Emin Ağalarov: Müslüm Maqomayev bütün dövrlərin musiqiçisidir və ikinci belə bir sənətkar dünyaya gəlməyəcəkdir

 

Avqustun 17-də zəmanəmizin görkəmli musiqiçisi, Azərbaycanın və SSRİ-nin xalq artisti Müslüm Maqomayevin doğum günü münasibəti ilə böyük sənətkarın xatirəsini yad etmək üçün Fəxri xiyabana gələn tanınmış bəstəkar müğənni Emin Ağalarov dahi sənətkarla bağlı fikirlərini jurnalistlərlə bölüşmüşdür.

Emin Ağalarov demişdir: "Müslüm Maqomayevi yığcam, qısa fikirlərlə təsvir etmək çətindir. O, böyük insan idi. Həyatımın müxtəlif illəri onunla birgə keçmişdir. Fikirlərini mənimlə bölüşərdi. O anlar mənim üçün unudulmaz olduğu qədər də əlçatmazdır.

Müslüm Maqomayev ad gününü böyük salonlarda, hay-küylü keçirməyi xoşlamazdı, ancaq dostlarının əhatəsində qeyd edərdi. Hədiyyələri bir o qədər  də sevməzdi. Ad günündə onun haqqında gözəl sözlər deyərdilər. Mən bunların şahidi olmuşam. Müslüm Maqomayev bütün dövrlərin musiqiçisidir və ikinci belə bir sənətkar dünyaya gəlməyəcəkdir".

 

 

AzərTAc

 

Azərbaycan.- 2011.- 18 avqust.- S.  2.