Ümumbəşəri
sənətkar Müslüm Maqomayevin xatirəsi yad
olunmuşdur
Avqustun 17-də - zəmanəmizin görkəmli müğənnisi, Azərbaycanın və SSRİ-nin xalq artisti Müslüm Maqomayevin doğum günündə böyük sənətkarın xatirəsi anılmışdır.
AzərTAc xəbər verir ki, tanınmış mədəniyyət və incəsənət xadimləri, ictimaiyyət nümayəndələri Fəxri xiyabana gələrək cənazəsi Azərbaycan Prezidenti İlham Əliyevin təşəbbüsü ilə Moskvadan gətirilərək Bakıda doğma torpağa tapşırılmış Müslüm Maqomayevin məzarını ziyarət etmiş, üzərinə təzə-tər güllər düzmüşlər.
Böyük sənətkarın xatirəsini yad etmək üçün Fəxri xiyabana gələnlər arasında M.V.Lomonosov adına Moskva Dövlət Universiteti Bakı filialının rektoru, filologiya elmləri doktoru, professor Nərgiz Paşayeva, SSRİ xalq rəssamı Tahir Salahov, müğənninin həyat yoldaşı Tamara Sinyavskaya, məşhur iş adamı və tanınmış müğənni Emin Ağalarov da olmuşlar.
Anma mərasimində tanınmış kinorejissor, xalq artisti Eldar Quliyev, Rusiyanın Azərbaycandakı səfiri Vladimir Doroxin, məşhur ukraynalı teatr rejissoru Roman Vityu və xalq artistləri Fidan və Xuraman Qasımova bacıları çıxış edərək M.Maqomayevin bənzərsiz sənətkarlığından, fitri istedadından, zəngin yaradıcılığından söz açmışlar.
Bildirilmişdir ki, Azərbaycan musiqi mədəniyyətinin inkişafında müstəsna xidmətləri olan böyük müğənninin nadir tembrli gözəl səsi, təkrarolunmaz səhnə ustalığı və nadir musiqi duyumu sənət aləmində atdığı ilk addımlardan onu milyonların sevimlisinə çevirmişdir.
Xüsusi vurğulanmışdır ki, Müslüm Maqomayev Azərbaycan ilə Rusiya arasında mövcud olan tarixi dostluq əlaqələrinin daha da möhkəmlənməsinə, iki ölkə arasında mədəni əlaqələrin inkişafına böyük töhfə vermişdir.
Musiqiçinin sərhəd bilməyən fenomenal populyarlığını qeyd edən natiqlər bildirmişlər ki, onun baritonuna həm ən çətin ariyalar, həm də ən lirik estrada mahnıları tabe idi. Müslüm Maqomayev yalnız musiqiçi olmamış, o, kitablar yazmış, şəkillər çəkmiş, filmlər yaratmışdır. Sənətkar hələ sağlığında insanların qəlbində özünə abidə ucaltmışdır.
Mərasimin sonunda çıxış edən
sənətkarın ömür-gün yoldaşı Tamara
Sinyavskaya bildirmişdir ki, Müslümün xatirəsinin belə
böyük bir sevgi ilə anılması mənə mənəvi
güc verir. Bütün bunları gördükdən sonra tam
əminliklə deyə bilərəm ki, Müslüm Maqomayev
heç vaxt unudulmayacaqdır.
Azərbaycan.- 2011.- 18 avqust.- S. 2.