-ci hissəsində isə göstərilir ki, insan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsi, Azərbaycan Respublikası vətəndaşlarının layiqli həyat səviyyəsinin təmin edilməsi dövlətin ali məqsədidir. 12-ci maddənin 1-ci hissəsinə "Azərbaycan Respublikası vətəndaşlarının layiqli həyat səviyyəsinin təmin edilməsinin də dövlətin ali məqsədi kimi müəyyən edilməsi"nin 18 mart 2009-cu il tarixdə keçirilmiş referendumla Konstitusiyaya əlavə edilməsi dövlətimizin özünün vətəndaşları qarşısında daha ciddi öhdəlik götürməsi əsaslarını müəyyən edir. Sosial hüquqların təminatı üzrə mühüm beynəlxalq müqavilələrin, o cümlədən Avropa Sosial Xartiyası kimi nüfuzlu beynəlxalq müqavilənin iştirakçısı olaraq bu normanın Azərbaycan Respublikasının Konstitusiyasında təsbit edilməsi ölkəmizin demokratik imicliliyini və insan hüquqlarının təminatı sistemi üzərində qurulduğunu bir daha sübut edir.
Azərbaycan dünyanın hüquqi-siyasi atmosferinin müəyyənləşməsində aparıcı rol oynayan bir sıra təşkilatlara, o cümlədən Avropa Şurasına üzvlük məsələsinə xüsusi diqqət yetirmiş, bu məqsədlə ölkə həyatının bütün sahələrində çoxşaxəli islahatların aparılmasını təmin etmişdir. Hüquqa və ədalətə söykənən mülki cəmiyyətin formalaşdırılması üçün, ilk növbədə, milli qanunvericiliyin Avropa standartlarına uyğunlaşdırılmasına başlanmış, ardıcıl surətdə həyata keçirilən köklü iqtisadi, sosial və hüquqi islahatların qayəsində insana qayğı, insan ləyaqətinə, şəxsiyyətinə hörmət prinsipi dayanmışdır.
Azərbaycanın Avratlantik məkana inteqrasiya sahəsində əldə etdiyi mühüm nailiyyətlərdən biri də BMT və Azərbaycan hökuməti arasında 1998-ci ilin avqustunda imzalanmış "İnsan hüquqları və demokratiyanın dəstəklənməsi sahəsində birgə layihə haqqında" memorandum olmuşdur. Bu memoranduma əsasən, BMT insan hüquqlarını dəstəkləmək və müdafiə etmək sahəsində ümumi biliklərin və potensialın Avropa standartlarına uyğunlaşdırılması, prosedur və hesabatlar sisteminin təkmilləşdirilməsi, mülki cəmiyyətin inkişafı və digər məsələlər sahəsində Azərbaycan Respublikası hökuməti ilə birgə tədbirlər həyata keçirmişdir. 1998-ci ilin 22 fevralında ümummilli lider Heydər Əliyev "İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsi sahəsində tədbirlər haqqında" fərman imzalamış, insan hüquqları sahəsində həyata keçirilən tədbirlərin istiqaməti və konsepsiyası səhih şəkildə müəyyən edilmişdir. Bununla insan hüquqları məsələsi ümumdövlət səviyyəsinə qaldırılmışdır. 1998-ci il 18 iyun tarixdə isə Azərbaycan Respublikası Prezidentinin fərmanı ilə "İnsan hüquqlarının müdafiəsinə dair Dövlət Proqramı" təsdiq olunmuşdur. Dövlət proqramına əsasən, Azərbaycanın qoşulduğu konvensiyalara, qəbul etdiyi qanunvericilik aktlarına, eyni zamanda Konstitusiyanın müddəalarından irəli gələn tələblərə müvafiq olaraq insan hüquqlarının müdafiəsi sahəsində görülən işlərin səmərəliliyi artırılmışdır. Ulu öndərin 6 avqust 1998-ci il tarixli fərmanı ilə mətbuat üzərində dövlət senzurası tamamilə ləğv olunmuşdur. Kütləvi informasiya vasitələrinin normal fəaliyyətinə xidmət edən yeni qanunvericilik aktlarının qəbulu Azərbaycanın beynəlxalq nüfuzunu gücləndirmişdir.
