Azərbaycan Prezidenti İlham Əliyev şəhərətrafı qəsəbələrin sosial-iqtisadi inkişafı ilə bağlı Xəzər rayonunun Şağan qəsəbəsində görülən işlərlə tanış olmuşdur
Xəbər verdiyimiz kimi, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Bakı Şəhər İcra Hakimiyyətində şəhərətrafı qəsəbələrin sosial-iqtisadi inkişafına həsr olunmuş müşavirədə kənd və qəsəbələrdə abadlıq və quruculuq işləri ilə bağlı verdiyi tapşırıqların icrası ilə tanış olmaq üçün ayrı-ayrı yaşayış sahələrində olmuşdu. Avqustun 17-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Xəzər rayonunun Şağan qəsəbəsində görülən işlərlə yaxından tanış olmuşdur.
Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbov Azərbaycan Prezidentinə qəsəbənin planı əsasında məlumat verdi.
Bildirildi ki, Şağanda 35 min kvadratmetrə yaxın qəsəbədaxili yollara yeni asfalt örtüyü döşənib. Qəsəbənin işıqlandırma sistemi müasir standartlara uyğun şəkildə yenidən qurulur. İndiyədək küçələrdə 100-ə yaxın yeni işıq dirəyi quraşdırılıb və bu proses hazırda davam etdirilir. Qəsəbədə işıq, su və qazlaşdırma ilə bağlı bütün məsələlər demək olar ki, həllini tapıb. Şağan qəsəbəsində kanalizasiya sisteminin quraşdırılması da nəzərdə tutulur. Görülən işlər və həyata keçirilən abadlıq və quruculuq tədbirləri qəsəbənin simasını tamamilə dəyişib.
Abadlıq və quruculuq işləri ilə yaxından tanış olan Prezident İlham Əliyev qəsəbə sakinləri ilə görüşdü.
Sakinlər dövlətimizin
başçısını səmimiyyətlə
qarşıladılar.
Prezident İlham ƏLİYEV sakinləri
salamlayaraq dedi:
Xoş
gördük, çox şadam ki, Şağan
qəsəbəsində işlər yaxşı gedir. Bakıətrafı qəsəbələrin
sosial-iqtisadi inkişafı Proqramı burada da özünü
göstərməkdədir. Bu yollar
qısa müddət ərzində çəkilibdir. Bəli, iş davam edir. Əminəm
ki, proqramda nəzərdə tutulan bütün məsələlər
yaxın zamanlarda öz həllini tapacaqdır.
Beləliklə,
Şağan qəsəbəsi daha da
gözəlləşəcək, abadlaşacaqdır. Burada əvvəlki dövrdə də işlər
görülmüşdür. İndi təbii
qazın verilməsi təmin edilmişdir. Mənə
verilən məlumata görə, qaz təchizatı ilə
problem yoxdur. Elektrik enerjisi məsələləri
daha əvvəl həll olunmuşdur. İçməli
su layihəsi icra edilir. İndi kanalizasiya xətlərinin
çəkilişi nəzərdə tutulur, bir də ki, bax
bu yolların çəkilişi.
Beləliklə, bu qəsəbənin demək olar ki,
bütün əsas problemləri qısa müddət ərzində
həll olunacaqdır. Mənə indi məlumat verdilər ki, bu
məktəbdə gərək əlavə tədbirlər
görülsün. Bəlkə yeni korpus
da tikilməlidir. Dedilər ki, qəsəbə
sakinlərinin də fikri ondan ibarətdir. Mən
indi göstəriş vermişəm. Biz
bu işlərə də baxacağıq. Qalan
bütün məsələlər burada öz həllini
tapmalıdır.
Əvvəlki dövrdə, yadınızdadır, bax
burada gözəl Olimpiya Mərkəzi tikilmişdir. Bu da çox əlamətdar
hadisə idi. Çünki adətən
olimpiya mərkəzləri böyük şəhərlərdə,
rayon mərkəzlərində yaradılır. Qəsəbədə Olimpiya Mərkəzinin
yaradılması təcrübəsi yəqin ki, ancaq Azərbaycanda
vardır. Mənim yadımdadır, o
kompleksin açılışında bərabər iştirak
etmişdik. Bəli, o, indi də işləyir.
Həm Bakıdan idmançılar gəlir, həm
də yerli uşaqlar məşğul olurlar. Bir daha demək istəyirəm ki, qəbul edilmiş
proqram - 2011-2013-cü illəri əhatə edən proqram
tezliklə icra edilməyə başlanmışdır. Əminəm ki, qəsəbə sakinləri də
bu işlərdə fəal iştirak edirlər və
bütün bu müsbət təşəbbüslərə
qoşulurlar.
