Şamaxı - ulu Şirvanın qədim diyarı

 

Minillik tarixi olan Şirvanşahlar dövləti burada mövcud olmuşdur

 

Şirvan ərazisində minillik tarixi dövrü əhatə edən Şirvanşahlar dövlətinin (VI-XVI əsrlər)  mövcudluğu barədə  qədim mənbələrdə xeyli məlumatlar var. Şamaxının da həmin dövlətin paytaxtı olaraq adı bir çox qədim mənbələrdə göstərilir. II minillikdə yaşamış yunan coğrafiyaşünası Klavdi Plometey  də Şamaxının uzun müddət Şirvanşahlar dövlətinin mərkəzi olması barədə məlumat vermişdir.

Hər bir coğrafi məkanın özünəməxsusluğu, orada yaşamış insanların adət-ənənələri və məişəti onun tarixi keçmişi barədə məlumatlarla zəngin olan diyarşünaslıq muzeylərində qorunub saxlanılır. Bu mənada, həmin muzeyləri xalqımızın "tarixə dönmüş incilərinin sandığı" da adlandırmışlar. Belə maddi-mədəniyyət xəzinəsini özündə saxlayan ocaqlardan biri də Şamaxı Tarix-Diyarşünaslıq Muzeyidir. Ümumiyyətlə, respublikamızın ayrı-ayrı rayonlarında fəaliyyət göstərən belə muzeylər  maddi-mədəniyyət nümunələri  şəklində xalqımızın  tarixini, sosial məişət şəraitini özündə qoruyur.

Burada xalqımızın qədim kökə malik olmasını sübut edən zəngin materiallar vardır. Qeyd edək ki, Seyid Əzim Şirvani adına  Şamaxı Tarix-Diyarşünaslıq Muzeyi 1945-ci ildə  təşkil olunub. O zaman Ölkəşünaslıq Muzeyi kimi fəaliyyətə başlayıb və ilk direktoru görkəmli filoloq-alim Bilal İbrahim olub. Muzeyin ilk ekspozisiyası 1948-ci ildə tərtib edilib. 1950-2000-ci illər ərzində Şamaxı ərazisində arxeoloji tədqiqatlar aparan arxeoloqlar - Cabbar Xəlilov, Aləm Nuriyev, Hüseyn Ciddi və Şirzad Əhmədovun  muzeyə verdiyi eksponatlar ən dəyərli tarixi materiallar hesab edilir. Uzun müddət muzeyin direktoru olmuş  Firqiyyə Zamanovanın adı isə yeri gəlmişkən, xüsusi qeyd edilməlidir.  Belə ki, o,  Şamaxının kəndlərindən, şəhərin özündən, daha geniş məkanda götürsək, respublikamızın hüdudlarından kənarda olan (təbii ki, Şirvana dair) qiymətli eksponatların, o cümlədən 1902-ci ildə burada baş vermiş zəlzələ ilə əlaqədar sənədlərin də toplanıb gətirilməsində əsl vətəndaşlıq mövqeyi nümayiş etdirib.

Şamaxı Tarix-Diyarşünaslıq Muzeyinin 2008-ci ildə yeni elmi ekspozisiyasının qurulması ilə əlaqədar layihə bəyənilib və həyata keçirilməsinə başlanıb. Onu digər tarix-diyarşünaslıq muzeylərindən fərqləndirən bir çox cəhətlərə malik olmasıdır. İlk baxışdan diqqəti cəlb edən odur ki, burada rənglərin məna çalarlarından istifadə edilib. Muzeyin adının yazılışında da bu özünü göstərir: yaşıl təbiətin simvolu olduğu üçün "diyarşünaslıq" bu rənglə yazılıb. Şamaxıda evlərin qədim dövrlərdən indiyə kimi sarı rənglə "şirələnməsi" - boyanması da burada öz mənasını  tapmaqdadır. "Şamaxı qədim dövrdə" və "Şirvanşahlar dövründə Şamaxı"nın sarı rənglə verilməsi isə vaxtilə bu yerlərin "süd ölkəsi" adlandırılması ilə əlaqədardır. "Şirvan" sözünün "Süd ölkəsi" olması mənası da buradakı eksponatların birində qorunub saxlanılır. Şirvanşahlar dövlətinin adını simvolizə edən "günbəz içərisində üz-üzə dayanmış iki şir və onların arasında bir inək başı"nın muzeyin emblemi kimi həkk edilməsi yuxarıda söylənilənlərin əyani təsviridir.