Demokratik normaların genişlənməsinə xidmət edən hüquqi və siyasi tədbirlərin nəticəsi olaraq müstəqil respublikamız Avropa Şurası Nazirlər Komitəsinin 2001-ci il 17 yanvar tarixli qərarı ilə təşkilatın tamhüquqlu üzvlüyünə qəbul edilmişdir. Həmin ilin yanvar ayının 25-də isə Azərbaycanın Avropa Şurasına qəbul olunması mərasimi keçirilmiş, bununla da ölkəmizin Avropa ilə əlaqələrinin tarixində yeni mərhələnin başlanğıcı qoyulmuşdur. Təşkilata tamhüquqlu üzv qəbul edilmiş Azərbaycan bununla da demokratik dövlətlər birliyi sırasında özünəlayiq yer tutduğunu sübuta yetirmişdir.
Azərbaycan Respublikasının iştirakçısı olduğu və Avropa Şurası çərçivəsində qəbul edilən mühüm beynəlxalq sənəd "İnsan hüquqları və əsas azadlıqların müdafiəsi haqqında" Avropa Konvensiyasıdır. Konvensiyanın preambulasında qeyd olunur ki, iştirakçı dövlətlər 1948-ci il tarixli İnsan hüquqları haqqında Ümumi Bəyannamənin, onun məqsədinin, bəyan etdiyi hüquqların hamılıqla və səmərəli tanınmasının və həyata keçirilməsinin təmin edilməsinin və ümumiyyətlə, insan hüquq və əsas azadlıqlarının dəstəklənməsi və müdafiəsinin Avropa Şurası üzvləri arasında böyük birliyə nail olunmasını, dünyada ədalət və sülhün əsasını təşkil etdiyini təsdiq edirlər və həmin sənəddə öz əksini tapmış bəzi hüquqların həyata keçirilməsi üçün ilk addımlar atmaq əzmindədirlər.
"Azərbaycan Respublikasında insan hüquqlarının müdafiəsi üzrə Milli Fəaliyyət Planının təsdiq edilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 28 dekabr 2006-cı il tarixli sərəncamının 5-ci bəndində Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinə və Azərbaycan Respublikası Ali Məhkəməsinə tövsiyə edilmişdir ki, insan hüquqlarının müdafiəsini tənzimləyən beynəlxalq sənədlərin müddəalarının məhkəmə təcrübəsində tətbiqini təmin etsinlər. Eyni zamanda, normativ-hüquqi aktların müddəalarının beynəlxalq sənədlərə tam uyğunlaşdırılmasının da təmin edilməsi mühüm vəzifə kimi qarşıya qoyulmuşdur. Daha sonra, Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 19 yanvar tarixli "Azərbaycan Respublikasında məhkəmə sisteminin müasirləşdirilməsi və "Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına dəyişikliklər və əlavələr edilməsi haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə" fərmanının 6-cı bəndində Azərbaycan Respublikası Ali Məhkəməsinə və Azərbaycan Respublikası apelyasiya məhkəmələrinə tövsiyə edilmişdir ki, insan hüquqları üzrə Avropa Məhkəməsinin presedent hüququnun öyrənilməsi işini təşkil etsinlər və onu məhkəmə təcrübəsində nəzərə alsınlar. "Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı "İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında" Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 30 mart 2006-cı il tarixli qərarında məhkəmələrə tövsiyə edilir ki, ədalət mühakiməsinin həyata keçirilməsi zamanı Avropa İnsan Hüquqları Konvensiyasının müddəalarını və Avropa Məhkəməsinin presedentlərini nəzərə alsınlar.
İşgəncələrin qadağan olunması sahəsində 1987-ci Avropa Konvensiyasına qoşulan Azərbaycan dövləti eyniadlı komitə ilə sıx əməkdaşlıq edir. Bununla yanaşı, Avropa Şurası çərçivəsində 2005-ci ildə İnsan alveri ilə mübarizə üzrə Konvensiya qəbul edilmiş və 2008-ci ildə qüvvəyə minmişdir. İnsan alveri ilə mübarizə məsələlərini nizama salan dövlətdaxili qanunvericilik də mühüm əhəmiyyət kəsb edir. Belə ki, 28 iyun 2005-ci il tarixli "İnsan alverinə qarşı mübarizə haqqında" Azərbaycan Respublikası Qanunu insan alverinə qarşı mübarizənin məqsədləri, prinsipləri, onun təşkilati əsasları, insan alverinin profilaktikası, insan alveri qurbanlarının sosial reabilitasiyası və müdafiəsi, insan alveri ilə bağlı işlərə baxılmasının xüsusiyyətləri və insan alveri ilə bağlı məsuliyyəti, insan alverinə qarşı mübarizə sahəsində beynəlxalq əməkdaşlıq və digər məsələlərlə bağlı münasibətləri nizama salır. Yeddi fəsildən və otuz maddədən ibarət olan 28 iyun 2005-ci il tarixli "İnsan alverinə qarşı mübarizə haqqında" Azərbaycan Respublikası Qanununun başlıca məqsədi ölkəmizdə insan alverinə qarşı mübarizənin hüquqi və təşkilati əsaslarını, habelə insan alveri qurbanlarının hüquqi vəziyyətini müəyyən etməkdən, insan alveri qurbanlarının müdafiəsini və onlara yardım göstərilməsi məsələlərini tənzimləməkdən ibarətdir.