İndi mən soruşmaq istəyirəm ki, əlavə
hansı işlər görülməlidir? Çünki
proqramda məsələlər nəzərdə tutulub. Məktəbin təmiri nəzərdə tutulub.
Düzdür, əlavə korpusun tikintisi nəzərdə
tutulmayıb, ancaq onu da əlavə edəcəyik. Burada yəqin ki, tibb məntəqəsi də
vardır, amma bilmirəm vəziyyəti necədir. Əgər təmirə ehtiyac varsa, deyərsiniz, onu
da edərik. Bəlkə bundan da əlavə
nəsə etməliyik. Xahiş edirəm
ki, mənə bu barədə fikirlərinizi söyləyin.
SAKİN: Hörmətli, cənab Prezidentimiz!
Son bir il səkkiz ayın içində ikinci dəfədir
ki, Bakının bu qədim Şağan qəsəbəsinə
Sizin qədəmləriniz dəyir. Hələ
qədimdən el içində belə bir söz işlənir
ki, ölkə başçısı, dövlət
başçısı, xalqın rəhbəri o yerə, o əraziyə,
o torpağa qədəm qoyur, oranın bərəkəti birə
min artır. Siz ki, bir il səkkiz ay ərzində
iki dəfə gəlmisiniz, doğrudan da güman edirəm ki,
Bakı qəsəbələri içərisində
Şağan, bəlkə də hamısını ötüb
keçəcəkdir, inşallah.
Hörmətli,
cənab Prezident! 2009-cu il dekabrın 26-da
Sizin şəxsən iştirakınızla Şağan
Olimpiya İdman Kompleksi açıldı. Mən bir cəhəti
deyim ki, Bakı kəndləri içərisində, cənab
Prezident, Şağan balaca kəndlərdən
sayılır. Qədim, lakin balaca kəndlərdəndir.
Adı o qədər də geniş
yayılmamışdı. Bu kompleks
açılandan sonra burada keçirilən beynəlxalq
yarışlar nəticəsində Şağanın adı təkcə
Azərbaycanda, MDB məkanında yox, artıq dünya
miqyasında hallanmaqdadır. Bayaq Sizin qeyd etdiyiniz bir həqiqəti
bir daha təkrar etməyi özümə borc bilirəm ki,
doğrudan da böyük şəhərlərdə, paytaxt
şəhərlərində yaradılan belə bir kompleksin
Abşeronun Şağan kimi kiçik bir kəndində
açılması yeganə haldır. Buna görə mən
Şağan camaatı, bütün rayon
sakinləri adından Sizə dərin minnətdarlığımı
bildirirəm.
Əziz Prezidentimiz, Siz, müqəddəs Ramazan
ayının çox mübarək günlərində yenidən
bizim kəndimizə ayaq basırsınız. Mən
bütün kəndimizin sakinləri adından Sizə minnətdarlığımı
bildirməklə, bir cəhəti vurğulamağı
özümə borc bilirəm ki, martın 9-da Sizin rəhbərliyinizlə
Bakı Şəhər İcra Hakimiyyətində
müşavirə keçirildi. Mən də
o müşavirədə iştirak etdim. Sovet hökumətinin
70 ili ərzində Şağanda yollara
salınan asfaltdan üç dəfədən artıq asfalt
döşənib bir ay içində. Cəmi
bir ayın içərisində 35 min kvadratmetrdən
yuxarı asfalt salınıb. Sözümün
həqiqiliyinə inanın ki, bunun analoqu yoxdur. Beş küçə bir ayın içində
tamamilə asfaltlanıb. Sözün əsl
mənasında, üçqat asfalt salınması
inanılmazdır. 70 ildə bizim cəmi
16 dənə küçə işığımız var
idi. İndi onların sayı
üçqat artıb.
Prezident İlham ƏLİYEV:
İşlər hələ davam edir.
SAKİN: Bəli, hələ davam edir, cənab
Prezident! Mən Sizdən bir xahiş etmək istərdim.
Bizdə Mədəniyyət evi vardır. Çox kiçikdir. Belə demək
mümkünsə, orada əhaliyə keyfiyyətli mədəni
xidmət göstərmək imkanı yoxdur. Mən çox xahiş edirəm, əgər imkan
varsa, bizdə yeni bir mədəniyyət evinin tikilməsinə
göstəriş verəsiniz. Çünki
biz yer də ayırmışıq. Bir
sözü də deməyi borc bilirəm ki, Heydər Əliyev
Fondunun prezidenti, Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın
bizim qəsəbəyə də çox böyük diqqəti
vardır. Bu diqqət və qayğıya görə Sizə
də, Mehriban xanıma da "çox sağ
olun" deyirik.