Muzeyin "Diyarşünaslıq" salonunda Şamaxının zəngin flora, fauna, Astrofizika Rəsədxanası, palçıq vulkanları (xatırlatmaq yerinə düşərdi ki, dünyada mövcud olan palçıq  vulkanlarının 40 faizi Şamaxı ərazisindədir) barədə məlumat və eksponatlar saxlanılır. Orta əsr Şamaxı şəhərinin avropalı səyyah-rəssamları Adam Oleari və Korneli de Breyn tərəfindən çəkilmiş rəsmlərinin reproduksiyası ekspozisiyanın ən maraqlı yerlərindədir.

Şirvanda ilk məskunlaşmanın Paleolit dövrünə təsadüf etməsi barədə muzeydə  saxlanan eksponatlar da diqqətçəkən faktlardandır. Qobustan qayaüstü təsvirləri Şirvan regionunun və Azərbaycan mədəni irsinin nadir  nümunələrindən hesab edilir. Çünki burada qədim insan qaya üzərinə  tarix yazmış, incəsənət əsəri yaratmışdır. Miflərdə  olduğu kimi,  arxeoloji tədqiqatlar da göstərir ki, Şamaxıda həyat Makedoniyalı İsgəndər tərəfindən canlandırılıb. Bunu təsdiqləyən  maddi sübutlardan biri də Makedoniyalı İsgəndərin pullarına oxşar sikkələrin burada kəsilməsidir.

Gələn qonaqları,  qədim Şirvanın tarixi ilə maraqlananları  yaxından tanış edən bələdçinin bildirdiyinə görə, Şirvanşahlar dövləti Səfəvi şahı Təhmasib tərəfindən 1538-ci ildə süquta uğradıqdan sonra burada bəylərbəylik yaradılıb: "Şahlıq süqut etdikdən sonra Səfəvilər, Osmanlılar, Əfşarlar, Qacarlar, nəhayət, çar Rusiyası əsarəti zamanı Şamaxı döyüş meydanlarına çevrildiyindən, ayaqlar altında qaldığından, əhalisi azalmış, mahalın ziyalıları, sənətkarları, din xadimləri uzaq ellərə  üz tutmuşlar. 1747-ci ildə Nadir şah öldürüldükdən sonra burada  müstəqil Şirvan xanlığı yaradılıb.  Muzeyin "Şirvan Səfəvilər və Şirvan xanlığı dövründə"ki zalında da məhz həmin illərin maddi-mədəniyyət nümunələri nümayiş etdirilir. 1820-ci  ilə kimi davam edən xanlıq  dövrünün həsrəti Rusiyanın müstəmləkə siyasətini yeritdiyi, çar  məmurlarının özbaşınalıqları geniş yayıldığı dövrlərdə çəkilib. Məhz çar Rusiyasının yeritdiyi siyasət nəticəsində  bu yerlərə köçürülmüş malakanlara şamaxılıların torpaqları pay edilib. "Şirvan  çar Rusiyası dövründə"ki  zalında  bu ərazidə  XIX-XX əsrlərdə geniş yayılmış xalq sənətkarlığı nümunələri, Avropa və Şərq dünyasından gətirilmiş ticarət malları, məişət əşyaları, həmçinin Şirvan atlı milisinin bayrağı, o dövrün pulları  sərgilənir.

