Vətənin başladığı yer

 

"Vətən haradan başlanır?" sualına cavablar da müxtəlifdir. Bəzilərinə görə Vətən beşikdən, bəzilərinə görə ayağını ilk basdığı torpaqdan, bəziləri üçün isə sərhəddən başlanır... O nöqtədən ki, mənsub olduğun ölkənin ərazisidir, hər addımı sənin üçün Vətəndir, müqəddəsdir,  çalın-çarpaz gəzə bilirsən, harasında istəsən, yaşaya bilirsən. Yanılıb bircə addım o tərəfə atsan, sərhəd pozucusu kimi saxlanılar, şübhəli şəxs kimi sorğu-sual edilər, ən yaxşı halda əli qandallı ölkənə təhvil verilərsən. Bəlkə də bir o qədər fərqində deyilik, ancaq insan doğrudan da yalnız öz Vətənində, torpağında xoşbəxt ola bilər.

Nə yazıq ki, yüzillərdir vətənimizin sərhədləri qırıla-qırıla, kəsilə-kəsilə gəlir, dəyişdirilir, ərazilərimiz gah işğal olunur, gah da o-bu qonşuya "pay" verilir.

...1918-ci ildə  müsəlman Şərqində ilk demokratik dövlət  - Azərbaycan Xalq Cümhuriyyəti yaradıldıqdan az sonra hökumət bir neçə həlli vacib məsələni gündəmə gətirdi. O dövrdə sərhədlərin qorunması olduqca çətin və həssas məsələ idi, hər tərəfdən uzanan qanlı caynaqlar gündə ərazilərimizin bir hissəsini qoparırdı. Ona görə də qarşıda duran bəlkə də birinci dərəcəli məsələ ölkənin sərhədlərinin dünya tərəfindən tanınması və dövlətin öz ərazilərini qorumaq hüququna sahib olması idi.

Suverenlik qazanmış Cənubi Qafqaz respublikaları (Azərbaycan-Ermənistan-Gürcüstan) arasında sərhədlərin müəyyənləşdirilməsi haqqında məsələ 1918-ci il iyunun 4-də bağlanan "Osmanlı hökuməti ilə Azərbaycan Respublikası arasında dostluq müqaviləsi"ndə əks olunsa da, Osmanlı dövlətinin Birinci Dünya müharibəsindəki məğlubiyyəti bu müqavilənin həyata keçirilməsinə imkan vermədi. Anlaşmaya əsasən, Osmanlı İmperatorluğu ilə Qafqaz respublikaları arasında, o cümlədən üç respublikanın bir-birilə dövlət sərhədləri müəyyənləşməli idi. Azərbaycanla Gürcüstan arasında ilk addım atılmışdı. Avqust ayının 21-də mübahisəli məsələləri həll etmək üçün gürcü tərəfi arbitraj komissiyası yaratmışdı. Lakin ermənilər qonşu respublikalara ərazi iddiası (İrəvan quberniyası, Qars ərazisi, Gəncə və Tiflis quberniyalarının bir hissəsi daxil olmaqla) ilə komissiyanın fəaliyyətinə hər vəchlə maneçilik törətməyə çalışırdılar. Bir tərəfdən də Azərbaycanın əksər ərazilərində erməni quldur birləşmələri kəndləri, şəhərləri yandırıb viran qoyur, əhalini kütləvi şəkildə qətlə yetirirdi. Ona görə də Azərbaycan Xalq Cümhuriyyəti sərhədləri müəyyənləşdirmək məsələsində irəli gedə bilmədi, Zaqatala və Gəncə ərazisində sərhəd postlarının yaradılması ilə kifayətləndi.

