Azərbaycanda bütün dinlərin nümayəndələri özlərini rahat hiss edirlər

 

Bu fikirləri Prezident İlham Əliyev müqəddəs Ramazan ayı münasibətilə iftar mərasimində bildirmişdir

 

İslam dininin saflığını, humanist mahiyyətini nümayiş etdirən Ramazan bayramı hər zaman olduğu kimi, bu gün də azərbaycanlıların müqəddəs bayramı kimi qeyd olunur. Xalqın əsrlər boyu etiqad etdiyi islam dini mənəvi yüksəlişin - xeyirxahlıq, mərhəmət, insanpərvərlik kimi ali insani keyfiyyətlərə sahib olmağın ən vacib şərti kimi öz ümmətinə oruc tutmağı, ruhi və cismani təmizlənməni vacib sayır. Təsadüfi deyildir ki, Ramazan ayı müsəlman ölkələrində ən əlamətdar bayramlardan biri kimi qeyd olunur. Bu günlər Allah və din yolunda mənəvi borcunu ləyaqətlə yerinə yetirən müsəlmanlar orucluğun sınağından yenə də alnıaçıq çıxmağa, bayram sevincini və fərəhini məmnunluqla bölüşməyə çalışırlar. Tarixi köklərinə, milli-mənəvi dəyərlərinə daim sadiq qalan Azərbaycan xalqı da bütün müsəlmanların həmrəyliyini və birliyini nümayiş etdirən mübarək Ramazan bayramını hər il böyük təntənə ilə qarşılayır.

Prezident İlham Əliyev müqəddəs Ramazan ayı münasibətilə müsəlman ölkələrinin Azərbaycandakı səfirlərini və diplomatik nümayəndəliklərinin rəhbərlərini qəbul edərkən bildirmişdir: "Biz çox istəyirik ki, bütün müsəlman ölkələri arasında əlaqələr daha da sürətlə inkişaf etsin. Eyni zamanda, beynəlxalq təşkilatlarda əməkdaşlığımız çox uğurla inkişaf edir. Birləşmiş Millətlər Təşkilatında, İslam Əməkdaşlıq Təşkilatında, digər təşkilatlarda biz sıx əməkdaşlıq edirik və bir-birimizi dəstəkləyirik. Bir neçə il bundan əvvəl BMT-nin Baş Məclisində Dağlıq Qarabağ məsələsinin müzakirəsi zamanı bizə ən çox dəstək verən müsləman ölkələri olmuşdur. Bu dəstəyə görə minnətdarıq və bu dəstəyi bu gün də hiss edirik. Azərbaycan da öz növbəsində bütün beynəlxalq təşkilatlarda müsəlman ölkələrinin maraqlarını daim müdafiə edir və bu siyasət bundan sonra da davam etdiriləcəkdir. Əminəm ki, xüsusilə indiki şəraitdə islam həmrəyliyinin gücləndirilməsi çox lazımdır. Bizim aramızda birlik daha sıx olmalıdır. İqtisadi əlaqələr daha da geniş olmalıdır. Əlbəttə ki, qarşılıqlı dəstək yüksək səviyyədə olmalıdır. Hər halda Azərbaycan bu məqsədlərə çatmaq üçün öz tərəfindən vacib addımlar atır".

Dini, tarixi, siyasi və mənəvi dəyərləri ilə bir-birinə bağlı olan müsəlman ölkələrinin uğurlu birlik modeli kimi özünü təsdiqləyən, beynəlxalq münasibətlər sistemində xüsusi çəkiyə malik olan İslam Əməkdaşlıq Təşkilatı (İƏT) ilə qurulan münasibətlər bu baxımdan xüsusilə mühüm əhəmiyyət kəsb edir. Azərbaycan təşkilatla qarşılıqlı faydalı münasibətlər qurmaqla ümummilli maraqlarını daha geniş coğrafi arealda müdafiə etmək, üzləşdiyi bir sıra problemləri beynəlxalq birliyə çatdırmaq baxımından əlverişli tribuna qazanmışdır.

İslam Əməkdaşlıq Təşkilatı dünya siyasətində sözü eşidilən, mövqeyi nəzərə alınan mötəbər təşkilatdır. Təşkilatın əsas məqsədi müsəlman aləmini birləşdirərək həmrəyliyi təmin etmək, dövlətlər arasında siyasi, iqtisadi və mədəni əməkdaşlığı gücləndirmək, müsəlman xalqlarının mənafelərini, milli hüquqlarını, müstəqilliyini qorumaq üçün səmərəli fəaliyyət göstərməkdir. Bu mötəbər beynəlxalq təşkilata üzvlük Azərbaycanın beynəlxalq əlaqələrini və dünya birliyindəki mövqelərini möhkəmləndirməklə yanaşı, ölkəmizə islam aləminin mənəvi, siyasi və iqtisadi dəstəyindən yararlanmaq imkanı verir. İƏT ilk gündən yenicə müstəqillik qazanmış respublikamızın problemlərinə həssaslıqla yanaşmış, 1992-ci ilin martında Ermənistanın təcavüzkarlıq siyasəti ilə bağlı ilk bəyanatla çıxış etmişdir. Təşkilatla Azərbaycan arasında sistemli və ardıcıl mahiyyət kəsb edən əməkdaşlıq münasibətlərinin qurulması isə 1993-cü ilin ortalarına təsadüf edir.