Fondunda 9 minə yaxın eksponat saxlanan muzeylə yaxından tanışlıq, əslində, Şamaxının tarixi keçmişinə səyahət deməkdir. Akademik Nailə Vəlixanlının elmi redaktorluğu, tarix elmləri üzrə fəlsəfə doktoru Fariz Xəlillinin müəllifliyi ilə 2009-cu ildə nəşr edilmiş  "Şamaxı tarix-diyarşünaslıq muzeyi"    kitab-kataloqunu Şirvan torpağının tarixi keçmişi ilə bu gününü qovuşduran bir körpü də adlandırmaq olar. Tarixi  sənədlər,  Şamaxının ayrı-ayrı dövrünü əks etdirən fotoşəkillərlə zənginləşdirilmiş toplu təkcə muzeyin  deyil, əslində, bu yerlərin bələdçisidir. Şirvan torpağında müxtəlif dövrlərin yadigarı olan maddi-mədəniyyət abidələri (Pir-Mərdəkan türbəsi - XII əsr, Pir Hüseyn  xanəgahı - XIII-XIV əsrlər, Diri baba türbəsi - XIV-XV əsrlərin yadigarı) barədə müfəssəl məlumat verən topluda o da xüsusi olaraq  vurğulanır ki, 1902-ci ildə bu yerlərdə baş verən təbii fəlakət - zəlzələ nəticəsində  minilliyin yadigarı Şamaxı yerlə yeksan olub, tamamilə dağılıb. Buradakı fotogörüntülər və o dövrün qəzet materialları da bunu təsdiqləyir. Dəhşətlisi o deyil ki, Şamaxı zəlzələ nəticəsində tamamilə məhv edilib. Ən dəhşətlisi Azərbaycan Xalq Cümhuriyyətinin süqutundan sonra Şamaxıda  bolşeviklərin dəstəyi ilə ermənilərin törətdiyi  qırğınlarda 13 min nəfərdən artıq şamaxılının qətlinə fərman verilməsi idi. Həmin qırğınları əks etdirən sənədlər, fotomaterialları, silahlar, o dövrün pulları və s. muzeyin "Şirvan Azərbaycan Xalq Cümhuriyyəti dövründə" adlı  zalında nümayiş etdirilir.

Sovet dövrü ilə bağlı eksponatlar da tamaşaçılara təqdim edilir. Şirvan tarixini əks etdirən sənədli kinofilm də (xalq artistləri Alim Qasımovun "Şirvan şikəstəsi" və İlham Namiq Kamalın təqdimatında) tamaşaçıların bələdçisinə çevrilir. Bu film vasitəsilə öyrənmək olur ki, əhalisi 9 min nəfərə yaxın olan Şamaxının ərazisi 1610 kv.km-dir. Məşhur Pirqulu Dövlət Qoruğu bu rayondadır. AMEA-nın N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanası, Geofizika Mərkəzi, M.Ə.Sabirin ev-muzeyi, 53 kitabxana, 39 klub, 72 ümumtəhsil məktəbi, Şamaxı Mədəni-Maarif Texnikumu və s. mədəniyyət müəssisələrinin fəaliyyət göstərdiyi  bu rayonun iqtisadiyyatının əsasını taxılçılıq və heyvandarlıq təşkil edir.

Adıçəkilən muzeyin digərlərindən fərqi çoxdur. Onlardan biri və bəlkə də ən əsası 32-35 milyon il əvvələ aid daşlaşmış ağacın burada saxlanmasıdır. Bu yerlərdə qocalmış ağaclara daha çox rast gəlinir. XIV əsrdə yaşamış xəlvətilip təriqətinin piri Ömər Avaxili Şirvaninin müasiri hesab edilən ağac həmçinin müqəddəs hesab edilir. Ona görə ki, deyilənlərə görə, pir Ömər Avaxili həmin ağacın koğuşuna çəkilib  ki, bu da onun daha yaşlı olmasını təsdiqləyir. Maraqlıdır ki, həmin ağac əsrləri yola saldığından çürüyüb tökülsə də, yerindən  yenidən pöhrələyir.

Şamaxı təkcə tarixi, etnoqrafiyası, bütövlükdə coğrafi ərazisi, əhalisinin məşğuliyyəti, təbii sərvətlərinin zənginliyi ilə diqqəti cəlb etmir. Şirvan torpağının elm və mədəniyyət xadimlərinin adları yüzilliklərin o tayından gəlir. Fələki Şirvani, Əfzələddin Xaqani, İzzəddin Şirvani, İmadəddin  Nəsimi, Şirvanşah I İbrahim, Seyid Əzim Şirvani, Mirzə Ələkbər Sabir, Abbas Səhhət, Məhəmməd Hadi, Sultanməcid Qənizadə, Mirzə Məhəmmədhəsən, Zivər bəy Əhmədbəyov və bu kimi tarixi şəxsiyyətləri xalqımıza bəxş edən ulu diyardır.