1918-ci il iyun ayının 22-də Fətəli xan Xoyskinin imzaladığı qərarla Poylu stansiyasında sərhəd postunun yaradılması barədə tapşırıq verilmiş və sərhəd mühafizəsinin təşkili sahəsində vəzifələrin yerinə yetirilməsinə başlanılmışdı. 1918-ci ilin iyulunda Kür çayı üzərində Salahlı, Şıxlı, Qıraqkəsəmən kəndlərində və Poylu stansiyasında sərhəd postları yaradılır. Cənubdan Azərbaycan ərazisinə basqın edən quldur dəstələrinin qarşısını almaq üçün Nazirlər Şurasının qərarı ilə İranla sərhəd olan Muğan hüdudunda 200 nəfər atlıdan ibarət mühafizə dəstəsi də fəaliyyətə başlayır. Bunun ardınca Dağıstanla sərhəddə 7 müvəqqəti sərhəd postu qoyulur. Cümhuriyyətin yaradıldığı gündən aprel işğalınadək həyata keçirilmiş ardıcıl tədbirlər nəticəsində sərhədlərin mühafizəsi məsələsi hökumətin hərbi, siyasidiplomatik fəaliyyətinin ayrılmaz tərkib hissəsinə çevrilir. Həmin dövrdə Azərbaycan Respublikasının mühafizəsiz ərazisi 97,3 min kvadratkilometr idi. Şimal-qərbdən Borçalı, Qarayazı və Sığnaq mahalları (8,7 min kv.km), qərbdən isə İrəvan, Eçmiədzin, Sürməli, Yeni Bəyazid mahallarının müvafiq hissələri Azərbaycan tərəfindən mübahisəli ərazilər hesab edilirdilər.

1919-cu il avqust ayının 18-də parlamentdə "Azərbaycan Respublikasının gömrük baxımından sərhəd mühafizəsinin təsis edilməsi haqqında" qanun qəbul edilir. Həmin qanunun 1-ci maddəsində göstərilir ki, ölkənin sərhədlərini qeyri-leqal ticarətdən qorumaq və qaçaqmalçılıqla mübarizə aparmaq məqsədilə Azərbaycanın sərhədləri boyu ümumi sayı 992 mühafizəçidən ibarət olan 99 post yaradılsın. Həmin qanunun 3-cü maddəsində deyilirdi: "Sərhəd mühafizəsinin bütün təşkilinə rəhbərlik etmək və onun fəaliyyətini respublika Gömrük İdarəsi ilə razılaşdırmaq üçün Mərkəzi Orqan kimi Maliyyə Nazirliyi dəftərxanasında bu maddəyə əlavədə göstərilmiş vəzifələri olan Xüsusi Sərhəd Mühafizəsi təsis edilsin. 1919-cu il avqustun 18-də qəbul edilən həmin qanunda bütün ölkəni əhatə edən sərhəd postlarının yaradılması nəzərdə tutulurdu. 

Bu, Azərbaycan Respublikasının Sərhəd Qoşunlarının yaradılması haqqında ilk qanunvericilik aktı olmuşdur. Ardınca respublikanın şimal, şimal qərb sərhədlərində də sərhəd mühafizə qüvvələri təşkil edilir. 

Məlum aprel işğalı hüdudlarımızın qorunması sahəsində başlanan işləri yarımçıq qoyur, sovet hökuməti üçün sərhəd anlayışı yalnız SSRİ-nin ərazilərindən ibarət idi. Azərbaycanda isə yalnız cənub sərhədləri qorunurdu. Başqa istiqamətlərdə heç bir sərhəd məntəqəsi yox idi. 70 il çəkən sovet quruluşu möhkəm özüllər üzərində qurulmadığından dağıldı. Sovet sərhədçiləri ölkəmizi tərk edərkən özləri ilə apara bildiklərini aparıb, qalanlarını da bərbad hala salmışdılar. İlk illərdə sərhədlərimiz, demək olar ki, fiziki imkanlar hesabına mühafizə olunurdu. Bir tərəfdən kadr çatışmazlığı var idi, digər tərəfdən də müstəqilliyimizə və torpaqlarımıza təcavüz edən işğalçı Ermənistanın ərazi iddiaları ölkədəki vəziyyəti və sərhədlərimizin qorunması işini xeyli çətinləşdirmişdi. Lakin baş verən bütün çatışmazlıqlara rəğmən sərhədlərimizin milli qüvvələrimiz tərəfindən qorunması qürurverici hadisə idi.

İkinci dəfə müstəqilliyini qazanan Azərbaycan Respublikasının ərazisi 86,6 min kvadratkilometr idi. Sərhədlərinin ümumi uzunluğu isə 3471 kilometr idi ki, onun da 825 kilometri su sərhədidir. Cənubdan İranla 756 kilometr, Türkiyə ilə 13 kilometr, şimaldan Rusiya ilə 390 kilometr, şimal-qərbdən Gürcüstan ilə 480 kilometr, qərbdən Ermənistanla 1007 kilometr sərhədlərimiz var. Ermənistanın təcavüzü nəticəsində Azərbaycanın 1988-1994-cü illərdə işğal olunmuş əraziləri 13 min 210 kvadratkilometrdir. Hazırda Füzuli rayonunun Horadiz qəsəbəsindən başlayaraq Zəngilan rayonunun sərhədlərinədək uzanan 198 km Azərbaycan-İran və 360 km Azərbaycan-Ermənistan - cəmi 558 km dövlət sərhədləri Ermənistan tərəfindən pozulub və təəssüf ki, indi də bu ərazilərimiz işğalçı dövlətin nəzarəti altındadır. 

