Milli bayrağımıza məhəbbətlə

 

XX əsr Azərbaycan ictimai-milli fikri və mədəni mühitində Üzeyir bəy Hacıbəylinin xüsusi yeri var. O, jurnalist, publisistredaktor, pedaqoq, bəstəkar, dramaturq, musiqi nəzəriyyəçisi, bacarıqlı təşkilatçı kimi çoxcəhətli fəaliyyət istiqamətlərinin hər birində özünü birinci növbədə yüksək milli təəssübkeşlik hissinə malik vətəndaş kimi göstərmiş, həmkarlarından yaxşı mənada seçilmiş, onlara bir çox cəhətdən örnək olmuşdur. Üzeyir bəyin jurnalistlikpublisistik fəaliyyəti çoxçalarlılığı, zəngin mündəricəsi, mövzuproblematika genişliyi, fikirmövqe aydınlığı və sənətkarlıq məziyyətləri ilə də diqqəti cəlb etməkdədir. Ona görə onun publisistikasına daim maraq göstərilmiş, əsərləri nəşr və təhlil edilmişdir. Lakin Ü.Hacıbəylinin cümhuriyyət dövrü, xüsusən "Azərbaycan" qəzeti ilə bağlı publisistikredaktorluq fəaliyyəti, demək olar ki, diqqətdən kənarda qalmışdır.

1990-cı illərdən isə milli ictimai fikir tariximizin " ləkələri" aradan qaldırılmağa, vaxtilə sovet imperialist ideologiyasının qadağa qoyduğu məsələlərə də aydınlıq gətirilməyə başlanmışdır. Bu sahədə bir çox vətənpərvər ziyalı mütəxəssislərimizlə yanaşı, S.Mümtaz adına Dövlət Ədəbiyyat və İncəsənət arxivinin şöbə müdiri, tədqiqatçı Aslan Kənan da uğurla fəaliyyət göstərir. O, 1995-ci ildə Üzeyir bəyin cümhuriyyət dövrü publisistikasının bir hissəsini toplayıb "Fitnələr qarşısında" adı ilə kitab nəşr etdirmişdir. A.Kənan həmin istiqamətdə araşdırmalarını davam etdirərək Üzeyir bəyin məqalələr, felyetonlar və məktublar toplusunu "Bayrağımız sarsılmaz" (Bakı, Avrasiya-Press, 2011) adlı kitabda oxucuların istifadəsinə vermişdir.

Kitabda toplanan məqalə  felyetonlar Üzeyir bəy Hacıbəylinin "Azərbaycan" qəzetindəki publisistik irsinin əksəriyyətini, məktublar isə on ildən artıq bir dövrdə - 1919-1929-cu illərdə onun öz qardaşı Ceyhun bəyə yazdığı məktubları əhatə edir. Aslan Kənan "O həm də gözəl publisist  idi" başlıqlı ön söz yazmış, materiallara şərhlər vermiş və lüğət tərtib etmişdir. Bəri başdan deyək ki, bütün bunlar ağır zəhmət, diqqət, səbr və vətənpərvərlik tələb edir. A.Kənan həmin keyfiyyətləri özündə birləşdirə bildiyi üçündür ki, belə bir lazımlı və layiqli kitabı ərsəyə gətirə bilmişdir. Şərhlər və lüğət bugünkü oxucunun kitabdakı materialları səhvsiz və dolğun başa düşməsinə yardım etməklə əhatəlidir. Ancaq bəzi dəqiqsizlikdən də kənar deyil. Məsələn, "Rövşən Əşrəf bəy şərəfinə ziyafət" başlıqlı məqalə ilə bağlı verilən birinci şərhdə oxuyuruq: "Rövşən Əşrəf bəy - türk ordusunun komandanlarından. 1918-ci ilin mart hadisələri zamanı məşhur xeyriyyəçi İsa bəy Aşurbəyov şəxsi əlaqələrindən istifadə edərək türk qoşunlarının Bakıya daxil olmasında fəal iştirak etmişdi. Məhz həmin ordunun rəhbərlərindən biri də Rövşən Əşrəf bəy olmuşdur".

Qafqaz islam ordusununya hər hansı türk qoşununun 1918-ci ilin mart qırğınları ərəfəsində Bakıya daxil olması faktı düz deyil. Türk Qafqaz İslam ordusu Bakını 1918-ci il 15 sentyabrda azad edib şəhərə daxil olmuşdu. Onun komandirlərindən biri isə Rövşən Əşrəf bəy yox, Rövşəni bəydir. "Azərbaycan" qəzetində  "Rövşən Əşrəf bəy və Rövşəni bəylərin konfransı" başlıqlı bir neçə nömrədə çap edilən böyük bir material da var. Biz həmin materialı AMEA-nın xəbərlərində (Ədəbiyyat, dil və incəsənət seriyası) 2001-ci il ¹ 3-4-də və "Qafqaz imdadına çatan türkün könül nəğmələri" (Bakı, 2002) adlı kitabımızda çap etdirmişik. Həmin konfransda Rövşən  Əşrəf bəy ədəbiyyatdan, Rövşəni bəy isə Türkiyə-Azərbaycan münasibətlərinin mədəni, mənəvi, hərbi və geosiyasi bağları və dəyərindən danışıb. Rövşəni bəy çıxışında bildirib: "Bizi gələcəyə götürəcək yolun Azərbaycandan keçəcəyini bilirdik..."

Rövşən Əşrəf bəy isə ordu komandiri yox, İstanbulda çıxan "Yeni gün" qəzetinin müxbiri, ədib və publisist idi. Ona görə "Rövşən Əşrəf bəy şərəfinə ziyafət" məqaləsində onun haqqında belə təqdimat verilmişdir: "...Bizi düşmən əlindən xilas edib, istiqlalımızı özümüzə qaytaran qəhrəman türk ordusunun ədəbincə türk irfan ordusu gələcəyini və möhtərəm Rövşən Əşrəf əfəndinin o ordunun müqəddimətül-ceysi  mənziləsində olduğunu qeyd etdi". Göründüyü kimi, Rövşən Əşrəf bəy türk qoşununun yox, "türk irfan ordusunun",  yəni şair və yazıçılarının Azərbaycana gələn ilk nümayəndələrindəndir.

Aslan Kənan ön sözdə Üzeyir bəyin cümhuriyyət dövrü publisistikası, "Azərbaycan" qəzetinə gələnədək keçdiyi jurnalistlik yolu, dramaturgiyamusiqi sahəsindəki xidmətləri, məqalə və felyetonlarının problematikası və s. haqda təfsilatlı elmi məlumat verir, bəzi faktik məsələlərə aydınlıq gətirir. Onun da yazdığı kimi, Üzeyir  bəy Hacıbəylinin publisistikası dövrün sosial-siyasi, mədəni və iqtisadi, hərbi və beynəlxalq və s. sahələrinin ritmini özündə əks  etdirməklə aktuallığını bu günqoruyub saxlayır.

Aslan Kənan ön sözün sonunda kitabın ərsəyə gəlməsində hər hansı formada əməyi olan arxiv işçilərinə, mütəxəssislərə və vəzifə sahiblərinə minnətdarlığını bildirir. Bu, qədirşünaslıqdır. Cəmiyyətdə qədirşünaslar nə qədər çox olsa, Üzeyir bəy demişkən, əlbəttə, Bayrağımız sarsılmaz!..

 

 

Alxan BAYRAMOĞLU,

filologiya elmləri doktoru,

professor

 

Azərbaycan.- 2011.-17 avqust.- S. 5.