Prezident İlham ƏLİYEV: Çox
sağ olun! Həqiqətən,
bu işləri biz qısa müddət ərzində görə
bildik və o müşavirəni siz xatırlatdınız.
Müşavirənin doğrudan da çox
böyük əhəmiyyəti olmuşdur. Əslində, bizim bütün təşəbbüslərimiz,
qəbul edilmiş qərarlar, proqramlar, müşavirələr
konkret xarakter daşıyır və orada müzakirə edilən
məsələlər, verilən tapşırıqlar tezliklə
icra edilməyə başlamışdır. Hətta onu da demək istəyirəm ki, mart
ayında artıq 2011-ci ilin büdcəsi
formalaşmışdı. Büdcəyə
əlavə etmək üçün biz gərək yenidən
təşəbbüs göstərməli və Milli Məclisə
müraciət etməli idik, onu da etdik. Büdcəyə
xüsusilə, Bakı və ətraf qəsəbələrin
proqramını sürətlə həll etmək
üçün əlavələr edildi. Mən
istəyirdim ki, biz vaxt itirməyək, 2011-ci ildə bu işləri
görək. Əslində bir neçə aydan sonra nəinki
burada, demək olar bütün qəsəbələrdə,
Bakı ətrafında yerləşən bütün qəsəbələrdə
sürətli iş gedir. Mən indi qəsəbələrdə
tez-tez oluram. Vəziyyətlə tanış
oluram. Görürəm, nəzarət edirəm.
Sakinlərdən soruşuram ki, əlavə nə
etməliyik ki, bu problemləri birdəfəlik həll edək.
Düzdür, proqram 2013-cü ilə qədər
hesablanıb.
Mən tam əminəm ki, 2013-cü ilin sonuna qədər,
bəlkə ondan əvvəl bütün məsələlər
həll olunacaqdır. Şağan qəsəbəsinin
timsalında görürük ki, bu işləri biz bir
neçə ay ərzində icra edə bilmişik.
Mədəniyyət sarayı ilə bağlı göstəriş
verəcəyəm. Məktəblə bağlı artıq
göstəriş vermişəm. İndi
gedib baxmaq istəyirəm məktəbin vəziyyətinə.
Bütün qalan işlər də burada icra
ediləcəkdir. Əslində, nəinki
burada, heç bir qəsəbədə heç vaxt
kanalizasiya xətləri olmamışdır. Bakının özündə də kanalizasiya
problemləri həmişə böyük çətinlik
yaradırdı. Bu məsələ də
öz həllini tapmaqdadır.
Ölkəmiz bu cür inkişaf edir. Ölkənin
inkişafı hər bir qəsəbənin inkişafından
asılıdır. Mən dəfələrlə
demişəm və bir daha demək istəyirəm ki, əgər
hər bir kəndin, qəsəbənin problemi həll olunarsa,
ölkənin bütün problemləri həll olunar.
Sizi bir daha salamlayıram. Sizə uğurlar
arzulayıram. Əminəm ki, siz də bu
işlərdə, həmişə olduğu kimi, fəal
iştirak edəcəksiniz.
SAKİN: Hörmətli Prezidentimiz,
bütün respublikada, Bakıda, xüsusən qəsəbəmizdə
gördüyünüz işlərə görə Sizə
minnətdarıq, Sizi dəstəkləyirik. Mənim
ürəyimdəki arzunu Siz dediniz. Kənd
sakinlərinin, uşaqların, müəllimlərin
adından Sizə minnətdarıq ki, məktəbimiz
genişlənəcəkdir. 1961-ci ildə
tikilən məktəb 250 şagird ilə fəaliyyətə
başlayıb. Hazırda 800 şagird iki
növbədə təhsil alır. Çox
çətinlik çəkirik. Bizim
arzularımızı Siz dediniz, mən də əlavə etmək
istəyirəm. Bir daha Sizə təşəkkür
edirik!
SAKİN: Sözümə mehriban və
bağışlayan Allahın adı ilə başlamaq istəyirəm.
Allah-taala dünyanı yaradanda mələkləri,
imamları, peyğəmbərləri xəlq edib. Hər 50-60 ildən bir də Sizin kimi cəsarətli,
qüvvətli, alnıaçıq, işgüzar insanlar xəlq
edir ki, yaratdığı ümmətlərin xeyrinə
çalışsınlar.