Xalq Cümhuriyyəti  parlamentinin qəbul etdiyi 18 avqust 1919-cu il tarixli qanunda bütün ölkəni əhatə edən sərhəd postlarının yaradılması nəzərdə tutulurdu. Ulu öndər Heydər Əliyev də varislik prinsipinə əməl edərək milli sərhəd qoşunlarının yaranması gününün 1919-cu il 18 avqustdan hesab edilməsi barədə tarixi fərman imzaladı. Beləliklə, sərhədlərimizin mühafizəsinin yaranması Azərbaycan Xalq Cümhuriyyətinin tarixindən başlamış oldu. 

Azərbaycan dövləti müstəqillik illərində yaşadığı çətinliklərə baxmayaraq, əzmi sayəsində hər bir sahədə olduğu kimi, sərhədlərimizin mühafizəsində də ciddi dönüşə nail oldu. Sərhədlərin mühafizəsi kimi strateji sahəyə yaxşı bələd olan ulu öndər Heydər Əliyev 1993-cü ildə yenidən hakimiyyətə qayıtdıqdan sonra Azərbaycanın sərhəd siyasətini formalaşdırdı, strategiyasını müəyyənləşdirdi, yeni sərhəd zastavaları, məntəqələri yaradıldı, bu sahədə qətiyyətli addımlar atdı. Ulu öndər 2002-ci il iyul ayının 31-də imzaladığı sərəncamla Sərhəd Qoşunları müstəqil qurum - Dövlət Sərhəd Xidməti kimi yenidən fəaliyyətə başladı. İndi sərhədlərimizdə ölkəmizin milli maraqlarının qorunması, hər bir sahədə təhlükəsizliyinin təmin edilməsi kimi vəzifələrin öhdəsindən layiqincə gəlmək üçün Dövlət Sərhəd Xidməti cəmiyyətdəki sürətli inkişaf proseslərinə qoşularaq geniş miqyasda işlər aparır, sərhədlərin mühafizəsini durmadan təkmilləşdirir, səyyar radiolokasiya sistemləri tətbiq olunur, sərhəd zastavalarının kompleks texniki vasitələri vahid avtomatlaşdırılmış sistem tərkibində birləşdirilir.

Ulu öndər Heydər Əliyevin xüsusi göstərişinə əsasən Səngəçal Hərbi Aerodromu Dövlət Sərhəd Xidmətinin istifadəsinə verilmiş və 2002-ci il oktyabr ayının 24-də müstəqil Azərbaycan Sərhəd Qoşunlarının tarixində ilk dəfə aviasiya dəstəsi yaradılmışdır.  

Dövlətimizin sərhəd xidmətinin beynəlxalq əməkdaşlıq imkanları da genişlənmişdir. Fəaliyyətə başladığı dövrdən NATO, Avropa İttifaqı, GUAM, ATƏT, Sərhəd Məsələləri üzrə Beynəlxalq Konfrans, BMT kimi beynəlxalq təşkilatlarla, həmsərhəd dost ölkələrlə və MDB dövlətləri ilə yanaşı, Amerika, inkişaf etmiş Avropa və Asiya ölkələrinin sərhəd xidmətləri və müvafiq qurumları ilə müxtəlif istiqamətlər üzrə əməkdaşlıq əlaqələri yaratmışdır. Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev Dövlət Sərhəd Xidməti Akademiyasının açılış mərasimində söylədiyi nitqdə xüsusi vurğulamışdır ki, "Azərbaycan Dövlət Sərhəd Xidməti bu gün dünya miqyasında özünə layiq yerini tuta bilibdir".

Dövlət Sərhəd Xidmətinin tərkibində müstəsna əhəmiyyətə malik amillərdən biri də dəniz sərhədlərinin və ixrac boru kəmərlərinin, neft platformalarının mühafizəsi, dənizdə və quruda xilasetmə tədbirlərinin uğurla həyata keçirilməsidir.    

Hər bir Azərbaycan vətəndaşı əmindir ki, ölkəmizin sərhədlərinin təhlükəsizliyi etibarlı şəkildə qorunur.

 

 

Rəsmiyyə RZALI

 

Azərbaycan.- 2011.-18  avqust.- S.  3.