Azərbaycan Respublikası insan alveri ilə mübarizə sahəsində əksər beynəlxalq müqavilələrə, o cümlədən BMT-nin Transmilli mütəşəkkil cinayətkarlığa qarşı Konvensiyasına və ona İnsan alverinin, xüsusən, qadın və uşaq alverinin qarşısının alınması və onun cəzalandırılması haqqında Əlavə Protokola, Uşaq hüquqları haqqında BMT Konvensiyasının Uşaq alverinə, uşaq fahişəliyinə və uşaq pornoqrafiyasına dair Fakültativ Protokoluna, BMT-nin İnsan alverinə və digər şəxslərin fahişəliyinin istismarına qarşı mübarizə haqqında 1949-cu il Konvensiyasına, Köləlik haqqında 1926-cı il Konvensiyasına, Köləliyin, qul alverinin və köləliyə oxşar institut və adətlərin ləğv edilməsi haqqında 1956-cı il Əlavə Konvensiyasına qoşulmuşdur.
Azərbaycan Respublikası Prezidentinin 2004-cü il 6 may tarixli sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında insan alverinə qarşı mübarizə üzrə Milli Fəaliyyət Planı"nın və 2009-cu il 6 fevral tarixli sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının İnsan alverinə qarşı mübarizə üzrə Milli Fəaliyyət Planı (2009-2013-cü illər)"nın qəbul olunması xüsusi qeyd edilməlidir. 2004-cü ildə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyində İnsan alverinə qarşı mübarizə idarəsi təsis edilmişdir.
Azadlıqdan məhrumetmə yerlərində insan hüquqlarının daha real təminatı istiqamətində dövlətimiz beynəlxalq konvensiyalara qoşulmuşdur. Bu sahədə mühüm beynəlxalq sənəd kimi çıxış edən Avropa Penitensiar Qaydaları, Avropa Şurası Nazirlər Komitəsi çərçivəsində qəbul edilmiş bir sıra tövsiyələr xüsusi qeyd edilməlidir ki, bunlar daim Azərbaycan Respublikası qanunvericiliyində geniş əksini tapmışdır. Bu istiqamətdə dövlətimiz tərəfindən atılan bir sıra addımlar da xüsusi qeyd edilməlidir. Belə ki, dünya təcrübəsində analoqu olmayan bir haldır ki, ölkəmizdə qısa müddətdə 9 amnistiya və 49 əfv fərmanı ilə minlərlə şəxs cəzadan azad edilmişdir.
2001-ci il dekabrın 28-də "Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) haqqında" Konstitusiya Qanununun qəbulu və bunun əsasında daha sonra Ombudsman təsisatının fəaliyyətə başlaması üçün hüquqi və maddi bazanın təşkili respublikamızda insan və vətəndaş hüquqlarının təmini istiqamətində həyata keçirilən islahatların məntiqi davamı olub Azərbaycanın Avratlantik məkana sıx inteqrasiyasına zəmin yaratmışdır. İnsan hüquqlarının müdafiəçisi funksiyasını yerinə yetirən belə bir təsisat ilk dəfə 1709-cu ildə İsveçdə təsis edilmişdir. Azərbaycan Respublikasında İnsan Hüquqları üzrə Müvəkkil təsisatının yaradılması ideyası isə hələ respublikamızın Avropa Şurasına qəbulundan üç il əvvəl - ümummilli lider Heydər Əliyevin insan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsi ilə bağlı 22 fevral 1998-ci il tarixli fərmanında əksini tapmışdır.
(ardı var)
Əmir ƏLİYEV,
BDU-nun hüquq fakültəsinin
dekanı,
hüquq elmləri doktoru,
professor
Azərbaycan.- 2011.- 17 avqust.- S. 3.