Allah atanıza qəni-qəni rəhmət etsin. Nə qədər
ki, o, var idi, qurdu, yaratdı. Allah o
dünyasını versin, behişt nəsib olsun ona. Onun qoyub getdiklərini Siz həyata keçirirsiniz,
biz Sizə minnətdarıq. Allah Sizə o qədər
ömür versin ki, bir 50 il yaşamısınız, bir 50 il
də yaşayasınız, görmədiyiniz işləri
görəsiniz. Həyatda Sizə uzun
ömür, ailənizə xoşbəxtlik, hər bir
işinizdə səbirli olmağı arzu edirəm.
Məktəbimizdə,
- 50 ildir o məktəbdə işləyirəm - mənim
birinci stendimə Siz gələndə yazmışam:
"İlhamla irəli!". İndi də
deyirəm, ey xalqım, Prezidentimizə kömək, dayaq olaraq
İlhamla irəli!
Prezident İlham ƏLİYEV: Çox
sağ olun. Bu, mənim
borcumdur və mən də çalışıram ki, öz
borcumu xalqa xidmət etməklə yerinə yetirim.
SAKİN: Ramazan ayının 17-ci
günüdür. Allah bizə sultan ayı bəxş
edib. Bu ayın fəzilətlərindən
Allah Sizə nəsib etsin.
Nə arzunuz, diləyiniz varsa arzu, dilək ayıdır,
Sizə nəsib olsun.
Prezident İlham ƏLİYEV: Mənim
bir arzum var ki, Azərbaycan xalqı daha da yaxşı
yaşasın.
SAKİNLƏR: Amin!
Prezident İlham ƏLİYEV: Ölkəmiz
daha da inkişaf etsin, güclənsin, bölgədəki
mövqelərimiz daha da möhkəmlənsin və bizim
bütün maraqlarımız təmin olunsun. Bunu
etmək üçün biz güclü olmalıyıq.
Bu gücü biz yaradırıq və indi maliyyə
imkanlarımız da yaxşılaşır.
Son illər ərzində, əvvəlki dövrdə
görülən işlər nəticəsində indi Azərbaycan
dünya miqyasında maliyyə baxımından
özünü çox rahat hiss edən ölkələrdəndir. Görürsünüz
ki, bəzi ölkələrdə böhran yaşanır, bəzi
ölkələrdə maaşlar, pensiyalar kəsilir.
SAKİN: Çox sağ
olun, 61 manat artıb maaşım.
Prezident İlham ƏLİYEV: 61 manat
artıb? Nə qədərdir indi?
SAKİN: 94 manat alırdım, indi 155 manat
alıram.
Prezident İlham ƏLİYEV:
Özü də bax 2011-ci ildə. O ildə ki, dünyada,
Avropada böhran yaşanır və görürsünüz ki,
hansı problemlər yaranır. Bax bizim siyasətimiz
budur.
SAKİN: Allah razı olsun. Ömrünüz
uzun olsun.
Prezident İlham ƏLİYEV:
İnsanlar daha da yaxşı yaşamalıdırlar. Şərait daha da yaxşı olmalıdır.
Bütün infrastruktur layihələri icra edilməlidir.
Təhsil, səhiyyə, infrastruktur inkişaf
edir. Bax budur Azərbaycanın
reallıqları.
Sizi bu mübarək Ramazan ayında bir daha ürəkdən
salamlayıram, cansağlığı, uğurlar
arzulayıram.
Mən hələ Şağan qəsəbəsinə
gələcəyəm. İki dəfə
olmuşam, yenə də gələcəyəm. Çünki burada hələ tədbirlər
olacaqdır.
SAKİNLƏR: Çox sağ
olun! Ömrünüz uzun olsun! İziniz daim
qalacaqdır.
***
Sonda qəsəbə sakinləri Prezident İlham Əliyev
ilə xatirə şəkli çəkdirdilər.
***
Qəsəbə
sakinləri ilə görüşdən sonra dövlətimizin
başçısı 124 nömrəli orta məktəbə
gedərək buradakı vəziyyətlə yerindəcə tanış oldu. Bildirildi ki, 250
şagird yerlik bu məktəbdə 800-ə yaxın şagird
təhsil alır. Məktəbdə dərslər
iki növbədə keçilir.
Buradakı
şəraitlə yaxından tanış
olan Prezident İlham Əliyev məktəbin əsaslı
şəkildə təmir olunmasını tapşırdı.
Dövlət başçısı qəsəbədəki
şagird sıxlığını nəzərə alaraq əlavə
korpusun əvəzinə gələn il üçün
Şağan qəsəbəsində 1000 şagird yeri olan yeni
məktəb binasının inşası ilə bağlı
göstərişlərini verdi.
AzərTAc
Azərbaycan.- 2011.- 18 avqust.- S. 1, 2.