İslam Əməkdaşlıq Təşkilatı və onun müxtəlif ölkələrdə yerləşən mərkəzləri ilə Azərbaycan arasında mühüm əlaqələr yaradılmasını, mədəniyyət və sənət əsərlərimizin islam dünyasında öyrənilərək yayılmasını həmişə mühüm saymış, bunun üçün bütün tədbirlərin görülməsi məqsədi ilə müvafiq addımlar atmışlar. Azərbaycan Prezidenti cənab İlham Əliyev müsəlman dövlətlərinin nüfuzlu birliyi olan İƏT ilə əlaqələrin genişləndirilməsinə xüsusi diqqət yetirir.

Azərbaycanın dini-etnik sivilizasiyaların qovuşduğu məkan kimi tanınmasında ictimai statusla fəaliyyət göstərən Heydər Əliyev Fondu da fəal iştirak edir. Son illər fondun səyləri ilə Azərbaycanla İslam Əməkdaşlıq Təşkilatı ölkələri arasında humanitar və mədəni sahələrdə əməkdaşlığın genişləndirilməsi istiqamətində mühüm addımlar atılır. İƏT-in 2009-cu ildə Bakını "İslam mədəniyyətinin paytaxtı" elan etməsi də humanitar sahədə ikitərəfli əməkdaşlığın yüksək səviyyədə qurulduğunu göstərir. Respublikamızın müsəlman dövləti kimi islam dəyərlərinə hörmətlə yanaşması, eyni zamanda tarixi ənənələrini qoruyub saxlaması bu əməkdaşlıq üçün ciddi zəmin yaradır. Prezident İlham Əliyev müsəlman ölkələrinin Azərbaycandakı səfirlərini və diplomatik nümayəndəliklərinin rəhbərlərini qəbul edərkən bildirmişdir: "İslam Əməkdaşlığı Təşkilatının xətti ilə ölkəmizdə yüksək səviyyəli bir neçə tədbir keçirilmişdir. İSESKO ilə əlaqələrimiz çox sıxdır. İslam mədəniyyətinin dünyada təbliği üçün ölkəmiz çox böyük səylər göstərir. Biz fəxr edirik ki, 2009-cu ildə Bakı şəhəri islam mədəniyyətinin paytaxtı elan edilmişdir. 2018-ci ildə ölkəmizin digər qədim şəhəri olan Naxçıvan da bu şərəfli ada layiq görüləcəkdir".  

Prezident İlham Əliyev son 8 ildə tarixi-mədəni irsin, milli-mənəvi dəyərlərin qorunmasına, xüsusən də dini ziyarətgahların əsaslı təmirinə və yenidənqurulmasına xüsusi diqqət ayırmışdır. Azərbaycan Prezidentinin islam mədəniyyəti nümunələri olan tarixi-memarlıq abidələrinin, məscidlərin, ziyarətgahların, müqəddəs dini sitayiş və inanc yerlərinin təmiri, bərpası ilə bağlı xüsusi sərəncamlar imzalaması və bu işi şəxsi nəzarətinə götürməsi deyilənləri bir daha təsdiqləyir. Son illərdə Bibiheybət, Təzəpir, Əjdərbəy, Nardaran, Mir Möhsün ağa və digər məscid və ziyarətgahlar əsaslı təmir olunmuş, onların təchizatına lazımi diqqət ayrılmışdır.

Azərbaycan Prezidentinin cəmiyyətin mühüm təbəqəsi olan dindarlarla mütəmadi görüşləri, onların dini-mənəvi ehtiyaclarına həssaslıqla yanaşması, dini bayram və mərasimlərdə şəxsən iştirak etməsi xalq arasında böyük razılıq və minnətdarlıqla qarşılanır, cəmiyyətdə etnik-dini dözümlülüyün təbliğində və təşviqində mühüm stimul rolu oynayır. Dövlətin bu sahəyə diqqət və qayğısı Azərbaycandakı bütün mövcud milli-etnik qrupları, dini-mənəvi təşkilatları əhatə edir. Bu günlərdə Qafqaz Müsəlmanları İdarəsinin sədri şeyxülislam Allahşükür Paşazadə müqəddəs Ramazan ayı münasibətilə iftar süfrəsi açmışdır. Prezident İlham Əliyev iftar mərasimində bildirmişdir: "Azərbaycanda bütün dinlərin nümayəndələri özlərini rahat hiss edirlər. Azərbaycanda islam mədəniyyətinə, islam dininə olan hörmət eyni zamanda bütün başqa dinlərə olan hörmətlə tamamlanır. Öz dininə hörmət edən şəxs başqa dinə də hörmət etməlidir. Bu, artıq Azərbaycanda oturuşmuş yanaşmadır. Bu gün din xadimləri Azərbaycanda hökm sürən dözümlülük, tolerantlıq haqqında danışmışlar. Bu, artıq reallıqdır və dünya miqyasında bizim təcrübəmiz bəzi hallarda öyrənilir. Mən çox şadam ki, dözümlülük, dini tolerantlıq Azərbaycanda artıq oturuşmuş bir anlayışdır. Bu, sadəcə olaraq bir şüar deyil, bizim həyat tərzimizdir".

Bu gün Azərbaycanda dünya dinləri ənənəvi olaraq qarşılıqlı etimad və əmin-amanlıq şəraitində fəaliyyət göstərir, yüzlərlə islam və qeyri-islam dini icmaları öz etiqadlarını azad və sərbəst şəkildə icra edirlər.

 

 

E.HACIALIYEV

 

Azərbaycan.- 2011.-18  avqust.- S.  2.