Şamaxılı ziyalılar da ötən əsrin ortalarında, daha doğrusu, repressiya illərində dəhşətlər yaşamış, doğma yurd-yuvalarından didərgin salınaraq uzaq Sibir çöllərinə səpələnmiş, bir çoxları qəddarcasına və amansızcasına qətlə yetirilmişlər. Abbas Mirzə Şərifzadə, Möhsün Qədirli (İsrafilbəyov),  İsmayıl Axundov, Ağa Axundov, Məmməd Xələfbəyov və başqaları bu acınacaqlı həyatı yaşamışlar.

Tarixi keçmişi ilə müasirliyi qovuşduran Şamaxı müstəqil Azərbaycan Respublikasının inkişaf etməkdə olan, gündən-günə gözəlləşən şəhərlərindən biridir. Bu da dövlət başçısının regionların sosial-iqtisadi inkişafı ilə bağlı  imzaladığı Dövlət Proqramı və ondan irəli gələn sənədlərin icrasının nəticəsidir. Ümummilli lider Heydər Əliyevin Şamaxının inkişafı üçün hələ ötən əsrin ortalarında göstərdiyi diqqət və qayğı  şamaxılıların yaddaşına yazılıb.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 2005-ci il aprelin 26-da Şamaxıda olarkən söylədiyi fikirlər bu qədim və müasir şəhərin inkişafından xəbər verir: "Mən çox şadam ki, Şamaxı inkişaf edir. Şamaxı Azərbaycanın inkişaf proqramında xüsusi yerə malikdir".

Heydər Əliyev Fondu burada da genişmiqyaslı işlər görüb. Belə ki, fondun hesabına Şamaxı rayon internat, Qaleybuğut kənd orta məktəblərinin binaları əsaslı təmir etdirilib, Avaxlı, İkinci  Cabanı, Birinci Çaylı, Quşçu və Saqiyan kəndlərində yeni məktəb binaları tikilərək istifadəyə verilib. Həmin məktəblər müasir texniki avadanlıqlarla təchiz edilib. Bunlardan başqa, Heydər Əliyev Fondunun təşəbbüsü və dəstəyi ilə Şamaxı şəhərində gənc məcburi köçkün ailələri üçün on altı mənzilli  yaşayış binası tikilib. Bütün zəruri məişət avadanlıqları ilə təmin olunmuş şəkildə  evlər onların ixtiyarına verilib. YUNESKO və İSESKO-nun xoşməramlı səfiri,  Milli Məclisin deputatı, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyeva 2006-cı il sentyabrın 16-da Şamaxıya gələrək əsaslı təmir olunan və  yeni tikilən internat tipli texniki, humanitar və təbiət fənləri təmayüllü liseyin, məcburi köçkün ailələri üçün inşa edilən yaşayış evinin və Saqiyan kənd orta məktəbi binasının açılış mərasimində iştirak edib.

Şamaxılılar bütün dövrlərdə Vətən torpağının müdafiəsində fərqlənən oğul və qızları ilə fəxr edib. Qarabağ uğrunda qanlı savaşların getdiyi günlərdə həmyaşıdlarından fərqlənən, Xocalı  faciəsini kamera ilə xalqın yaddaşına yazan Azərbaycanın Milli Qəhrəmanı Çingiz Mustafayevin döyüş yolları barədə məlumatlar muzeyin "Şamaxı müasir dövrdə" zalında yerləşdirilib. Burada  Şamaxıdan  torpaqlarımızın işğalçılardan müdafiəsi uğrunda canlarından keçən gənc şamaxılı şəhidlərin fotoşəkilləri və  bir çoxlarının sənədləri də toplanıb.

Şamaxı Tarix-Diyarşünaslıq Muzeyi, bir sözlə, Şirvanın yaddaş salnaməsidir. Bu tarixi məbəd qədim Şirvanla bugünkü Şamaxını özündə qovuşdurur.

 

 

Məhəmməd NƏRİMANOĞLU

 

Azərbaycan.- 2011.- 17 avqust.- S.  5.